Bazar Ertəsi, Fevral 20, 2017
Əsas səhifə

Bir neçə il bundan qabaq radioda çıxış etdiyim zaman aşağıdakı suallara cavab verməyimi xahiş etdilər: «Siz həyatınızda özünüzə hansı ən mühüm ibrət dərsi almısınız?» — sualına cavab vermək mənim üçün çox asan oldu: «Həyatım boyu mənimsədiyim ən qiymətli dərs düşündüklərimizin əhəmiyyətini dərk etməyim olmuşdur. „Nə düşündüyünü mənə söylə, kim olduğunu deyim.“
Bizim fikirlərimiz şəxsiyyətimizin xüsusiyyətlərini təyin edir. Bizim həyata münasibətimiz taleyimizi təyin edən əsas amildir. Emerson demişdir: „İnsan dediyin onun gün ərzində düşündüklərinin elə özüdür… Məgər o, daha nə isə ola bilərmi?“ İndi mən tam əminliklə başa düşürəm ki, bizim sizinlə həyatda rastlaşdığımız ən böyük problem, həqiqətdə bizimlə sizə aid az qala, yeganə olan problem kimi düzgün əhvali-ruhiyyə seçə bilməyimizdən ibarətdir. Əgər biz bu seçimi həyata keçirməyə qadiriksə, onda bütün problemlərimizin həlli yollarına düşmüş olarıq. Roma imperiyasına başçılıq edən böyük filosof Mark Avreliy bu fikri sizin taleyinizi müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdir: „Həyatımız haqqında nə düşünürüksə, məhz həmin düşüncələrimizdir bizim həyatımız.“
Həqiqətən də, biz xoşbəxtlik haqqında düşünürüksə, onda özümüzü xoşbəxt sanırıq. Əgər bizi qüssə çulğalayırsa, onda qəmgin oluruq. Əgər düşüncələrimizdə qorxu hissi iştirak edirsə, biz vahimələnirik. Əgər xəstəlik haqda düşünsək, tamamilə mümkündür ki, biz xəstələnək. Əgər uğursuzluq haqqında düşünsək, çox güman ki, biz iflasa uğrayacağıq. Əgər biz kədərimizə qapılıb qalsaq, onda hamı bizdən qaçacaqdır. Norman Vinsent Pil demişdir ki, „Siz özünüz haqda düşündüyünüz kimi deyilsiniz; siz məhz düşündüyünüzün özüsünüz.“

Sizə elə gəlirmi ki, mən sizin bütün problemlərinizə primitiv nikbin münasibətdə olmağı təbliğ edirəm? Yox, təəssüf ki, həyat o qədər də sadə deyildir. Amma mən isə özümüzdə bizi əhatə edən dünyaya qarşı mənfi deyil, müsbət münasibət aşılamağımızın tərəfdarıyam. Başqa sözlə, biz problemlərimizin baş vermə səbəbləri barədə narahatçılıq keçirməyib, onların həlli qayğısına qalmalıyıq. Burada fərq nədən ibarətdir?
Gəlin bu fikri misallarla aydınlaşdıraq. Mən hər dəfə Nyu-Yorkun bu və ya digər sıx hərəkətli küçə kəsişmələrini keçərkən maşının altına düşməmək üçün qayğı göstərirəm, amma bu hal məndə narahatçılıq hissi doğurmur. Hər şeyi ölçüb-biçmək o deməkdir ki, problemlərin nədən ibarət olduğunu dərk edib, onun həlli üçün sakitcə qərar qəbul edəsən. Daim narahat olmaq isə çevrə boyunca haldan düşənə qədər mütəmadi bihudə yerə dövr etmək deməkdir.

Ola bilər ki, siz ciddi problemlərin həllinə qapılmış halda küçə də gedəsiniz, belə halda yaxanızın ilməyində qərənfil gülü olmaqla başınızı vüqarla dik tutmalısınız. Lauell Tomasın məhz bu tərzdə davrandığının şahidi olmuşam. Bir dəfə Lauell Tomas ilə birgə işləmək şərəfinə nail oldum. Biz birlikdə onun I Dünya müharibəsi zamanı Allenbi-Layrens kompaniyaları haqda çəkdiyi məşhur filmlərini nümayiş etdirirdik. O və onun köməkçisi təxminən altı cəbhədə keçirilən hərbi əməliyyatları lentə çəkmişdilər. Ən əsası isə ondan ibarət idi ki, onlar T.E.Lourens və onun qeyri-adi ərəb ordusu haqqında çəkdiyi xronikal kinomaterial və həmçinin Allenbinin Müqəddəs torpağı necə istila etməsi barədə sənədli film gətirmişdilər. Onun „Allenbi ilə Fələstində“ və „Lourenslə Ərəbistanda“ filmlərinin nümayişi isə müşayiət olunan çıxışları Londonda, həm də bütün dünyada çox böyük təsir oyatdı. Tomasın Kovent — Qardendəki Krallığın opera teatrındakı çıxışlarında ağlasığmaz macəralardan ibarət filmlər nümayiş etdirməklə davam edilməsi məqsədilə Londonda opera mövsümü altı həftə təxirə salındı. Londonda qazandığı gurultulu uğurdan sonra onun bir çox ölkələrə təntənəli səfəri başlandı. Daha sonra o, iki il Hindistan və Əfqanıstan həyatından bəhs edən filmlər üzərində işlədi. Sonradan o, bir sıra silsilə olmazın müvəffəqiyyətsizliklər nəticəsində dözülməz dərəcədə imkansız vəziyyətə düşdü və Londonda tamamilə iflasa uğradı. O vaxtlar mən onunla birgə idim. Yadımdadır biz Ceyms Makbi adlı məşhur bir şotlandiyalı aktyordan borc pul almasaydıq, həmin o ucuz yeməkxanalarda da yeməkdən məhrum olacağıq. Həmin əhvalatın məğzi belədir: Louell Tomas hətta böyük borclar etdiyi vaxtlarda və ağır məyusluq halları keçirdikdə belə, narahatçılığa qapılmır və öz problemlərilə ciddi məşğul olurdu. O, bilirdi ki, məyusluğa və ruh düşkünlüyünə yol vermək olmaz, yoxsa hamı hətta kredit verənlər də ondan üz döndərər. Ona görə də hər səhər işə yollanmamışdan qabaq o, çiçək alar, onu yaxasına sancar və şəhərin Oksford-strit küçəsilə başını dik tutaraq təkəbbürlə yeriyərdi. Onun fikirləri müsbət və mərdanə idi, o, məyusluğa qapılmağa, məğlubiyyət barədə düşüncələrə yol verməzdi. O, məğlubiyyətə oyunun bir elementi, həyatda uğur qazanmaq meylində olanlar üçün faydalı bir məşq kimi baxırdı.
Bizim xoş əhvali-ruhiyyəmiz fiziki qüvvələrimizdə inanılmaz dərəcədə müsbət təsir göstərir. Məşhur ingilis psixoloqu C.A.Xedfild özünün „Gücün psixologiyası“ adlı olduqca qiymətli əsərində bu faktı heyrətləndirici lövhələrlə nümayiş etdirir. C.A. Xedfild yazır: „Mən üç kişi üzərində təcrübə aparmışam. Dinamometrin köməkliyi ilə təlqin etmənin onların fiziki qüvvələrinə təsirini ölçmüşəm.“ Yoxlamada onların hər birinə tapşırılmışdı ki, dinamometri var qüvvələrilə sıxsınlar. Təcrübə üç müxtəlif şəraitdə keçirilmişdi.
Onların normal iş şəraitləri zamanında üzərlərində təcrübə aparılarkən dinamometrdə orta sıxma qüvvəsi 101 girvənkə həddində olmuşdur.
Sonra isə yoxlanılanlar əvvəlcə hipnoza məruz qalmış, sonradan təcrübədən keçirilmişlər. Öncə onlara təlqin edilmişdi ki, onlar çox gücsüzdürlər. Nəticədə normal güclərinin üçdə biri qədər, yəni 29 girvənkə sıxa bildilər (onların içərisində biri boksçu idi, onun sözünə görə hipnoz vəziyyətində ona gücsüzlüyü təlqin edildikdə birdən ona elə gəlmişdi ki, onun əli, gücsüz balaca uşaq əli tək kiçikdir bapbalacadır).
Üçüncü təcrübə zamanı Xedfild sınaqdan keçirilən şəxslərə təlqin etmişdi ki, onlar olduqca güclüdürlər. Bundan sonra onların hər birinin sıxma qüvvəsi 142 girvənkəyə çatdı. Öz qüvvələri barədə müsbət fikirlərlə „silahlandıqdan“ sonra onların həqiqi fiziki qüvvəsi, demək olar ki, əlli faiz artmışdı.
Bəli, bizim əhvali-ruhiyyəmiz belə ağlagəlməz dərəcədə gücə malikdir.
Yaşlılarla otuz beş illik tədrisin nəticəsi olaraq mən bilirəm ki, kişilər və qadınlar öz düşüncə tərzlərini dəyişdirməklə narahatçılıqdan, qorxudan və digər xəstəliklərdən yaxa qurtarar və həyatlarını yeni şəklə sala bilərlər. Mən bilirəm! Mən bilirəm! Mən bilirəm!!! Mən yüz dəfələrlə insanların bütün həyatlarının inanılmaz dərəcədə şəkildən-şəklə düşməsinin müşahidəçisi olmuşam. Mən belə halları o qədər tez-tez görmüşəm ki, onlar artıq məni təəccübləndirmir.
Mən tam əminəm ki, bizim ruhi dincliyimiz və həyati sevincimiz, biz haradayıqsa, nəyə biz sahibiksə, cəmiyyətdə hansı mövqedə bərqərarıqsa, ondan asılı deyildir, yalnız və yalnız bizim əhvali-ruhiyyəmizdən asılıdır. Xarici mühitin buna heç bir təsiri yoxdur. Məsələn, qoca Con Braunun tarixçəsinə bir baxın; onu asdılar ona görə ki, Xarpers-Ferri şəhərində o, dövlət arsenalını ələ keçirmiş və qulları qiyama çağırmışdı. O, dar ağacına, arabada öz tabutu üzərində, oturmuş vəziyyətdə gedirdi. Onun yanında gedən həbsxana gözətçisi çox həyəcanlı və qəmgin idi. Qoca Con Braun isə, olduqca sakit idi və qətiyyən halını pozmurdu. O, Virqinidə, Blu-Ric dağının yanından ötərkən səsləndi: „Nə gözəl mənzərəli yerlərdir! Buraları əvvəllər görmək mənə nəsib olmamışdı.“
Cənub qütbünü fəth edən ilk ingilislərə — Robert Falkon Skott və onun yoldaşlarına aid daha bir misal. Yəqin ki, onların geri dönmə yolları bəşər övladının bəxtinə düşən ən məşəqqətli sınaqlardan biri olmuşdur. Onların ərzaq və yanacaqları tamamilə tükənmişdi. Onların Yer kürəsinin ən ucqarında düz on bir gün tüğyan edən tufanda bir addım da belə irəliləməyə taqətləri yox idi. Külək elə qəddarcasına və o qədər sərt əsirdi ki, hətta polyar buzları üzərində şırımlar açmışdı. Skott və onun yoldaşları dərk etdilər ki, onlar artıq ölümə məhkumdurlar. Onlar yola düşərkən özlərilə hər ehtimala qarşı tiryək maddəsi götürmüşdülər ki, ölümləri əzablı olmasın. Kifayət idi ki, tiryəkdən yüksək dozada qəbul edib sakitcə yuxuya gedəsən və bir daha heç vaxt ayılmayasan. Lakin onlar bu tiryək maddəsindən istifadə etmədilər və ölərkən „şən, ilhamverici“ mahnılar oxudular. Biz bu haqda onların „vida“ məktublarından oxuduq, bu məktub səkkiz aydan sonra onların donmuş cəsədləri ilə birlikdə axtarış qrupu tərəfindən tapılmışdı.
Bəli, əgər edama aparıldıqda biz, icranı yüksək ehtirasla, mərdanə və təmkinlə qarşılaya biliriksə və bu vaxt biz özümüzə mənsub tabutun üstündə oturub gözəl təbiətdən zövq almağı bacarırıqsa, xalis buzdan olan palatamızda mahnılar da oxumağa qadir ola bilərik.
Milton bu həqiqəti yüz il qabaq kor olarkən dərk etmişdi; „İnsan ağlı — öz-özü üçün cəhənnəmi cənnətə, cənnəti də cəhənnəmə çevirmək iqtidarındadır.“
Napoleon və Elən Kellerin həyata bəslədikləri münasibət Miltonun bu fikirlərini tamamilə təsdiq edir. Napoleon, adətən insanların can atdığı hər şeyə: şöhrətə, hakimiyyətə və var-dövlətə artıq nail olmuşdu. Lakin o, müqəddəs Yelena adasında olarkən demişdi: „Mənim həyatım boyu heç olmazsa altı xoşbəxt günüm olmamışdır.“ Halbuki kar, kor və lal Elen Keller iddia edir ki, „mənim həyatım necə də gözəldir!“
Əgər yarım əsrlik həyatımda nə öyrənmişəmsə, o da ancaq „özünüzdən başqa heç kəs sizə ruhi sakitlik gətirə bilməz.“ kəlamından ibarətdir.
Mən, sadəcə olaraq Emersonun „özünə inam“ essesinin sonundakı ibrətamiz sözləri təkrar etməyə çalışacağam. O, yazmışdır:
»Nə vaxt ki, siyasi meydanda qələbəyə nail olmuşsan, nə vaxt ki, öz gəlirinin artırılmasına nail olursan, nə vaxt ki, evinizdəkilərdən xəstələnmiş kimsə sağalır, nə vaxt ki, uzun müddət səndən ayrı düşmüş dostun qayıdır və yaxud həyatınızda hər hansı başqa bir xoş hadisə baş verir, onda səni şən əhvali-ruhiyyə bürümüş olur. Onda belə güman edirsən ki, səni qabaqda da gözəl çağlar gözləyir. Buna sən inanma. Dünyada özündən başqa heç kəs sənə ruhi dinclik, qəlbinə sakitlik gətirə bilməz.”
Böyük filosof-stoik Epiktet xəbərdarlıq etmişdi ki, «bədənimizdə əmələ gəlmiş şişlərin, çibanların kənar edilməsindən daha çox fərz, başımızdakı yaramaz fikirlərin aradan qaldırılmasına diqqət yetirməliyimiz daha faydalı olardı.»
Epiktet bu haqda 19 əsr bundan qabaq söyləmişdi. Kaş ki, müasir təbabət elmi onun mövqeyini dəstəkləmiş olaydı. Doktor C.Kenbi Robinson bildirmişdi ki, Cons Hopkinsin xəstəxanasında hər beş xəstədən dördü emosional gərginlikdən və əsəb sarsıntısından yaranmış xəstəlikdən əzab çəkir. İnsanlarda bu hallar orqanizmin nasazlığı səbəbindən də törənmiş olur və nəhayət bu xəstəliklər insanın həyata və onun problemlərinə alışa bilməməsi səbəbindən yaranmış olur.
Böyük fransız filosofu Monten aşağıdakı on doqquz sözü öz həyatının devizi kimi qəbul etmişdir: “İnsan vaqe olmuşlara görə bir o qədər də iztirab çəkmir, nə qədər ki, o, artıq vaqe olmuşlara verdiyi qiymətə müqabil narahatlıq keçirir.”
Mən bununla nəyi nəzərdə tuturam? Siz soruşa bilərsiniz ki, necə olur ki, mən narahatlıqdan cana doyduğunuz, əsəbləriniz qırılmaq həddində olan sim kimi gərildiyi bir vaxtda sizdən iradənizə zor gələrək düşüncə tərzinizi dəyişdirməyi təkidlə tələb etməyə cəsarət edirəm. Bəli, mən məhz bunu tələb edirəm! Hələ bu, hamısı deyildir. Mən hətta bunu necə etmək lazımdırsa, onu da sizə göstərmək istəyirəm. Bunun üçün ola bilər ki, tərəfinizdən kiçik bir səy və qüvvə tətbiqi tələb olunacaqdır, lakin bunun sirri çox sadədir.
Praktik psixologiyanın korifeyi Uilyam Ceyms aşağıdakı müşahidəni etmişdir: «Belə sanılır ki, hərəkət əhvali-ruhiyyənin nəticəsidir.» Əslində isə bunlar biri-birindən ayrılmazdırlar. Biz bilavasitə əhvali-ruhiyyəmizin nəzarətində olan öz hərəkətlərimizi idarə etməklə, nəzarətə tabe olmayan əhvali-ruhiyyəmizin dolayı yol ilə idarə etməyi bacarırıq.
Başqa sözlə, Uilyam Ceyms belə hesab edir ki, biz emosiyalarımızı «təkcə iradəmizin gücü ilə birbaşa dəyişə bilmirik.» Ancaq biz öz hərəkətlərimizi bilavasitə dəyişməyə qadirik.” Nə vaxt ki, biz öz hərəkətlərimizi dəyişdirməyi bacarırıq, onda avtomatik olaraq öz hisslərimizi də dəyişmiş oluruq.
«Beləliklə, o, belə nəticəyə gəlir ki, əgər siz pərişansınızsa, dərhal sevinc hissinə qovuşa bilməzsiniz. Amma əgər siz şən əhvali-ruhiyyə ilə əyləşsiniz, hərəkət etsəniz və danışsanız, onda istər-istəməz ruhlanacaqsınız.»
Görəsən, belə bir sadə «oyun» doğrudanmı kömək edə bilir? O, necə bir plastik cərrahiyyə əməliyyatı kimi təsir göstərir.
Çalışın bunu öz üzərinizdə sınayın. Hər şeydən əvvəl geniş, şən bir halda, ürəkdən gülümsəyin, çiyinlərinizi və qamətinizi düzəldin, dərindən nəfəs alın, hər hansı xoşunuza gələn mahnıdan bir bənd oxumağa çalışın. Oxumağı bacarmırsınızsa dodaqaltı zümzümə edin. Siz dərhal dərk edəcəksiniz ki, Uilyam Ceyms nəyi nəzərdə tuturdu. Axı əgər siz özünüzü xoşbəxt insan qiyafəsinə sala bilmişsinizsə, belə halda fiziki cəhətdən qəmgin və ya əzgin görünə bilməzsiniz.
Bu təbiətin çox da böyük olmayan əsas həqiqətlərindən biridir və bu sizin həyatınızda möcüzələr yarada bilər. Mən Kaliforniyada adını sizə deməyəcəyim bir qadın tanıyıram ki, o, bu sirri bilmiş olsaydı, 24 saat ərzində özünün bütün bədbəxtliklərindən qurtula bilərdi. O, indi artıq yaşlı qadındır. Mən etiraf edirəm ki, bu, onun üçün çox bədbin bir hal idi. Amma, görəsən, o çalışırdımı ki, özünü heç olmazsa bir anda olsa, bəxtiyar kimi aparsın? — Xeyr! Əgər ondan soruşsanız ki, özünü necə hiss edir o, cavabında deyəcəkdir: «Hə, mənim hər işim öz qaydasındadır». Ancaq onun üzünün ifadəsi və səsinin qəmgin ahəngi sizə deyəcəkdir: «Eh, aman Allah, əgər siz bilsəydiniz ki, mənim üçün nə qədər çətindir!» Elə təəssürat yaranır ki, guya onun yanında özünüzü xoşbəxt kimi göstərməyə cəsarət etdiyiniz üçün o, sizi məzəmmət edir. Yüzlərlə qadın ondan daha pis vəziyyətdədir. Onun üçün əri sığorta polisi xətti ilə kifayət qədər pul qoymuşdur ki, ömrünün axırına qədər ehtiyac hiss etməsin, ərdə olan qızları onu istədiyi vaxt himayə edə bilərdilər. Lakin mən onu təsadüfi hallarda gülən görmüşəm. O, isə hər üç kürəkənindən daim şikayətlənib deyirdi ki, onlar olduqca xəsis və xudbin insanlardır. Buna baxmayaraq, o, aylarla onların evində qonaq qalırdı. Bundan əlavə, şikayətlənirdi ki, qızları ona heç vaxt hədiyyə almırlar, amma onlardan gizli özünə pul yığırdı. O, deyirmiş ki, pul insanın qocalıq «dövrü üçün» saxlanılmalıdır. Bu qarı özünün və bədbəxt övladlarının həyatlarını zəhərləyirdi. Lakin məgər bu, beləmi olmalıdır? Bütün bunlar çox kədərli bir haldır. Əgər o, qarı istəsəydi, dəyişilə də bilərdi; bədbəxt kinli bir qarıdan ailənin sevimli, hörmətli, hamı tərəfindən sevilən üzvünə çevrilərdi. Belə bir dəyişikliyin baş verməsi üçün özünün uğursuz həyatına görə gecə-gündüz göz yaşı axıtmaqdansa, lazım idi ki, özünü bir balaca şən göstərsin, elə etsin ki, guya yaxınlarını az da olsa sevir.
Mən İndianadan X.C.Enqlerta adlı bir adam tanıyıram o, bu sirri özü üçün kəşf edə bildiyinə görə indi də sağdır. On il bundan qabaq X.C.Enqlerta skarlatin xəstəliyi keçirmişdi, sonra xəstəlik mürəkkəbləşərək nefritə çevrilmişdi. O, bir çox həkimlərə hətta ara həkiminə də müraciət etmişdi, heç kəs ona kömək edə bilməmişdi. Tezliklə onda digər mürəkkəbləşmələr də baş vermişdi. Qan təzyiqi kəskin artmışdı. O, həkimin yanına gedəndən sonra məlum oldu ki, onun qan təzyiqi 214 dərəcə həddinə yüksəlmişdir. Ona dedilər ki, vəziyyəti olduqca gərgindir, xəstəliyi daha da şiddətlənəcəkdir və məsləhətdir ki, öz işlərini qaydaya salsın.
O, belə deyir: «Mən evə getdim və yoxladım ki, görəsən sığorta vəsiqələrini ödəmişəmmi. Sonra isə öz Yaradanım qarşısında bütün günahlarımı boynuma aldım və qəmli düşüncələrə daldım.
Mən hamını bədbəxt etmişdim. Mənim arvadım və ailə üzvlərim hamısı əzab çəkirdi və mən də dərin ruh düşkünlüyünə qapılmışdım. Tam bir həftə həyatımdan şikayətlənir və özümə yazığım gəlirdi. Amma tezliklə öz-özümə dedim: „Sən özünü axmaqcasına aparırsan. Ola bilər ki, bundan sonra da bir il yaşayacaqsan. Elədirsə, bəs niyə görə onu xoşbəxtcəsinə yaşamağa çalışmayasan?“
Mən çiyinlərimi düzəltdim, ürəkdən gülümsədim və özümü elə aparmağa çalışdım ki, guya hər işim öz qaydasındadır. Etiraf edirəm ki, özümü şən və həyatımdan razı kimi göstərmək əvvəlcə mənə böyük zəhmət hesabına başa gəldi, lakin mənim bu səyim nəinki təkcə ailəmə, həm də mənə kömək etmiş oldu.
Tezliklə mən özümü doğrudan da, arzuma uyğun necə görmək istəyirdimsə, demək olar ki, o cür də yaxşı hiss etməyə başladım. Mənim səhhətim nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. İndi isə güman etdiyim dəfn mərasimindən bir çox aylar keçdikdən sonra mən nəinki təkcə sağam, sağlamam və xoşbəxtəm, həm də mənim qan təzyiqim aşağı düşmüşdür! Mən bir şeyi qəti bilirəm ki, əgər məğlubiyyət və ölüm haqqında düşünməkdə davam etsəydim, həkimin söylədiyi sözsüz ki, özünü doğruldacaqdı. Mən düşüncə tərzimi tamam dəyişdiyim üçün xəstəlikdən yaxa qurtara bildim.»
İcazə verin, sizə bir sual verim. Əgər şən və razılıq bildirən görkəm, sağlamlaşdırıcı müsbət düşüncə tərzi bu insanın həyatını xilas edə bilibsə, bəs nə üçün siz və mən özümüzə bir dəqiqəliyə də olsa, məyus və qəmgin olmağa imkan veririk? Nəyə görə belə bir imkanımız olduğu halda, özümüzü və yaxınlarımızı bədbəxt və qəmgin edirik. Başqa sözlə bunun üçün həyatından razı olan şən insan roluna girməyimiz yetməzdimi?” Bundan çox illər qabaq mən balaca bir kitab oxudum; bu kitab həyatımda silinməz bir iz buraxmışdı. Kitabın adı belədir: “İnsan necə düşünür”. Müəllifi isə Ceyms Leyn Allendir. Orada belə yazılmışdır:
“İnsana məlum oldu ki, o, şeylərə və digər insanlara münasibətini dəyişərsə, onlar da ona qarşı öz münasibətini dəyişəcəklər.” Kifayətdir ki, insan öz fikirlərini qəti şəkildə dəyişsin, onda təəccüblü də olsa, görəcəkdir ki, necə də tezliklə onun maddi həyat şəraiti dəyişəcəkdir. İnsanları özünə cəlb edən onların istəklərinə görə deyil, bu varlığımızda təcəssüm edən və taleyimizi müəyyənləşdirən ilahi qüvvədir. O, bizim əsl mahiyyətimizdir. İnsan həyatda nəyə nail olursa, bunların hamısı yalnız onun şəxsi düşüncələrinin birbaşa nəticəsidir. İnsan ancaq öz düşünmə qabiliyyətini artırmaqla yüksələ bilər, qələbə qazanar, qalib gələr. Əksinə öz düşüncələrin və təfəkkürünü yüksəltməkdən imtina edərsə, o, həqiqətən gücsüz, zavallı və bədbəxt vəziyyətdə qalacaqdır.”
«Məişət» kitabında deyilir ki, Yaradan insana bütün Yer üzündə hakimliyi vermişdir. Sözsüz ki, bu böyük bəxşişdir. Ancaq mənim üçün belə, müstəsna ixtiyar yüksək hakimiyyət heç nədir. Hamıdan çox mən öz üzərimdə hakimliyimi arzu edirəm: öz təfəkkürüm və keçirdiyim qorxular üzərində, öz ağlım, öz qəlbim və öz nəfsim üzərində hakimiyyəti ələ almaq istəyirəm. Mənim bildiyimə görə, ən əsas cəhət belə hakimiyyətə istənilən vaxt, son dərəcə asan şəkildə necə yiyələnə bilməyimizdən ibarətdir. Bunun üçün sadəcə olaraq yalnız və yalnız öz hərəkətlərimi idarə etməyi nizamlamağı bacarmalıyam və onlar da öz növbəsində mənim reaksiyalarıma (münasibətimə) təsir edəcəkdir.
Beləliklə, gəlin Uilyam Ceymsin aşağıdakı sözlərini yada salaq: “Çox vaxt müsibət və bədbəxtlik hesab etdiyimizi sadəcə olaraq öz əhvali-ruhiyyəmizi dəyişməklə ilhamverici və sağlamlaşdırıcı hala gətirə bilərik, bunun üçün bədbəxtkəranəlikdən və qorxu halımızdan mübarizəyə keçmək lazımdır.”
Demək, xoşbəxtliyimiz naminə mübarizə etməliyik!
Gəlin, nikbin və konstruktiv əməli düşüncəmizə söykənərək səadətimiz uğrunda mübarizəyə başlayaq. Bunun üçün hər gün əməl edəcəyimiz bir proqram təklif edirəm. O, belə adlanır: «Məhz bu gün.» Mən bunu o qədər həvəsləndirici proqram sandım ki, onu yüzlərlə nüsxədə dərc edərək payladım. Onu mərhum Sibilla F.Partric otuz altı il öncə yazmışdı. Əgər siz və mən bu proqrama əməl etsək, keçirdiyimiz həyəcan hissinin əksər hissəsini aradan qaldırar və fransızların təbirincə desək, «həyat sevincini» son dərəcə artırarıq — La joie de vivre.

