“Bu cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”

“Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir”. Bunu SİA-ya açıqlamasında qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Hazırda bu soyqırımımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. 2006-cı ildən etibarən Fondun dəstəyi və təşkilatçılığı ilə çox böyük işlər görülmüşdür. Məktəblilər arasında keçirilən “Xocalı – uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və foto-şəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi, 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla davam edir.

2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilmişdir. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir.

2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.

Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.

2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının XIII sessiyası keçirilmişdir. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsi qəbul edilmişdir.

2012-ci il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının üzvü olan dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı son illər davamlı olaraq qəbul edilən qətnaməyə forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd edilir: “Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir”.

2012-ci il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XiNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında, İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında, 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan eilmişdir. Qətnamə layihələrində İƏT GF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005- 2007-ci ilin fevral aylarında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.

2011-ci ildə Xocalı soyqırımının 19-cu ildönümü ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmış, 2012-ci ildə isə konqresmenlər Stiv, Koen Dən Boren ayrı-ayrılıqda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış edərək ermənilər tərəfindən qadın, uşaq və yaşlı insanlara qarşı zorakılıq və işgəncələri “təsviredilməz” adlandırmışlar. Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində ilk addım 2010-cu il fevralın 25-də atılmışdır. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci il iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır.

Bu prosesin davamı olaraq 2012-ci il fevralın 23-də Nyu-Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. Ştatın Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporunun həyata keçirdiyi güclü kampaniya nəticəsində qəbul edilmişdir. 2012-ci il martın 23-də isə daha bir Amerika ştatı – Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması 2013-cü ildə daha geniş vüsət aldı. Belə ki, yanvarın 28-də Nyu-Meksiko ştatının əvvəlcə senat, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırmının tanınmasına dair qətnamə qəbul edilmişdir. Bunun ardınca, ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, senatı isə fevralın 11-də Xocalı soyqırımına dair qətnamələr qəbul etmişdir. Daha sonra martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının baş assambleyası Xocalı qətliamını rəsmən tanımışdır. 2015-ci ilin fevralında Arizona ştatının Senatı (yuxarı palata) Xocalı hadisələrini soyqırım kimi tanıyan qətnamə qəbul etmiş, mart ayında isə Yuta ştatının qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı sənəd imzalanmışdır. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay və Montana ştatları Xocalı soyqırımının tanınması ilə bağlı xüsusi bəyannamə imzalamış və bununla da ABŞ-da Xocalı soyqırımını tanıyan və pisləyən ştatların sayı 20-yə çatmışdır.

2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatas, 2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul etmişdir. Latın Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya Senatı da 2012-ci il aprelin 23-də Xocalıda baş verən hadisələrə soyqırımı kimi qiymət vermişdir. Bütün bunlarla yanaşı, may ayının 28-də İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul etmiş, iyunun 13-də Peru parlamenti, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair, 2014-cu il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı Qərar qəbul etmişdir. Bunun ardınca, avqustun 13-də Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilmişdir.

Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdirilmiş və məsələ Avropa ölkələrinin parlamentlərində də müzakirə olunaraq siyasi sənədlər qəbul edilmişdir.

Beləliklə, Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr vermiş və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İnanırıq ki, bu gün uzaqda deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində ərazilərimiz işğaldan azad ediləcək, qatillər öz layiqli cəzalarını alacaqlar”.

Qeyd. Professor Əli Həsənovun “Azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı və onun beynəlxalq əks-sədası” məqaləsinə, faktlara istinad edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here