“Caspian European Club” Təhsil Nazirliyi ilə birgə biznes-forum keçirib

Aprelin 20-də “Caspian European Club” (Caspian Business Club) təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə biznes-forum keçirib.

AZƏRTAC xəbər verir ki, biznes-forumda çıxış edən M.Cabbarov “Caspian European Club” çərçivəsində bu cür görüşlərin təşkilini biznes sektorunun təhsil sahəsinə verdiyi önəmin nümunəsi kimi dəyərləndirib. Nazir ölkə Prezidentinin qarşıya qoyduğu əsas məqsədin neft və qazdan asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarət olduğunu bildirib. M.Cabbarov vurğulayıb ki, bu inkişafın təmin edilməsi üçün əsas element məhz insan kapitalı olmalıdır. İnkişaf etmiş ölkələrin keçdiyi yola nəzər salsaq, onların tərəqqisində əsas rolu təbii ehtiyatların deyil, innovasiyaların, sağlam biznes mühitinin və müasir texnologiyaların oynadığını görərik.

Qeyd edilib ki, təhsilimiz qarşısında duran əsas vəzifələr, eləcə də vətəndaşlarda hərtərəfli bilik və bacarıqların formalaşdırılması məqsədilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturun və insan resurslarının inkişaf yolları 2013-cü il oktyabrın 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb.

Nazir ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən, qloballaşma dövründə ali təhsilin beynəlmiləlləşməsindən də danışıb. Bu prosesdə əsas rolu ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin oynadığı qeyd olunub.

M.Cabbarov, həmçinin dünyanın inkişaf etmiş ölkələrinin ümumi təhsil sistemində xüsusi çəkiyə və geniş imkanlara malik özəl məktəblər mövzusuna da toxunub. Vətəndaşların yüksək keyfiyyətli təhsilə olan tələbatını nəzərə alaraq, bu istiqamətin müvafiq standartlar və keyfiyyət normaları çərçivəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Təhsil naziri qeyd edib ki, gənclərimiz ali təhsil müəssisələrini yalnız nəzəri deyil, eyni zamanda təcrübi biliklərlə bitirməli və əmək bazarına dərhal daxil olmağı bacarmalıdırlar. Təhsil ilə əmək bazarı arasındakı uçurum aradan qaldırılmalı, dövlət və özəl sektor arasındakı əməkdaşlıq daha da möhkəmləndirilməlidir.

“Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, göstərilən diqqətə görə M.Cabbarova minnətdarlığını bildirib.

T.Əliyev təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, təsis olunduğu ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək göstərir. Beş mindən artıq şirkət və təşkilatı özündə birləşdirən bu qurum dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində səmərəli iş aparır.

Görüşdə, həmçinin müasir şəraitdə məzunların iş tapmasını asanlaşdıracaq ixtisasların aktuallaşdırılması məqsədilə ali və texniki peşə təhsili sistemində dəyişikliklərin edilməsi üzrə sahibkarların təklifləri müzakirə olunub.

Təhsil naziri M.Cabbarova “Caspian European Club”un fəxri üzvlük sertifikatı, bir neçə universitet rektoruna və “Caspian European Club”un yeni şirkətlərinə – Aggreko (Middle East) və Azerbaijan Representation of the European Azerbaijan Society-yə (TEAS) üzvlük sertifikatları təqdim edilib.

Biznes-forumda şirkət rəhbərləri və səfirlər, beynəlxalq təşkilat nümayəndələri iştirak ediblər.

Görüş zamanı biznes-forum iştirakçılarının mövzu ilə bağlı təklifləri, həmçinin “Caspian European Club” şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.