Bir qrupun məzunları – Elman Cəfərli: “Ən rüşvətxor müəllimlər də bizim qrupdan “çörək” tapmadılar”

“Hamımız kasıb ailələrdə böyüyən uşaqlar olmuşuq… Çoxumuz rayondan Bakıya ali təhsil almağa gəlmişdik. Amma biz müasir Azərbaycan tarixinin  ən çətin dövründə, dişimizlə, dırnağımızla təhsil alıb, özümüzə cəmiyyətdə layiqli yer tutmağa çalışırdıq”.

Əksəriyyəti eyni taleyi bölüşən “Bir qrupun məzunları”… Modern.az-da bu rubrikanın qonağı jurnalist, Cebhe.info saytının və “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərlidir.  Həmkarımız yaxın keçmişə ekskurs etdi, tələbəlik xatirələrinin bizimlə bölüşdü…  

ADPU-da rüşvətsiz qəbul olunan ilk qrup

– 1992-ci ildə ilk test imtahanları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olunmuşuq. O zaman qarışıq dövr idi, Azərbaycan yenicə müstəqil olmuşdu. Ermənistanın təcavüzü ilə üzləşmişdik. Ölkədə müharibə gedirdi, köhnə sistem dağılmış, yenisi qurulmamışdı. Bütün əski dəyərlər məhv olmaqda idi… Yeni dövr isə özü ilə yeni dəyərlər gətirmişdi. Sovet dövründə “prestijli” olan fakültələr müstəqillik dövründə çox da nüfuzlu sayılmırdı. Amma bizim fakültə Sovet dövründə də aşağı səviyyədə olmayıb. Bu fakültədə imkanlı məmurların övladları oxuyurdu. Hətta bir ara cəlbedici olsun deyə, fakültənin adını dəyişib “Tarix, əlavə dövlət hüququ” etmişdilər. Elə bizim içərimizdə də “hüquq” sözünə aldanıb buranı yazanlar da olmuşdu.

Testə qədər bu fakültədə rüşvət ayaq açıb yeriyirdi.  Amma biz gələndən sonra bir müddət rüşvət kəsildi. Həm verən yox idi, həm də almağa cürət etmirdilər. Bizim fakültənin uşaqları yaxşı oxuyur, rüşvət verməyi qəbul etmirdilər. Elə yaxşı oxuyurduq ki, birinci semestrdə 40 nəfərdən çoxu  əlaçı çıxmışdı. 

Media mühitinin yaxşı tanıdığı tələbə yoldaşları

– Media mühitinin yaxşı tanıdığı, jurnalist Xaqani Səfəroğlu mənim tələbə yoldaşım olub. O tələbəlik illərindən “Sara TV” ilə əməkdaşlıq edirdi. Sonra isə “Elita” qəzetində çalışdı. Çox üsyankar ruhlu bir insan idi. Xaqani heç zaman haqqı nahaqqa verməz, daim əzilənin yanında olurdu. Milli məsələdə mübahisələrimiz olsa da (hətta indi də davam edir), Xaqaninin mərd xarakterini çox sevərdik.

İnqilab Məmmədov da  intellektual səviyyəsi yüksək olan tələbə yoldaşlarımızdan biri idi. Hazırda “Xəzər” televiziyasında xəbərlər departamentinin müdiri  vəzifəsində çalışır. Tələbəlik dövründə hesab edirdik ki, o araşdırmaçı-alim,  tarixçi olacaq. Amma o medianı seçdi. Xaraktercə də çox sakit, mülayim insan idi. Onun birinci kursdan, sonuncu kursa qədər “4” qiyməti olmadı, ancaq “5” alardı.

Aydın Səfixanlı… Bizim fakültədə az oxudu. İkinci kursdan BDU-nun hüquqşünaslıq fakültəsinə köçürüldü. Əvvəldən də düşünürdük ki, bu tələbə yoldaşımız vəzifə adamıdır. Bilirdik ki, Aydın müəllim olmayacaq, jurnalist heç olmayacaq. Düşündüyümüz gerçəkləşdi, Aydın hazırda  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri vəzifəsində işləyir.

Biz, demək olar, hamımız kasıb ailələrdə böyüyən uşaqlar idik. Əksəriyyətimiz Bakıya oxumağa  rayondan gəlmişdik. Amma Aydının atası səhv etmirəmsə, professor idi. Sovet dövründə isə ali məktəb müəllimlərinə, elm adamlarına yüksək qiymət verilirdi. Onların güzəranı da yüksək idi. Onlar yüksək təbəqə sayılırdı.  Aydın da belə ailədə böyümüşdü. Amma  sadə oğlan idi. Bizimlə qaynayıb-qarışardı, birlikdə tələbə vaxtı futbol da oynayırdıq, gəzintilərə də çıxırdıq. Savadlı insan idi, əminəm ki, hazrıki işində  öz zəhməti, biliyi  sayəsində irəliləyib.

Xaqani də, İnqilab da, Aydın da paralel qrupda oxuyurdular. Amma biz həmişə bir-birimizi yaxın qrup yoldaşı kimi xatırlamışıq. Çünki fakültəmiz elə səmimi idi ki, bir-birimizlə ən yaxın qrup yoldaşı kimi davranırdıq. Mühazirələrdə bir yerdə iştirak edirdik, dərsdə müzakirələr açırdıq, dərsdən sonrakı vaxtımızı da çox zaman birlikdə keçirirdik.

Mətbuatdan kənar olanlar…  Direktor, pedaqoq, sahibkar, fəlsəfə doktoru…

– Zərdab rayonundan olan Mehman Əhədov adlı tələbə  yoldaşımızdan danışım. Olduqca savadlı gənc idi. Fenomenal yaddaşı vardı. Hətta mühazirələrdə  müəllimlərdə səhv tutur, replikalar atırdı. Müasir düşüncəli gənc idi.  Daim Avropa musiqilərinə qulaq asardı. Ona “Maks” deyirdik. Bu imici də, adı da özü formalaşdırmışdı. O, nə təhsildə, nə mətbuatda işlədi, nə də elmin arxasınca getdi. Əminliklə deyə bilərəm, Azərbaycan tarix elmi Mehman Əhədovun simasında sanballı bir mütəxəssisi itirdi. Ondan çox yaxşı  pedaqoq da olardı. Bir ara  maddi ehtiyacını ödəmək üçün xırda bizneslə məşğul olurdu. Sonrasından xəbərim yoxdur. Eşitdiyimə görə Bakıda yaşayır…

Bizim qrup yoldaşlarımız arasında yaxşı pedaqoqlar, təhsil təşkilatçıları var. Onlardan bəziləri hətta  məktəb direktorudur. Qrup yoldaşımız, 27 illik dostum  Kamal Hacıyev yaxşı müəllimdir. Nail Seyidəhmədov  Qubada, Rəşad Rufullayev Cəlilabadda məktəb direktorudur. Xuraman Həsənova, Nəzakət Həsənova, Zibaxanım Heydərova, Vüsalə Müzəffərova, Təranə Mirzəyeva, Töhfə Cəlilova, Bəturə Bayramova  və digər qrup yoldaşlarım fakültəni bitirdikdən sonra müəllim işlədilər. Artıq təcrübəli pedaqoqlardı. Həyatdan  erkən getmiş qrup yoldaşımız Elbrus Quliyev də müəllim işləyirdi. Çox həyatsevər, sevgi dolu, çılğın ruhlu bir insan idi. Avtomobil qəzasında dünyasını dəyişdi. Hər birimizin sevimlisi idi. İndi də toplaşanda onu xatırlayır, bir xeyli ondan xoş xatirələr danışırıq.

Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiridir.  Bəxtiyar da digər qrup yoldaşlarımız kimi  çox yaxşı oxuyurdı. Ulduz Quliyeva əvvəl bir müddət müəllim kimi fəaliyyət göstərdi. Sonra isə AMEA Tarix İnstitutundan dissertasiya götürdü. Hazırda deyəsən müdafiə ərəfəsindədir. Soyadın unutduğum Gülnarə adlı tələbə  yoldaşımız da dissertasiya üzərində işləyir.

Qrupda qızlarla oğlanların sayında  elə böyük fərq yox idi. Bizim fakültənin Azərbaycan bölməsində 40, rus bölməsində  20 tələb oxuyurdu.   Rus bölməsindən cəmi 1 nəfər alim var – Səbuhi Əhmədov fəlsəfə doktorudur. Çox intellektual səviyyəli mütəxəssidir, bir müddət öncə Özbəkistandakı Azərbaycan səfirliyində də işləyib. Amma indi yenə AMEA-da çalışır.

“Bir-iki “rumka”dan sonra soyuducuda nə vardı, gətirib düzürdü süfrəyə…”

– Tələbəliklə bağlı çox maraqlı xatirələrimiz var. Qrup yoldaşımız Famil Cumayevin atası ferma müdiri idi, çox əliaçıq insan idi. O qədər koloritli adam idi ki, gülməli, komik  söhbət etməsə belə, onun sadəcə danışığına gülə bilirdin. Yeri gəlmişkən, o da müəllim işləmədi. Bir müddət Rusiyada yaşadı,  hazırda Dövlət Neft Şirkətində (SOCAR) çalışır. Famil ləhcəsi şirin, saf, təmiz ürəkli qrup yoldaşımız idi. Məsələn, həftəsonu rayona getmək istəyən tələbə sinif nümayəndəsi ilə məsələni həll edib aradan çıxa bilərdi. Ancaq Famil o qədər dürüst adam idi ki, hər dəfə icazə üçün dekana ərizə yazardı və nə üçün getdiyini dəqiqliklə göstərərdi. Bir dəfə fakültənin dekanı mərhum Rəhim Əliyevə belə bir ərizə yazmışdı: 

“Hörmətli Rəhim müəllim, yazıb Sizə bildirirəm ki, ərzağım qurtarıb. Xahiş edirəm, rayondan ərzaq gətirməyim üçün mənə 2 günlük icazə verəsiniz”.  O qədər saf kənd uşağı idi ki, istəyirdi hər şey qanuni olsun. Onun yazdığı icazə ərizələrini saxlasaydıq, indi də danışıb gülərdik.

Familə hər ay atası ərzaq göndərirdi. Düzdür, rayondan Bakıya gələn, burada yaşayan tələbələrin hamısının ailəsindən  ərzaq gəlirdi,  amma ona daha çox göndərirdilər. O zaman Zaqatala hər şeydən bol, varlı rayon idi. Hər ay təzə ət, toyuq, qoz, fındıq, bal, kərə yağı, qaxac ət və digər ərzaqlarla kirayə qaldığı otağındakı dolablar, soyuducu dolardı. Ona gələn yeməklər, ərzaqlar çox dadlı olurdu… Bilirdik ki, həftəsonu  Familə ərzaq gələcək. Həmin gün onlarda olurduq.  Famil gözünü açırdı ki,  qapını kəsdirmişik, qonaqlıq gözləyirik. Əvvəl bir az qanı qaralardı, amma əliaçıq, ürəyi təmiz uşaq idi. Həm də bir-iki  “rumka”dan sonra nəyi var gətirib masanın üstünə tökərdi.

“Dadlı yeməklər bişirirdim”

O zamanlar çox vaxt naharı bir qutabla, “peraşki” ilə yola verən uşaqlar idik.  Rayondan sovqat gələndə isə hamımızın evində bayram, qonaqlıq olardı. Özümüz bişirib, düşürür, özümüz də qulluq edib, yeyərdik.

Tələbə vaxtı kirayədə, yataqxanada qalanda aşpazlıq öyrənmişdim. Kartof qızartması, şorba, ət yeməkləri, hətta dolmaya qədər bişirirdim. Şərait daxilində piti, sous, bozbaş bişirdiyimiz də olub.

Fakültədə bir Sevinc adlı qız var idi. Əslən ağdamlı idi, Bakıda doğulmuşdu. Atası hansısa zavodda vəzifə tuturdu. Müəllim sənətini çox sevirdi. Elə-obaya çox  bağlı idi. Deyirdi ki, universiteti bitirəndə gedib rayonda müəllim işləyəcək. Dedi və elə də etdi. Bu günə qədər səhv etmirəmsə, Ağdam rayonunun kəndlərinin birində orta məktəbdə tarix müəllimidir.

AzTV-də çalışan, tanınmış telejurnaslit  Natəvan Babayevanın qardaşı Xaqani də bizim tələbə yoldaşımız olub. Amma indi ondan xəbərimiz yoxdur. O da yadda qalan uşaq  idi. Onu baməzə, müəllimlərə tez-tez zarafat atan tələbə kimi xatırlayıram.

Xaqaninin dərsdə “banlayan xoruzu”

– Müəllimlərlə yola getmədiyimiz, hərdən zarafatlaşdığımız anlar da olardı. Rafiq müəllim var idi. Pis insan deyildi, yaxşı, təcrübəli pedaqoq idi,  amma tədris etdiyi fənni sevmirdik.  Metodika və pedaqogikanı əlavə fənn hesab edirdik. Halbuki, o fənlər bizə çox lazım idi. Biz hərəkatdan çıxmış, romantik, bir az da üsyankar, barışmaz uşaqlar idik, düşünürdük ki, universitetdən sonra hansısa vəzifəyə düzələcək, işə gedəcəyik. Buna inam da boşuna deyildi. O vaxt 28-30 yaşlı gənclər deputat, nazir, dövlət müşaviri işləyirdi. O dövrün gəncliyi üçün kifayət qədər aktiv olmuşuq. Çoxunun ağlına gəlməzdi ki, müəllim olacaq, məktəbdə işləyəcək. Ona görə, Rafiq müəllimin metodika  dərsini “qaynadırdıq”. Babayev Xaqaninin bir darağı var idi, içərisinə “batareyka” yerləşdirirdin, xoruz səsi çıxarırdı. Dərsdə qəfil onun düyməsini basırdı, “xoruz” banlayırdı. Rafiq müəllim də çaş-baş ətrafa boylanırdı ki, günün-günorta vaxtı bu nə banlamaqdır, şəhərin mərkəzində xoruz nə gəzir? Sonra başa düşürdü ki, bu yenə bizim zarafatımızdır.   Bir dəfə dərsdən sonra Bəxtiyarın gözətçi işlədiyi orta məktəbdə qonaqlıq təşkil etdik. Yaxşıca yeyib-içmişik, kefimiz ala buluddadır. Müəllimlərdən birinin evinə zəng edib məzələndik. İşimiz az qaldı  polislik olsun, bir təhər sakitləşdi.  Adamı indi də görəndə utanıram. (gülür)

Əslən Qərbi azərbaycanlı qrup yoldaşımız vardı – Oqtay Vəliyev. Çox baməzə idi. Onunla lazımsız hesab etdiyimiz dərslərdə daim gülürdük. Pedaqogika, metodika, Tibbi biliklərin əsasları adlı fənlərə marağımız yox idi. Psixologiya isə çətin idi, ona görə sevmirdik.

Uzun  illər Pedaqoji Universitetdə məqbul və imtahan qiymətləri rüşvətlə yazılardı. Amma bizim gəlişimizlə universitetdə yeni ab-hava yarandı. Hətta ən rüşvətxor müəllimlər də bir müddət özünü yığışdırdı. Onlar bilirdilər ki,  bizim qrupdan  “çörək” çıxmayacaq, yəni rüşvət ala bilməyəcəklər.
Rüşvətin kök salmasına baxmayaraq, bizə savadlı, humanist müəllimlər də dərs deyib. Onların bəzisi  həm də azadfikirli idilər. Məsələn, “Tarixə köməkçi fənlər”i tədris edən İbadulla müəllimlə dərsdə siyasətdən danışır, müzakirələr açardıq. Bizi səbrlə dinləyir, sonra öz fikirlərini də deyərdi. Çox vaxt mübahisə edirik. Çünki o Sosial-Demokrat Partiyasının üzvü idi, bizim əksəriyyətimiz isə milli demokratik partiyalara azarkeşlik edirik.  Arxeologiyanı akademik İdeal  Nərimanov tədris edirdi.  12 qədim Şərq dilini bilən, mixi yazıları oxuyan professor Yusif Yusifov “Qərim Şərq tarixi”ndən mühazirə oxuyurdu. Çox sanballı alim idi. Yusif müəllim qədim Şərq tarixi üzrə SSRİ-də altıncı, Qafqazda ikinci mütəxəssis idi. Onun da imtahanlarda bizdən heç bir təmənnası olmazdı. Yusif müəllimin qəribə adəti vardı. Mühazirədə “Barbaris” konfeti yeyərdi. Bu adətin qəribə tarixçəsi vardı. Erkən yaşdan siqaret çəkirmiş, müəllimi deyib ki, bu adəti tərgit. Siqaret çəkmək istəyəndə konfet ye. Danışırdı ki, “siqareti tərgitmədim, əksinə konfetə də dadandım. Siqaret çəkəndən sonra mütləq konfet yeməliyəm”.

Oqtay Sultanovun çox parlaq mühazirələri olurdu.  Yasin Qaraməmmədli, Bahadur Bəxtiyarov  bizə dərs deyib.  Çox gözəl insan olan  Yasin müəllim  tələbələrin sevimlisi idi. Bahadur müəllim əsl dosent idi, dərsi çox gözəl izah edirdi. Fars dilini bizə mərhum Sirus Təbrizlinin bacısı Pərvin Zindədil tədris edirdi.

“Bizə Elçibəyin yetirmələri deyirdilər”

– Biz 1992-ci ildə orta məktəbi bitirib, noyabr ayında imtahan vermişik. Yoxlamalar, sənədləşmə, qeydiyyat işləri uzandı,  yanvar ayının 11-i dərsə başlaya bildik. Bir semestr elə getdi, amma onun dərslərini növbəti semestrdə bizə yüklədilər. Ona görə, dərs yükümüz ağır oldu. 1993-cü ilin yay-payız aylarında  bir neçə rayonumuz ermənilər tərəfindən  işğal olundu, dərslər sentyabrda deyil, noyabrda  başladı. İkinci kursda da 3 ay itirdik və qarışıq dövrdə  təhsilimizi davam etdirdik. Birinci test imtahanı ilə qəbul olunan tələbələrə ADPU-da  “Elçibəyin yetirmələri” deyirdilər. Rüşvətxor müəllimlər, köhnə kommunist partokratlar bizə açıq-aşkar yuxarıdan aşağı baxırdı, deyirdilər ki, test gələndən çörəyimiz əlimizdən çıxdı. Lakin 3-cü kursdan sonra vəziyyət dəyişdi. Rüşvət yenə ali məktəbələrə ayaq açdı. Sanki APİ format olundu və  “fabrik ayarları”na geri döndü.

“Yataqxanada hər gün gündəlik qəzetləri oxuyurduq”

– Tələbəlik illərində fəhlə yataqxanasında yaşamışam. Çünki tələbə yataqxanalarında məcburi köçkünlər məskunlaşmışdı. Sonra fəhlə yataqxanalarını da köçkünlər tutdular. Mən yataqxanadakı otağımı bir hərbçi ailəsinə verib çıxdım. Bir müddət yersiz-yurdsuz qaldım. Sonra hərəkatçı dostum Şahin İsayev  məni “Azərenerji”nin Əhmədlidəki fəhlə yataqxanasına apardı. Universiteti qurtarana qədər orada qaldım. Oranın çox təmiz mühiti vardı. Ev növbəsi gözləyən subay cavanlar qalırdılar. Şahin bəylə qonşu idik. Hər gün 7-8 qəzet alırdı. Mən gündəlik qəzetləri  onun yanında oxuyurdum.  Mütaliəli fəhlələri yataqxanada çox görmüşəm. Kitabxanaya gedirdilər, kitab oxuyurdular, musiqi dinləyirdilər. Hətta teatra, kinoya gedənlər də var idi. Sonralar insanların kitaba, qəzetə marağı azaldı. O zaman  Sovetlər yenicə dağılmışdı, insanların hələ mütaliəyə həvəsi var idi. İctimai nəqliyyatda əksəriyyət qəzet, jurnal, kitab oxuyardı. Biz də arada qəzet alırdıq. Daha çox “Müxalifət”, “Press Fakt”, “Aydınlıq” qəzetlərini  alırdıq. “Press Fakt”da bir yumor səhifəsi də vardı,  onu da izləyirdik. Tanınmış imzalardan Məmməd Nazimoğlunu, Məqsəd Nuru, Hüseynbala Səlimovu, Bahəddin Həziyevi oxuyurduq.

“Atışmadan az sonra OMON-un qərargahının qarşısına getdik”

 – Təqaüd alan vaxtlarda toplaşırdıq. Heç olmasa, həftədə bir dəfə ucuz balıq alıb qızardardıq, çaxır da alardıq. O qədər qarışıq dövrə baxmayaraq, tələbəliyimiz şən keçib. Amma qan qaraldıcı hadisələr də olmuşdu. Məsələn, 1994-cü ilin martında Bakı metrosunda baş vermiş  terror zamanı biz ikinci kursda oxuyurduq. O zaman 3 gün dərsə gedib-gələ bilmədik.
1994-cü ilin oktyabrında  Sürət Hüseynovun ikinci qiyamından sonra Azadlıq meydanından keçirilən mitinqdə olmuşuq.  Hamını mitinqə çağırdılar, bütün  qrup yığışıb  Azadlıq meydanına getdik. Mərhum prezident Heydər Əliyev də orada çıxış etdi. Rəsul Quliyev, Sirus Təbrizli tribunada idi. O zaman siyasi liderləri canlı olaraq ilk dəfə görürdük.

1995-ci ilin mart hadisələri zamanı hadisə yerinə-8-ci kilometr qəsəbəsinə getməyimiz yadımdadır. Dedilər ki, Xüsusi Təyinatl Polis Dəstəsinin  (XTPD-OMON) yerləşdiyi binanı tutublar, qiyamçılar ağ bayraq qaldırıb. Bu hadisədən yarım saat sonra biz tələbə yoldaşlarımızla qızlı – oğlanlı hamımız hadisə yerində olmuşuq. Maraq bizi aparmışdı. Şəhərdə elan olunmamış fövqəladə vəziyyət idi, binalara snayperlər yerləşdirilmişdi, hətta təslim olmayan, atışmanı yenidən başladanlar da ola bilərdi. Amma biz çılğın, romantik gənclər idik. Qızlar da maraqla görmək istəyirdi ki, görək orada nələr baş verib. Biz hadisə yerinə  gələndə yaralıları daşıyırdılar, OMON-un binası hələ də tüstüləyirdi.

“Çak Norris” rüşvətxor müəllimi necə doladı? 

– Bir tələbə yoldaşımı var idi, qoy adını çəkməyim, onsuz da tələbə yoldaşlarımız bu yazını oxuyan kimi söhbətin kimdən getdiyini anlayacaqlar.  Ona öz aramızda “Çak Norris” deyirdik. Bilmirəm qəsdən etmişdi, yoxsa bilmədən… Universitetdə pedaqogika fənnindən dərs deyən bir rüşvətxor müəllimimiz var idi. Heç kimə pulsuz qiymət yazmırdı. İmtahan ərəfəsində bu tələbə dostumuz deyib ki,  “məcburi köçkün ailəsindənəm, imkanım yoxdu, pul verə bilmərəm”. Müəllim əl çəkməyib ki, “yox rayondan mənə pay gətir, qiymət yazım”. Rayon yerindən adətən kənd məhsulları pendir, yağ, qatıq,  təzə kəsilmiş quzu əti, qoz-fındıq, mer-meyvə pay gələr. “Çak Norris” gedib mağazadan ucuz  vermişel, makaron, şəkər tozu, göy-göyərti, alça alaraq yığıb bir zənbilə, aparıb müəllimə. Müəllim çantaya baxmadan, içində nə olduğunu bilmədən tələbə yoldaşımıza qiymət yazıb.  Evə gedib çantanı açanda “dəli olub”. Səhəri gün dostumuzu yanına çağırıb, danlayıb ki, axı rayondan ət, mer-meyvə, süd-qatıq gətirərlər,  sən nə gətirmisən?! “Makaronu, şəkər tozunu özüm də ala bilərəm…”.

“Biz dərsdən qaçırdıq, qrup nümayəndəsi danlanırdı”

– Dərsdən çox qaçmışıq, amma biz qaçanda kollektiv qaçırdıq.  Sonuncu kurslarda sinif nümayəndəsi Bəxtiyar Cəlilov idi.  Bizə qoşulurdu, qaçırdı, amma sonra danlanırdı. Dərsdən qaçıb, qızlı-oğlanlı şəhərdə gəzər, tarixi memarlıq abidələrinə,  muzeylərə, kitab evlərinə gedərdik. Teatr tamaşalarına çox getmişik. Gənc Tamaşaçılar, Opera və Balet, Akademik Milli Dram, Musiqili Komediya teatrlarında bir çox tamaşalara baxmışıq.

“O hadisədən sonra anladım ki, gözətçi işi mənlik deyil”

– Tələbə vaxtı həm aldığımız  təqaüd, həm də evdən edilən yardımlar  dolanmağımıza imkan yaradırdı. Amma tələbələr arasında məktəbdə, mağazada, maşın dayanacağında  və digər obyektlərdə gecə gözətçisi işləyənlər də olurdu. Mən də bir dəfə pul qazanıb özümü dolandırmaq niyyətinə  düşdüm. Qərar verdim ki, yekə oğlanam, evdən pul almayacam. Nizami rayonunda yerləşən 62 saylı orta məktəbdə gecə gözətçisi işinə düzəldim. Lakin iki dəfə başıma iş gəldi, “pul qazanmağa” tövbə etdim.  Gecə məktəbdə idim. Bir dəfə polislərdən qaçan oğru hansısa yolla məktəbə girmişdi.  Oğru bir pəncərədən girib,  digər pəncərələrin birindən qaçıb. Mən də yatmağa hazırlaşırdım. Onsuz da gecə yatırdıq, bütün gecəni oyaq qala bilməzdik ki. Birdən səsə diksindim, 20 nəfər polis bərkdən qapını döyürdü. Açığı, kobud davrananı da oldu, elə üstümə gəldilər ki, sanki oğrunu mən qəsdən gizlətmişəm. Saf uşaq idim, and içdim neçə dəfə, cibimdə seyid Lazım ağanın şəkli var idi, hətta onu da çıxarıb, and-aman elədim ki, mən oğrunu görməmişəm. Polislərin içərisindəki bir kapitan yaxamı buraxdı, dedi, xəbəri yoxdur bu uşağın, buraxın getsin. Birinci hadisədən belə canım qurtardı.

İkinci hadisədən sonra isə ümumiyyətlə, bu işi buraxdım. Səhər saat 8-in yarısı məktəbin qapısı açılmalıdır. Mən də gecə müəllimlər otağında divanda, üzərimə adyal örtüb yatmışam. Necə yuxu tutubsa, saat  8-dən keçib, oyana  bilməmişəm. Qapı döyülür, özü də necə… Çıxdım ki, millət məktəbin qabağına yığılıb, direktor əsəbləşib. Dərs hissə müdiri, müəllimlər hərə bir yerdən üstümə düşdülər. Elə o hadisədən sonra tələbəlik illərində işləmək sevdama son verdim. Dediyim kimi, gözətçi  işləmək ehtiyac üzündən deyildi. Sadəcə özümün macərapərəstliyimdən bu həvəsə düşmüşdüm.

“Gəncliyimdə  indi mənasız hesab etdiyim çox hərəkətlər etmişəm” 

– Universitetdə rəhbərlik tərəfindən danlandığım da, təqdir aldığım da olub. Biz o zamanlar çox azad ruhlu idik. Müxalifət, demokratik təsisatlar o zamanlar çox güclü idi. Bu bizə təsir edirdi. Bir dəfə fakütlənin dekanı mərhum Rəhim müəllim içəri girdi, hamı ayağa qalxdı, mən qalxmadım. Öz-özümə düşünürdüm ki, o da insandı, mən də, nəyə ayağa durmalıyam. O zamanlar gəncliyimizdən irəli gələn üsyankarlıqla indi mənasız hesab etdiyim çox hərəkətlər etmişik.

“Məni jurnalistikaya Müşfiq Həqqin yazıları həvəsləndirdi”

-Uşaq vaxtı məndə belə bir təəssürat yaranmışdı ki, jurnalistika çox  təhlükəli sənətdir. Doğulduğum Quzanlı kəndində Əli Rəhimoğlu adlı jurnalist  yaşayırdı.  Rayonda çıxan “Lenin yolu” qəzetində çalışırdı. Onu həbs etmişdilər.  O hadisədən sonra mənim yaddaşıma yazıldı ki, deməli, jurnalistlər təhlükəli, bir az da cəncəlli işlərlə məşğul olur. Sonralar başa düşdüm ki, həmin adam əzilənin haqqını qoruyur, kolxozu, kəndi yarıtmaz idarə edən şəxslərə etiraz edirmiş. Elə buna görə də onun ilişdirib tutdurmuşdular.

90-cı illərdə Müşfiq Həqq adlı jurnalist vardı. Onun “Azərbaycan” qəzetində çox maraqlı analitik  yazıları çap olunurdu. O imzanı hər zaman axtarır, yazılarını tapıb oxuyurdum. Müşfiqin yazıları Əlinin tutulmağının əksinə, məni jurnalistikaya həvəsləndirmişdi. Tələbəlik illərində jurnalistikaya həvəsimi formalaşdıran müəlliflərdən biri də böyük yazıçımız Əlisa Nicat idi. Onun “Turan” jurnalları tarixi bilgilərlə zəngin idi, sevə-sevə oxuyurduq.

Mətbuata 1999-cu ildə gəlmişəm. Əslində tələbəlik illərindən istəsəm mətbuatda çıxış edə bilərdim. Amma buna  cürət etmirdim. Çünki o zamanlar insanlarda müəyyən meyarlar var idi ki, məsələn, filankəs jurnalistikada varsa, məndən jurnalist olmaz. Hətta düşünürdüm ki, mediada  Mirşahin kimi istedadlı şəxslər varsa, mən jurnalist ola bilmərəm. Amma sonralar yavaş-yavaş qəzetlərdə yazılarla çıxış etdim. Onda gördüm ki, sən demə, hər kəs Mirşahin kimi, Rauf Arifoğlu, Səbuhi Məmmədli, Hikmət Sabiroğlu kimi deyil. Çoxu adi xəbərlər yazan insanlardır. İlk günlər müəyyən çətinliklərim olurdu. Hətta bir neçə dəfə təhsilə keçməyə də cəhd etdim. C.Naxçıvanski adına liseydə, Müəllimlər İnstitutunda dərs dedim. Lakin qəzetlərlə əməkdaşlığım davam edirirdim. Sonra təhsildən tamamilə uzaqlaşdım və mediaya bağlandım…
Jurnalistika maraqlı sənətdir. Çoxlu dostlar qazanmışam. Müxbir işləyəndə də, redaktor kimi fəaliyyət göstərəndə də hər zaman  işimi sevgi ilə görmüşəm. Heç zaman işə  candərdi yanaşmamışam. İşimi günüm gəlsin, ayım keçsin deyə görməmişəm. Bu il jurnalist fəaliyyətimin 20 ili tamam olur. Mediada keçən illərimə heyfslənmirəm, bu sahəni seçdiyimə peşman deyiləm.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here