RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.10.07 11:40

“Cəmiyyət “Milli Şura”nın nə üçün piket keçirməyə meylli olduğunun səbəbini bilməlidir”

101

“Milli Şura” və AXCP-nin sentyabrın 28-də keçirməyi planlaşdırdıqları mitinqdən imtina etdi, 8 oktyabrda Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyə qərar verməsinin ciddi səbəbləri var.”

Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, bu səbəblər, heç də, AXCP təmsilçilərinin öz təbliğatlarında dedikləri kimi, “hökumətin təzyiq qarşısında geri çəkilib 8 oktyabr piketinə razılıq vermək zorunda qalması” formasında deyil. Əksinə, belə qərar dəyişmə “Milli Şura” AXCP cütlüyünün gücsüzlüyünün, sosial bazalarının yoxluğunun, həm də səbatsızlığının, hakimiyyət təmsilçilərinin isə, ciddi texnoloqluq imkanlarının göstəricisidir”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, belə ki, hakimiyyət “Milli Şura”-AXCP cütlüyünün hər iki istəyinə-həm mitinq keçirmək, həm də küçədə piket keçirmək- müraciətinə eyni formada yanaşmaqla, yəni hər iki aksiyanın keçirilməsinə icazə verməklə, qarşı tərəfi çıxılmaz duruma salıb: “Onlara bacarıqları, dəstək aldıqları auditoriya həcmində aksiya keçirmək üçün seçim imkanı yaradıb. Əgər böyük həcmli, geniş auditoriyalı mitinq keçirmək istəyirlərsə və buna potensialları varsa, Lökbatanda 10 minlərlə insanın sığışa biləcəyi meydana getsinlər. Auditoriyaları yoxdursa, dar çərçivəyə sığışacaq həcmdədirlərsə, küçə piketini seçsinlər.

Cütlük özü az həcmli, kiçik auditoriyalı formatı seçdi, rəsmi razılıq almasına baxmayaraq, 28 sentyabrda Lökbatanda geniş auditoriyalı mitinq keçirmək qərarından vaz keçdi. Əvəzində 8 oktyabr tarixində BŞİH qarşısında piket keçirmək variantını seçdi. Çünki, imkanları budur, tərəfdarları yoxdur. İctimai fəal olan bütün şəxslər bilirlər ki, küçədə piket keçirmək təşkilatçı üçün aksiyanın ən rahat, zəhmətsiz formasıdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununda göstərilir ki, piket iştirakçılarının sayı 50 nəfərdən çox olmamalıdır.

Məsələ ondadır ki, həmin 50 nəfərlik auditoriyanı toplamaq ciddi təşkilatçılıq tələb etmir. 2-3 nəfər təmsilçini küçəyə çıxarıb şüarlar səsləndirirsən, plakatlar qaldırırsan. Ətrafdan keçən insanlar da maraq xatirinə toplanırlar ki, burada nə olduğunu görsünlər. Bir-iki nəfər jurnalist, bir neçə nəfər də mühafizə əməkdaşı gəlirsə, iş tamamdır: izdiham alındı. Toplananlar təşkilatçının, “Milli Şuranın” auditoriyası deyillər, onu dəstəkləmirlər, sadəcə maraq xatirinə və vəzifəsinin icrası üçün gələnlərdirlər. “Milli Şura”-AXCP cütlüyü Qərb texnoloqlarının təqdim etdikləri bu üsuldan -“süni izdiham yaratma” maxinasiyasından son zamanlar gen-bol yararlanırlar. Əhalinin intensiv axın etdiyi yerdə durursan, hətta etiraz aksiyası üçün deyil, maarifləndirmə məqsədilə, buklet-müraciət paylamaq adı ilə adamı bir neçə saniyəlik ləngitmək kifayət edir. Cəlb edilmiş şəxs marağında olmayan mövzuya həsr edildiyini görüncə, təqdim edilmiş kağızı zibil qabına tullasa belə, fərq etməz, bu, heç nəyi dəyişmir: artıq aksiya təşkilatçısının təlimatlandırılmış fürsətcil fotoqrafları onun şəklini çəkərək arxivləşdiriblər. Bu, reallıqda heç 2 nəfər dəstəkçisi olmayan kampaniyanın ictimai rəyə izdihamlı aksiya qismində təqdim edilməsi üçün yetərlidir. Onlarla əlbir çalışan “beynəlxalq təşkilatlar” Azərbaycanda “müxalifətin izdihamlı aksiyasının keçirildiyi” barədə xəbəri, “yüzlərlə adamın aksiya təşkilatçısı ilə həmrəylik nümayiş etdirən şəkillərini” bir neçə saat ərzində paylaşıb sifarişi tamamlamış olurlar.”

Məsələ ondadır ki, Qərb texnoloqları tərəfindən tövsiyə olunan bu taktika QHT-lər, ictimai təşkilatlar üçündür deyən Müşfiq Ələsgərli onu da diqqətə çatdırıb ki, özünü hakimiyyətin alternativi kimi təqdim edən, sosial dayaqlara malik güc mərkəzi olduğunu iddia edən bir siyasi qurum üçün belə ucuz variantlara əl atılması, ictimai rəyi çaşdırmaqla məşğul olması, yumşaq desək, ayıbdır: “Böyük meydan, həcmli auditoriya yığmaq imkanı var ikən, “Milli Şura”-AXCP cütlüyünün belə ucuz şoudan istifadəyə qərar verməsi göstərdi ki, bu qruplaşmanın, həqiqətən də, sosial bazaları yoxdur. Ötən illərin təcrübəsi təsdiq edir ki, “radikal müxalifətin” auditoriyası “süni izdiham yaratmaq” texnikasından yararlanmaq vərdişlərini əxz etmiş həmin 2-3 nəfərdən uzağa getmir.

Diqqətli izləyicilər görürlər ki, bu düşərgənin təmsilçiləri son illər müddətində yalnız hazır auditoriyalardan istifadə edirlər. Məsələn, “Xocalı soyqırımı” günündə kütləvi toplanış yerinə gəlib insident törədirlər, onu özlərinin izdihamlı aksiyası kimi təqdim edirlər. “Şəhidlər Xiyabanının” ziyarəti adı ilə gəlib onu piketə çevirmək istəyirlər və sair. 8 oktyabr piketi də bu taktikanın davamıdır: şəhərin mərkəzində, əhalinin intensiv hərəkətdə olduğu yerdə bir neçə dəqiqə dayanıb sadəcə söhbət etmək kifayətdir ki, süni izdiham görüntüsü yaranmış olsun.. Amma ataların yaxşı misalı var: “Özgə atına minən, tez düşər”. Prosesdən xəbərsiz auditoriyanı yalançı vasitələrlə cəlb edib öz auditoriyası kimi təqdim etmək, ictimai rəyi aldatmaq bir neçə saat fayda verə bilər, amma strateji hədəflər üçün uyğun deyil. Özünə arxayın, auditoriyasına əmin olan siyasi təşkilat belə ucuz variantlara əl atmaz.

O da var ki, əgər izdihama cəlb edilənlərin sayı limiti aşarsa, hüquq mühafizə orqanları da belə qanunsuz davranışın qarşısını almağa çalışarlarsa, onda təşkilatçılar bilərəkdən süni qarşıdurma yaratmaqla, beynəlxalq təşkilatlara mesajlar verəcəklər ki, “bizə təzyiq olunur, sərbəst toplaşmaq haqqında qanun pozulur”. “Milli Şura”-AXCP cütlüyünün son vaxtlar sosial şəbəkələrdə apardıqları təbliğat, onların bu versiya üzərində çalışdıqlarını da göstərir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı