Çərşənbə, Mart 29, 2017
ƏSAS SƏHİFƏ

25-26 may 2017-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti və AMEA Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

1.Funksional analiz və funksiyalar nəzəriyyəsi;

2.Diferensial tənliklər və riyazi fizika;

3.Optimallaşdırma və optimal idarəetmə;

4.Riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri.

Tezislərin tərtibatına qoyulan tələblər:

1.Məruzənin adı iri hərflərlə çap olunmalıdır;

2.Müəllifin adı, soyadı, atasının adı və iş yeri göstərilməlidir;

3.Tezislərin həcmi 1-2 səhifə (A4 formatında);

4.Tezislərin mətni Times New Roman şrift pt 12 ilə hər tərəfdən 20 mm saxlanılmaqla 1,5 intervalla yığılır.

Tezislərin son qəbul tarixi 2017-ci il may ayının 15-dəkdir.

Konfransın işçi dilləri – Azərbaycan, rus, ingilis.

Tezislər sdu.riyaziyyat@gmail.com elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur:

Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti, 43-cü məhəllə, Bakı küçəsi 1. Riyaziyyat fakültəsi.

Əlaqə telefonu: (+994 18) 644 85 32

http://science.az

2016-cı il mayın 17-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli sazişin müddəalarını nəzərə almaqla EİF Birinci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.

Müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr martın 28-dən iyunun 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin 4-cü rübündə açıqlanması planlaşdırılır.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”-“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə Fondun məsləhət seminarlarının keçirilməsi də nəzərdə tutulub.

Rusiya Fundamental Tədqiqatlar Fondunun müvafiq elanı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://www.rfbr.ru/rffi/ru/contest/o_1969520

http://science.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri dünya kompüter və elektronika bazarının təhlilini aparıblar.

Təhlil nəticəsində müəyyənləşdirilib ki, 8 və 10 düym ekrana malik netbuk, noutbuk və planşetlərin 6,1 faizi saxtadır. Kontrafakt akkumulyator və batareyaların payı 5 faiz, telefonların payı 25 faiz təşkil edir.

Mütəxəssislərin fikrincə, bütün dünya üzrə istehsal olunan oyun avadanlıqlarının 25 faizi saxtadır. Bu, rabitə tipli mobil cihazlar seqmentinə – smartfon, telefon, fablet və planşetlərə də aiddir.

Araşdırmada göstərilir ki, dünya kompüter və elektronika bazarında kontrafakt məhsulların payı ümumilikdə 6,5 faiz təşkil edir. Saxta flaş-kartların, kartrider və yaddaş kartlarının göstəricisi 15 faiz, dinləyici qurğular və audio-video izləmək üçün proqramların göstəricisi 8 faiz, idarəetmə pultlarının isə 6 faiz təşkil edir.

İKT.lent.az

İtaliyanın “Eurasian Business Dispatch” analitik portalında tədqiqatçılar Domeniko Letisianın və Giorgia Piların birgə müəllifi olduqları “Yeni Bakı Limanı və Azərbaycanın ilk azad ticarət zonası” adlı məqalə verilib. Məqalədə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsində nəqliyyat sektorunun rolu, Bakı limanının tarixi, onun beynəlxalq nəqliyyat dəhlizləri üçün əhəmiyyəti barədə məlumat verilir. Həmçinin hazırda yeni Bakı limanının genişləndirilməsi istiqamətində aparılan işlər, bu xüsusda innovativ yanaşmalar, liman ərazisində və ona yaxın yerdə qurulmaqda olan azad ticarət zonası, istər Bakı limanının, istərsə də azad ticarət zonasının ölkənin və regionun iqtisadiyyatına potensial töhfələrindən bəhs edilir.

Yazı Bakı limanının strateji əhəmiyyəti və imkanları barədə İtaliyanın işgüzar və akademik dairələrini məlumatlandırmaq məqsədi daşıyır.

AZƏRTAC

Ticarət festivallarının təşkili ölkənin turizm və iqtisadi potensialının yüksəldilməsinə stimul verəcək.

Bu fikirləri Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bu sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama uyğun olaraq həyata keçiriləcək tədbirlərdən biri də Bakıda ticarət festivallarının (“shopping festival”) təşkilidir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

Departament rəhbəri qeyd edib ki, bu tədbirlərin digər əhəmiyyəti həm də vergi sisteminin təşviqi, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, rezident və qeyri-rezident vergiödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsidir.

Ə.Məmmədov əlavə edib ki, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması qaydası dövlət başçısının 2017-ci il 20 fevral tarixli fərmanı ilə təsdiq edilib. Fərmana uyğun olaraq, ƏDV-nin qaytarılması ilə ticarət festivallarının operatoru kimi Vergilər Nazirliyi məşğul olur. Nazirlik ƏDV-nin qaytarılması işlərini, eləcə də, müvafiq proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə olunmasını təmin edir.

AZƏRTAC

“NABUCCO A&C” MMC bu il aprelin 12-də Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum-2017”nin (www.caspianenergyforum.com) partnyoru olub.

Bu barədə Caspian European Club”dan (Caspian Business Club) bildirilib.

“NABUCCO A&C” MMC şirkətinin baş direktoru Kəmaləddin Mənsimov Baku Boulevard Hoteldə keçiriləcək Beynəlxalq “Caspian Energy Forum-2017”ni dəstəkləməyə hazır olduğunu və forumda iştirakını təsdiqləyib.

“Forum Azərbaycanın qeyri-neft sektoruna daha çox xarici investisiya qoyuluşuna təkan verəcək. Azərbaycan Prezidentinin qəbul etdiyi yol xəritələrinə əsasən tikinti sektorunda, həmçinin forumun üçüncü sessiyasının həsr olunacağı İKT, turizm, maliyyə sahələrində və iqtisadiyyatın qeyri-neft sektorunun digər istiqamətlərində fəaliyyətin aktivləşdirilməsi planlaşdırılır. Mən əminəm ki, forum biznes və hökumət nümayəndələri arasında əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsinin aparıcı mərhələsinə çevriləcək ki, bu da öz növbəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafına stimul verəcək”, – deyə o vurğulayıb.

“Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, tikinti bazarında özünü etibarlı partnyor kimi tanıdan “NABUCCO A&C” şirkəti uzun illərdir ki, “Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un üzvü, həmçinin CEIBC-nin biznes-forumları çərçivəsində keçirilən müzakirələrin fəal iştirakçısıdır.

“NABUCCO A&C” İsveçin “ASTRON BUILDINGS” şirkətinin Azərbaycan ərazisində rəsmi və eksklüziv İnşaatçı Partnyorudur. Şirkət tikinti sahəsində lider mövqe tutur. “NABUCCO A&C” eyni vaxtda bir neçə mühüm istiqamət – sənaye və kommersiya təyinatlı tamkomplektli polad binaların layihələndirilməsi, istehsalı, quraşdırılması və montajı üzrə uğurla fəaliyyət göstərir.

“Bizim fikrimizcə, ən vacib məqam “Caspian Energy Forum-2017”yə Azərbaycan Prezidenti, “Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu proseslərdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin qatılmasıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş foruma qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problemlərin, məsələlərin və təkliflərin müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik”, – deyə Telman Əliyev vurğulayıb.

“Caspian Energy Forum-2017”yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edəcək.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

IV Beynəlxalq “Caspian Energy Forum-2017”nin baş sponsoru “Azersun Holding”, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, “Cross Caspian Oil and Gas Logistics LLC”, “PolyMart” və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “NABUCCO A&C” MMC, SİNAM, “Nərimanfilm”, “Azpetrol Ltd” MMC, “AzMetco” ASC və “ASE EXPRESS & OCS, DSV”dir.

Forumda iştirak etmək üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçilməlidir.

AZƏRTAC

UNEC-in gənc müəllimləri Əhliman Abbasovla Təhmasib Əlizadənin elmi məqaləsi nüfuzlu dünya alimlərinin elmi nəşrlərinin cəmləşdiyi “Thomson Reuters” bazasına daxil edilib.

“Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimləri Ə.Abbasov və T.Əlizadə “Small and Medium-Sized Enterprises as an influential factor towards the Economic Growth of countries with transition economies <https://apps.webofknowledge.com/full_record.do?product=WOS&search_mode=GeneralSearch&qid=15&SID=R12Tsg39QTSXvqLJkfT&page=1&doc=2> ” (“Kiçik və Orta Müəssisələr keçid iqtisadiyyatlı ölkələrin iqtisadi artımında təsiredici faktor kimi”) elmi məqaləsini Serbiyanın Belqrad şəhərində John Naisbitt Universitetində keçirilən “XIII İqtisadi və Sosial İnkişaf” konfransında təqdim etmişdilər.

“Thomson Reuters” ali təhsil müəssisələrinin qlobal elmi bazası – “Web of Science” platformasıdır. “Web of Science”də elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələr, onların çıxardığı qərarlar toplanılır.

APA

Martın 30-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda “Bahar” adlı rəsm sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.

“Təsviri sənət həftəsi” çərçivəsində gerçəkləşəcək sərgidə 100-dək fırça ustasının müxtəlif janrlarda 120-dən çox sənət əsəri təqdim ediləcək.

Sərgi bir həftə davam edəcək.

AZƏRTAC

Nazirlər Kabineti (NK) “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edib. Nazirlər Kabinetindən verilən məlumata görə, diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, həmin qaydalara görə, dövlət büdcəsindən diplomatik nümayəndəliklərə ayrılan maliyyə vəsaitləri təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır.

SİA

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi “İT karyeranın inkişafı” və “Elektron hökümət həllərindən istifadə” mövzular üzrə seminar keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, seminarda BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov, Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov və Ali Məktəbin tələbələri iştirak ediblər.

Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə informasiya texnologiyaları sahəsi haqqında ətraflı məlumat verərək onların bu sahə üzrə karyera qurmaq imkanlarını qeyd etdi. O bildirdi ki, seminarın əsas məqsədi İT sahəsində karyerasını inkişaf etdirmək istəyən gənclərin peşə bacarıqlarına daha dərindən yiyələnməsini təmin etməkdir. “Bizim məqsədimiz İT sahəsini əhali arasında tanıtdırmaq, İT karyeranın qurulmasında tələbələrdə həvəs yaratmaqdır”, – R.Cabbarov deyib.

Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov təqdim olunan seminarın əhəmiyyətindən danışaraq bildirdi ki, müasir gənclərin İnformasiya texnologiyaları sahəsində karyera qurmaları üçün bu cür seminarlar çox vacibdir. O, qeyd edib ki, müasir dövrün əsas tələbi elektron resurslardan səmərəli istifadə və elektron hökumətin istifadəçisi olmaqdır.

Daha sonra Elvin Cəfərov “Elektron Hökumət” haqqında ümumi məlumat verərək qeyd edib ki, bu program müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərinin göstərilməsinə şərait yaradır.

Seminar sual-cavab sessiyası və müzakirələrlə yekunlaşıb.

Trend

Dünya şöhrətli pianoçu Adilə Əliyevanın İsveçrədə iki kompakt-diski hazırlanıb. Bu haqda Fransanın “Le Dauphiné libéré” jurnalında məlumat verilib.
CD-lərdən biri  İsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, digəri isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunub. Bu CD-lərdə görkəmli İsveçrə (Frank Martin, Jan Daetviler, Liszt və Mendelson) və Azərbaycan (Vaqif Mustafazadə, Tofiq Quliyev, Oqtay Rəcəbov və s.) bəstəkarları tərəfindən yazılmış əsərlərin yenidən işlənmiş variantları yer alır.
Qeyd edək ki, Adilə Əliyeva hazırda Fransanın Annamesse şəhərində yaşayır. O, bir müddət İsveçrədə də yaşayıb. Həmin dövr ərzində bir çox konsertlərdə ifa edib və Frank Martin kimi helvetik bəstəkarların əsərlərinin səsyazmasında iştirak edib. Həmvətənimiz 50-dən çox ölkədə, hətta Vatikanda konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.
Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına Fransada iki ildən bir pianoçuların müsabiqəsi keçirilir. Növbəti müsabiqə isə bu il mayın 15-dən 18-dək Fransada və İsveçrədə keçiriləcək.
qhtxeber.az

Bu günlərdə Azərbaycan yazıçısı Varis Yolçuyev Yazıçıların Nyu-York Beynəlxalq Konfransında iştirak etməsi və 58 akademik saat seminarı uğurlu tamamlaması münasibətilə “Promotion of Creative Writing in the USA” (Kreativ yazıçıların ABŞ-da təbliği) layihəsi çərçivəsində fərqlənmə sertifikatı ilə təltif olunub.

Konfransda yazıçılar Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor Matyu Kuin Martin kimi tanınmış ədəbiyyat mütəxəssislərinin “Tarixi roman üçün tədqiqat”, “Dinamik xarakterlərin yaradılması”, “Uğurlu müəllif olmağın sirləri”, “Dram janrı müasir dönəmdə” kimi seminarlarının, “Müəlliflər üçün marketinq strategiyası”, “Dövrün nəbzini necə tutmalı” kimi təlimlərin dinləyiciləri olublar.

Konfransda ABŞ naşirləri, ədəbi agentləri və redaktorları üçün təşkil edilən uğur qazanacağı ehtimalı yüksək əsərlərin pitçinq (sinopsis təqdimatı) mərasimi xüsusi maraq doğurub. Mərasimdə həmyerlimizin “Yetmiş yeddinci gün” romanı da təqdim edilib və böyük rəğbətlə qarşılanıb.

“Hər səhər günəş doğarkən üfüqün qırmızı rənginə tamaşa etsən, yetmiş yeddinci gün ömrünə əbədi günəş doğacaq” kimi ilk baxışda mistik bir mesajla xoş gün axtarışında olan insanları ümidləndirməyə ruhdan düşməyərək, əllərini arzularından üzməməyə çağıran bu sayaq romanlara xüsusən indi, dünyanın rənglərinin qaralmağa meylləndiyi bir zamanda daha çox ehtiyac duyulduğu şəksizdir.

Qeyd edək ki, rəsmən “Writer`s Digest Annual Conferense” adlanan Yazıçıların Beynəlxalq Konfransı 2016-cı ilin axırlarında Nyu-Yorkda keçirilib.

AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir. İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, layihə çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş şəkildə maarifləndirməkdən ibarətdir.

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilir, araşdırmalar aparılır. Bundan başqa, məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Pirallahı Günəş Enerjisi Stansiyası, Qobustandakı Dünyada ilk Günəş, Külək, Bioqaz, Hibrid elektrik stansiyasına ekskursiyaları da təşkil edilib.

Qeyd edək ki, mart ayının sonunda mövzuya uyğun olaraq “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyası üzrə qalib məktəb seçiləcək.

SİA

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 10 mart tarixli əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən il ərzində “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-praktik konfrans, Akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, alimin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında “Akademik Həsən Əliyev adına aqromeşə massivi”nin salınması da nəzərdə tutulur.

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 2017-ci il 07 fevral tarixində Sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub. Görəkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.

Trend

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin (BİRA) təsis etdiyi, ölkənin 10-dan çox böyük QHT-nin üzvü olduğu “İrəvan-2018” Hərəkatı Ermənistanın silahlı təcavüzü nəticəsində işğal edilmiş, Azərbaycanın tərkib hissəsi olan Qarabağın əsas şəhərlərindən biri olan Şuşada yerləşən tarixi Azərbaycan abidəsi olan Gövhərağa məscidində aparılan “qazıntı” işləri ilə bağlı UNESCO-ya və İslam Əməkdaşlıq Təşkilatına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və əzəli-əbədi Azərbaycan torpağı olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi nəticəsində on illərdir ki, bölgədə hər an alovlana biləcək müharibə ocağı qalmaqdadır. Dağlıq Qarabağ və ətraf rayonlar bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində Azərbaycan Respublikasına və onun vətəndaşlarına külli miqdarda ziyan dəyib.
Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi və dini abidələrimizi məhv ediblər.
İndi də ermənilər Azərbaycanın işğal altında olan Şuşa şəhərinin Yuxarı Gövhərağa məscidində qazıntı işləri aparırlar. Qeyd edək ki, “təmir işləri” “Şərq tarixi irsinin dirçəlişi fondu”nun maliyyə vəsaiti hesabına aparılır. Üstəlik, erməni KİV-lərinin yaydığı məlumatda, bilərəkdən Yuxarı Gövhərağa məscidi fars məscidi kimi təqdim olunur. Halbuki Azərbaycanımızın dilbər guşəsi olan Şuşada yerləşən Gövhərağa  məscidi özünün milli – memarlıq özəlliklərinin möhtəşəmliyi  ilə seçilir. O, 1883-cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış bu dini memarlıq abidəsi  Şuşanın Cümə məscidi hesab olunur. Məscidin kvadrat formalı olan ibadət salonuna şimal tərəfdən üçtağlı eyvan birləşdirilməklə Cümə məscidinə düzbucaqlı forması verilib. Əsas fasadın kompozisiyasını tərəflərdən iki minarə və yüksələn dərin eyvan təşkil edir. Məscid daşdan, minarələr kərpicdən inşa olunub. Minarələrin silindrik gövdəsi üfüqi kəmərlərlə bölünüb və hər biri də rəngarəng kərpic düzümü ilə bəzədilib.
Azərbaycan xalqının mədəni iris, bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, konkret olaraq Yuxarı Gövhərağa məscidində qazıntı işlərinin aparılması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Sizi ermənilərin bu addımını pisləməyə və Şuşanın Yuxarı Gövhərağa məscidi kimi qədim tarixi memarlıq abidəsində aparılan qazıntı işlərinin dayandırılması yönündə səsimizə səs verməyə çağırırıq!”.

XƏBƏR LENTİ