Bir əsgərə məktub yazıram …

Bir əsgərə məktub yazıram …

Dialoq.info Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Nəzrin Cavidin, şəhid olmuş Adil Quliyevə həsr etdiyi məktubu (esseni) təqdim edir.

 

Salam, Adil.

Səni qaranlığa qərq etdiyin Dünyadan-ananın dünyasından salamlayıram. Sənə məktub yazıram. Bilmirəm bizim buralardan sizlərə məktub gəlib çatırmı. Ümid edirəm. Bagışla, Adil. Bagışla ki səni vicdansızlıqdan boğulan cəsədlerin nifrəti hopmuş torpaga tapşırdıq. İmdad dilədiyin küləklər də, hər səhər tək güvəndiyin günəş də sənə yad çıxdı. Sən əsgər idin. Biz sənə, sən də Allaha əmanət. Görünür Tanrı əmanətini daha çox qorudu, Seni alıb apardı Bakının dar küçələrindən. Həyat isə insafsız çıxdı.

Əslində təkcə sənə vurmadı şilləsini. Səni biz aldatmışdıq. Bu həyatın vura biləcəyi o şilləni biz səndən gizlətmişdik. Güllə qarşısında o güllədən belə kiçik görünürdün bəlkə də. Amma əmin ol. Əmin ol ki, həmin anda gözəgörünməzlərə dünyanı işığa qərq edən Günəş səndən daha aciz görünmüşdü. Çünki o anda Sənin yoxluğunun bəxş etdiyi o qaranlıqda günəş bizim üçün, anan, atan, qardaşınçün yox idi. Onlar zülmət içində çabalayırdılar. Sən və sənin kimi qurban gedən bütün gənclər dünyaya ard arda gələn günəşlərsiniz. Sən günəşsən. Daha ucalardasan artıq sən.

Nə bilərdin ki, bir güllə qarşısındakı acizliyin bizim inandığımız günəşi hərkəs üçün günahkar edəcəkdi . İndi yuxarılardan aşağı boylan. Bir zamanlar sənin gənc ömrünü işıqlandıran o günəş hər açılan sabahda neçə – neçə insanın ömrünə rəng qatır. Və qaranlıqdan boğulan ailən. Onlara yalan ümidlərin günəşi yox, məhz sən lazım idin. Vidalaşmamaq yaxşı deyildi. Heç olmazsa əvvəl gözlərini unutdurub sonra çıxıb gedərdin uzaqlara. Sənə yaraşmırdı bu ölüm. Ruh bədəndən ayrılıb göylərə qovuşur, deyirlər. Səmadan ruhundakı əllərinlə bizə əl salla, vidalaş. Tanrı dünyanın rəngindən azca oğurlayıb gözlərinin rənginə qatmışdı.

Sən getdin. İndi isə ailən bu dünyada sənin gözlərinin rəngini tapa bilmir. Çünki onlar sənin idi. Sənsiz mənasız idi səma da, günəş də, gözə görünən hər şey də.

Anla, Adil. Bəlkə də biz çox gecikdik sənə bütün bunları nəql etmək də. Bəlkə də bu vaxta qədər önəmli deyildi  05:00. Bundan sonra saat həmişə 05:00da zəng çalacaq. Tanrı öz əlləri ilə oyandıracaq onları.
Zarafat etməyi sevərdin. Nə bilərdin ki, bir gün həyat səninlə elə oynayıb zarafat edər ki…
Dönüb həyata bir şillə vurası gəlir adamın. Kaş yumruğun da ürəyin qədər böyük olsaydı. Baxma ki deyirlər hərkəsin yumruğu ürəyi ölçüsündədir. Yalandır. İnansaq ki, insanlar gedəndən sonra ulduzlarında gizlenir, hərkəsin öz ulduzu var. Bu gecədən ailən sənin ulduzunun axtarışına çıxardı. Nə də olsa, ulduzun da sənin kimi parlaq olacaqdı…

İndi o səma da, buludlar da, yağışlar da sənindir, Adil.  Bu aralar yağışlar daha səmimi davranacaq.
Göylərdən sol əlini anana, sağ əlini isə qardaşına uzat. Və möhkəmcə tut, bərk – bərk sıx. Sağ əl gələcəyi göstərirdi. Ananın sizinlə bağlı xəyalları vardı. Sənin gələcəyini də qardaşın yaşayacaq. Onun əllərini buraxma ve bütün ümidlərini ona ötür. Ananın xəyallarını gerçekləşdirmək sənin ƏLLƏRİNDƏDİR. Deyir, Allah gerçəkləşdirməyəcəyi şeylərin xəyalını qurdurmaz…
He, bir də. Gözlərin atanın üzərində olsun.
Gün gələcək, hərəkətlərin də, özün də, sözün də unudulacaq. Amma gözlərin. Bax, insanın gözləri heç vaxt unudulmur.
Əgər məktubu oxumaq qismət olarsa, Oralardan bizlərə bir səs ver, əllərini uzat.
Ünvanını soraqladım, bəlli deyil dedilər. Məktubu Allaha əmanət etdim.
Bu insafsız dünyanın hər qarışından səni uğurluyuruq.
Əlvida, Əsgər!