Bulud texnologiyaları əsasında VEM resurslarından istifadə aktual məsələlərdəndir

Dünyada bulud texnologiyalarının köməyi ilə verilənlərin emalı mərkəzlərinin (VEM) hesablama və yaddaş resurslarından səmərəli istifadəsi istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu baxımdan bulud texnologiyaları əsasında VEM-in resurslarından şəbəkə istifadəçiləri arasında səmərəli istifadə olunması aktual məsələlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda kompyuter elmləri ixtisası üzrə “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsində məlumat verilib.

İddiaçı Məmməd Həşimov bildirib ki, dissertasiya işinin məqsədi bulud texnologiyaları əsasında VEM hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənilməsidir. Aparılan tədqiqatlar göstərir ki, nəhəng şirkətlərin (Intel, IBM, Google, HP, Cisco və s.) VEM resurslarının 60-80 faizindən səmərəli istifadə olunur.

Tədqiqat işində bulud texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivlərinin araşdırıldığı, kompyuter şəbəkələri əsasında paylanmış hesablama sistemlərinin təhlil edildiyi, bu texnologiyalar əsasında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamik paylanması üçün metod və alqoritmin təklif olunduğu nəzərə çatdırılıb.