Bələdiyyə qulluğuna qəbul qaydaları

Bələdiyyə qulluğuna qəbul qaydaları

Son rəsmi məlumata əsasən Azərbaycanda bələdiyyələrin sayı 1607 və bələdiyyə üzvlərinin sayı 15035 nəfər təşkil edir. Təxmini hesablamalara əsasən bələdiyyə orqanlarında çalışan bələdiyyə qulluqçularının sayı on beş mindən yuxarıdır və bu kifayət qədər böyük rəqəmdir. Bələdiyyə  orqanlarının yarandığı ilk illərlə müqayisədə fəaliyyətinin daha güclü olması və yerli problemlərin həllində tədricən daha effektli fəaliyyəti cəmiyyətimizdə bələdiyyələrin nüfuzunu  yüksəltmişdir.

İnsanların bələdiyyə orqanlarına olan güvəninin möhkəmlənməsi bələdiyyədə işləmək üçün müraciət edənlərin sayının artmasına səbəb olmuş və növbəti illərdə  daha çox şəxsin iş üçün bələdiyyə orqanlarına müraciət etməsi gözlənilir. Lakin bələdiyyə qulluğunda çalışmaq istəyənlərin əksəriyyəti bələdiyyə qulluğuna qəbul olmağın şərtlərindən, qaydalarından və bələdiyyə qulluqçusunun statusundan xəbərsizdir. Bələdiyyə qulluğunda çalışmaq istəyən namizədlər üçün müsabiqənin elan edilməsi, namizədin yaş həddi, müsabiqənin keçirilmə qaydası, hansı suallara üstünlük verilməsi, hansı qanunvericiliklə tanış olmağın vacibliyi, müsabiqə nəticələrinin qiymətləndirilməsi və elan edilmə qaydalarını bilmək olduqca zəruridir.

İlk öncə qeyd etməliyəm ki, bələdiyyə qulluğu  dövlət qulluğu kateqoriyasına  deyil yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək məqsədiylə bələdiyyə orqanlarına aid ödənişli və daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluğunda vakant vəzifələrə daxil olmaq istəyən şəxslər ilk növbədə sənədlərini müvafiq bələdiyyə orqanına təqdim etməlidir. Namizədlərin göstəriciləri, təcrübələri və bilik səviyyələri vakant işə uyğun gələrsə bələdiyyə daxilində fəaliyyət göstərən müsabiqə komissiyasında müsabiqədən keçərək bələdiyyə qulluqçusu kimi çalışa bilərlər.

Bələdiyyə qulluğunun qanunvericiliyə əsasən hüquqi tənzimlənməsi bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

2015-ci ilə qədər bələdiyyə qulluqçularının xidməti vəzifəyə qəbulu bələdiyyə sədri tərəfindən birbaşa təyinatla həyata keçilirdi. Bələdiyyələrin fəaliyyətində qanunçuluğu, şəffaflığı və obyektivliyi  təmin etmək məqsədiylə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanununun tətbiqi haqqında fərman imzalanmışdır.

Yeni dəyişiliklərə görə bələdiyyə qulluğuna qəbul “Bələdiyyə qulluğu haqqında”Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən müsabiqə yolu ilə qəbul edilir. Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli, 324 nömrəli qərarı ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi” qaydalarına əsaslanır. Bələdiyyədə vakant iş yeri ilə əlaqədar elan əgər varsa bələdiyyənin rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir, habelə müsabiqənin keçirilməsi haqqında məlumat bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir.

Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq  üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir

  1. Vahid forma üzrə ərizə (1 nömrəli əlavə).
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi.
  3. Tərcümeyi-hal.
  4. Təhsil haqqında sənədin surəti.
  5. Şəxsiyyət vəsiqəsinin surəti.
  6. Əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla).
  7. Sağlamlıq barədə arayış.
  8. Hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış.

Müsabiqə komissiyasının fəaliyyəti iclaslar vasitəsilə həyata keçirilir və komissiya üzvlərinin yarısından çoxu iştirak etdikdə iclas baş tutmuş hesab edilir. İclasda üzrlü səbəblərdən  sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir. Komissiya üzvləri bərabər hüquqludur və hər bir üzvünün müsabiqə komissiyasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək, təkliflər vermək, habelə bu komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq, onlarla razılaşmadıqda xüsusi rəy vermək hüququ qanunla təsbit edilmişdir. Komissiyanın üzvü müsabiqə prosesində namizədin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmalı və birbaşa olaraq bələdiyyə qulluğuna namizədə müvafiq vəzifəyə yararlı olub olmaması barədə fikirini bildirməkdən çəkinməlidir.

