RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.08.15 13:50

Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir

42

Davamlı inkişaf gələcək nəsillərin istehlak tələblərinin ödənilməsi imkanlarının qarşısını almadan indiki nəsillərin tələbatının normal şəkildə təmin olunmasına hesablanmış konseptual, mütərəqqi yanaşmadır. Davamlı inkişaf konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından zəruri ehtiyac yoxdursa istifadə etməmək və ya qənaətlə istifadə etmək, ətraf mühitin qorunmasına həssaslıq göstərmək, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına çalışmaqdan ibarətdir. Bununla yanaşı, davamlı inkişaf insanların tələbatının ağıllı şəkildə ödənilməsi və bütün planetdə sülhün əldə edilməsinə, qorunmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tutur.

Dünyanın iqtisadi-siyasi mənzərəsinə diqqət yetirsək görərik ki, beynəlxalq təşkilatların yenicə müstəqilliyinə qovuşmuş və inkişaf etməkdə olan ölkələrə yardım etmələrinə baxmayaraq, bu tip təşkilatların yardımları ölkəmizdə müşahidə olunduğu qədər sürətli və hərtərəfli inkişaf ilə nəticələnmir. Azərbaycanın sürətli inkişaf modelinin sütunu hesab edilən prinsiplərdən biri beynəlxalq təşkilatlar ilə məqsədyönlü və mərhələli şəkildə qurulmuş əməkdaşlıq münasibətləri olub. Daim milli inkişaf ehtiyaclarına uyğun olaraq təşkil edilmiş bu əməkdaşlığın möhkəm təməli məhz ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə atılıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Hazırda da bu əməkdaşlıq siyasəti inkişaf etdirilir və reallaşdırılan hazırkı islahatlar kontekstində daha mərkəzləşdirilmiş əlaqələndirilmə zərurəti yaradır.

İnkişaf terminologiyasında nisbətən yeni konsept sayılan “davamlı inkişaf” konseptinin əsas çağırışlarından biri sahələr arasında inkişaf tarazlığının qorunması və nəticələrə istiqamətlənmiş idarəetmə metodunun tətbiqidir. İdarəetmə dedikdə ağıla ilk gələn aktorlar hökumətlərdir. Çünki məhz onların sayəsində əksər ölkələrdə inkişaf siyasətləri hazırlanır, qanunvericilik aktları qəbul olunur, fərqli sahələrə resurslar ayrılır və müxtəlif maraqlı tərəflərin proseslərə cəlb olunması üçün imkanlar yaradılır, onların səyləri əlaqələndirilir.

Davamlı inkişafın təminində əsas maraqlı tərəflərdən biri beynəlxalq təşkilatlardır. Xüsusilə inkişaf etməkdə olan və dövlət quruculuğu prosesindən keçən ölkələrin beynəlxalq təşkilatların, ələlxüsus beynəlxalq maliyyə təşkilatlarının yardımına böyük ehtiyacları olur. Lakin onu da qeyd etmək lazımdır ki, əməkdaşlıq prioritetlərinin düzgün müəyyənləşdirilməməsi, yerli hökumətlər tərəfindən öhdəliyin yetərli səviyyədə olmaması və digər əlaqəli səbəblər ucbatından bir çox hallarda beynəlxalq təşkilatların yardımları gözlənilən nəticələri vermir.

Bu kontekstdə, uğurla icra olunan əməkdaşlıq təcrübəsi haqqında düşünərkən istinad edilən ilk ölkələrdən biri də Azərbaycandır. 1990-cı illərin əvvəllərində mürəkkəb geosiyasi və daxili siyasi vəziyyətdə, iqtisadi və sosial böhran şəraitində mövcud olmaq və öz müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə aparan dövlətimiz müasir tarixinin ən çətin dövrünü yaşayırdı. Belə bir xaos vəziyyətində xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev beynəlxalq təşkilatlar ilə əməkdaşlığın ölkənin gələcək inkişafı üçün önəmini gözəl anlayırdı. Beləliklə, Ulu Öndərin qayıdışı ilə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla mövcud əlaqələr gücləndirildi, habelə fərqli profilli yeni təşkilatlar ölkəmizlə əməkdaşlığa başladı.

