“BP Azərbaycan”ın Xəzər mərkəzində ilk “Ana otağı” açılıb

“BP Azərbaycan” şirkətinin Xəzər mərkəzində BP və podratçı şirkətlərin xanım əməkdaşları üçün ilk “Ana otağı” açılıb. BP-dən xəbər verilib ki, şirkətin Xəzər mərkəzinin dördüncü mərtəbəsindəki səliqəli, gözəl görünüşlü otaq bir vanna otağı deyil, körpələrini əmizdirən və onlara qulluq edən analar üçün nəzərdə tutulmuş xüsusi bir yerdir. Bu günədək analıq məzuniyyətindən qayıdan analar öz körpələrini yedizdirmək üçün südü vanna otaqlarında, ibadət yerində sıxmalı və ya bunu etmək üçün evə qayıtmalı olurdular. “BP Azərbaycan” şirkəti hamilə və analıq məzuniyyətindən qayıdan qadınlar üçün təhlükəsiz və etibarlı mühit yaratmaq təşəbbüsü irəli sürüb. Sözügedən fəaliyyət BP-nin dəyərlərinə də uyğundur və bir çox əməkdaş, o cümlədən inşaat xidmətləri, peşə sağlamlığı komandaları və BP-də işləyən xanımlardan ibarət layihə qrupu səhnə arxasında səylə işləyərək bu təşəbbüsün böyük uğur qazanmasını təmin edib.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu, bütün əməkdaşlara hörmətlə yanaşmanın və iş mühitində özlərini təhlükəsiz hiss etmələrinin təmin edilməsinə yönəlmiş, BP dəyərlərinə uyğun olan və region üçün böyük əhəmiyyət daşıyan bir nailiyyətdir. “Ana otağı” BP və podratçı şirkətlərin hamilə olan və ya analıq məzuniyyətindən qayıdan əməkdaşları üçün nəzərdə tutulan xüsusi və təhlükəsiz bir yerdir. Bu gözəl təşəbbüsün reallaşdırılmasında iştirak etmiş hər bir kəsə təşəkkür edirəm”.

“Qadın onu məmnun edəcək karyeraya nail olmaq üçün analığını heç zaman qurban vermək məcburiyyətində olmamalıdır. Ona görə də, bəli, biz bu mühüm addımı atdığımızdan qürur duyuruq”, – deyə layihə komandasının həmrəhbəri, eyni zamanda, lay-kollektor və quyuların etibarlığının təmin edilməsi üzrə aparıcı mütəxəssis olan Angeni Cayavikramaraca belə deyib. O bildirib: “Bu, sadəcə bir otaq deyil. Bu, rəhbərliyin verdiyi vəd və üzərinə götürdüyü öhdəlikdir ki, hər bir əməkdaş iş mühitində özünü təhlükəsiz hiss etməli və hörmətlə qarşılanmalıdır”.

Peşə sağlamlığı qrupunun rəhbəri Elnur Mirzəzadə qeyd edib: “Ana otağı” hamilə olan və analıq məzuniyyətindən qayıdan əməkdaşlara onların analıq ehtiyaclarının təmin edilməsinə kömək etməklə yanaşı, onların ümumi rifahının yaxşılaşmasına və məhsuldarlıqlarının artmasına şərait yaradacaq. Amma ən vacibi odur ki, həmin otaq analara öz körpələrinin sağlam böyüməsi və inkişaf etməsi üçün lazım olan qidalandırıcı maddələri təbii şəkildə təmin etmək üçün südlərini qoruyub saxlamağa və evlərinə aparmağa imkan verəcək”.

“Ana otağı” peşə sağlamlığı şöbəsi vasitəsilə idarə olunacaq. Hamilə olan və ya analıq məzuniyyətindən qayıdan həmkarlarımız artıq həmin şöbədə qeydiyyatdan keçərək sözügedən otaqdan istifadə edə bilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here