Müsabiqə komissiyasının iclaslarına çıxarılmış  məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu prinsipinə əsasən qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda sədrlik edənin səsi həlledici rola malikdir.

Aşağıdakı kateqoriyalı insanların bələdiyyə qulluğuna qəbulu son dəyişiliklərlə qadağan edilmişdir:

  1. Bələdiyyə sədrinin və müavinlərinin, bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduğu halda.
  2. Ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması.
  3. Namizədin fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması haqqında məhkəmə qərarının olması.
  4. Namizədin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa.

Qanuna görə müsabiqə komissiyasının tərkibi 5 bələdiyyə üzvü və bələdiyyə qulluqçularından ibarət olaraq formalaşır. Müsabiqə komissiyasının tərkibi,  sədri və müavini bələdiyyənin qərarı ilə təsdiq edilir, komissiyanın fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq, bərabərlik prinsipləri əsasında həyata keçirilir və komissiyanın işinə müdaxilə yol verilməzdir.

Bələdiyyə qulluqçuları bələdiyyə orqanlarında seçilməklə deyil təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçilərdir. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

Yerli əhaliyə  xidmət göstərmək və insanların rahat həyatının təmin olunmasında iştirak etmək kimi ali, eyni zamanda məsuliyyətli bir vəzifənin daşıyıcı olduqları üçün  bələdiyyə qurumuna işlə əlaqədar müraciət etmiş namizədlərin bilik və bacarıqları ilə yanaşı, ümumi dünyagörüşü, təhlil etmə bacarığı, psixoloji durumu və xarakterik keyfiyyətləri nəzərə alınır. Eyni zamanda çalışacağı sahədə istifadə zərurəti olarsa bələdiyyə qulluqçuluğuna namizəd şəxslər, kompyuterdən istifadə etməyi bacarmalı, internet və ofis proqramlarını bilməlidirlər.

Bələdiyyə qulluğuna qəbul olmaq istəyən namizədlər bələdiyyə orqanları ilə bağlı aşağıdakı qanunvericilik aktları və məcəllələri üzərində çalışmalıdır:

  1. Azərbaycan Respublikasının Konstitusiyası.
  2. Azərbaycan RespublikasınınVergi Məcəlləsi.
  3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
  4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.
  5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
  6. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu.
  7. “Bələdiyyə üzvlərinin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu.
  8. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu.
  9. “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
  10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
  11. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə.
  12. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respubliksının Qanunu.
  13. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu.
  14. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
  15. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanun.
  16. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
  17. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanun.

Bələdiyyə qulluqçuluğuna qəbul müsabiqəsi yazılı imtahan və müsahibə olmaqla iki hissədən ibarətdir. Yazılı imtahan bitdikdən sonra müsahibə hər bir namizədlə fərdi qaydada ən azı 15 dəqiqə olmaqla həyata keçirilir. Müsabiqə komissiyası tərəfindən müsabiqədə verilən suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. Bələdiyyə namizədləri üçün verilmiş 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir.

Müsabiqə komissiyasının üzvü tərəfindən bələdiyyə qulluqçuluğuna namizədin bilik və qabiliyyətinin qiymətləndirilməsi zamanı obyektiv qiymətləndirmə metodlarından və şəffaf üsullardan istifadə etməlidir ki, sakinlərə xidmət sahəsinə bacarıqlı və peşəkar şəxslər bələdiyyə qulluqçuluğuna cəlb edilsinlər. Müsabiqənin şəffaf və obyektiv keçrilməsinin təmini məqsədiylə namizəd tərəfindən prosesin video çəkilişi istəyi olarsa və bu komissiyanın normal fəaliyyətinə maneçilik törətməzsə müsabiqə prosesi videoçəklişlə təmin edilməlidir. Habelə namizəd tələb edərsə ona 3 (üç) gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilə bilər. Müsabiqə zamanı namizədlərin balları eyni olarsa müvafiq ixtisas üzrə əmək təcrübəsi daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı  olanlara üstünlük verilir və ən yüksək bal toplamış şəxs 10 gün müddətinə vakant işə təyin edilir.

Bələdiyyə qulluğuna namizəd müsabiqənin nəticəsi ilə razı olmazsa, müsabiqənin qeyri şəffaf keçirilməsi və qanun pozuntusu olduğunun şahidi olarsa həmin nəticələr elan olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət vermək hüququna malikdir.

 

Hökməli bələdiyyəsinin sədr müavini

Hüquqşunas, Fərman Salmanlı