Ümumilikdə, Azərbaycan Respublikasının ölkəmizdə fəaliyyət göstərən beynəlxalq yardım təşkilatları ilə əməkdaşlığı üç fərqli kontekstdə baş verib. İlkin mərhələni 1990-cı illərdə Ermənistanın işğalçı ekspansiyaları, dövlətimizin Dağlıq Qarabağ müharibəsinə cəlb olunduğu dövr təşkil edir. Bu mərhələdə əsas diqqət Dağlıq Qarabağ müharibəsinin və onun yaratdığı ağır fəsadların, habelə keçid dövrünün problemlərinin aradan qaldırılmasına yönəlmişdi. O zaman həm Azərbaycan hökuməti, həm də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar başa düşürdülər ki, qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması kimi təcili problemləri aradan qaldırmamış uzunmüddətli davamlı inkişaf strategiyalarına keçid müsbət nəticəli ola bilməz. Beləliklə, həmin illərdə əsas diqqət və resurslar qeyd olunan problemlərin həllinə yönəldilmişdi.

Tədricən fövqəladə vəziyyət aradan qaldırıldıqca, hökumətin beynəlxalq yardım təşkilatları ilə əməkdaşlıq istiqamətləri genişləndirildi. Bu yeni kontekstdə əsas istiqamətləndirici sənəd 2000-ci ildə BMT tərəfindən qəbul edilmiş Minilliyin Bəyannaməsi idi. Azərbaycan hökumətinin milli səviyyədə səyləri nəticəsində bu qlobal çağırışda əks olunmuş VIII Minilliyin İnkişaf Məqsədləri lokallaşdırıldı, inkişaf prosesində bütün maraqlı tərəflərin iştirakı ilə iki strateji sənəd qəbul edildi: “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” və “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”. Bu Dövlət proqramları çərçivəsində həyata keçirilmiş işlər nəticəsində ölkəmizin sosial-iqtisadi rifahında böyük sıçrayışa nail olundu, ətraf mühitin mühafizəsi üzrə addımlar sistemləşdirildi və dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl işlər görüldü. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar arasında, yoxsulluq səviyyəsinin 49 faizdən 4,9 faizə endirilməsini, 15-24 yaşlı şəxslər arasında savadlılıq səviyyəsinin 100 faizə yüksəldilməsini, işsizlik səviyyəsinin 5 faizə endirilməsini xüsusilə vurğulamaq olar.

Əldə edilmiş uğurlar, eyni zamanda, Azərbaycan hökumətinin beynəlxalq yardım təşkilatları ilə də əməkdaşlığını yeni mərhələyə yüksəltdi. Artıq bu tip beynəlxalq təşkilatların ölkəmizə köməyi əsasən məsləhət və texniki yardımlardan ibarətdir. Lakin bu yeni mərhələdə beynəlxalq donor yardımının səmərəliliyinin artırılması məqsədilə bir sıra addımların atılması zəruridir. Xüsusilə, inkişafın idarə edilməsi prosesinə çoxsaylı maraqlı tərəflərin cəlb olunmasını nəzərə alaraq, hökumət tərəfindən mərkəzləşdirilmiş formada həm beynəlxalq tərəfdaşların, həm də icraçı dövlət qurumlarının səylərinin əlaqələndirilməsi üçün əsaslar yaradılmalıdır. Beynəlxalq donor təşkilatları və maliyyə institutları ilə ortaq iş birliyində mərkəzləşdirilmiş formada vahid yanaşmanın tətbiqi müxtəlif layihələrarası təkrarçılığın qarşısını almaqla yanaşı, eyni zamanda, həyata keçirilən layihələrin qiymətləndirilmə meyarları və monitorinqinin səmərəliliyini artıracaq.

Prezident İlham Əliyevin beynəlxalq donor təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsi istiqamətində qarşıya qoyduğu tapşırıqların Azərbaycan Respublikasının hökuməti tərəfindən icrası ölkəmizin bu sahədə uğurlu idarəçilik modelinin beynəlxalq təşkilatlar vasitəsilə öyrənilməsinə, tətbiqinə şərait yaradacaq. Bu da qarşılıqlı olaraq günümüzün qlobal çağırışlarına, xüsusilə də Davamlı İnkişaf Məqsədlərinə verdiyimiz əhəmiyyətli töhfə olacaq. Qloballaşma dövründə zəngin təbii sərvətlərə və intellektual potensiala malik Azərbaycan üçün Davamlı inkişafın fəlsəfəsinin araşdırılması, bu qlobal prosesə veriləcək töhfə mühüm aktuallıq kəsb edir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Maliyyə və İqtisadiyyat məsələləri şöbəsinin müdir müavini

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı