RESPONSIVE LEADERBOARD AD AREA
MÜSAHİBƏ

“Bu, bir barış mesajıdır”

326

I Avropa Oyunları davam edir. Bakıda keçirilən bu mötəbər yarışa gələn idmançılar, rəsmilər və turistlər tədbirin təşkilatçılığını yüksək qiymətləndirirlər. Yarışın rəsmi açılış mərasimi isə öz möhtəşəmliyi ilə hər kəsi valeh etdi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli belə hesab edir ki, Avropa Oyunlarının Azərbaycandan start götürməsi təkcə bu yarışın deyil, ölkəmizin yeni tarixi üçün mühüm hadisə olacaq.

– Yadigar bəy, I Avropa Oyunlarının təntənəli açılış mərasimini izlədinizmi?
– Əlbəttə. Özü də böyük maraq və qürur hissi ilə. Dilimizdə tez-tez işlədilən bir “möhtəşəm” ifadəsi var, I Avropa Oyunlarının açılış törəni barədə danışanda bu ifadə tam yerinə düşür. Əvvəldən də bilirdim ki, fərqli açılış mərasimi hazırlanır, lakin belə möhtəşəm olacağını şəxsən mən gözləmirdim. Son günlər ünsiyyətdə olduğum əcnəbilər də vurğulayırlar ki, açılışda gördüklərindən heyrətə gəliblər. Təsadüfi deyil ki, üstündən bir həftədən də çox bir müddət keçməsinə baxmayaraq xarici mətbuat, telekanallar hələ də I Avropa Oyunlarının açılış törənindən danışır. Yüksək peşəkarlıqla hazırlanan bu tədbirdə Azərbaycan dünyaya bir neçə çox önəmli mesaj verə bildi.
– Hansıları xüsusi qeyd edərdiniz?
– Kompozisiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin obrazının, onun ölməz əsərlərindən seçmələrin yer almasını qeyd edə bilərəm. Bəzi ölkələr zaman-zaman Nizaminin onlara məxsus olması iddiası ilə çıxış edirlər. Amma biz bu tədbirlə bütün dünyaya bir daha sübut etdik ki, dünya ədəbiyyatına nadir incilər bəxş edən Nizami Gəncəvi Azərbaycan şairidir. “Sarı gəlin” mahnısına sahib çıxmaq istəyən bədnam qonşularımız da tutarlı cavablarını aldılar. Tədbirdə Qobustan qayalarının, xalçalarımızın təsvir olunması, muğamın səslənməsi xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olmasını bir daha dünyaya çatdırdı. Açılışda baş verənləri sözlə demək asandır, lakin bütün bu məsələləri qısa müddət ərzində peşəkarlıqla hazırlamaq və həmin səviyyədə də gerçəkləşdirmək həqiqətən də böyük uğurdur. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya çıxan bütün çətinlikləri, maneələri aradan qaldırmağı bacardı, hətta inanılmaz görünən işləri reallaşdıra bildi. Elə bilirəm ki, torpağını, Vətənini və dövləti sevən hər bir azərbaycanlı buna sevinməlidir.
Bir məsələni də vurğulamaq istərdim, son illər ölkəmiz artıq ikinci dəfədir ki, qısa müddət ərzində böyük miqyaslı tədbirlər keçirmək bacarığını nümayiş etdirir. 2012-ci ildə paytaxtımız Bakı 57-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etdi. O zaman belə bir tədbirə hazırlaşmaq üçün cəmi bir il vaxtımız var idi, buna baxmayaraq ölkəmiz bütün işləri vaxtında yekunlaşdıra bildi və müsabiqənin necə yüksək səviyyədə keçirildiyini bütün Avropa gördü.
– İstərdim bir qədər də I Avropa Oyunlarının əhəmiyyətindən danışaq…
– Əvvəla onu qeyd edim ki, belə bir tədbirin müəllifi Azərbaycan deyil, adından da bəlli olduğu kimi, bu, Avropanın tədbiridir. Qitənin 30-dan çox dövləti mötəbər yarışın ölkəmizdə keçirilməsinə səs verib. Yəni demək istəyirəm ki, Azərbaycan əlifba sırasına uyğun olaraq bu tədbirə ev sahibliyi etmir. Səsvermədə ölkəmizin seçilməsini isə şərtləndirən səbəblər var. Son illər dünyada və Avropada iqtisadi böhran yaşanır, belə bir vaxtda hər bir ölkə Olimpiyada, Dünya Çempionatı və bu kimi digər böyük yarışları keçirmək qüdrətində deyil. Yalnız bir neçə ölkə var ki, buna hazırdır, onlardan da biri məhz Azərbaycandır. I Avropa Oyunlarına hazırlıq və görülən işlər bunu bir daha sübut etdi. Cəmi 2 ilə ancaq Azərbaycan bütün bunları reallaşdıra bilərdi. Gerçəkdən, bu, bir tarixi hadisədir.
Bəzi qüvvələr həm Bakıda Avroviziya müsabiqəsi keçirilən zaman, həm də I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı açıq və gizli kampaniya aparır, təzyiqlər edirdilər. Lakin dövlətimiz bu təzyiqlərə, boykot çağırışlarına baxmayaraq haqlı mövqeyindən geri çəkilmədi. Bəzən deyirlər ki, I Avropa Oyunlarına bu qədər vəsait xərcləməyə dəyərdimi?
Bir məsələni bilmək lazımdır ki, belə böyük miqyaslı tədbirlər böyük pullar tələb edir. Amma nəzərə alaq ki, xərclənən vəsaitin 78 faizi infrastruktura sərf olunub. Salınan yollar, tikilən stadionlar gələcəkdə də Azərbaycan xalqına xidmət edəcək.
Məlum olduğu kimi, müasir Olimpiya Oyunları ilk dəfə 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilib. Olimpiya məşəli də odunu Afina yaxınlığındakı məbəddən götürüb və bu günə kimi dünyanın müxtəlif ölkələrini dolaşıb. Hər dörd ildən bir hansı ölkədə keçirilməsindən asılı olmayaraq, bu mövzuda danışılanda hökmən Afinanın adı xatırlanır. Avropa Oyunlarının tarixi isə bu gün yazılır, yarışın məşəli öz odunu Bakıdakı qədim Atəşgah məbədindən götürdü. Gələcəkdə Avropa Oyunlarına hansı ölkənin ev sahibliyi etməsindən asılı olmayaraq, paytaxtımız Bakının adı çəkiləcək, Atəşgahdan alovlanan məşəl bütün qitəni dolaşacaq.
Bu gün dünyanın müxtəlif yerlərində silahlı münaqişələr yaşanır, dini zəmində qarşıdurmalara rast gəlirik. BMT-nin Baş Katibi Pan Gi Munun da qeyd etdiyi kimi, III Dünya müharibəsi gedir, lakin bu müharibə ayrı-ayrı yerlərdə aparılır. Belə bir mürəkkəb zamanda Azərbaycan dövləti I Avropa Oyunları keçirməklə təkcə qitəyə deyil, bütün dünyaya bir barış, dostluq mesajı verir.
Son illər Bakını Davosla müqayisə edirlər və belə düşünənlər haqlıdırlar. Çünki dünyanın iqtisadi məsələləri Davosda çözülürsə, humanitar sahə ilə bağlı məsələlər Azərbaycan paytaxtında müzakirə edilir. Beynəlxalq Humanitar Forumun və digər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi buna sübutdur. Paytaxtdan kənarda, Qəbələdə, Şəkidə müxtəlif festivalların, müsabiqələrin keçirilməsi Azərbaycanın real durumunu ortaya qoyur.
– Bu gün dünya həm də Azərbaycandakı tolerantlıq mühitini müzakirə edir və bizim nümunədən öyrənməyə çalışır…
– Tolerantlıq, digər mədəniyyət və dinlərə dözümlü yanaşma xalqımızın min illərdən bəri formalaşan xüsusiyyəti, bir yaşam tərzidir. Yalnız yüksək mədəniyyətə malik xalqlar tolerantlıq nümayiş etdirə bilirlər. Ümummilli Lider Heydər Əliyev isə bunu bir dövlət siyasətinə çevirdi. Bu gün multikulturalizm və tolerantlıq dövlətimizin prioritet məsələlərindən biridir. Ölkə başçısının ötən il mayın 15-də imzaladığı fərmanla Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başlayıb.
– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hansı layihələri həyata keçirir?
– Yarandığı bir il ərzində bizim mərkəz tədrislə bağlı çox mühüm layihələr reallaşdırıb və bu proses bu gün də davam edir. Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə həm ölkəmizdə, həm də müxtəlif xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Bununla bağlı proqram hazırlanıb və həmin proqrama uyğun olaraq 7 Azərbaycan və 7 xarici ali məktəbdə bu fənnin tədrisinə başlanılıb, fənni tədris edən müəllimlərin hazırlanması ilə bağlı seminarlar keçirilib.
Daha bir ciddi layihəmiz barədə danışmaq istərdim. Şifahi xalq ədəbiyyatımızın qədim yazılı abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Fridrix fon Dits tərəfindən tərcümə edilərək ilk dəfə dünyaya tanıdılmasının bu il 200 illiyi tamam olur. Məhz 1815-ci ildə Dit dastandakı “Busatın Təpəgözə qalib gəlməsi” boyunu tərcümə və tədqiq edəndən sonra dünya “Kitabi-Dədə Qorqud” barədə məlumat alıb. Akademik Kamal Abdullayevin təşəbbüsü ilə bununla bağlı təkliflər hazırlandı və dövlət başçısına təqdim olundu. İlham Əliyevin imzaladığı sərəncamla bu ilin sonuna kimi müxtəlif tədbirlər keçirəcəyik. Onu deyim ki, həmin sərəncama uyğun olaraq dastanın “Busatın Təpəgözü öldürməsi” boyu Azərbaycanda 26 dilə, o cümlədən, ingilis, fars, yapon, çin, ingiloy, talış, ləzgi dillərinə tərcümə edilərək nəfis şəkildə çap olunacaq.

 

“Ədalət” qəzeti

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı