Bazar Ertəsi, Yanvar 23, 2017
Ədəbiyyat

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan “Aydın yol” qəzeti bağlanıb.
Bu barədə sualına cavabında Tərcümə Mərkəzinin rəhbəri, yazıçı Afaq Məsud məlumat verib.
Mərkəz direktoru bildirib ki, qəzetin bağlanması bəzi mətbuat orqanlarının yazdığı kimi maliyyə məsələsi ilə bağlı deyil: “Bəli, qəzet bağlanıb. Amma bu, yazıldığı kimi maliyyəyə bağlı deyil. Sadəcə, indi internet saytları daha aktualdır, ona görə də qəzetin satışı aşağı səviyyədə idi. Satış qəzetin çapı üçün sərf olunan intellektual əməklə uzlaşmırdı. Ona görə qərara aldıq ki, qəzetin çapını dayandıraq. Qəzetin əsas yaradıcı heyəti mərkəzdə işini bu gün də davam etdirir. Bir neçə nəfər texniki işçi isə ixtisara düşüb”.
A. Məsud qeyd edib ki, hazırkı şəraitdə Tərcümə Mərkəzinin maliyyə ilə bağlı heç bir problemi yoxdur: “Əksinə, bizim mərkəzə yeni imtiyazlar verilib ki, bu da fəaliyyətimizə müsbət təsir edəcək. Tərcümə Mərkəzinin strukturu genişləndirilir, yeni və daha işlək fəaliyyət sahələri yaradılır”.

APA

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, – deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.

Ruhun şad olsun, Müşfiq! Vaxtilə böyük uzaqgörənliklə “Oxu, tar!” harayı saldın. Bu gün ən qədim milli musiqi alətimiz nəinki bütün dünyada səslənir, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək UNESCO–nun Bəşəriyyətin Qeyri–maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Biz bir vaxtlar Mikayıl Müşfiqin təşnə olduğu bu uğura Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin zəhməti, yorulmaz fəaliyyəti sayəsində çatmışıq.

Milli Kitabxanada tənqidçi Əsəd Cahangirin xalq yazıçısı Elçin haqqında məqalələrdən ibarət “On üçüncü gecə” kitabının təqdimatı keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid “On üçüncü gecə” kitabı haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Əsəd Cahangirin kitabında publisistik dil elmi dillə vəhdət təşkil edir: “Elçinin romanları bizim nəslin yaddaşına yazılıb, düşüncələrimizin formalaşmasına xidmət edib. Elçinin yaradıcılığında gələcək həyatımıza işıq tutan məqamlar çoxdur. Əsəd Cahangir Elçinin yaradıcılığını istedadlı tənqidçi, peşəkar ədəbiyyatçı kimi tədqiq edib, onun əsərlərini özünəməxsus şəkildə təhlil edib”.
Professor Qəzənfər Paşayev isə kitabın məziyyətləri haqqında danışıb. O qeyd edib ki, “On üçüncü gecə” kitabı Elçinin yaradıcılığına həsr olunan ən sanballı nəşrlərdən biridir. Q. Paşayev bildirib ki, kitab xalq yazıçısı Elçinin yaradıcılığını konseptual şəkildə əhatə edir.
Yazıçı Aqil Abbas, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, rejissor Bəhram Osmanov, yazıçı Mustafa Çəmənli, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu, tənqidçi Bəsti Əlibəyli və başqaları kitabın bədii dəyərindən danışıb, onu Elçin yaradıcılığı haqqında yazılan sanballı nəşrlərdən biri kimi dəyərləndiriblər.
Tədbirdə “Xalq yazıçısı Elçin” adlı geniş kitab sərgisi açılıb.
Qeyd edək ki, “Təhsil” nəşriyyatı tərəfindən çap olunan kitabda müəllifin Elçin Əfəndiyevin yaradıcılığı haqqında yazdığı məqalələr toplanıb. Müxtəlif vaxtlarda dövrü mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə, məqalələrinə həsr olunan yazılardan ibarət yeni nəşr müəllifin dördüncü kitabıdır. İndiyə qədər onun “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq” kitabları işıq üzü görüb.
“On üçüncü gecə” kitabının redaktoru yazıçı Mustafa Çəmənlidir.

APA

İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinə start verilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

Jurnalist-yazar Vüsalə Məmmədova bildirib ki, “Ədəbiyyat saatı” layihəsinin məqsədi valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır.

Layihə çərçivəsində ilk təlimlər Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli internat məktəbində keçirilib. Həftəsonları təşkil edilən təlimlərdə uşaqların dünyagörüşünün, ədəbi-bədii zövqünün formalaşması, düşünmək və düşüncələrini ifadə edə bilmək vərdişlərinin cilalanması, nitq mədəniyyətinin inkişafı məqsədilə onlara uşaq ədəbiyyatı nümunələri oxunub. Sonra əsərləri təhlil edərək, müzakirələr aparılıb, uşaqlara kitablar paylanaraq, növbəti görüşdə müzakirəyə çıxarılacaq əsərlərin oxunması tövsiyə edilib.

Təlimlərdə həm də uşaqlara “Yazı” ədəbiyyat jurnalının əlavəsi olan “Yemlik” uşaq toplusu təqdim olunub. Jurnalın növbəti nömrəsində çap olunmaq üçün internat uşaqları arasında müsabiqə elan edilib.

“Ədəbiyyat saatı” layihəsi həm də uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyası, fantaziyalarının zənginləşdirilməsi, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və peşə seçiminə yardımçı olmağı hədəfləyib.

AZƏRTAC

Qüdrət Kərimli

Başımız üstündə dalğalanırsan,
Ömrüm,səadətim,varlığım bayraq.
Ulu babamızdan yadigar qalan
Koroğlu qüvvəsi daşıyan bayraq!

Türklüyün carçısı,haqqın səsisən.
Cavad xanın,Babəkin nərəsisən.
Vətənin yenilməz sərkərdəsisən,
Qədim tariximin yaddaşı bayraq!

Mənim xəzinəmin qiyməti sənsən.
Yenilməz gücümün qüdrəti sənsən.
Suverenliyimizin mənbəyi sənsən,
Müstəqilliyimizin əsası bayraq.

Sən yanan məşəlsən,sönməyəcəksən
Əbədi yaşarsan,ölməyəcəksən.
Bir daha yüksəkdən enməyəcəksən,
Daim ucalarda dayanan bayraq!

“Azərbaycan” jurnalının 12-ci sayı işıq üzü görüb.

Jurnalın bu sayında oxucular İntiqam Qasımzadənin “Sözü İlahidəndir”, Ramiz Rövşənin “Xəyanət” (kinopovest), Vaqif Yusiflinin “Bir qoca işığam mən bu yaşımda”, Südabə Ağabalayevanın “Yaşamaq istədiyini yaşamaq istəyən qorxular” kimi maraqlı yazıları ilə tanış olacaqlar.

Jurnal poeziyasevərləri Firuzə Məmmədlinin, Ramiz Qusarçaylının, Afaq Şıxlının, Avdı Qoşqarın, Fuad Babanlının, Balayar Sadiqin, Əbülfəz Ülvinin, Mahirə Nağıqızının şeirləri ilə sevindirəcək.

Jurnalın dekabr buraxılışında Murad İbrahimbəyovun “Şəbəkə” (povest), Nisə Bəyimin “Təkbuynuzlu” (fantastik roman- sonu), Sergey Kzolovun “Adi əhvalat” (hekayə) və digər maraqlı ədəbi nümunələrlə də tanış olmaq olar.

Mehriban Rzayevanın “Ölən ümidlərin ruhu naminə”, Vaqif Yusiflinin “Şairəm, deməli, mənimki dərddi…”, Aynur Sabitovanın “Con Uintropun dini və ictimai-siyasi baxışları” kimi yazıları da lurnalda yer alıb.

2016-cı ildə “Azərbaycan” jurnalında dərc olunmuş materiallar.

Trend

“Qanun” Nəşrlər Evi avqust ayında ən çox satılan kitabları müəyyənləşdirib. “Qanun”dan dialoq.info-ya  verilən məlumata görə, avqust ayının ən çox satılan kitabları aşağıdakılardır:

Tərcümə ədəbiyyatı:

Paulo Coelho “Aldatma”

Jojo Moyes “Səndən öncə mən”

Dale Carnegie “Dostları necə qazanmalı və insanlara necə təsir etməli”

Paulo Coelho “Kimyagər”

Paula Hawkins “Qatardakı qız”

Dan Brown “Da Vinçi şifrəsi”

Rhonda Byrne “Sirr”

Osho “Emosiyalar”

Agatha Christie “On zənci balası”

Jojo Moyes “Səndən sonra”

Mark Levy “Yenidən başlamaq mümkün olsaydı”

Robin Sharma  “Ferrarisini satmış rahib”

Mümin Sekman “Hər şey səninlə başlar”

Napoleon Hill “Düşün və Varlan”

John Green “Eyni ulduzun altında”

Robert Green “48 qanun”

Yuliya Qippenreyter “Uşaqla necə ünsiyyət saxlamalı”

Mark Levy “Bəlkə də bu həqiqətdir”

Mark Levy “Bir-birimizə demədiyimiz sözlər”

Osho “Qadınların kitabı”

Azərbaycan ədəbiyyatı:


Elxan Elatlı “O gecə yağış yağırdı”

Elxan Elatlı “Xəyanət”

Varis “Üçbucaq”

Elxan Elatlı “Pəncərədə görünən kölgə”

Qaraqan “Mələk”

Elxan Elatlı “Qan ləkəsi”

Sabir Rüstəmxanlı “Dərdə əyilmə”

Nizami Gəncəvi “Sirlər xəzinəsi”

Mirzə Ələkbər Sabir “Hophopnamə”

Sevinc Elsevər “Falçı”

Elxan Elatlı “Bakıdan gələn xəfiyyə”

Ziyad Quluzadə “Van Qoqun Kama-sutra məşqləri”

Aqşin Yenisey “Məbədin sükutu”

Ruqəyyə Kəbirli “Evim”

Çingiz Abdullayev “Mavi mələklər”

Rasim Qaraca “Əyri evin qadını”

Gülay Hüseynova “Zaten boyun da küçüktü”

Kənan Hacı “Rəqqasə”

Niyazi Mehdi “Fəlsəfə farixində fəlsəfə”

Ənvər Yavəroğlu “Həyatımızdakı satış, satışımızdakı həyat”

 

Uşaq ədəbiyyatı

 

Antoine de Saint-Exupéry “Kiçik Prins”

J.K.Rowling “Harri Potter və alov qədəhi”

J.K.Rowling “Harri Potter və fəlsəfə daşı”

Herbert George Wells “Dr. Moronun adası”

J.K.Rowling “Harri Potter və Sirlər otağı”

J.K.Rowling “Harri Potter və Azkaban məhbusu”

“Mənim ilk sözlərim”

“Mənim ilk heyvanlarım”

“İllüstrasiyalı lüğət”

Antoine de Saint-Exupéry “Küçük Prens”

“555 Tapmaca”

“Axmaq Canavar”

Hektor Malo “Ailəsiz”

“Böyük Fokuslar Kitabı”

“Nə? Harada? Nə zaman?”

“Bostançı və Şah Abbas”

Hans Christian Andersen “Sehrli Nağıllar”

Əlifba

“Cırtdan”

Böyük Uşaq Ensiklopediyası

Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə azərbaycanlı yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, tanınmış alim Məhərrəm Qasımlının (Orxan Paşa) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq Şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap olunub.

Tbilisidəki “Universal” nəşriyyatında işıq üzü görən kitabların gürcü dilinə tərcümə olunmasında və nəşrində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Məmmədoğlunun böyük əməyi var.

M. Məmmədoğlu: “Bu kitabların nəşrini Tbilisi ədəbi mühitində mühüm hadisə kimi dəyərləndirmək olar. Cəlil Məmmədquluzadənin dünyanın bir neçə dilində hekayələr kitabı işıq üzü görsə də gürcü dilində ilk dəfə nəşr olunur. Onun “Poçt qutusu” hekayəsi ilk dəfə görkəmli alim Əziz Şərif tərəfindən tərcümə olunub və bu hekayə 1934-cü ildə “Türk ədəbiyyatı” toplusuna daxil edilib. Sonralar, daha doğrusu 1968-ci ildə Tbilisi Dövlət Universitetinin nəşr etdiyi Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına da C.Məmmədquluzadənin “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri daxil olunub. O vaxtı “Poçt qutusu” hekayəsini Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə etmişdir”.

M.Məmmədoğlunun sözlərinə görə, eyni hekayənin tərcüməsində Əziz Şərifin tərcüməsi daha uğurlu alınıb.

Qeyd edək ki, bu kitabın nəşr olunması ideyası və “Ön söz”ü akademik İsa Həbibbəyliyə məxsusdur.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani, nəşriyyat redaktoru M.Məmmədoğlu və tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir. Tərcümə Azərbaycanın və Gürcüstanın dövri mətbuatlarında çap olunan gənc yazıçı Almaz Mirzəoğluna məxsusdur.

Kitabda müəyyən sözlərin izahı, C.Məmmədquluzadənin həyat və yaradıcılığına, ailə üzvlərinə aid şəkillər də əksini tapıb.

“Yağmur qoxusu” kitabında isə M.Qasımlının müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb. Bundan əvvəl onun silsilə şeirləri “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində və “Amer-İmer”( “Bu tərəf o tərəf”) ədəbi jurnalında dərc olunub. Şeirlərin sətri tərcüməsi M.Məmmədoğluna, bədii tərcüməsi isə istedadlı gürcü şairi Avtio Çxaidzeyə məxsusdur.

S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib.

Kitablar gürcü oxucuları tərəfindən maraqla qarşılanıb.

report.az

İnsanların şanslı, ya da şanssız olması barədə düşünərkən belə qənaətə gəlirəm ki, əgər insan bir şeyi çox istəyirsə, o zaman şanslı olması realdır. Yəni insanın bacara bilmədiyi iş yoxdur. Sadəcə tənbəlliyi bir kənara qoyub, məqsədimizin arxasınca getməliyik. Bu günki müsahibim də məhz hər zaman doğru bildiyi məqsədinin ardınca getdiyi üçün lazım olan səviyyəyə yüksələ bilib. Çoxlarının həsəd aparacağı cəsarət və bacarıq nümayiş etdirən müsahibim İltimas İsmayıldır.

İltimas İsmayıl özünü oxucuya necə təqdim edərdi?

İltimas İsmayıl, müəllimə, xalqına, vətəninə xidmət etməyə çalışan və bu xidmətdən məmnun olan vətəndaşdır. İnsanın özü haqqında danışması çox çətindir. Məncə, kənardan insanın necə görünməsi əsas şərtdir. Bu, mənim üçün daha önəmlidir. İlkin tanıtım üçün özüm haqda onu deyə bilərəm ki, gözəl Azərbaycanımızın ucqar rayonlarından biri olan Şərur bölgəsində müəllim ailəsində doğulub, boya-başa çatmışam. Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. 30 ildən artıqdır ki, öz ixtisasım üzrə çalışıram. Hazırda Bakı şəhəri Nizami rayonu K.Əyyubov adına 12 saylı orta məktəbdə müəllimlik fəaliyyətimi davam etdirirəm. Ailəliyəm, ömür-gün yoldaşım Nurəddin İsmayıl ictimai mühitdə tanınan insandır, üç qız övladımız var, qızlarımın ikisi ailə həyatı qurub, üçüncü qızımız isə hələ ki bizimlə birlikdə yaşayır.

İlk dəfə şeir yazmağa nə zaman başlamısız? Şeir yazmaq istedadı irsdən gəlir, yoxsa bu məsələdə ədəbiyyatçı olmağınız daha çox rol oynayır?

İlk şeirlərimi orta məktəb illərində yazmışam. Mən müəllim ailəsində doğulmuşam. Atam ədəbiyyat müəllimi idi və 8 övladının 4-ü ədəbiyyat müəllimidir. Atam bizə H. Cavidi, M. Müşfiqi çox sevdirib. Biz inşa yazarkən o, bizə hər zaman tövsiyə edirdi ki, yazdığınız inşalara yaradıcılıqla yanaşın. Ailəmizdəki poetik mühit və qardaşım Səbuhi Məhərrəmlinin şeirlər yazması, onun qəzetlərdə dərc olunması məni sevindirirdi…Ədəbiyyatçı olmaq şeir yazmaq üçün əsas deyil. İxtisasımın bu məsələdə rolu danılmazdır. Universitet illərində yaradıcılıqla dərindən məşğul olmasam da öz potensial imkanlarımı təkmilləşdirməyə çalışırdım. İxtisasım mənə şeir yazmağın texnikasını mənimsətdi. Şeir yazmağın qaydalarına yiyələndim. Çox təəssüf edirəm ki, o illərdə yazdığım şerlərimin heç birini qoruyub saxlamadım. Bir neçə dördlük şeirlərim institutun xatirə dəftərlərində qalması istisna olmaqla digər şerlərimi saxlamamışam. Daha sonra ailə qurduğum illərdə isə bir xeyli müddət şeir yazmağıma ara vermək məcburiyyətində qaldım. Həmin müddətdə həm müəllimə işlədim, həm də övladlarımın təlim tərbiyəsinə vaxt ayırmalı oldum. Onu da qeyd edim ki, bu illərdə mən həm də tikiş üzrə öz qabiliyyətimi ortaya qoymağı bacardım və bu sənətimdən də razı qalan çoxlu insanlar tanıyıram. Çox şükür olsun ki, bu işin öhdəsindən də bacarıqla gələ bilirdim. Bunun üçün isə mənim orta məktəbdəki, əmək təlimi müəlliməm Südabə müəlliməyə minnətdaram. Bunları ona görə qeyd edirəm ki, insan bir sənətə mükəmməl yiyələnəndə digər sənət növlərini mənimsəmək asan olur. Mən tikişə də yaradıcı yöndən yanaşdım. Hər bir tikdiyim paltara bir əsər kimi baxırdım. Hər zaman da çalışdığım sahədə çoxlu mütaliə etmişəm ki, sənətimə daha dərindən yiyələnim.

Sizin mətbuatda dərc olunan bütün şeirləriniz haqqında xüsusi zərif hisslər, incə duyğular var deyə çoxlu şərhlər yazılır. Bu doğrudan da belədir. Bilmək olarmı o incə duyğuların mənbəyi haradan gəlir, sizi digər yazarlardan fərqləndirən cəhət nədir?

Qadın yazarlarda sərbəstlik bir qədər blokadaya alınmaq məcburiyyətində olur. Bu baxımdan kişi yazarların işi rahatdır. Qadın yazarlar hisslərinin ifadə olunmasında çoxlu maneələrə rast gəlirlər. Bir baxırsan qadın şairə yazdığı şeirdə başqa bir qadının gözəlliyini əks etdirir. Bu nə qədər dəqiq və texniki cəhətdən peşəkar səviyyədə yazılmış olsa belə, adama xoş gəlmir. Mən o şeirlərdən duyğu ala bilmirəm. Qadının sevgi mövzusundakı yaradıcılığı cəsarət tələb edir, bunu bilirəm, mən də bəzi hallarda şeirlərimə qarşı həmin münasibəti hiss edirəm, lakin düşünürəm ki, cəsarətli olub irəli getmək gərəkdir. Məncə, yazılan şeirlər insanların ürəyini ələ almalı, müxtəlif taleli insanların hissləri öz yerini tutmalı, oxucu o yazıda özünü tapmalıdır. Bir xanımın səsləndirilən şeirimi dinlədiyində ağladığını gördüm. O zaman əmin oldum ki, mən yazdıqlarımda başqalarını düşünə bilmişəm, başqa qadınların həyat mənzərəsini çəkmişəm. Həmin məqamlar mənə cəsarət verir ki, daha ürəklə və duyğulu yazım.

Şeirlərinizi Anadolu türkcəsində yazmağınızın səbəbi nədir?

Mənim sosial şəbəkələrdə ilk oxucularım Türkiyə türkləri olub. Bəzən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Hüseyn Caviddən paylaşmalar edirdim. Bəzən də biz sosial şəbəkə vasitəsi ilə deyişmələr edirdik və bu zaman mən onlar üçün anlaşılan olsun deyə o şivədə yazmalı olurdum. Beləliklə də türkcə şeirlərim günü-gündən artmağa başladı. Həmçinin də mənim türkcə yazmağımda H.Cavid yaradıcılığının böyük rolu olub. Mən Türk dilində yazmağımı əslində xalqıma, türklüyümüzə, qədim tariximizə olan xidməti borcum hesab edirəm. Bu borcumdan irəli gələn vəzifəmi nə qədər təkmil icra edə biləcəyimi isə zaman göstərər. Yazdığım dil iki yüz milyondan artıq türkün anladığı türkcədir.

Heç Azərbaycan dilində şeir yazdınızmı?

Bəli yazmışam. Azərbaycan dilində də şeirlərim var. Elə bu yaxınlarda İlham və Fərizə haqqında yazdığım şeir də Azərbaycan dilindədir. Şəhidlərimiz, Qarabağ haqqında şeirlərim öz türkcəmizdədir. Sadəcə şeirlərimi türkcə yazdıqca sosial şəbəkələrdə ünsiyyətdə olduğum türkdilli xalqların nümayəndələri də məni yaxşı anlayır. Onlar da təkid edirlər ki, “siz türkcə yazın o bizim üçün daha anlaşılandır”. Türk dilində davamlı və daha ürəklə yazmağım məni” İzmir Şairlər və Bəstəkarlar Dərnəyi”nə gətirib çıxartdı. Dərnək müsabiqəsində qalib gələn “Gözlərim” şeirinə bəstəkar Türkər Atık musiqi bəstələdi.

Türk dilində fikirlərinizi olduqca sərbəst qələmə alırsız. Bu dili öyrənmək üçün hansı mütaliələri etdiniz? Dil öyrənməyinizə kimlər yardımçı olub?

Zatən eyni dildi. Türkiyə türkcəsini dərindən öyrənmək üçün mütaliə edirəm. Bu sahədə H. Cavidin əsərləri də mühüm rol oynayıb. Həmçinin də mənə dostlarımın köməkliyi olur.” İzmir Şairlər və Bəstəkarlar Dərnəyi”nin başqanı Halim Akın bəy mənə Türk dilində bilmədiyim məsələlərdə köməklik edir. Həm türk şairlərini, həm də öz şairlərimizin şeirlərini tez-tez mütaliə edirəm. Və faydasını görürəm. Bir də ki, müstəqillik dönəmindən bəri televiziyanın, mətbuatın sayəsində türklüyümüzə qayıdış nəticəsində türk dili aktuallaşdı və həmin dövrün də mənə böyük köməkliyi dəydi. Mənim tələbəlik illərimdən tanıdığım ziyalı Aydın Qasımlının (Türksoy) da türkcəni sevməyimdə mühüm rolu olmdu.

Bildiyim qədər Hüseyn Cavidi çox sevirsiz. Başqa hansı şairləri daha çox oxuyursuz?

Mən Repressiya dövrü yazarlarımızı – xüsusən də H.Cavid, C.Cabbarlı, M.Müşfiq , Ə. Cavadı, A. Yıldırımı və digər dəyərli şairlərimizi oxuyuram. Çünki repressiyalar qurbanı olan bu şairlərimiz hələ uşaq yaşlarımdan ailəmizdə də daha çox müzakirə obyekti olub. H. Cavidin məzarının 1982-ci ildə İrkutskdan Azərbaycana gətirilməsi tədbirlərində iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Sevinirəm ki, mən həmin tarixi hadisənin şahidi olmuşam. Acı tariximiz olan repressiya atamın ailəsidən də yan keçməyib. Bəlkə elə bu səbəbdəndir ki, həmin dövrün yazarlarını , onların yanğılı yaradıcılığını daha yaxşı anlamışam, həmin şairləri daha çox sevmişəm. Atamın ailəsi 1937-ci ildə Qazaxıstana sürgün edilir. Sürgün nəticəsində atamın ailə üzvləri həlak olur. O zaman atamın 9 yaşı olub. Bir Azərbaycanlı tanış atamı Qazaxıstandan Azərbaycana, nənəsinin yanına gətirir. Mənim ailəmdə repressiyanın qoyduğu acı izlər bəlkə də bizi həmin dövrün ədəbiyyatını daha dərindən öyrənməyə sövq edib. Müasir yazarlardan isə rəhmətə gedənlərdən B.Vahabzadə, M.Araz, S.Tahir, N.Kəsəmənli, Ə.Kərim X. Rza Ulutürk kimi tanınmış şairləri ardıcıl izləmişəm. Hazırda isə daha çox oxuduğum şairlər sırasında Hayrettin Yazıcı, Halim Akın, M.Yaqub, R. Rövşən, , M.Qədir, H.Oğuz, T.Goruslunu və başqalarının adını çəkə bilərəm.

Bildiyimiz qədər həyat yoldaşınız Nurəddin İsmayıl da şeir və məqalələr yazır. Nurəddin müəllim sizin sərbəst yaradıcılığınıza məhdudiyyətlər qoyurmu?

Nurəddin İsmayıl publisist-yazar, həm də şairdir. Onun şerləri də sosial şəbəkələrdə geniş şəkildə izlənilir. Şeirlərimə isə heç bir məhdudiyyət qoymaz. Əksinə, mənə dəstək olur. Mənim yaradıcılığa qayıdışımda onun rolu olub. Mən yazdıqlarımı ona oxuyur, lakin imzamı bildirmirdim, utanırdım deyə həmin şeirlərin müəllifi olduğumu gizlədirdım. Amma bir gün özümdə cəsarət tapıb Nurəddin müəllimə Aldemir Aldemirin ifasında ilk səsləndirilmiş şeirimi dinlətdim və sonda müəllif İltimas İsmayıl imzasını eşitdikdə təəccüblə mənə baxdı… Mən “necədi?” deyə soruşdum və əladır, cavabını aldığımda göz yaşlarım qeyri-iradi olaraq yanaqlarımdan süzülməyə başladı. Həmin gündən etibarən də şeirlərimin altından imzamı atdım.

İki yaradıcı, insanın ailəsində yetişən övladlar həqiqətən də çox şanslıdır. Sizin övladlarınız da həmin şansı qazanıblar. Qızlarınızdan hər hansı birinin bu yönümdə xüsusi istedadı varmı?

Qızlarımızın hər birinin ayrı-ayrı sahələrdə öz ixtisaslarından əlavə xüsusi bacarıqları var. Kiçik qızımız Tahirə duyğulu hekayələr yazır. Atası bir dəfə xəstə idi, biz onu xaricə aparırdıq. Tahirə atasının cibinə mənsur şeir yazıb qoymuşdu. Atası həmin məktubu oxuduğunda çox təsirlənmişdi. Bu istedad Tahirədə özünü büruzə verir.

Sonda bilmək istəyərdim ki, kitab çap etdirmək fikriniz varmı?

Bəli, artıq kitab üçün seçdiyim şeirlər, bir kitaba yetəcək qədər materiallar var. Sadəcə kitabın daha təkmil olmasına çalışıram. Yəqin ki, yaxın zamanlarda kitab halına düşər inşallah.

Sumqayitfakt.az

İki gün əvvəl 50 illik yubileyini qeyd edən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Salam Sarvan gözlənilməz açıqlama verib.

Sosial şəbəkədə siyasətə qoşulmaq istədiyini yazan etirazçı şair YAP-ın daxili siyasətini alternativsiz hesab etdiyini deyib:

“Nəhayət, siyasətə qoşulmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

Şair  YAP sıralarına qoşulmaq istəyini belə izah edib:

“Düzü, bu qərarımda həm ictimai, həm də şəxsi motiv var. İctimai motiv budur: Dünyada getdikcə bir gərginlik hiss olunmaqdadır. Azərbaycanı ehtimal edilən dünya sarsıntılarının təsirindən yalnız YAP hakimiyyəti qorumağa qadirdir. Həm səriştə, həm də təcrübə baxımından bu hakimiyyətin alternativi yoxdur. Bu hakimiyyət daxili siyasətdə sabitliyi saxlayacaq ən optimal siyasət yürüdür ki, bu da çox vacibdir. Əlbəttə ki, hökumətin fəaliyyətində ayrı-ayrı məmurlar səviyyəsində problemlər də var. Amma bu problemləri də məhz cənab prezident həll etmək gücündədir. Ona görə də, belə halda YAP sıralarını bir nəfərlik artırmağı özümə borc bilirəm.

Şəxsi motiv budur: Mən ayrı-ayrı vaxtlarda YAP hökumətinin fəaliyyətindəki problemlər barədə xeyli tənqidi yazılar yazmışam. Amma buna rəğmən bu hökumət bircə dəfə də olsun mənə “gözün üstdə qaşın var” deməyib. Amma bu cəmiyyət yanlış anladığı bir statusuma görə, az qala, məni asacaqdı. Bir kəsimi səviyyəsində olsa da. Ona görə də özümü bu cəmiyyətdən qorumaq üçün daha tolerant bir qurumun, kəsimin içində olmalıyam. Bu da YAP-dır”.

qafqazinfo.az

Yazıçı Sona Vəliyevanın “İşığa gedən yol” romanı çap olunub.
Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, maarifçilik yolundan bəhs edən roman bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, ziyalılıq tarixinə işıq salır.
XIX-XX əsrlərdə cərəyan edən hadisələr təkcə dövrünün reallıqlarını deyil, həm də sonrakı onilliklərdə ziyalılıq tariximizin bizi müstəqillik tariximizə qovuşdurduğunu ifadə edir.
Əsərdə Azərbaycan tarixinin ziddiyyətli dövrü – Rus imperiyasının tərkibindəki illər əks olunub.
Tarixi faktlarla zəngin olan iki hissəli roman tarixə ekskurs, iç dialoqların dərinliyi ilə diqqət çəkir. Romanda işıqlandırılan hadisələr oxucuya sadə, bədii dillə təqdim olunur.
Kitabın redaktoru Fərid Hüseyndir.

APA

Azərbaycanın 90-cılar ədəbi nəslinin tanınmış nümayəndəsi, Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı qardaş Qazaxıstanın ünlü “JALIN” dərgisinin TÖLEQEN AYBERQANOV adına medalına layiq görülüb. Bu barədə qərarı dünyaca ünlü qazax ədibi, “Jalın” ədəbiyyat dərgisinin baş redaktoru Muxtar Şaxanov imzalayıb.

Moderator.az xəbər verir ki, Ə.Qoşalı “Jalın”da 2015-ci ildə dərc olunmuş silsilə şeirlərinə görə bu mükafata layiq görülüb. Şeirləri qazaxcaya Sayat Kamşıqer çevirib.
Medalı “Jalın”ın iyunun əvvəllərində Bakıda səfərdə olan əməkdaşı Erkinbek Serikbay təqdim edib.
Onu da əlavə edək ki, Azərbaycanlı yazar Türk Dünyası ədəbi gəncliyi arasında əməkdaşlığa verdiyi töhfələrə, qardaş xalqlar ədəbiyyatının təbliği sahəsindəki xidmətlərinə görə, bugünlərdə Öbəkistanın nüfuzlu “Kitab Dünyası” Ədəbiyyat-sənət qəzeti və Tatarıstan Kitab Nəşriyyatı tərəfindən də “Fəxri Fərman”larla təlfif olunub.

Ankarada yerləşən Avrasiya Yazarlar Birliyi növbəti – IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsini keçirir. Birlikdən verilən məlumata görə, əsərlərin qəbulu 15 avqust 2016-cı il tarixinədək davam etdiriləcək.

Ölkələrdə dərəcəyə girənlərin elan olunması sentyabrın 30-u, beynəlxalq dəyərləndirmə oktyabr-noyabr aylarında, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

Ölkələr üzrə münsif heyəti ədəbiyyat jurnalları və Yazıçılar Birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq.

Ayrı-ayrı ölkələrdə birinci yerə 3000, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq, 15000, 10000, 7500 və həvəsləndirici kimi 2500 Türkiyə lirәsi veriləcək.

Müsabiqəyə təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir.

Hekayə üçün mövzu seçimi sərbəstdir. Ən çox iki ayrı hekayə ilə iştirak etməyin mümkün olduğu müsabiqəyə göndərilən hekayələrin hər biri ən az 1.000 (bir min), ən çox 10.000 (on min) sözdən ibarət olmalıdır.

Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər:

Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”. Cəmilə Cəfərova.

Telefon: (012)510-28-83, (012)538-10-53; 050 263 72 13.

E-mail: cemile525@yahoo.com

Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır.

Təxəllüsdən başqa yarışmaçının şəxsiyyətini göstərən ad, soyad və ya hər hansı bir işarənin olması o hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq.

Yarışmaçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə qoymalıdır. Kompüterdə 12 şrift ilə yazılacaq hekayələr 6 nüsxə olaraq göndərilməlidir.

Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək və mətnin sahibinin bu mövzuda etirazı qəbul edilməyəcək.

Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.

Trend

Səhhətimdə yenə bir qədər geriləmələr var.

Bu sözləri xalq şairi Fikrət Qoca səhhəti haqda Axar.az-a danışarkən deyib. O, Şairlər Günündə iştirak etmək istədiyini bildirib:

“Özümü həyatın axarına buraxmışam artıq, hara gedər-gedər, harada dayanar-dayanar. Ağrılarım var, amma buna da şükür edirəm. Çünki ağrılarım olmasa, deməli, çoxdan ölmüşəm. Səhhətimdə problemlər olsa da, çalışacağam ki, iyunun 5-də keçiriləcək, mərhum dostum, xalq şairi Vaqif Səmədoğluna həsr olunan Şairlər günüdə iştirak edim”.

Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 4 nömrəli orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anarla görüş keçirilib.

AYB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yazıçının məktəblilərlə görüşü Abşeron Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsi tərəfindən birgə təşkil edilib.

Tədbiri açan məktəbin direktoru Elnura Cavadzadə bu görüşün məktəblilər üçün əhəmiyyətini vurğulayıb. AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Xalq Yazıçısı Anarın həyat və yaradıcılığından söhbət açıb. Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, təhsil şöbəsinin müdiri Kamran Rzayev, yazıçı Pərvin və başqaları ədəbiyyatımızın görkəmli nümayəndəsi Anarın əsərlərinin gənc nəslin formalaşmasında xüsusi əhəmiyyətini qeyd ediblər.

Tədbirdə ədibin həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib. Habelə Anarın ssenarisi əsasında çəkilmiş film və tamaşalardan səhnəciklər göstərilib, yazıçı haqqında ayrı-ayrı ədiblərin fikirləri səsləndirilib, şeirlər oxunub, məktəblilərin sualları cavablandırılıb.

Sonda Anar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

XƏBƏR LENTİ