BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrinə ustad dərsi keçib

Noyabrın 15-də BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və tələbələrinin görüşü olub. Görüşdə BP və digər neft şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici media təmsilçiləri də iştirak ediblər.

BANM-in kampusunun konqres zalında təşkil olunan tədbirdə Q.Counz “Liderlik” mövzusunda ustad dərsi keçib.

BANM-in rektoru Elmar Qasımov BP-nin regional prezidentinə bu ali məktəbə verdiyi önəmə, eyni zamanda, mühazirəsinə görə təşəkkürünü bildirib. O, BP-nin Azərbaycandakı 25 illik fəaliyyətindən danışıb, şirkətin tələbə və məzunlara xüsusi proqramlar vasitəsilə yay təcrübəsi və karyera imkanları yaratdığını vurğulayıb. BP-nin Azərbaycana gətirdiyi texnologiyalardan, həyata keçirdiyi sosial layihələrdən danışan E.Qasımov şirkətin ölkəmizdəki fəaliyyətini yüksək dəyərləndirib.

BANM-ə olan böyük diqqətinə və birgə əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfəyə görə BP şirkətinin regional prezidenti Q.Counza “Bakı Ali Neft Məktəbinin fəxri qonağı” diplomu təqdim edilib.

Q.Counz bildirib ki, Azərbaycanda təhsilin inkişafına, o cümlədən neft və qaz mütəxəssislərinin yetişdirilməsinə dəstək BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətlərindəndir. Qeyd edilib ki, BP-nin 2017-cil ildə işə qəbul etdiyi, neft və qaz ixtisası üzrə 13 mühəndisin beşi BANM-in məzunudur, həmçinin şirkətin yay təcrübəsi üçün seçdiyi 26 tələbədən 14-ü bu ali məktəbdə təhsil alır.

Daha sonra qonaq liderlik haqqında fikirlərini bölüşüb, əsl liderlik xüsusiyyətləri və liderliyə aparan yollar barədə tələbələrlə diskussiya aparıb, onların suallarını cavablandırıb. 1981-ci ildən bu günədək BP-də çalışan Q.Counz tədbir iştirakçıları ilə öz karyera təcrübəsini bölüşüb, fəaliyyətinin əsas istiqamətlərindən danışıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here