Budapeştdə 100 tələbə adlı fləşmob aksiyası keçirilib

Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-cü il dönümünün bayram edilməsi çərçivəsində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və dəstəyi, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin, habelə onların digər ölkələrdən olan dostlarının iştirakı ilə Budapeştdə 100 tələbə adlı aksiya keçirilib. Aksiya Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə ali təhsil almaq məqsədi ilə Avropanın müxtəlif ölkələrinə göndərdiyi 100 nəfər gəncin xatirəsinə həsr edilib. Həmin dövrdə təhsilə göndərilənlərin sayına uyğun olaraq aksiya 100 nəfərin iştirakı ilə nəzərdə tutulsa da, yürüşə yalnız Budapeştdən deyil, Macarıstanın digər şəhərlərindən də gəlmiş 150 nəfərə qədər gənc oğlan və qız qatılıb. Onlar Budapeştin tarixi Qəhrəmanlar meydanından Azərbaycan səfirliyinin binasına doğru yürüş ediblər. Yürüşdən əvvəl isə Qəhrəmanlar meydanında üzərində “Azərbaycan Respublikası – 100 il” yazılı ağ köynəklər geyinmiş 100 tələbənin iştirakı ilə Azərbaycan bayrağının rənglərini və 100 rəqəmini görüntülü nümayiş etdirən “fleşmob” təşkil olunub. Sonra tələbələr Azərbaycan himnini ucadan oxuyaraq, müxtəlif şüarlar səsləndirərək yerli əhalinin və turistlərin xüsusi ilə intensiv olduğu Andraşi prospekti ilə səfirliyə doğru hərəkət ediblər. Burada səfirliyin böyük zalında tələbələrin, səfirlik əməkdaşlarının, macar mediası nümayəndələrinin və diaspora üzvlərinin iştirakı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli görüş keçirilib.

Görüş Azərbaycan dövlət himninin canlı ifası ilə başlayıb. Səfir Vilayət Quliyev tələbələr qarşısında çıxış edərək, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci ilin Cümhuriyyət ili elan edildiyini bildirib və bununla əlaqədar səfirlik tərəfindən hazırlanan silsilə tədbirlər planı çərçivəsində 100 tələbə yürüşünün təşkil olunduğunu bildirib. Səfir XX əsrdə Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Cümhuriyyətinin yarandığı mürəkkəb tarixi dövr, Cümhuriyyətin Azərbaycan xalqının tarixində oynadığı rol, milli hökumətin müxtəlif sahələrdəki – xarici siyasət, mədəni və hərbi quruculuq və s. sahələrdə fəaliyyəti haqqında geniş məlumat verib.

Vilayət Quliyev ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökumətinin milli kadrların hazırlanması üçün yollar axtardığını diqqətə çatdıraraq, çətin hərbi-siyasi vəziyyətdə azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar verildiyini bildirib. Çıxışda memarlıq və kənd təsərrüfatından tutmuş təyyarə və gəmiqayırmaya qədər, dövlət hesabına 100 nəfər azərbaycanlı tələbənin Avropanın ən yaxşı universitetlərinə göndərildiyi qeyd olunub və hazırkı “100 tələbə aksiyası”nın da səfirliyin təşəbbüsü ilə məhz həmin mühüm və uzaqgörən tarixi addımı gənclərin yaddaşında yaşatmaq üçün təşkil edildiyi vurğulanıb. Səfir Macarıstan universitetlərində təhsil alan gəncləri bu mühüm tarixi hadsədən nümunə götürməyə çağırıb, onlara təhsillərini uğurla başa vuraraq Vətənə və xalqa layiqli vətəndaş və mütəxəssis kimi xidmət etməyi tövsiyə edib.

Sonra Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından və Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq yolunda onların mübarizəsindən bəhs edən “Əbədi ezamiyyət” filminə baxış keçirilib.

Səfirlikdə “100 tələbə aksiyası”nın iştirakçıları üçün qəbul düzəldilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here