Bilik Fondu Telli Pənahqızının gənc jurnalistlərlə “İmzalı görüşü”nü keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirdiyi növbəti “İmzalı görüş”ü AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub.

Fonddan verilən məlumata görə, Əməkdar telejurnalist, yazıçı-publisist Telli Pənahqızı ilə Bilik Fondunun “Kinolkub”, “Gənc jurnalistlər” klublarının və “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri görüşüblər.

Tədbiri Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı açaraq, bu günə qədər “İmzalı görüş” layihəsinə cəlb olunan yazıçı və şairlərin oxucularla mütəmadi görüşlər təşkil edildiyini diqqətə çatdırıb, bu kimi tədbirlərin gənclərin mədəni səviyyədə maariflənməsinə töhfə verdiyini bildirib.

Tədbirdə iştirak edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov özünün də bir oxucu kimi Telli Pənahqızının görüşünə gəldiyini diqqətə çatdıraraq, xanım yazarın qələm nümunsəi olan publisistik yazıların, şeirlərin insanda xoş duyğular yaratdığını, vətənə, xalqa, insana sevgilər aşıladığını vurğulayıb.

Sənətşünas Əsəd Cahangir Telli xanımın yaradıcılığından söhbət açıb. Onun jurnalistika fəaliyyətindən və poetik əsərlərindəki fəlsəfədən danışıb.

Qocaman telejurnalist Rafiq Savalan Telli xanımın imzasıyla ərsəyə gələn hər bir yaradıcılıq işinin yüksək səviyyədə olduğunu, jurnalistikada peşəkar və nümunəvi davranışı ilə yaddaşlarda dərin iz buraxdığını söyləyib.

“Kinoklub”un üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Röyal Allahverdiyev şairin “Yaddaşım qaval daşı” kitabından, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 5-ci sinif şagirdləri Banu Məmmədli, Xədicə Heydərova, Firuzə Qasımzadə digər kitablarından şeirlər söyləyiblər.

Sonda müəllif tələbələrin suallarını cavablandırıb, kitablarını imzalayaraq onlara hədiyyə edib.

 

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here