“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.

Festival çərçivəsində növbəti tədbir iyunun 30-da Salyan şəhərindəki Heydər Əliyev adına meydanda təşkil olunub. Meydanda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birinin festival çadırları qurulub, idarələr üzrə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələrinin, rəsm və suvenirlərin, digər əl işlərinin sərgisi və satışı keçirilib.

Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, Salyan rayon rəhbərliyi, regional idarələrin rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.

Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.

Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Rayon sakinləri bölgələrdə bu cür festivalların keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Müxtəlif şəhər və rayonlardan gəlmiş sənətkarlar, rəngarəng əl işlərini həvəslə nümayiş etdirən ustalar da festivalın təşkilindən, belə bir layihədə iştirak etməkdən məmnunluqlarını ifadə ediblər.

Festival artıq Masallı və Lənkəranda təşkil olunub. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı digər regionlarda (ümumilikdə regional idarələr üzrə 15 şəhər və rayonda) da davam edəcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin təbliği istiqamətində bir sıra layihələr də icra olunub. 2010-2014-cü illərdə reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqram çərçivəsində beş il ərzində ümumilikdə 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, ilboyu çoxsaylı tədbirlər keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib.

Bundan əlavə, 2015-2016-cı illərdə nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə həyata keçirilib, konsert və sərgilər təşkil edilib.

Hazırda nazirlik tərəfindən bu yöndə tədbirlər davam etdirilir. Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan “Bölgələrdən bölgələrə” festivalı ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə zəmin olacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here