MƏHZ BU GÜN

1. Mən məhz bu gün xoşbəxt olacağam.
Bu o deməkdir ki, mən Avraam Linkolnun: “İnsanların əksəriyyəti xoşbəxt olmaq əzmində olduqları həddə qədər xoşbəxtdirlər.” mülahizəsini əldə rəhbər tutacağam. Xoşbəxtlik bizim öz daxilimizdədir. O, xarici şəraitin nəticəsi deyildir.
2. Məhz bu gün məni əhatə edən həyata uyğunlaşmağa çalışacağam, lakin cəhd göstərməyəcəyəm ki, hər şeyi arzularıma uyğunlaşdırım. Öz ailəmi, öz işimi və öz həyat şəraitimi necə varsa, olduğu kimi qəbul edəcəyəm və onlara uyğunlaşmağa çalışacağam.
3. Məhz bu gün orqanizmimə qayğı göstərəcəyəm. Mən gimnastika ilə məşğul olacaq, öz bədənimin təmizliyi qayğısına qalacaq, düzgün qidalanacaq və çalışacağam ki, öz sağlamlığıma zərər yetirməyim və ona laqeyd qalmayım. Elə olsun ki, mənim bədənim tələblərimi yerinə yetirə biləcək ideal maşın vəziyyətinə düşsün.
4. Məhz bu gün əqlimin inkişafına fikir verəcəyəm. Mən nə isə bir faydalı iş öyrənəcəyəm. Əqli cəhətdən tənbəl olmayacağam. Güc, təfəkkür və diqqətin mərkəzləşməsini tələb edən yazılar oxuyacağam.
5. Məhz bu gün əxlaqi cəhətdən təkmilləşməyimlə məşğul olacağam. Bunun üçün üç işi yerinə yetirməliyəm. O adam özü bilmədən kiməsə, və nədəsə yaxşılıq etməliyəm. Uilyam Cemsin məsləhətinə istinadən sadəcə olaraq mən özüm istəmədiyim heç olmazsa iki önəmli iş icra etməliyəm.
6. Məhz bu gün mən hər kəsə qarşı xeyirxah əhvali-ruhiyyədə olacağam. Çalışacağam ki, mümkün qədər yaxşı görkəmdə olum: mümkün olduqca mənə daha çox yaraşan paltarlarımı geyinəcəyəm, sakit səslə danışacağam, özümü səmimi aparacağam, tərifləməkdə “əliaçıq” olacağam, çalışacağam ki, heç kəsi tənqid etməyim, heç kəsə irad tutmayam və kiməsə münasibətdə özümü rəhbər kimi aparmayım və ya kiminsə səhvlərini tutmağa çalışmayım.
7. Məhz bu gün çalışacağam ki, yalnız bu gün üçün yaşayam, bütün həyati problemlərimin hamısını birdən həllinə çalışmayım. Mən 20 saat ərzində elə naqis işlər törədə bilərəm ki, əgər belə işlərlə bütün ömrüm boyu məşğul olsam belə, onlar məni yenə də dəhşətə gətirmiş olar. Amma mən naqis işləri çalışacağam ki, etməyim.
8. Məhz bu gün görüləsi işlərimin proqramını qeyd edəcəyəm. Hər saat ərzində nə iş görməyə hazırlaşıramsa; onları yazacağam. Ola bilər ki, bunların hamısını proqram üzrə yerinə yetirə bilməyəcəyəm. Bu məni tələskənlikdən və qətiyyətsizlikdən qurtarmış olacaqdır.
9. Məhz bu gün mən yarım saat vaxtımı tənhalıqda sakit keçirəcəyəm və əsəb gərginliklərindən tam azad olmağa çalışacağam.
10. Məhz bu gün mən heç nədən qorxmayacağam, ələlxüsus xoşbəxt olmaq ümidini itirməyəcəyəm, gözəlliklərdən zövq almaqdan və sevməkdən usanmayacağam, kimləri sevirəmsə, onların da məni sevdiklərinə inam bəsləyəcəyəm. Əgər siz istəyirsinizsə ki, özünüzdə sizə sakitlik və nikbinlik bəxş edən xoş əhvali-ruhiyyə yaradasınız, I qaydanı yerinə yetirin: «Düşünün və özünüzü gülərüzlü aparın və nəticədə siz özünüzü bəxtiyar hiss edəcəksiniz.»

Bir çox motivasiya fikirlərinin təməlində Hedonizm prinsipi durur. Hedonizm – həzzin mütləq mənada yaxşı olduğunu, insan davranışlarının həzzi təmin edəcək şəkildə planlaşdırılması gərəkdiyini, davamlı olaraq zövqə yönəlik fəaliyyətə istiqamətlənmənin ən uyğun davranış olduğunu əks etdirir. Bu prinsipin izləri qədim yunan filosoflarına qədər gedib çıxır. Hedonizmin təməlində, davranışın zövqə yönələcəyi və ağrıdan qaçacağı anlamı durur. Insanların alternativ seçimlər etdiyi hər vəziyyətdə, hərəkətin yönü zövqü maksimal etməyə və ağrı hissini minimuma endirməyə yönələcəkdir. (Vroom, 1964)

Hedonizm anlayışında insanların müəyyən nəticələri artırmağa (mükafatlar, təqdir olunma və s.) bəzi nəticələri isə (cəzalar, bəyənilməmə, qəbul edilməmə və s.) bacardıqları qədər azaltmağa meyilli davranış nümayiş etdirdikləri əks olunub. (Vroom, 1964) Hər hansı bir motivasiya nəzəriyyəsi şəxslərin sərgilədiyi davranışların səbəbləri ilə bu davranışa səbəb olan prosesləri açıqlamağa çalışmaqdadır. Bir çox nəzəriyyə əksərən hər ikisi ilə yanaşı, birinin üzərində daha güclü durmağa meyillidir. Motivasiya teoriyaları təlabat sferası və proses nəzəriyyəsi olmaq üzrə bu iki hissəni araşdırır.

Təlabat sferası, insanların ehtiyaclarının yaranması və təbii olaraq da bu ehtiyacları təmin etmək üçün göstərdiyi səyi ifadə edir. Yəni təlabat sferası ehtiyacların təbiətinə və insanların nəyi istədiyinə önəm verməkdədir.

Proses teoriyalarına görə təlabatlar şəxsi davranışa sövq edən faktorlardan sadəcə biridir. (digər faktor enerji ilə bağlıdır, hansıki onların üzərində çox da durulmadan var olaraq qəbul edilir.) Bundan başqa ehtiyaclar olduqca fərdiləşmişdir və hər bir şəxs üçün zamanla dəyişir. Proses teoriyaları davranışın daha çox necə başlandığı, idarə olunduğu və davam etdirilməsi ilə əlaqəlidir. Proses teoriyası real motivasiya müddətinə (prosesinə) önəm verməkdədir. Onu da qeyd edək ki, təlabat və proses teoriyaları bir – birindən fərqlənsələr də müəyyən bir yerə çatmaq üçün bir – birini tamamlamaqdadırlar.

Ümumiyyətlə demək olar ki, bütün motivasiya nəzəriyyələri insanların davranışlarını zövqlü hesab etdiyi nəticələrə yönəltdiyini və xoş olmayanlardan uzaq tutduğunu əsas götürür. Motivasiyanın təməlində də məhz bu durur: insanları fəaliyyətə təhrik etmək üçün onların sevdiyi, həzz aldığı istiqamətə yönəldirlər. Həzz duyğusunu yaşamaq istəyi və buna uyğun olaraq ağrı duyğusundan qaçmaq insanları motivə edir.

Edvin Loke tərəfindən 1968-ci ildə irəli sürülən qaydaya əsasən, insanlar ətrafındakıların fikirlərinə önəm verməklə, onlara müxtəlif şərhlər edirlər. Daha sonra bu qaydaları öz yanaşma tərzlərinə uyğun olaraq dəyərləndirirlər. Yəni, hərkəs öz xüsusiyyətlərinə görə, nəyin yaxşı, nəyin pis olduğuna, doğru yoxsa yanlış olduğuna, faydalı olub-olmamasına qərar verir. Buna görə də, insan özündə müəyyən məqsədlər yaradır, gələcək davranışlarını da bu məqsədlərə görə təyin edir.

Fərdlərin təyin etdiyi məqsədlər onların motivə olmalarına da təsirsiz ötüşmür. Buna görə də, əldə edilməsi çətin və olduqca əlçatmaz olan məqsədlər təyin edən fərdlər, əldə edilməsi asan olan məqsədlər təyin edən fərdlərlə müqayisədə daha çox performans göstərəcək və motivasiya olacaqlar. Qaydanın əsas olaraq 2 halı vardır:

1. İnsanın qarşıya qoyduğu məqsədlər onun davranışına çox böyük təsir göstərir. Həmçinin qarşıya qoyulan məqsəd və niyyətlər iş həyatında daha uğurlu olmağa səbəb ola bilər.

2. Bundan başqa, ətrafdan verilən qıcıqlandırıcılar məqsəd və niyyətlərə təsir edərək, onların işlərində də özünü bilavasitə göstərmişdir. Qaydalara görə, məqsədlərin bir neçə xüsusiyyətləri vardır:

• O nisbətdə artacağı nəticəni vermişdir. Yəni, bu, məqsədi ölçə bilmə dərəcəsidir, məqsədə çatma müşahidə də oluna bilər və müəyyən ölçü dərəcəsini ifadə edər.

• Məqsədin güclülüyü. Təcrübələrdə özləri üçün güclü məqsədlər müəyyən edənlər daha yaxşı nəticə əldə edir. Son olaraq, məqsəd gücləşdikcə, uğur qazanmaq daha da çoxalır-deyə qeyd edilir.

• Məqsədin qəbul olması. Məqsədin iş nailiyyətlərinə təsir etməsi üçün bu məqsədlərin həmin şəxs tərəfindən qəbul edilməsi lazımdır. Burada “ qəbul etmə” kəlməsi təkcə nəyəsə boyun əymək mənasını vermir, məqsədlərin mahiyyətini mənimsəmək lazım olduğunu bildirir.

• Məqsədin müəyyən edilməsi. Qaydaya görə, işçilər məqsədlərini müəyyən etdikdə, qazandıqları uğur və nailiyyətlər də bir o qədər yüksək olur.

• Məqsədə dair məlumatların verilməsi. Qaydaya görə, məqsədə görə məlumatların verilməsi məqsədə çatmaq üçün göstərilən səylə üst-üstə düşərsə, iş sahəsində uğurları artacaqdır. Çünki:

1. İşlərində uğur qazanan bir insan aldığı məlumatlara əsasən, məqsədlərini müəyyən etməyə yönələcəkdir.
2. Əvvəlki məqsədinə nail olduğunu görə bilən məqsədini daha da yüksəldəcəkdir.
3. Qazandığı hər bir uğurunda səylə çalışdığını görə bilən, daha da həvəslə işləyəcək və daha çox səy göstərəcəkdir.
4. İşçi digər işçilərlə iş metodikasının üsullarının inkişaf etdirilməsiylə bağlı olaraq, müxtəlif istiqamətlər verə bilər.

Londonda “Fashion Week” çərçivəsində Leoni Mergenin “Qarabağ kolleksiyası” nümayiş etdirilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub.

Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirilib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxalı və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Tədbir moda sənayesində çalışan peşəkar modelyer, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqların iştirakı ilə yüksək əhval-ruhiyyə şəraitində keçirilib. Azərbaycan muğamı və instrumental musiqisinin sədaları altında podiuma çıxarılan kolleksiya 26 müxtəlif geyim nümunələrindən ibarət olub. Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

“Fashion Week Afterparty” çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tədbirin mahiyyəti haqqında məlumat verib.

Qeyd edilib ki, “Qarabağ kolleksiyası” TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq.

Azərtac

Məkkə və Mədinə şəhərləri İslam tarixinin, mədəniyyətinin və mənəviyyatının beşiyidir
Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində yeddi günlük zəngin proqram və çoxsaylı görüşlərdən sonra, nəhayət, Ciddə şəhərinə və oradan müqəddəs Məkkə və Mədinə şəhərlərinə yola düşməli olduq. Əslində bu yerlərə getmək vaxtı yaxınlaşdıqda insanda qəribə bir həyəcan başlayır. Sanki çoxdandır görmədiyin sevdiyin biri ilə görüşə gedəcəksən, sanki illərdir görmədiyin, ruhunun dünyaya göz açdığı doğma kəndinə gedəcəksən. Belə səmimi hiss və həyəcanla da Ciddə şəhərinə yola düşdük. Sosialogiya insanın sosial münasibətlər prosesində əldə etdiyi keyfiyyətləri onun şəxsiyyəti kimi xarakterizə edir. Başqa sözlə, şəxsiyyət fərdin sosial münasibətlər nəticəsində əldə etdiyi davranışların, vərdişlərin, dərketmə və izahetmə keyfiyyətlərinin məcmusudur. Bu mühüm prosesdə əsaslı keyfiyyət fərqi yarada biləcək faktorlardan biri də din faktorudur. Din bizim düşüncələrimizə, dünyagörüşümüzə, alacağımız bu və ya digər qərarlarımıza, ictimai mühitdə davranışlarımıza, əxlaqi keyfiyyətlərimizə, bir sözlə, həyatımızın bütün sahələrinə təsir edən mühüm mənəvi vasitədir.
Dini kimliyimiz sosial kimliyimizdə əsaslı keyfiyyət dəyişikliyi yaradır
Məsələ ondadır ki, biz hələ erkən yaşlarımızdan dini kimliyimizi dərk etməyə başlayırıq. Bu ənənə bizə ailə böyüklərimiz vasitəsilə ötürülür. Azərbaycan ailə modelinin ən əsas səciyyəvi xüsusiyyətlərindən bir də odur ki, bu modeldə üç nəsil, baba-nənə, ata-ana və yeni nəsil, yəni uşaqlar bir yerdə yaşayır. Dinlə erkən tanışolma səbəbimiz də elə bununla bağlıdır. Çünki ətraf mühiti dərk etməyə başlayarkən ilk diqqətimizi çəkən, yaxud ilk müşahidə etdiyimiz məsələlərdən bir də nənələrimizin pıçıltı ilə söylədikləri dualardır. Bu maraqlı hadisə əvvəlcə bizi ovsunlayır, sonra qəribə bir maraq yaradır, daha sonra onu təqlid etməyə, ən sonda isə onu dərk etməyə çalışırıq. Bax dinlə aramızdakı gerçək ünsiyyət də elə buradan başlayır və ömrü boyu davam edir. Biz böyüdükcə bu ünsiyyət də böyüyür. Beləliklə dünyanı və özümüzü dərketmə prosesində din mühüm bir vasitəyə çevrilir. Obyektiv gerçəkliyi hər nə qədər idraki əsaslarda dərk etdiyimizi düşünsək də, amma burada mütləq dinin də rolu olur. Əgər bir qədər daha cəsarətlə ifadə etmək istəsək, obyektiv gerçəkliyi dinin eynəyi vasitəsilə gördüyümüz həqiqətini ifadə etməyimiz lazım gəlir, amma biz bunu etiraf etmirik. Çünki bunu özümüzə isbat etməkdə çətinlik çəkirik. Bu fəlsəfi analizi daha da dərinləşdirmədən ümumiləşdirmə aparsaq, söyləməliyik ki, hər bir müsəlmanın dünyagörüşünün formalaşmasında biz istəsək də, istəməsək də, mütləq dini mənsubiyyətimiz müəyyən qədər rol oynayır. Əlbəttə, başqa dinlərin daşıyıcıları üçün də mütləq mənsub olduqları din bu rolu oynayır. Dini mərkəzlərimizi, xüsusilə müqəddəs məkanlarımız olan Məkkə və Mədinəni ziyarət etmək arzumuzun əsasında da elə bu məsələlər dayanır. Məkkəyə getmək üçün ilk öncə Ər-Riyaddan cənuba doğru təyyarə ilə iki saatlıq məsafəni qət etmək lazımdır. Bundan sonra isə Məkkə yolçuluğuna təqribən bir saat avtobusla davam etmək lazım gəlir. Amma əgər Ümrə ziyarəti niyyətinizi Ciddədə etmisinizsə, bu, keçərlidir. Yox əgər Riyadda niyyət edib Ciddəyə gəlmisinizsə, bu zaman başqa məsələlər ortaya çıxır. Bu barədə bir az sonra…
Adəmlə Həvvanın qovuşduğu şəhər, yaxud mühüm mədəniyyət və tranzit mərkəzi
Ciddə şəhəri Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəridir. Bu şəhər özünün müasir infrastrukturu, Qırmızı dənizə açılan limanları, Məkkə və Mədinəyə gələn çoxsaylı zəvvarların mühüm tranzit məntəqəsi olmaqla bərabər, həm də böyük ticarət mərkəzidir. Ər-Riyaddan havalanan təyyarəmiz təqribən iki saatdan sonra Ciddə hava limanına eniş etdi. Bu tarixi şəhərdə yüksək qonaqpərvərliklə qarşılandıq və ən müasir tipdə inşa edilmiş hotelə yerləşdirildik. Səhər erkən Mədəniyyət və İnformasiya Nazirliyinin təmin etdiyi ehram adlandırılan xüsusi geyimimizi qurşanıb Məkkəyə yola düşəcəkdik. Bu zaman nazirliyin bizi müşahidə edəcək iki əməkdaşı arasında bir anlaşılmazlığın olduğu ortaya çıxdı. Sən demə, məsələ belə imiş. Riyaddan Ümrə ziyarəti üçün niyyət edib gələn zəvvarlar təqribən 150 km əks istiqamətdə olan bir məsciddə namaz qılıb sonra Məkkəyə getməli imiş ki, bu, doğrusu imiş. Ancaq bəzi zəvvarlar yol qısa olsun deyə elə Ciddədən birbaşa Məkkəyə yola düşürlərmiş. Əməkdaşlar da bunu bizə deyib deməməklə bağlı tərəddüd içində imişlər. Nəhayət, belə qərara gəlirlər ki, bu vacib şərti bizə bildirsinlər və qərarı biz verək. Əks təqdirdə bu işin babalı onlara aid olacaqmış. Doğrusu, müsəlman qardaşlarımızın bu dürüstlüyü bizi ürəkdən sevindirdi və biz heç düşünmədən əvvəlcə həmin məscidə gedib namaz qılmağa, yalnız bundan sonra Məkkəyə getməyə qərar verdik. Beləliklə Ümrə ziyarətimiz başlamış oldu. Bütün zəvvarlar kimi Məkkədə olmaq, Məscudil-haramda namaz qılmaq, müqəddəs Kəbəni tavab etmək, Səfa və Mərvə dağları arasında yeddi dəfə yürüş etmək xoşbəxtliyi bizə də nəsib oldu. Dövlətimizin, millətimizin rifahı, əminamanlığı, Qarabağımızın azad olunması üçün dualar etdik. Bütün müsəlman dünyasına sabitliyin və sülhün gəlməsini dilədik.
Məkkə şəhəri olduqca mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Bu şəhərin cəmisi üç yüz min əhalisi var. Şəhərin genişlənmə perspektivi, demək olar ki, yoxdur. Həcc ziyarəti zamanı bəzən sıxıntıların da yaşanması, görünür, bununla əlaqədardır. Ancaq buna baxmayaraq, çoxsaylı zəvvarları qarşılamaq üçün bu dar ərazidə hər cür şərait yaradılıb. Ziyarətin rahat keçməsi üçün mükəmməl infrastruktur formalaşdırılıb, yüksək səviyyəli hotellər inşa edilib. Səliqə-sahmana, nizam-intizama söz ola bilməz. Təmizliyə və gigiyenik məsələlərə xüsusi diqqət yetirilir. Bir sözlə, ibadət etmək, Həcc ziyarətini layiqincə yerinə yetirmək üçün bütün məsələlər nəzərə alınıb.
Yolumuz Mədinəyədir
Doğrusu, doqquz günlük səfərdən sonra Mədinəyə gedib-getməmək məsələsində bəzi tərəddüdlərimiz yaranmışdı. Çünki bir gün ərzində təqribən 450 km yol qət edərək Mədinəyə getməli, cəmisi bir neçə saatdan sonra da eyni məsafəni geri qayıtmalı idik ki, Ciddə-İstanbul təyyarəsinə geçikməyək. Ancaq bir də belə fürsətin ələ düşməyə biləcəyi həqiqətini bir daha bir-birimizə izah etdikdən sonra bütün qrup qəti qərarla Mədinəyə doğru yola düşdü.
Nazirlik çox rahat nəqliyyatla bizi təmin etmişdi. Mədinə şəhəri nisbətən düzənlik ərazidə yerləşir deyə bilərik, amma bu da tam olaraq belə deyil. Mədinənin ətrafını da dağlar sarıb, ancaq dağ deyəndə, bizim təsəvvürümüzdə olan dağları düşünmək lazım deyil. Bu dağlar, əslində çılpaq qayalıqlardan ibarət təpəciklərdir. Heç bir yaşıllıq olmadığına görə olduqca cansıxıcı görünürlər. Ancaq, əlbəttə, bütün bunlar Mədinəni görmək, Peyğəmbərimizin məzarını ziyarət etmək həyəcanını heç bir zərrə qədər də azaltmır. Ancaq, sadəcə, Peyğəmbərimizin məzarını ziyarət etmək niyyətilə Mədinəyə getmək dinə caiz deyildir. Çünki İslam Peyğəmbəri gələcəkdə bütpərəstliyə çevrilməsin deyə məzarının ziyarət edilməsini əsla istəməyib. Ona görə də Mədinəni ilkin İslamın yayıldığı, Peyğəmbərimizin hicrət etdiyi şəhər kimi ziyarət edirlər. Bizim də niyyətimiz elə bu idi.
İldə on iki milyon nüsxə Qurani-Kərim nəşr edərək onu müsəlman ölkələrinə pulsuz çatdıran nəhəng mətbəə
Mədinə şəhərində bizi ilk olaraq bu müəssisəyə apardılar. Nəşriyyatın direktoru bizi olduqca səmimi qarşıladı və bu nəhəng istehsal müəssisəsinin işi ilə həvəslə tanış etdi. Bəlli oldu ki, burada Qurani-Kərim 63 dildə nəşr edilir. Onların içərisində Azərbaycan dili də var. Nəşriyyatın bütün xərcləri Kral tərəfindən ödənilir. Müqəddəs kitaba hörmət əlaməti olaraq səhifələr xəttatlar tərəfindən əlyazması ilə yazılır və daha sonra plyonkaya köçürülür. Bundan sonra heç bir səhvə yol verilməsin deyə bir çox ölkədə olan hafizlərə rəy üçün göndərilir. Yalnız müsbət rəy gəldikdən sonra kütləvi nəşrə icazə verilir.
Oxucularımız üçün maraqlı ola biləcəyini nəzərə alaraq bu müəssisənin rəhbəri ilə aramızda olan iki söhbəti də yazıma əlavə etmək istəyirəm. Dostlarımızın birinin əlində təsbeh görən bu müdrik adam bizə bildirdi ki, bir zaman Londonda təhsil alarkən onun da əlində bir təsbeh olub. Bir ingilisin müsəlmanlar üçün təsbehin nəyi ifadə etdiyi sualına cavab axtararkən məlum olub ki, sən demə təsbeh çəkmək müsəlmanlar üçün əsla caiz deyilmiş. Çünki İslam Peyğəmbəri təsbeh çəkməyib. Tam əksinə, o dövrdə təsbehi xristiyanlar və yəhudilər çəkərlərmiş. Peyğəmbərimiz də deyibmiş ki, bir gün gələcək mənim ümmətim də təsbeh çəkəcək, xristiyanların bütün etdiklərini təkrar etməyə çalışacaqlar. Doğrusu, bu, mənim çox xoşuma gəldi və dərhal soruşdum ki, madam ki belədir, bəs nəyə görə müqəddəs Məkkənin hər yerində, lap elə Məscidil-haramın yanı-başında hamı təsbeh satır?.. Adam müdrikcəsinə gülümsəyib, bu xətadır deməklə kifayətləndi. Əlbəttə, uzaqdan gələn qonaqlarına bunun bir biznes olduğunu söyləyə bilməzdi. Bu müdrik adamın ikinci maraqlı söhbəti isə daha fəlsəfi idi. O dedi ki, mən ərəb olmayıb müsəlman olanlara, İslamı könüllü qəbul edən qeyri-ərəblərə həsəd aparıram və onların Cənnətə gedəcəyinə inanıram. Səbəbini soruşanda isə izah etdi ki, ərəb olub İslamı qəbul etmək o dövrün bir zərurəti idi. Çünki din bu coğrafiyada yaranmışdı və burada baş verən tarixi hadisələrin fonunda İslamı qəbul etmək bir növ məcburiyyətə çevrilmişdi. Ancaq sizlər isə bunu etməyə də bilərdiniz, lakin etmisiniz. Ona görə də bu, sizin üçün Allahın daha böyük bir lütfüdür. Əlbəttə, bu fikirləri qəbul etmək də olar, onunla mübahisə də etmək olar. Amma hər halda bu fikrin içərisində bir həqiqət payının olduğunu da inkar etmək olmaz. Elə bu söhbətin və bizə hədiyyə edilən müqəddəs kitabın yaratdığı xoş təəssüratla da bu gözəl nəşriyyat evindən ayrıldıq.
Uhud dağı və Uhud döyüşünün qəhrəmanları
Uhud döyüşü İslam tarixinin ən maraqlı səhifələrindən biridir. Bu döyüşdə İslam Peyğəmbəri şəxsən iştirak edib. Burada İslam mücahidləri məğlub olub, İslam Peyğəmbərinin əmisi Həmzə şəhid düşüb. Elə ziyarət etdiyimiz məkanlardan biri də başda həzrəti Həmzə olmaqla onun şəhid düşmüş silahdaşlarının dəfn edildiyi yerlər idi. Bu tarixi hadisənin baş verdiyi ərazinin yanında ziyarətçilərin ticarət etməsi üçün xüsusi bazar qurulub. Məşhur Mədinə xurmasının istənilən növünü burada tapmaq mümkündür. Amma məsələ ondadır ki, bu ölkədə xurmanın bir ümumi adı yoxdur. Çünki bu dadlı və doyumlu meyvə yeni yetişəndə bir adla, bir az dəyəndə başqa bir adla, tam yetişəndə yenə fərqli adla, qurudulanda tamamilə ayrı adla, hər növü fərqli bir adla adlandırıldığı üçün ümumiləşdirici bir ad yoxdur. Görünür, bu ölkədə alma, armud, nar, gilas, üzüm və s. meyvələr olmadığı üçün ad yaradıcılığı məharətlərini elə xurmanın üstündə sınayıblar. Amma ədalət naminə deyək ki, hər halda bu gözəl meyvəyə nə qədər ad qoysanız, buna dəyər. Ümumiyyətlə, baxmayaraq ki, ərəb dili samitlər dilidir, ancaq bu dilin sözyaratma qabiliyyəti həddindən artıq yüksəkdir. Bu dili çox yaxşı bilən səfirliyimizin əməkdaşlarından biri dedi ki, ərəb dili iki milyon söz yaratmaq potensialına malik dildir. Doğrusu, buna heyrətlənməmək mümkün deyil.
Məscidi-əl-Nəbi dünyanın ən böyük və ən gözəl məscididir
Başqa bir adı ilə Peyğəmbər Məscidi kimi tanıdığımız bu məscid sözün həqiqi mənasında heyrətedici dərəcədə böyükdür. Məscid Hicrətdən sonra Peyğəmbərimizin inşa etdiyi məsciddir. Elə İslam Peyğəmbərinin və onun çox yaxın silahdaşları həzrəti Əbubəkr və həzrəti Ömərin də məzarları bu məscidin içərisində yerləşir. Bu müqəddəs məkan böyük havalandırıcı qurğular və nəhəng çətirlərlə təchiz edilib. Gigiyena və təmizlik üçün hər cür şərait yaradılıb. Burada ibadət etmək bir ayrı məmnuniyyətdir. Ətrafda ən müasir hotellər mövcuddur. Mədinə əhli olduqca qonaqpərvərdir. Sizi əliaçıqlıqla və həvəslə xurma ilə ərəb qəhvəsinə qonaq edirlər. Amma dərhal da Mədinə qəhvəsinin daha yaxşı olduğunu söyləyirlər. Biz də bildirdik ki, doğrudan da ərəb qəhvəsi çox yaxşıdır, amma Mədinə qəhvəsi bir ayrı qəhvədir.
Diplomatlarımız əsl peşəkarlardır
Səudiyyə Ərəbistanında Azərbaycanın çox da böyük olmayan səfirliyi fəaliyyət göstərir. Amma buna baxmayaraq, hamısı əsl peşəkarlardır. Diplomat olmaq olduqca çətin və şərəfli bir işdir. Bu məsləkdə sizin səhv etmək haqqınız yoxdur. Çünki bir tək səhv dövlətlərarası münasibətlərə ciddi ziyan vura bilər. Başda hörmətli cənab səfirimiz Rasim Rzayev olmaqla elə bil ki, bu səfirliyin əməkdaşları xüsusi istedadlı səxslərdən ibarətdir. Rasim müəllim uzun illərdir diplomatik fəaliyyətlə məşğuldur və ərəb ölkələrində xüsusi iş təcrübəsi var. Ona görə də səfirliyimizin bu ölkədəki işi çox yüksək səviyyədə təşkil olunub. Müasir İnformasiya texnologiyalarının imkanlarından olduqca səmərəli istifadə edilir. Səudiyyə Ərəbistanında yaşayan azsaylı Azərbaycan diasporu ilə də iş çox diqqətlə koordinasiya edilir. Oradakı bütün azərbaycanlılar səfirliyimizin əməkdaşları ilə internet resurslarında yaradılmış ortaq dostluq qrupu üzərindən əlaqə saxlayırlar. Əgər xoşagəlməz bir hadisə baş verərsə, dərhal xəbərləşmə imkanına sahibdirlər. Elə Livan mənşəli bir erməninin Riyadda Ermənistanı təbliğ etmək cəhdinin qarşısı da həmyerlilərimizin və səfirliyimizin birgə səyi nəticəsində bərtərəf edilib. Doğrusu, diplomatlarımızdan bu qədər istiqanlılıq, bu qədər diqqət və qayğı, bu qədər səmimiyyət gözləmirdik. Onların peşəkarlıqları, dövlətimizi təmsil etmə səviyyələri, vətənpərvərlik və intellektual keyfiyyətləri hər birimizdə qürur hissi yaratdı. Səfərimizin bu qədər maraqlı, bu qədər dolğun və bu qədər səmərəli təşkil olunmasında səfirliyimizin çox böyük rolu oldu. Yazımın sonunda səfirliyimizin bütün əməkdaşlarına qrupumuz adından öz səmimi minnətdarlığımı çatdırıram. Sizləri tanımaq, Azərbaycan diplomatları ilə bu qədər yaxından tanış olmaq, onların yüksək intellekt və zəhmət tələb edən fəaliyyətini izləmək maraqlı və qürurverici idi.
Yazıma burada nöqtə qoyur, bir daha bu gözəl səfəri təşkil edənlərə ürəkdən minnətdarlığımı ifadə edirəm.
 
Hikmət Babaoğlu
Bakı–Ər-Riyad–Ciddə–Bakı

“Kirpi” jurnalının baş redaktoru, tanınmış jurnslist Polad Qasımov dunyasını dəyişib.

Mərhum bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Polad Qasımov 1942-ci ildə Gədəbəy rayonunu Ataxal kəndində anadan olub, BDU-nun Jurnalistika fakültəsini bitirib.

1960-cı illərdən jurnalistika fəaliyyətinə başlayıb. “Azərbaycan pioneri”, “Komunist” qəzetində çalışıb.

1995-ci ildən “Kirpi” jurnalının baş redaktoru idi.

Əməkdar mədəniyyət İşçisi, əməkdar jurnalist və bir sira fəxri adlara layiq görülüb.

Allah rəhmət eləsin.

Beynəlxalq Telekommunikasiya İttifaqının statistikasına görə, 1995-ci ildə dünya üzrə hər yüz nəfərdən biri internet xidmətindən istifadə edirdisə, 2000-ci ildə bu rəqəm yeddiyə çatıb.

İnternetdən istifadə edənlərin sayı 2015-ci ildə 3,2 milyard təşkil edib. Bir il sonra isə dünyada təxminən 3,5 milyard nəfər internet çıxışına malik olub.

Ötən il Amerika qitəsində hər yüz nəfərdən 65-i, Müstəqil Dövlətlər Birliyi ölkələrində 66-sı, ərəb ölkələrində 41-i, Afrikada 25-i, Avropada 79-u, Asiya və Sakit Okeanı ölkələrində isə 42-si internetə çıxış imkanı əldə edib.

Proqnozlara görə, 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı 4,1 milyarda çatacaq.

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri gürcüstanlı və rusiyalı həmkarları ilə birgə “Qafqazın neotektonik xəritəsi”nin tərtibi layihəsi üzrə ilkin müzakirələr aparıblar.

Xəritədə geoloji təkamülün ən yeni dövründə – son 10-12 milyon il ərzində Qafqaz ərazisinin dərinliklərində geotektonik hərəkətlər, müasir dövrün aktiv tektonikası, seysmik aktivliyin təzahürləri və s. məlumatlar əksini tapacaq. Üç ölkənin alimləri tərəfindən hazırlanacaq xəritənin 2018-ci ildə nəşr olunması nəzərdə tutulur.

“Geoloji mühitdə mənfi təzyiq dalğalarının aşkarlanması, qeyd olunması və izlənilməsi üsullarının və texniki sisteminin işlənilməsi” proqramı çərçivəsində institutun alimləri Macarıstan Elmlər Akademiyasının Enerji Tədqiqatları Mərkəzi və Bakı Ali Neft Məktəbinin əməkdaşları ilə birgə tədqiqat işləri aparırlar.

Qeyd edək ki, ikiillik proqram Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə icra olunur.

AZƏRTAC

Mütəxəssislər belə qənaətə gəliblər ki, planetin maqnit qütblərinin dəyişməsi bəşəriyyət üçün ciddi təhlükələr yarada bilər.

Alimlər belə proseslərin cəmi bir neçə əsr ərzində təbiəti tanınmaz dərəcədə dəyişə biləcəyini bildirirlər. Tədqiqatçılar, həmçinin xəbərdarlıq edirlər ki, maqnit qütblərinin dəyişməsi planetimizdə günün uzanması ilə nəticələnəcək.

Mütəxəssislərın proqnozuna görə, min il ərzində qütblər cənuba doğru 2,5 min kilometr yerini dəyişib. Bundan başqa, arxeoloqlar bildirirlər ki, Qüds yaxınlığında üç min əvvəl kompasın göstəriciləri indiki kimi olmayıb.

Alimlər xatırladırlar ki, qütblərin dəyişməsi bu gün daha çox hiss olunur. Onlar, hətta belə dəyişikliklərin nəticələrini proqnozlaşdırmaqdan çəkinirlər.

AZƏRTAC

Martın 21-də Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı ədəbi-bədii kompozisiya gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, gecədə Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Azərbaycan Televiziyasının solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva və Fəraməz Gərmrudi çıxış edəcək. Gecədə muğam və təsniflər təqdim olunacaq.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri “Könül” ansamblı müşayiət edəcək.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən, həmçinin iticket.az saytından onlayn əldə etmək olar.

AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr edilmiş barelyefin açılışı olub.

ADNSU-dan bildiriblər ki, açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı terror hadisəsinin bəşəri bəla olduğunu və onun qarşısının alınmasının zərurililiyini vurğulayıb. Rektor terror qurbanlarının xatirəsinin heç vaxt unudulmayacağını bildirib.

Barelyefin hazırlanmasında əməyi olan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən bəhs edib.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov terror hadisəsinin ağır nəticələrindən danışıb, 30 aprel terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin təqdirəlayiq hal olduğunu vurgulayiblar.

Mərasimdə çıxış edən, 30 aprel terror qurbanlarının doğmaları və yaxınları barelyefin hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC

Bu gün ABŞ-ın Mariland ştatında Adolf Hitlerin şəxsi telefonu satışa çıxarılacaq. Alexander Historical Auctions təqdim etdiyi tarixi əşyanın 200-300 min dollara satılacağı gözlənilir. Sözü gedən telefon Siemens şirkəti təfəindən istehsal olunub. Üzərində faşizmin rəmzi kimi təqdim olunan qartal svastikası var.

Alexander House bildirib ki, bu telefon vasitəsi ilə fürer II Dünya Müharibəsi zamanı milyonlarla insanı ölümə göndərib. Əslində bu telefon texniki avadanlıqdan daha çox bütün dövürlərin ən dağıdıcı silahı kimi ortadadır.

Telefonun Hitlerin son sığınacağı olan bunkerdən götürldüyü bildirilir. Onu rus zabitləri Britaniya ordusunun briqada generalı ser Ralph Rayner-ə hədiyyə ediblər. İndi isə generalın ahıl yaşlı oğlu telefonu satmaq qərarına gəlib….

musavat.com

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli əlaqələrdən danışılıb, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sözügedən sahələrdə əməkdaşlığın ortaq köklərə mənsub xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməsi qeyd edilib və mədəni dəyərlərimizin qorunub saxlanılaraq gələcək nəsillərə ötürməsində misilsiz rol oynaması vurğulanıb. Bu baxımdan türk xalqlarının tarixi-mədəni miraslarının UNESCO-nun qeyri-maddi Mədəni İrsi siyahısına salınması sahəsində türkdilli ölkələrin birgə səyləri nəticəsində əldə edilən uğurlara toxunulub və TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Səfir Azərbaycanın cari ildə Astanada keçiriləcək “Astana Expo-2017” sərgisində ən gözəl pavilyonlardan birini yaradacağına inamını ifadə edib.

Həmçinin “Astana Expo-2017” sərgisi çərçivəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Cari ildə ölkəmizdə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı qazaxıstanlı turistlərin Azərbaycana rahat gəlmələri üçün müxtəlif turpaketlərin hazırlanacağı diqqətə çatdırılıb. Birgə turizm paketinin hazırlanması istiqamətində hər iki ölkənin turizm şirkətlərinin təşviq edilməsi üçün müvafiq qurumların əməkdaşlığa başlaması təklif edilib.

Sonra işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz turist səfərlərinin qarşısının alınması ilə bağlı müzakirələr edilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin növbəti iclasında çıxışı zamanı bu barədə məlumat verib. Alim qeyd edib ki, belə bir addımın atılmasında əsas məqsəd ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin elmə cəlb edilməsi, onların elm sahəsində fəal iştirakına şəraitin yaradılması və yaradıcılıq potensiallarının artırılması, eyni zamanda gənc alimlərin elmi fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsi və onların aradan qaldırılmasıdır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA və AR Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin oktyabr ayında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi haqqında qərar qəbul edib.

www.science.gov.az

XƏBƏR LENTİ