“Bu bizdə qəribə xəstəlikdir, nədənsə özümüzü gözdən salmağa çalışırıq”

“Savalan” qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlunun müsahibəsi…

– Novruz müəllim, istərdim adında ucalığı, əyilməzliyi ifadə edən “Savalan” haqqında danışasınız, musiqi qrupu olaraq necə yarandınız?

– “Savalan” bizim acı tariximiz olan 20 Yanvar faciəsindən sonra yarandı. Allah Şəhidlərimizə rəhmət eləsin. O zaman belə bir qrup yaratmağı düşünmürdük. Sadəcə hərdən yığışıb içimizi tökmək istəyirdik. Mahnılarla, musiqilərlə ruhumuzu zikr edirdik. Təmiz niyyətlə bu yola çıxmışdıq, bəlkə də heç çıxmamışdıq, o yolla gedəcəyimizi də düşünmürdük. Sadəcə hərdən yığışıb, ruhumuzu dinləndirirdik. Sonra mətbuat, televiziya bizimlə maraqlandı, bir də ayılıb gördük ki, “Savalan” qrupu yaranıb. Qrupumuz təxminən 15 ildən çox olar ki, fəaliyyət göstərir. Çalışırıq ki, ifalarımızda yer alan mahnılar, şeirlər ruhun, düçüncənin, ürəyin qidasına çevrilsin.

Təbii ki, bizim ifalarda milli-mənəvi dəyərlərin, vətən, torpaq eşqinin musiqinin dili ilə səslənməsi öndə dayanır. Mövlanənin bir sözü var ki, deyir: Allaha gedən çox yol var, mən onların içərisindən səma ilə musiqini seçirəm, çünki onların ahəngində elə bir sirr var ki, açsan bəlkə də dünya məhv olar…

Həqiqətən də musiqi insan düşüncəsinə, psixologiyasına, mənəviyyatına təsir edən sonu olmayan Allahın insana bəxş elədiyi bir hədiyyədir. Təbii ki, içində, niyyətində düzgünsənsə. Biz də heç bir pis niyyət güdmədən sadəcə oxuyuruq.

– “Savalan” ruhun qidasını haradan alır, nədən güclənir?

– “Savalan”ın ruhunda başqa bir dünya var. Əslində onun yaranması da bir məqsəd deyildi və qeyd etdiyim kimi sadəcə oturub, içimizi mahnıya, musiqiyə töküb zikr edirdik. Bu günə qədər oxuduğumuz musiqilər ruhumuzu, içimizi doyuzdurmurdu, tamamlamırdı. Bəzən də insan öz halını musiqi ilə çatdırmaq istəyir və bu zaman musiqi ikinci plana keçir. Məsələn, bizim düşüncəmizdə tamaşaçıya xoş gəlmək kimi bir istək yoxdur. Sadəcə çalşırıq ki, özümüzə və insanlara qarşı səmimi olaq. Çünki qarşındakı informasiyalıdır və sənin harda səmimi olub-olmadığını hiss edə bilir. Səmimi olmasan qarşındakı səni qəbul eləmir. Ona gərə də biz nə oxuyuruqsa, səmimi olmağa çalışırıq. Çünki bütün dünya-aləmi aldada bilərsən, amma özünü yox. Biz səhnədə olarkən bu halımız tamaşaçıya ötürülür.

– Novruz müəllim, efirlərdə çox az görünürsünüz, səsiniz aş eşidilir. Bəlkə də elə buna görədir ki, gənclik sizi az tanıyır, hətta sizi tanıyan bir çoxları qrupunuzun bağlandığını da düşünür. Bu nə ilə bağlıdır, niyə özünüzü təbliğdən qaçırsınız?

– Qrupun arxasında Allahdan başqa heç kəs durmayıb. Bağlansa da bu Allah istəsə olacaq. Çünki biz ondan başqa harasa bağlı deyilik. “Savalan” qrupu fəaliyyətinə davam edir və yalnız şəxsi dəvətlərlə məclislərə qonaq olur. Televiziyalarda az da olsa çıxışlarımız olur. Ötən il düz bir ay Xəzər televiziyasında Müqəddəs Ramazan ayının halına uyğun çıxışımız oldu.

Amma tam səmimi deyim ki, kənarda bizə, musiqiyə olan dəyər, münasibət burda olandan qat-qat üstündür. Bəzən şou müğənniləri deyir ey “bizdən yoxdur”, düzdür, biz belə lovğalıqdan uzağıq, amma bu qrupdan da yoxdur.

Əslində bizi bir ilahi qrup kimi tanıdılar. Amma biz ilahi qrup deyilik və deyildik. Bizim repertuarda vətənpərvərlik əsas olmaqla yanaşı, bütün musiqilərdən – sevgi, xalq mahnıları, bəstəkar repertuarları, anadolu türküləri, hətta italyan repertuarı, hind musiqiləri var.

Allah rəhmət eləsin Vaqif müəllimə, Azərbaycan incəsənətində onun kimi insana dəyər verən ikinci bir adam görmədim. İlk dəfə bizi efirdə görəndə efirə zəng edib, “orda oturanların bir-bir əlindən öpürəm” demişdi. Bizim musiqilər insanları bir-neçə saat öz dünyalarına qapılıb, dünyanın gəlişi, gedişi, yaşamı haqda düşüncələrə dalmağa sövq edə bildi. Beləcə, bizi ilahi qrup kimi qəbul elədilər. Amma mənim fikrimə görə ilahinin hökmü olmayan heç bir yer yoxdur. Allahsız yer yoxdur, Allah hər yerdə var. Düşünürəm ki, bu, insanın dünyanı hansı baxışla görməsindən asılıdır. Önəmli olan insanın baxışıdır.

– Bu gün musiqi, sənət, sənətkarlıqla bağlı sizi qane edən və etməyən hansı nüanslar diqqətinizi çəkir?

– İnsanlar bəzən layiq olmadıqları yerlərdə dayanıb çox yüksəkdən danışırlar. Mənim belə hərəkətlərdən heç xoşum gəlməz. Bu gün sənət, efir bərbad gündədir. İstəsək də, istəməsək də bu efir hər gün bizim evimizin içinə daxil olur. Efir birbaşa mənəviyyatımızn inkişafına təsir edən amildir. Amma nə yazıq ki, bir neçə verilişdən başqa heç nəyə baxa bilmirsən. Baxıb nə isə götürə biləcəyin heç nə yoxdur. Məsələn, vaxtilə Məmməd Bağırı “ara oxuyan”ı kimi  tanıyırdılar. Amma baxırsan ki, adamın yüzlərlə təsnifi varmış hamısının da gözəl mənaları. İndi biri çıxıb oxuyur, nə söz var, nə də musiqi. Sadəcə sözü 6-8 ritmin üstünə oturdub “üç badam bir qoz” deyir, vəssalam. Yəni musiqidən əsər – əlamət yoxdur. Üzeyir Hacıbəyovu, Cahangir Cahangirovu çox sevirəm, zamanında gözəl musiqiləri yaranırdı. Bəlkə o zaman mənəviyyat, insan intellekti yüksək olub ki, ölməz əsərlər yaranıb. İndi mənəviyyat bir az aşılanıb, insan faktoru cılızlaşıb. Hörmət, izzət itib. Saqqalılar çoxalıb, ağsaqqal azalıb. Mənim də saçım ağarıb, bəzən kimsə mənə “ağsaqqal”deyəndə, deyirəm ağsaqqal deyiləm, sadəcə saçım ağarıb.  Ağsaqqal sözünün arxasında dayanan məna başqa təsnifdir.

– Sizcə sənəti bu hala gətirən nə olub?

– Mənə elə gəlir ki, elə şeylər var ki, ona birbaşa dövlət səviyyəsində dəstək və təsir lazımdır. Sovet vaxtında müğənni efirə çıxanda  sözə, hərəkətə, danışığa və sair davranışlara fikir verilirdi. Amma indi, pulunu ver çıx, nə istəyirsən elə… ona görə də efirə birbaşa dövlət nəzarəti olmalıdır. Efir mənaviyyatımızın göstəricisidir. Necə olur ki, biz Türkiyəyə gedəndə bizi tanıyırlar, bilirlər ki, belə bir qrup var, amma burda heç kimə lazım deyilik, niyə? Bunu aidiyyatı olan adamlardan soruşmaq lazımdır. Əgər sən o kürsüdə oturmusansa və millətə xidmət edirsənsə, bəs niyə görmürsən?

– Bəlkə görünmək üçün zamanın tələbinə uyğun səs çıxarmaq lazımdır?

– Vallah mən görəndə ki, kiməsə kömək lazımdır, onun mənə ağız açmasını gözləmirəm, kömək edirəm. Bunlar “Savalan”ın nə qrup olduğunu hər mənada bilirlər. Hə, ola bilsin ki, ya biz özümüz haqqında danışmağa ehtiyat edirik, ya da doğru cavab ala bilməyəcəyimizi düşünüb susuruq. Bəzən də ətrafda musiqiyə olan yanaşmalardakı səthilik bizi incidir. Məsələn, bir məclisə gedəndə çalışırsan ki, ora bir ruh qoyasan. Amma ifamız qurtaran kimi kimsə “lakada-çıkıdı” sifariş edib, bayaqkı xoş auranı itirir. Görünür mənəviyyat ucuzlaşıb. Çox vaxt düşünürəm ki, nəyə görə aidiyyatı yerlərdə bu cür qrupların xaricə çıxmasına diqqət ayırmırlar. Axı Azərbaycanın mənəvi dəyərlərini qoruyan qrupların xarici konsertlərdə iştirakı və ölkəni layiqincə təmsil etməsi böyük mədəni siyasətin həyata keçirilməsi ola bilərdi. Xaric üçün o qrupda Novruzun, yaxud başqasının olması maraqlı deyil. Onlar üçün burdan gedənlər Azərbaycan deməkdir.

– Bəs xarici səfərlərə gedəndə maliyyə dəstəyini hardan alırsınız?

– Məsələn, deyək ki, biz ötən il İstanbulda Şah İsmayıl Xətai ilə bağlı iki konsert verdik. Bizə «whatssap»dan, “facebook”dan yazdılar ki, konsert düşünürük və sizi burda görmək istəyirik, biz də razı olduq. Bizim biletimiz, otel xərcləri və qonorarımız orda əvvəldən hazır olur.

Burdan kənara çıxanda özünə hörmət hissin artır, ifa etdiyin mahnı və musiqilərin dəyərini bir daha anlayırsan.

Bizim kimi qrupların harasa müraciət edib dəstək almasının mənası yoxdur. Deyir: ürək ağrımasa gözdən yaş gəlməz. Gərək aidiyyatı orqanlar özləri bu barədə düşünsünlər ki, belə bir qrup ölkəni dünyada daha yaxşı təmsil edə bilər.

– Müasir dövrün tələblərini nəzərə alaraq özünüz öz piarınızı qurmaq üçün nə işlər görürsünüz?

– Ola bilsin özümüzü bir az ağır aparırıq, yaxud təbliğat işlərini bilmirik…

3 il əvvəl Milli Dram Teatrında çox dəyərli, intellektli Mikayıl Mikayılov “Dədə Qorqud” tamaşasını səhnələşdirdi. Məni də “Dədə Qorqud” roluna dəvət etdilər. Tamaşa çox möhtəşəm idi. Hansı ölkələrdə festivalda oldusa çox yüksək qarşılandı. Amma nə yazıq ki, teatrın repertuarından çıxarıldı.

– Niyə?

– Niyəsini mən də bilmirəm…

Biz Krıma gedəndə bir teatrşünas yaxınlaşıb hamımızı qucaqladı və dedi ki, siz Azərbaycanın başını uca elədiniz. Dedi ki, bəzən bura elə tamaşalar gətirirlər ki, burdakı ziyalı azərbaycanlılar başlarını aşağı salıb çıxırlar.

– Bu gün incəsənətdə sənətkarın özünü ifadə etməsi üçün nə dərəcədə imkan yaradılır və bu sizi qane edirmi?

– Bizdə nəinki sənətə, sənətkara, heç özümüzün özümüzə də münasibəti, dəyəri yoxdur.

Bizim qrup hara gedirsə, orada çox mükəmməl səviyyədə çıxış edib, Azərbaycan bayrağının başını uca edir. Qrupumuzun indiki üzvləri çox profesional, mənəviyyatlı, dəyərli musiqiçilərdir. “Savalan” hara dəvət edilirsə, orda gözəl bir ad qoyub qayıdır. Yəni sənət baxımından imkanımız daxilində ölkəmizi təmsil etmişik. Amma bundan da möhtəşəm işlər görə bilərik. Buna fiziki, mənəvi potensialımız çatır. Biz işləməkdən zövq alırıq. Amma nə yazıq ki, burdakı dəyərlər… Daha nə deyim. Siz də bilirsiniz, hamı da bilir. Burda özün kimi görünmək istəyəndə səni ya özündən razı, ya qürurlu, yekəxana hesab edirlər. Çünki bizimkilər öyrənib ki, qarşısındakı əzilib büzülsün. Sadəcə mənəviyyatı axtarmaq istəyən adamı görəndə ona qarşı bir qısqanclıq yaranır. Deyirlər, bu kimdir ki, özünü belə aparır.

Sənət əlçatmaz və gözəl bir trenddir. Elə ola bilər ki, ən vəzifəli adamın vermədiyi qərarı sənət verə bilər. Amma bizdə sənətə münasibətdəki vəziyyət, belə deyək ki, qənaətbəxş deyil.

Çox vaxt da xalqın adından danışırlar ki, xalq belə, xalq elə, qarşısına nə qoysan onu da yeyəcək. Yəni xalq elə şeylər var ki, vurub kənara tullamalıdır. Amma xalq nə etsin, səhərdən axşama çırtma vuranlara qulaq asmağa məcburdur.

– Yaranmış bu problemləri gündəmə gətirmiş təhlilçilər bəzən belə bir qənaətə gəlirlər ki, cəmiyyətə mənəviyyat aşılamalı olan televiziyalar qəsdən kimlərinsə təsiri ilə məhz insanların psixologiyasına, mənəviyyatının dəyişməsinə doğru işlər görürlər. Hesab olunur ki, dediyiniz bu tip verlişlər mənəviyyatın korlanmasına xidmət edir.

– Bu deyilənlərdə haqq var. Acılı, ağladan verilişlərin çoxunda nifrətdən, kindən başqa heç nə göstərilmir. İnsanları bu cür verilişlərlə daha təbii, lazım olan hisslərdən uzaqlaşdırırlar. Ümumiyyətlə, bütün dünyada bu bir problemdir ki, efirlər şoulaşıb, ucuzlaşıb. Efir xidmət etdiyi xalqdan, kütlədən uzaq düşüb. Sanki bütün efir aləmi eyni yerdən idarə olunur. Bunun nə dərəcədə şüurlu edildiyini deyə bilmərəm, amma hər halda televiziyalar da mənəvi cəhətdən çox boş görünür. Bəzən də baxırsan ki, aparıcının özü mənəviyyatsızın biridir. Adamın nə danışığında ədəb var, nə böyüyə olan münasibətində hörmət var. Çox qəribədir ki, bu cür çatşımazlıqları ilə hətda sevilirlər də. Görünür özümüz o qədər düşmüşük ki, elələri bizə yaxşı görünür. Mən özümü demirəm, heç kim mənimlə o cür danışa bilmz. Amma baxırsan yaşlı adamdı, utanır nəsə desin, aparıcı da az qala onu məsxərəyə qoyur.

Son vaxtlar da soyunmaq dəbə düşüb. İstəmərəm ki, uşaqlar belə müğənnilərə baxsınlar. Çünki bu kimi hallar mənviyyatı pozur. Amma Elnur kimi Azərbaycanı xaricdə layiqli təmsil edən istedadlı gəncləri bəyənmirik. Niyə? Bu bizdə qəribə xəstəlikdir, nədənsə özümüzü gözdən salmağa çalışırıq. Biz bir-birimizin uğuruna sevinə bilmirik, mütləq ona qara yaxmaq istəyirik. Bu dəhşətli durumdur.

– Bu gün “mədəniyyət adamları mədəniyyətsizləşib” fikirlərinə də tez tez rast gəlinir.

– Böyük dərddi. Amma mənə elə gəlir ki, bu təkcə incəsənətə aid deyil. Ümumiyyətlə, mədəniyyətdə böyük aşılanma var və bu özünü incəsənətdə də göstərir.

– Musiqi mədəniyyəti ölkənin dünyada tanınması yönündə ən böyük təbliğatçı hesab olunub. Bu müstəvidə aparılan işləri necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, xaricə Azərbaycanı təmsil edəcək elə qrupu göndərmək lazımdır ki, orda Azərbaycanı layiqincə təbliğ etsin.

Bezen musiqiye ancaq toyxana anlamindan baxan toyxana adamlarin aparirlar xarici seferlere,onlarda Azerbaycanimizi yaxsi , tebliq elemekdense basimizi asaqi edir.Cunki bu adamda , o dusunce,o seviyye intelekt o veten anlayisi yoxduBəzən musiqiyə ancaq toyxana anlamından baxan adamları aparırlar xarici səfərlərə. Onlar da Azərbaycanı layiqincə təbliğ eləməkdənsə başımızı aşağı edirlər. Çünki həmin adamda o düşüncə, o səviyyə, o intelekt, o tərbiyyə anlayışı yoxdur.

Bizim “Savalan” qrupunu xaricə həmişə dəvət ediblər. Orda bizi yaxşı qarşılayıb mükafatlandırıblar, amma bura qayıdanda maraqlanmayıblar ki, ora niyə getmişdik.

Amma biləsiz ki, adam kənara çıxanda özünü daha rahat hiss edir. Çünki kənarda kiminsə rahat konsert təşkil etməsini istəyə bilirsən, burada isə üz tutacağın adam o qədər cılızdır ki, istəmirsən onun qarşısında alçalasan. Çünki sən dediyini o anlamır. Ona elə gəlir ki, qarşısında dayananı bir az alçaltmalı, sındırmalıdır. Çox maraqlıdır ki, vəzifədə oturan adam öz vəzifəsindən başqa hər şeylə maraqlanır. Heç olmasa 5 faizi öz övladının, torpağının gələcəyi üçün nəsə etsə bu da bəs edər.

Burda hər şey ya bilərəkdən, ya bilməyərəkdən zorlaşdırılır sanki. İnsanların həyatı çətinləşdirilir, bezdirilir. Amma yaxşı ki, Azərbaycnda hələ də nəfəsi saf insanlar var.

Çox qəribədir ki, siyasətdə də, hansısa bir elmdə də bir az həyasızlıq, bir az dost-tanışlıqla qalxıb yuxarıda otura bilirlər. Amma özünə dəyər verən, içində nəyinsə olduğunu bilən adam bir az ağır olur, bəlkə də bu onun zəif tərəfidir. Eqoistlik də deyil, yəqin ki, alçalmaq istəməməkdir. İkinci tərəfdən, əgər bilirsənsə ki, gedib ağız açanda alçalacaq, sınacaqsan, ona görə istəmirsən müraciət edəsən. Mən özümün cılız görünməyimi istəmirəm.

Əslində bunlardan danışmamalıyıq. Bu sahələrlə məşğul olan qurumlar zamanında elə işləməlidirlər ki, bizim bu cür deməyimizə əsas qalmasın. Baxın, neçə illərdir hamı toylardakı israfçılıq və səs-küydən danışır. Amma neçə illərdir elə də davam edir. Toydan gələndən sonra iki gün qulaqlarında səs olur. Ona görə də biz toya az gedirik. Amma toya gedəndən sonra özüm öz gözümdən düşürəm. Ona görə də ya pulu tutmalısan, ya da sənəti. Sənətlə qazanılan ruzi daha gözəldir.

Biz öz işimizi görürük. Amma bizə dəstək olsalar daha çox işlər görə bilərik. İş təkcə ruhsal festivallarda iştirak etməklə bitmir axı. Biz ölkəmizi, vətənimizi sevirik, hörmət edib dəyər veririksə, daim ona layiq olmağa çalışmalıyıq. Əslində bizim kimi qrupların xaricdə mədəniyyət festivalı, konsertlərdə iştirakı xüsusi olaraq təşkil olunmalıdır. Bunu bizdən bu gün işğalda olan torpaqlarımız, bizə qarşı xarici təsirlərin olduğu bir şərait tələb edir.

Bizim millət talantlıdır, sadəcə ola bilər ki, bir qədər özünə güvənci yoxdur. Bu da dəstəyin olmaması ilə bağlıdır. Məsələn, çıxırsan ölkədən kənara, hamının səfirliyi, xaricdəki təşkilatları orda, amma sən təksən, gəlib salam verib çıxıb gedirlər. İnsan arxa, dayaq hiss eləmir. Millətimiz çox gözəl millətdir. İndiyə kimi xarici qüvvələr bizi məhv eləməyə çalışıblar. Tam səmimi deyim ki, bu günə qədər belə qalmışıqsa, bu da böyükdür. Millətimiz çox təvəzökardır, elə vəziyyət yaradılıb ki, bu millət hardasa özü özünü alçaldır, hardasa özünə dəyər vermir. Küsür, inciyir. Amma bizim millət qədər təvazökar, istiqanlı, istedadlı millət yoxdur. Arzu edərəm ki, Allah özü bizə kömək olsun. İnsanlar içindəki o sevinclə yaşasınlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here