Binəqədi Gənclər Evində “Poeziya gecəsi” keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəklədiyi “YARADICILIQ ÜFÜQLƏRİ: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihənin yekun tədbiri olaraq “Binəqədi Gənclər Evi”ndə “Poeziya Gecəsi” keçirilib.
Gənc və istedadlı şairlər İntiqam Yaşar və Ülkər Pirinin aparıcılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çağdaş ədəbiyyatımızda yaradıcı gənclər arasında parlaq imzaların olduğunu və onların ədəbi ictimaiyyətdə canlanma yaratdığını qeyd edib. DGTYB-nin yarandığı gündən istedadlı gənc yazarların üzə çıxarılması və onların ədəbi ictimiyyətdə tanınmasında bir çox işlər gördüyünü xatırladan Əkbər Qoşalı, bu dəfəki layihənin də əsas qayəsi barədə danışıb. O bildirib ki, “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihə  çərivəsində bu il ərzində paytaxtın müxtəlif mədəniyyət ocaqlarında, eləcə də, bölgələrdə – o cümlədən Bərdə və Şəmkirdə, Xırdalan və Sumqayıtda yaşayıb fəaliyyət göstərən yaradıcı gənclərlə, ədəbi ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilib, habelə virtual fikir mübadiləsi aparılıb. Məhz bu cür görüşlər yeni imzaların üzə çıxarılmasına və onların respublika səviyyəli dövri nəşrlərdə, eləcə də, DGTYBnin mandatına uyğun olaraq, türk dünyası nəşrlərində çıxışlarına imkanlar açır.
Doğrudur, hər nə qədər informasiya-komminikasiya texnologiyaları, sosial şəbəkələr inkişaf etmiş olsa da, gənclərimizin, özəlliklə, bölgələrdə yaşayan istedadların üzə çıxması üçün belə tədbirlərə ehtiyac olur” – Ə.Qoşalı deyib.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxışında rəhbərlik etdiyi qurumun daim gənclərin ideyalarının gerçəkləşməsi, istedadlı gənclərin aşkara çıxarılması kimi məsələlərdə yaxından iştirak etdiyini nəzərə çatdırıb, dövlətimizin apardığı uğurlu gənclər siyasəti sayəsində gənclərin öz ideya və yaradıcılıq potensialını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradıldığını vurğulayıb. E.Aslanov qeyd edib ki, təkcə Bakıda deyil, bölgələrimizdə də “Gənclər Evi”nin tikilib istifadəyə verilməsi və gənclərin orada müxtəlif tədbirlər keçirməsi buna örnək göstərilə bilər.
DGTYB-nin fəaliyyətini yüksək qiymətləndirən Elvin Aslanov onun çağdaş ədəbiyyatımıza töhfələr verdiyini vurğuladı və Gənclər Evinin gənclərin üzünə həmişə açıq olduğunu bildirib.
Millət vəkili, şair-publisist Musa Urud ədəbi mühitdə gənclərin rolundan söhbət açıb. Poeziya Gecəsində səsləndirilən şeirlərin məzmun və forması barədə fikir bildirən millət vəkili gənclərin Qarabağ həsrətinin, vətənpərvərlik duyğularının ədəbiyyatımızda işıqlan¬dırıl¬masının vacib olduğunu bildirib. Bu baxımdan gənc yazarların üzərinə düşən mənəvi məsuliyyətin böyük olduğunu və parlaq imzaların ədəbiyyatımızın daha da canlanması üçün böyük töhfə olduğunu vurğulayıb, onlara uğurlar arzulayıb.
M.Urud DGTYByə yeni üzv olmuş iki gənc yazara üzvlük vəsiqəsi təqdim edib.
Əməkdar jurnalist, yazıçı-publisist Azər Həsrət bölgələrimizdə yaşayıb yaradan istedadlı şairlərin bu cür yaradıcı tədbirlərə toplanması və yaradıcı mühitin formalaşmasını yüksək qiymətləndirib. O, qeyd edib ki, məhz  dövlətin gəncliyə verdiyi dəstək sayəsində  gerçəkləşən bu cür layihələr ədəbi mühitimizin daha da inkişafına müsbət təsir ed¬ir, yaradıcı gənclərin bir-birinin fəaliyyəti ilə tanış olmağa şərait ya¬ra¬dır. O, bildirib ki, sevindirici haldır ki, artıq çağdaş poeziyamızda qlobal sə¬viyyədə düşünən və yazan ədəbi gənclik yetişib, onların yaradıcılıq örnəklərini xarici dillərə çevirərək, dünyaya çıxarmaq işin xeyrinədir.
Tədbirdə digər çıxış edənlər layihənin əhəmiyyətini vurğulayıb, gənc yazarlara dəstək göstərilməsnin önəmini qeyd ediblər.
Tədbirdə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here