RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.12.02 12:57

Beynəlxalq konfrans iştirakçıları muxtar respublikanın mətbuat orqanlarında yaradılan şəraitlə tanış olublar

21

Naxçıvan şəhərində keçirilən “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbaycan Mətbuat Şurasının nümayəndələri muxtar respublikanın mətbuat orqanlarında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə “Şərq qapısı” qəzetinin redaksiyasına gəliblər. Bildirilib ki, 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilib. Yeni kompleksin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılıb. Burada əməkdaşlar üçün müasir iş şəraiti yaradılıb.

Qeyd olunub ki, 2012-ci ildən istifadəyə verilən “Şərq qapısı” qəzetinin internet saytı bu ilin sentyabr ayında yenilənib. Sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, əvvəlki arxivi qorunub saxlanılıb. Lisenziyalı proqramlarla təkmilləşdirilən saytın yeni versiyasında “Ana səhifə”, “Rəsmi xronika”, “İctimai-siyasi”, “İqtisadiyyat”, “Humanitar”, “İdman”, “Əlaqə”, “Elanlar”, “Rəsmi sənədlər”, “Fotolar” və “Video­qalereya” bölmələri yaradılıb. “Fotolar” bölməsi Naxçıvanla bağlı fotoşəkillərin sosial şəbəkələrdə operativ paylaşılmasına imkan verir. “Videoqalereya” bölməsində muxtar respublikanın qədim tarixi və tarixi abidələri, müasir inkişafı, təbiəti, zəngin turizm potensialı ilə bağlı videomateriallar yerləşdirilib. Saytın “Xəbərlər” bölməsində materiallar əvvəlkindən fərqli olaraq üç dildə – Azərbaycan, ingilis və rus dillərində yayımlanır. “Şərq qapısı” qəzetinin “Instagram” və “Facebook” səhifələri də yaradılıb. Artıq yenilənmiş saytdakı materialları sosial şəbəkə hesablarında operativ şəkildə paylaşmaq mümkündür.

Qonaqlar qəzetin əməkdaşları ilə söhbət edib, burada yaradılan iş şəraiti ilə yaxından tanış olublar.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində olan qonaqlara məlumat verilib ki, 1997-ci ildə yaradılan birlik 2010-cu ildə istifadəyə verilmiş yeni binada yerləşdirilib və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlığı quraşdırılıb. Bu nəşriyyatda müasir avadanlıqların quraşdırılması muxtar respublikada nəşr-poliqrafiya işinə göstərilən diqqətin bariz nümunəsidir. Artıq Naxçıvanda “Şərq qapısı” qəzeti və rayon qəzetlərinin, habelə kitabların, jurnalların rəngli formatda nəşr olunması həyata keçirilir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən müəssisə və təşkilatlar üçün dəftərxana kitabları, sadə və ciddi hesabat blankları, müxtəlif qəbzlər, təqvimlər, etiketlər, dəftərlər hazırlanır.

Naxçıvan Dövlət Televiziyasına gələn qonaqlara məlumat verilib ki, müstəqillik illərində Naxçıvan televiziyası və radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib. Yeni yayım avadanlıqları qısa zamanda analoq yayımın yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaradıb. Naxçıvan Dövlət Televiziyası ölkəmizdə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayıma başlayıb. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb.

Konfrans iştirakçıları televiziyanın filmotekasına, kitabxanasına, xəbərlər studiyasına, “Nuhçıxan” İnformasiya Agentliyinə də baş çəkib, burada yaradılan müasir iş şəraiti ilə tanış olublar.

Naxçıvan teleradiosunun “Nuhçıxan” xalq çalğı alətləri ansamblının ifasında səsləndirilən musiqi nömrələri qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

Sonra beynəlxalq konfrans iştirakçıları Şahbuz Dövlət Təbiət Qoruğuna gəliblər. Qonaqlar Şahbuz rayonundakı “N” saylı hərbi hissənin tabor mərkəzinə də gəlib, əsgərlərlə söhbət edib, burada yaradılan müasir xidmət şəraiti ilə tanış olublar.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez uyğunlaşırlar.

Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, bu abidə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1186-cı ildə tikilib. Abidə Naxçıvanda yaranan Əcəmi memarlıq məktəbinin şah əsəridir. Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.

Bununla da beynəlxalq konfrans iştirakçılarının muxtar respublikaya səfəri başa çatıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı