BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir

Mayın 21-də BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyilə jurnalistlər, bloqqerlər və vloqqerlər üçün “Gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” istiqamətində ikigünlük praktik seminara start verib.

AZƏRTAC xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə” qlobal proqram çərçivəsində təşkil olunub. Layihənin keçirilməsində məqsəd oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması istiqamətində həyata keçirilən milli təşviqat kompaniyasına medianı cəlb etməkdir.

Seminarda gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və digər bu kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə edilib. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər verilib.

Seminarın açılışında BMT-nin Əhali Fondunun demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova doğulanların cins nisbətinin pozulması ilə bağlı Azərbaycanda və dünyada mövcud vəziyyətə dair çıxış edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək bildirib ki, bu problem bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da mövcuddur. Lakin ölkəmizdə tarix boyu qadınların cəmiyyətin həyatında çox vacib rolu olub. Bu gün də Azərbaycanda ölkə həyatının hər bir sahəsində qadınların fəallığının şahidi oluruq.

Daha sonra seminarın əsas təlimçisi Türkiyədən dəvət olunan media mütəxəssisi Ayşe Karabat Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Mətbuat Şurası tərəfindən hazırlanan “Gender jurnalistikası” adlı təlim kitabçasını təqdim edib.

Kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlər üçün əyani vəsait rolunu oynayacaq.

Seminar zamanı Ayşe Karabatın təqdimatında qız övladları ilə bağlı gender diskriminasiyası, medianın bu məsələdə rolu, jurnalistlərin fəaliyyəti, sosial mediada gender məsələsində bilərəkdən və ya bilməyərəkdən aparılan yanlış siyasət və s. məsələlər ətrafında müzakirələr aparılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here