Cümə, Fevral 24, 2017
CƏMİYYƏT

Fevralın 23-dən etibarən IDEA İctimai Birliyi tullantıların idarə olunması proqramı çərçivəsində Azərbaycan Təhsil Nazirliyi və “Azersun” şirkəti ilə birgə kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verir.

IDEA-dan verilən məlumata görə, layihə çərçivəsində ali təhsil müəssisələrində kağız və plastik tullantılar üçün xüsusi çeşidləmə qutularının yerləşdirilməsi nəzərdə tutulub. Layihənin pilot fazası olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə ümumilikdə 200 ədəd konteyner təhvil verilib.

Layihənin məqsədi tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirməni gücləndirmək, təkrar emalı təşviq etmək yolu ilə ağacların və təbii sərvətlərin qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verməkdir. Sözügedən layihə çərçivəsində yerləşdirilən konteynerlərdə kağız və plastik tullantıların çeşidlənərək toplanması və təkrar emalı ali təhsil müəssisələrində təhsil alan tələbələrdə ekoloji məsuliyyət hissinin tərbiyə etdirilməsi, kağız israfının azaldılması, eləcə də ümumiyyətlə ətraf mühitin və təbii sərvətlərimizin mühafizəsi baxımından mühüm töhfə verəcək.

Məlum olduğu kimi, təbii resursların qənaətlə və səmərəli istifadəsi üçün tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyi hələ 2014-cü ilin fevral ayından etibarən kağız tullantıların qəbulu və təkraremalı ilə bağlı “Hər kağızı bir yarpağa dəyişək” layihəsini həyata keçirib. Layihə çərçivəsində bu günə qədər 600 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib.

Qeyd edək ki, layihə çərçivəsində kağız və plastik tullantılar üçün xüsusi qutuların mərhələli şəkildə bütün ali və orta təhsil müəssisələrində yerləşdirilməsi planlaşdırılıb. Layihə tərəfdaşları bütün tələbə və şagirdlərdən yaşıl qutuların kağız tullantılar, mavi qutuların isə plastik tullantılar üçün qoyulduğunu nəzərə alaraq, təhsil aldıqları müəssisədə tullantıları qutulara atarkən diqqətli olmağa və düzgün çeşidləməyə dəvət edir.

IDEA İctimai Birliyi hər kəsi, xüsusilə də gəncləri tullantıların idarə edilməsi işinə dəstək olmağa, onların çeşidlənməsi və azaldılmasına öz töhfələrini verməyə çağırır.

Trend

Instagram sosial şəbəkə yeniliyə imza atıb.

Trend-in TASS-a istinadən veridiy məlumata görə, sosial şəbəkədə eyni zamanda 10-dək foto və video yükləmək mümkün olacaq.

Yeni funksiya növbəti həftələrdə istifadəyə veriləcək.

Fevralın 18-də Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı və təşəbüsü, Azərbaycanın Gürcüstan səfirliynin və Azerbaycan Respublikası Gəncliyə Yardım Fondunun da dəstəyi ilə “Xocalı soyqırımı” ilə bağlı tədbir təşkil olunub.

Tədbirin aparıcısı Hacı Bəkiroğlu tədbir haqqında məlumat verdikdən sonra Xocalıda qətlə yetirilənlər 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev qonaqları salamladıqdan sonra əsas iki mövzuya diqqət çəkib. O, öz çıxışında bəzi vətəndaşlarımızın “bu cür tədbirlər bizi niyə maraqlandırsın, bizlər ki, Gürcüstan vətəndaşıyıq” deyənlərə cavab verərək Gürcüstan vətəndaşı olsaq da bir azərbaycanlı milliyətinə sahibik və bu faciə Türk millətinə edilmiş bir cinayətdir” deyə vurğulayıb.

Çıxış üçün söz alan Qardabani rayon icra başçısının müavinini Dünyamalı Hacıyev isə əsrin faciəsi olan Xocalı qətliamının dünya səviyyəsində lazımi hüquq dəyərini almasının gərəkliliyinin və günahkarların cəzalandırılmasının lazım olduğunu vurğulayıb.

Faciə ilə bağlı geniş məlumat verən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Elçin Məmmədov Gürcüstanda belə tədbirlərin təşkil olunmasından böyük məmnuniyyət hissi duyduqlarını dilə gətirib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusibov isə düşmənə qarşı birlik olmağın vacibliyini vurğulayıb.

Gürcüstan Müsəlmanları İdarəsinin Müftisi hacı Yasin Əliyev isə öz çıxışında şəhidlərə Allahdan rəhmət diləyib və onlar üçün dua edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Şöbəsinin sədri Nərgiz Əliyeva isə bu cür tədbirlərin təşkilatlar arasında əməkdaşlı olaraq təşkil olunmasının vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasından dəvət olunmuş Türk İslam Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Dr. Telman Nüsrətoğlu mövzuya daha geniş bir çərçivədən yanaşaraq əslində ermənilərin tarix boyu sürmüş olan Türk düşmənliyini gözlər önünə sərgiləyib və mövzuya tarixi nöqteyi nəzərdən yanaşıb.

Onu da qeyd edək ki, tədbirdə dövlət nümayəndələri, Qeyri hökumət təşkilatlarının nümayəndələri, müəllimlər və tələbələr də iştirak ediblər.

Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, rəsmi statistik məlumatlara görə, ölkəmizdə 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

U.Həşimova qeyd edib ki, Azərbaycanın bir sıra regionlarında yüksək uzunömürlülük indeksi qeydə alınır. İlkin rəqəmlərə görə, yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır.

Onun sözlərinə görə, ənənəvi olaraq, ölkəmizin cənub-şərqindəki Talış dağları ərazisi uzunömürlülük zonası hesab edilir. Bu institutun laboratoriyasının dəlilləri ilə də təsdiqlənib.

İnstitut direktoru əlavə edib ki, uzunömürlülüyün yüksək indeksi Naxçıvan Muxtar Respublikası, Qazax və Şamaxı zonalarında da qeyd olunur:

“Lakin bunlar dəqiqləşdirilməmiş, başqa sözlə verifikasiya edilməmiş məlumatlardır və bəzi hallarda təsdiqlənməyə də bilər. Məsələn, Naxçıvan da uzunömürlülük baxımından perspektivli sayılır. Belə ki, rəsmi statistikaya əsasən, burada 50-dən çox şəxs 100 yaş həddini keçib. Lakin bu məlumatlar da dəqiqləşdirilməlidir, çünki yaşın verifikasiyası zamanı ilkin göstəricilər dəyişir. Bu, çox vaxt onunla əlaqədar olur ki, 85 yaşdan yuxarı adamlarda öz yaşını “artırmaq” tendensiyası müşahidə edilir”.

Trend

Prezident İlham Əliyev Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması məqsədilə Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Ağdam Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Trend.az

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Sərəncama əsasən Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinə və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.

Qeyd edək ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 5-6-da keçiriləcək.

Trend

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib.
Kitabın əsas bölümündə Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırım zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib.
Bundan başqa, kitabda həmin günlərdə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunan yazılar və xarici jurnalistlərin faciə haqqında fikirləri də yer alıb.
Kitabda, həmçinin Heydər Əliyev Fondunun və “Xocalıya ədalət” kampaniyasının Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə bağlı fəaliyyəti, bununla bağlı dünyanın bir sıra ölkələrində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidələr haqqında da məlumat verilib.
2000 nüsxə tirajla buraxılan kitab Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ölkədə və xaricdə müntəzəm olaraq təşkil edilən beynəlxalq tədbirlərdə, həmçinin ölkədə səfərdə olan xarici ölkələrdən olan nümayəndə heyətləri ilə keçirilən görüşlər zamanı paylanılacaq.
azvision.az

“Hörmətli cənab Prezident mənə göstərdiyiniz yüksək etimada görə, sizə dərin minnətdarlığımı bildirirəm.
Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, sizin, cənab prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Mehriban Əliyeva bildirib: “Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur. Keçmiş illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradəylə, cəsarətlə qorumağınız, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanların fəaliyyətini istiqamətləndirən bir nümunədir”.

azvision.az

Bu gün Beynəlxalq Ana Dili Günüdür.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.

Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi və tanınmış televiziya aparıcısı Güllü Yoloğludur. Etnoqraf alim uzun müddətdir ki, həm elm, həm də televiziya sahəsində Azərbaycanın folklor və etnoqrafik dəyərlərini təbliğ edir, bizə səhv olaraq sırınan bəzi adətlərdən danışır. Elə bu gün də ondan danışdıq:

– Güllü xanım, bu gün Azərbaycan etnoqrafiyası istiqamətində aparılan araşdırmaları necə dəyərləndirərdiniz?

-Azərbaycan xalqının etnik tərkibinin öyrənilməsinin, etnoqrafik materialların sistemli şəkildə toplanmasının başlanğıcı əsasən, XIX əsrə aiddir. Uzun illər V.N.Qriqoryev, O.S.Yevetski, P.P.Zubov, A.Q.Yanovtsev, İ.L.Serebryakov, A.A.Bakıxanov, M.M.Səfiyev, P.F.Riss, D.İ.Zubarev, A.D.Yeritsov, P.S.Varav, M.Q.Əfəndiyev, A.Qiyasbəyov, V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşaninov, Ə.Ələkbərov, Q.T.Qaraqaşlı, M.V.Quliyeva, R.Babayeva, T.Ə.Bünyadov, Ş.Quliyev, Q.Qeybullayev, Ə.İzmaylova, H.Həvilov, A.Abbasov, K.Əliyev, Ə.Dadaşov, E.Kərimov, N.Quliyeva, B.Abdulla, A.Paşayev, Q.Cavadov, Q.Rəcəbov, X.Xəlilov, bəndəniz və başqaları Azərbaycan əhalisinin təsərrüfat məişəti, maddi və mənəvi mədəniyyəti, ailə-nikah münasibətlərinin inkişafı, etnik tərkibi və s. bağlı tədqiqatlar aparmış və bu tədqiqatlar bu gün də aparılır. Bu sahədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rolu da danılmazdır. Burada maraqlı məsələlərdən biri də odur ki, tək etnoqraflar deyil, eləcə də folklorşünas alimlər Azərbaycan xalqının etnoqrafik materiallarının öyrənilməsinə az-çox öz töhfələrini veriblər. Çünki etnoqrafiya və folklor bir-biri ilə sıx bağlıdır. Xüsusilə, mərasim və ayinlərdə onları bir-birindən ayırmaq düzgün deyil. Məhz buna görə də folklor mənəvi mədəniyyət adı ilə etnoqrafiyanın bir parçası kimi də öyrənilir… Təbii ki, ideologiyaya uyğun olaraq dəyişikliklər də az olmayıb.

– Folklor və etnoqrafiyamıza aid bəzi faktlar, mənbələr sovet dövründə təhrif olunubmu? Əgər olubunsa, bu təhriflər Azərbaycançılıq məfkurəsinə nə dərəcədə zərbə vurub?

-Artıq SSRİ dağılıb, quruluş ləğv olunub, lakin elm sahəsində bir çoxları onun
qoyduğu istər ideoloji, istər siyasi qaydaları hələ də qısqanclıqla qoruyub saxlayırlar.
Məsələn, sovet dövrü “xalqlar dostluğu” adı altında ayrı-ayrı etnik kökə, dinə mənsub xalqlar süni yolla bir-birinə calaq edilərək vahid sovet xalqı yaratmaq qarşıya məqsəd kimi qoyulsa da, xalqlara öz dilində yazıb-oxuma haqqının verilməsi bu arzunu utopik bir şey kimi arxivdə gizlətdi. Lakin bəzi tarixçilərimiz özləri də bilmədən ortaya elə “faktlar” qoydular ki, bu gün ermənilər və Azərbaycana ərazi iddiası ilə çıxış edənlər həmin müəllifləri əllərində bayraq ediblər… Və yaxud, yuxarıdan sifarişlə hansısa folklor nümunələrinə, etnoqrafik materiallara əl gəzdirilib. Həmin materiallar dərsliklərə salınıb, radio, TV vasitəsi ilə xalqın beyninə yeridilib. Biz indi bu yanlışlıqları aradan qaldıra bilmirik. Çünki bu yalanlar üzərində bütöv bir nəsil yetişib.

-Mövsüm mərasimləri ilə bağlı folklor mətnlərimizin məzmununun dəyişdirilməsi barəsində nə deyə bilərsiniz?

-Elə o dediyim ideologiyaya uyğun dəyişikliklər mövsüm mərasimlərinə də aiddir. Təbii ki, bunların hamısının pis olduğunu demək də yanlış olardı. Bilirik ki, sovet dövrü həm də ateizm siyasəti ilə yadda qalıb. Bu gün din adına qonşu və uzaq ölkələrdə baş verənlərin bir çoxunu görəndə bəzi məsələləri başa düşmək olar. Lakin insanı mənəvi yoxsulluğa sürükləyən siyasət heç də yaxşı nəticə vermədi. Çünki “sovetlər dağıldıqdan, kommunizm ideyası aradan qalxdıqdan sonra insanların mənəviyyatında bir boşluq yarandı və yad ünsürlər ölkəmizə ayaq açdı” deyəcəkdim, amma bu günkü Türkiyədəki durumu təhlil edəndən sonra fikrimdən vaz keçirəm. Çünki onlar sovetin buxovunda olmayıblar, lakin bu gün dindəki aşınmalar orada da meydan sulayır. Təriqətlər tarix boyu bir-biri ilə rəqabət aparıb. Hələ mən məzhəb məsələsini demirəm. Hər birinin öz xətti, məqsədi, iddiası olan 100-dən çox təriqətin varlığı o bir Allaha, vahid dinə yox, müxtəlif vəqflərə, şeyxlərə xidmət deməkdir… Allah birdir, ona gedən yol da bir olmalıdır… Parçalanmalar və rəqabət uçuruma aparır. Uzun əsrlər bunun şahidi olmuşuq. Təkcə səfəviyyə ilə bakuviyyənin misalında fəlakətin ölçüsünü görmək mümkündür…
Lakin bu gün folklorumuza, etnoqrafiyamızda ciddi dəyişiklər və bunun da sayəsində yanlış təhlillərə yol açan məqamlar da çoxdur.

-Novruz adətləri və çərşənbələrin sıralanmasında da xeyli yanlışlıqlar var. Mümkünsə, azacıq bu barədə də danışaq…

-Əzəldən xalqımız yalnız ilin, ayın, yəni Boz ayın Axır çərşənbəsini böyük şadyanalıqla keçirib. Digər çərşənbələrin hər birinin öz funksiyası var. Əslində 7 çərşənbə nəzərdə tutulardı. Onun üçü oğru çərşənbə adı ilə Kiçik çilləyə düşərdi. Üçü isə doğru çərşənbə adı ilə Boz aya düşərdi. Kiçik çillə çıxan kimi gələn birinci çərşənbə Yalançı çərşənbə sayılardı və onu keçirməzdilər. Bu il Yalançı çərşənbə fevralın 21-ə düşür. 21-də hələ havalar soyuqdur. Belə havada hansı ağıllı, həm də rayonlarımızda bir-birini suya basar? Çox yerdə heç qar-buz əriməyib. Keçmişdə qış daha sərt keçərdi. Övliya Çələbi yazırdı ki, Ərzurumda bir kədi (pişik) bir damın üstündən o biri dama tullananda havada donarmış… Söhbət inkişaf etmiş böyük şəhərlərdən getmir…
Artıq ikinci Xəbərçi (muştuluqçu, cıdırçı, müjdəçi və s.) çərşənbədə yazın gəlişi özünü bildirərdi. Hava isinməyə başlayardı… Bu çərşənbədə qışdan çıxan insanlar ev-eşiyi çölə tökər, qarla xalça-palazı təmizləyər, kişilər əkin yerlərinə baş çəkər, dolmuş arxları, həyət-bacanı, tövlələri, axırları, hinləri təmizləyərdilər. Artıq, köhnə, çır-çırpını da yandırar, külünü əkin yerlərinə, ağacların dibinə tökərdilər. Ona görə bəzən buna Küllü çərşənbə də deyirlər.

Üçüncü çərşənbə Ölü çərşənbəsidir. Buna Qara çərşənbə də deyirlər. Amma bu çərşənbəni İslamdakı Qara bayramla bağlamayaq. Qara bayramın vaxtı dəyişir, amma Qara çərşənbə hər il Axır çərşənbədən əvvəlki çərşənbədə qeyd edilir. Məqsəd nədir? Həmin gün sübh tezdən kişilər uzaqda, təpəlikdə yerləşən məzarlıqların yollarını təmizləyir, qadınlar xonçalarla ora gedir, qəbirləri təmizləyir, kimsəsizləri də ziyarət edir, xonçaları orda qoyub qayıdırlar. Kasıb ailələrin uşaqları o xonçalardakıları götürüb evlərinə aparır və bir həftə sonrakı Axır çərşənbə süfrələrinə qoyurlar… Ağsaqqallar, ağbirçəklər bu bir ildə dünyasını dəyişənlərin ailələrini yasdan çıxardırlar ki, onlar da Axır çərşənbəni şadyanalıqla qeyd etsinlər. Həmin gün evdə ruhların adına qazan asılır, qapı, pəncərə aralı qoyulur, şam və ya ocaq qalanırdı ki, qaranlıqda ruhlar yollarını azmadan gəlib o paydan nəsiblərini alsınlar…

Dördüncü çərşənbənin adı üstündədir: Axır çərşənbə. Hamı elliklə bu çərşənbəni keçirir, ertəsi gün su üstünə gedir, ayinlərini icra edirlər. Budur dədələrimizin, nənələrimizin çərşənbələri.
İndi mən də sizə və eyni zamanda dörd ünsür, dörd çərşənbə deyib hamısında tonqal qalayıb, şənlənənlərə sual verim: Ağır qışdan çıxmış, bütün odun, oduncağını, əlindəki taxta tabağını yandırmış, azuqəsi bitmiş, taxça-boxçası boşalmış, yaz iş-gücünə başı qarışmış xalqın o qədər odunu, yemək-içməyi, boş vaxtı haradan idi ki, dörd çərşənbənin dördündə də kef eləsin, tonqal qalasın, şəkərburalı, paxlavalı, plovlu süfrə açsın, çıqqıdı-çıqqıdı etsin? Niyə çərşənbə deyirik? Axı Çərşənbə həftənin III günüdür. Əslində isə biz çərşənbə axşamından danışırıq… Təbii ki, bunların da öz cavabı var…

-Çərşənbə sıralanmalarının yanlış təqdim edilməsində məqsəd nə idi?

-Xocalı faciəsi Boz ayın ilk çərşənbəsi – Yalançı çərşənbə günü baş verib… Qarışıq dövr idi. Bilənlər bilir, biz, yəni, xalq Bakıda Xocalı faciəsi haqqında bir həftə, on gün sonra xəbər tutduq. Çünki yuxarıdan göstərişlə camaatın başını çərşənbələrlə qatdılar. Hər çərşənbə axşamı Fuad Qasımzadə efirə çıxıb “bu gün filan çərşənbədir. Onu belə qeyd etmək lazımdır…” deyib insanların diqqətini başqa istiqamətə yönəldirdi. Hakimiyyətdə böhran yaranan kimi hind filmləri ilə camaatın başını qatan kimi… Və sifarişi yerinə yetirən də rəsmi KİV-lər idi. Elmi məsləhətçi isə əsasən folklorşünas A.Nəbiyev olardı. Yəni, o da tək deyildi… Beləcə, 1992-ci ildə onun bir il əvvəl nəşr etdirdiyi gözəl mənbə olan “Novruz bayramı” kitabına tamamilə zidd olan “İlaxır çərşənbələr” kitabçası çap olundu və özünün də yazdığı kimi “bu ilk təcrübə” bəzi həmkarları tərəfindən çox tezliklə də yayıldı… Çünki yuxarının göstərişi vardı…

-Bu gün bu problemin aradan qalxmasına nə üçün maraqlı deyilik?

– Artıq böyük bir nəsil bu yalanla böyüyüb. Üstəlik, hələ də bu cəfəngiyyatı yayanlar, onun üstündə fəlsəfi fikirlər irəli sürənlər var. Amma bu dörd ünsür, dörd çərşənbənin xalqımıza bir çox yöndən ziyanı var. Ən əsası hər kəsin evində televizor var. Amma hamının iqtisadi durumu keçmişdəki və hər zamankı kimi eyni deyil. Dolanışığından şikayət edənlər də var, günahı başqalarında görənlər də. Heç vaxt heç kəs düşünməsin ki, hamının bərabər yaşadığı cəmiyyət qurmaq mümkündür. “Sən ağa, mən ağa, inəyimizi kim sağa”… Belə bir vaxtda televiziyalarda hər çərşənbə kimlərinsə bol süfrələri, dolu zənbilləri, çal-çağırları göstərilir. İmkanı fərqli ailələrdə bu görüntülər qıcıq yaradır. Çünki hər bir valideyn övladının qarşısında özünü gücsüz, imkansız, bacarıqsız hiss edəndə, içində olan kin, nifrət, etiraz səsi, üsyan daha da artır. Bu da sosial narazılığa gətirib çıxardır. Düşünürəm ki, əvvəllər olduğu kimi, yalnız Axır çərşənbə keçirilməlidir. Belə olduqda imkansızlara əl tutmaq da asan olar.

Dörd çərşənbə, dörd ünsür məsələsi heç bir türk xalqında, elə farsların özündə də yoxdur. Əgər dünyanın heç bir yerində bu yoxdursa, qondarma məsələ bizi dünyadan, eləcə də türk dünyasından ayırmağa xidmət edir…

Boz ayın bütün çərşənbələrini yemək-içmək, çal-çağırla keçirmək istəyənlər də bütün ay boyu nə alacağını, nə bişirəcəyini, kimi çağıracağını, hansı restoranı, hansı müğənnini sifariş verəcəyini düşünməklə vaxtını keçirir… Təbii ki, çal-çağırdan pul qazananlara, bazarlara, marketlərə, savadsız, lakin özünü çox bilən kimi göstərən “jurnalistlər”ə bu sərf edir. Hətta bəzi kanallar rayonlara gedib orda səhnəciklər qurub yanlış adları xalqın adından qələmə verməyə çalışırlar. Xüsusilə də Qazaxda qurulan tamaşalar gülməlidir. Çünki orda insanlar hələ də Ölü çərşənbəsində məzarlıqlara axışır…
Seçim xalqındır. Dədə-babadan Axır çərşənbə Novruzun özündən yaxşı keçirilib. Əsas səbəb də ilin ağır və Axır çərşənbəsindən xoşluqla ayrılmaqdır…

 

moderator.az

Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında Böyükağa Mirzəzadənin adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə – Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası”dır söyləyiblər.

Bu gün görkəmli fırça ustasının ad günüdür. Milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırıb.

Böyükağa Mirzəzadə 96 il bundan əvvəl fevralın 21-də Bakının Fatmayı qəsəbəsində dünyaya göz açıb. O, sənətə təsadüf nəticəsində gəlib. Atası onun həkim olmasını arzulayırmış. Gələcək rəssamın yoldaşları – sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar rəssam təhsilini yarımçıq qoyur və Bakıya qayıdır.

Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. O, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi, 1966-cı ildə Üzeyir Hacıbəylı adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq Rəssamı fəxri adına layiq görülüb. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Rəssamın yaradıcılığı həm çoxşaxəli və həm də məhsuldar olub. Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr – dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olmaq olar.

Rəssam süjetli tabloların gözəl nümunələrini yaradıb. Bunlardan “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərlərini qeyd etmək olar.

Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutub, onun bu sahədəki fəaliyyəti diqqət xüsusilə cəlb edib. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkilmiş portretləri olduqca məzmunludur. Bu yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə, rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu seriyadan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb. Rəssamın çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək onları mahiranə rəng çalarları ilə yaratdığını görmək olar.

Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub.

Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərləri özünəməxsusluğu ilə seçilir. Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin.

B.Mirzəzadə həm də İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat verib.

Böyükağa Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyətlə də göstərib. Uzunmüddətli pedaqoji fəaliyyəti ilə neçə-neçə gənc istedadlı rəssam kadrların yetişməsinə və təsviri sənətimizin zənginləşməsinə əməyi olub. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır.

B.Mirzəzadənin yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim dəyərləndirilmişdir. Rəssam 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

B.Mirzəzadə 2007-ci il noyabrın 3-də, 86 yaşında vəfat edib.

“Xalq Bank”ın həyata keçirdiyi “Xalq əmanəti” layihəsi çərçivəsində ilk işıq üzü görən nəşr məhz Xalq Rəssamı Böyükağa Mirzəzadənin rəngkarlıq və qrafika işlərindən ibarət albom-kitabdır.

Onun əsərləri bu gün öz müəllifini yaşatmaqla yanaşı, həm də Azərbaycan təsviri sənətinin nəyə qadir olduğunu bir daha sübut edir.

Azərtac

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov beynəlxalq multikulturalizm məktəbləri layihəsinin məqsədi haqqında söz açıb: “Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə şərait yaratmaqdır. IV Beynəlxalq Multikulturalizm qış məktəbi 13-20 fevral 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında keçirilib. Qış məktəbi Bakı, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərib və burada Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərinin tələbələri iştirak edib. Ümid edirəm ki, bu layihənin iştirakçıları ilə dostluq və əməkdaşlığımız gələcəkdə də davam edəcək”.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib: ” Bir həftə tez bir zaman kəsiyində başa çatdı. Bizim üçün çox xoşdur ki, azərbaycanlı gənclərlə xarici ölkə universitetlərinin tələbələri bir araya gəldilər, dost oldular. Dövlət müşaviri Kamal Abdullayev qış məktəbi iştirakçıları ilə görüşdə cənab Prezident İlham Əliyevin belə bir fikrini səsləndirdi: “Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməlidir”. Biz sevinirik ki, cənab Prezidentin bu hədəfini gerçəkləşdirə bilmişik və Azərbaycana olan marağın, dostluğun sevgiyə çevrilməsi istiqamətində hər iki təşkilatçı qurum səylərini əsirgəməyib. Qış məkətbinin həyata keçirilməsində əməyi olan hər bir kəsə təşəkkür edirəm. Bu gün biz sizinlə və siz də Azərbaycanla vidalaşırsınız. Amma inanırıq ki, bu vidalaşma müvəqqətidir. Biz sizə “hələlik” deyirik və sizi yenidən Azərbaycanda görmək arzusundayıq”.

IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçısı, “Azərbaycanın Gənc Dostları Klubu ” İctimai Birliyinin həmsədri, litvalı tələbə Salomeya Lukaite artıq ikinci dəfədir bu layihədə iştirak etdiyini və buradan əxz etdiyi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib: “Azərbaycan mənim üçün doğma ölkədir. Dostlarıma, həmkarlarıma bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında danışmaqdan yorulmuram. Çünki hazırda dünyada etnik və dini dözümsüzlüyün get-gedə artdığı, Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda Azərbaycanda multikulutralizmin dövlət siyasətinin aparıcı xətti və Azərbaycan xalqının çoxəsrlik həyat tərzi olması alqışlanası haldır. Bildiyimə görə, Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsində İlham Əliyevin güclü siyasi iradəsi əsas rol oynayır. Məhz buna görə də ilk növbədə Azərbaycanın Prezidentinə, eyni zamanda təşkilatçı qurumlara beynəlxalq mulitkulturalizm məktəbi layihəsində iştirakımızı təmin etdiklərinə görə minnətdarlığımızı bildiririk.

2016-cı ilin yayında fəaliyyətə başlayan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə xeyli sayda xarici ölkələrin gəncləri üzv olmaq üçün müraciət edirlər. Klub artıq Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplar şəklində fəaliyyətini davam etdirir. Azərbaycanın Dövlət müşaviri Kamal Abdullayevin bizimlə görüşündə qeyd etdiyi kimi, indi Azərbaycanın həqiqətlərini dünyada onun dostları müdafiə edir”.
Sonda qış məktəbinin iştirakçılarına sertifikatlar və Bilik Fondunun hədiyyələri təqdim edilib.
Bağlanış mərasimi bədii-musiqili proqramla yekunlaşıb.

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə “Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan verilən məlumata görə, Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova dəyirmi masanın fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası mövzusuna həsr edildiyini diqqətə çatdıraraq, belə əhəmiyyətli mövzunun müzakirəsinə qatılan hər kəsə təşəkkürünü bildirib. İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən olduğunu qeyd edən prorektor bu mövzu ətrafında universitetdə silsilə tədbirlər keçirildiyini sözlərinə əlavə edib. O, ADU-nun beynəlxalq əlaqələr üzrəprorektorluğu tərəfindən hazırlanan “Çərçivədən kənar” jurnalı haqqında danışaraq, onun cəmiyyətin inkişafına yönələn ideyalar ətrafında birləşdiyini və əsasən gənclər tərəfindən tərtib edildiyini nəzərə çatdırıb.

Dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən Norveç səfirinin köməkçisi Kerstin Vahlberq inklüziv təhsilin mahiyyətindən, onun Norveçdə necə həyata keçirilməsindən, sağlamlığını itirən insanlar üçün yaradılan imkanlardan bəhs edib. Norveçdə fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması haqqında danışan səfir köməkçisi ölkəsində fiziki məhdudiyyətli insanlarla bağlı qanun olduğunu da bildirib.

AzərbaycanRespublikasının Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanov, İqtisad Universitetinin inklüziv təhsil üzrə koordinatoru Sevinc Məsimova, Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova “İnklüziv təhsilin fəlsəfəsi”, “İnklüziv tədbirin təşəkkülü”, “İnklüziv təhsil ilə əlaqədar problemlər”, “Salamanka Bəyannaməsinin rəhbər prinsipləri”, “Keyfiyyətli inklüziv təhsili mümkün edən amillər”, “Ali təhsil müəssisələrində təhsil alan əlilliyi olan tələbələrin statistik sayı”, “ESFİDİP- Tempus layihəsi” və digər mövzularda təqdimatla çıxış edib, Əlillərin Cəmiyyətə İnteqrasiyası Birliyinin sədri Ramilə Mahmudova, AMEA Hüquq və İnsan Haqları institutunun baş elmi işçisi Mayis Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Turan Süleymanov isə adıçəkilən mövzular haqqında məlumatlar verib. Dəyirmi masada, həmçinin sağlamlığını itirən insanları cəmiyyətə qazandırmağın ilk yolunun ailədən keçdiyi də qeyd edilib.

Daha sonra sağlamlığını itirən insanları həyata qazandırmaqda cəmiyyətin rolundan danışan Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Anar Xələfovonların bacarıqlarından, gələcəkdəki əmək fəaliyyətlərindən söz açıb.

Yaratdığı “Qüsursuz sevgi” adlı təşkilatdan danışan Rabitə və Nəqliyyat Kollecinin tələbəsi, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzinin könüllüsü Sərxan Adıgözəlov sağlamlığını itirən insanların kompleksləri və cəmiyyətdə onlara qarşı olan fikirləri dilə gətirib.

Sonda mövzu ətrafında təkliflər irəli sürülüb, müzakirələr aparılıb.

SİA

“Kaspersky Lab” şirkətinin təqdim etdiyi statistikaya* əsasən, Azərbaycanda uşaqların internetdə arzuolunmaz fəaliyyətinin 75%-i sosial şəbəkələrin üstünlük təşkil etdiyi ünsiyyət vasitələrinin payına düşür. Dünyada isə bu göstərici orta hesabla 63% təşkil edir, bu isə o deməkdir ki, azərbaycanlı gənclər sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir. Lakin, məhz burada onları ən çox təhlükələr gözləyir.

Ekspertlər sosial şəbəkələrlə bağlı bir neçə əsas təhlükəni qeyd ediblər. Məsələn, uşaqlar təsadüfən və ya bilərəkdən “böyüklər” üçün nəzərdə tutulmuş kontentlə rastlaşa bilərlər. Əslində isə söhbət sadəcə erotika və pornoqrafiyadan getmir, bu, həm narkotik vasitələr haqqında məlumat, sui-qəsd, həmçinin zorakılıq və silahlı səhnələr ola bilər.

Digər təhlükə isə uşaqların real dünya ilə müqayisədə sosial şəbəkələrdə daha asan ünsiyyətə girdikləri yad insanlardır. “Kaspersky Lab” şirkətinin araşdırması** göstərdi ki, 14-16 yaşlı yeniyetmənin dostluq siyahısında orta hesabla 47 nəfər olur ki, onlardan cəmi 25-i real həyatda şəxsən tanıdıqları insanlardır. Bu cür hallarda ekranın digər tərəfində kimin olduğunu təxmin etmək çətindir – bu müasir yeniyetmədir və ya pis niyyətli yaşlı şəxs? Vəziyyəti daha da çətinləşdirən məqam isə yeniyetmələrin sosial şəbəkələrdə tez-tez öz ünvan və ya oxuduqları məktəbin nömrələrini, getdikləri məkanları paylaşmalarıdır ki, bu faktı sorğuda iştirak edənlərin 55%-i təsdiq edib. Bu növ informasiya cinayətkara onları real həyatda asanlıqla tapmağa imkan yaradır.

Bundan başqa, son zamanlar uşaqlar kiberfırıldaqçılıqla daha tez-tez rastlaşmağa başlayıblar – elektron ünsiyyət bəzən təhqirlərə və hətta təcavüzlərə də yol açır.

Bəs sosial şəbəkələrdə övladınızın başına bir şeyin gəlib-gəlmədiyini necə yoxlamaq olar? “Kaspersky Lab” şirkətinin mütəxəssisləri bir neçə başlıca əlaməti diqqətinizə çatdırır: səbəbsiz yerə qəfil əhval-ruhiyə dəyişikliyi; rəqəmsal cihazlardan və internetdən istifadə üslubunun dəyişilməsi (məsələn, uşaq gecə yarısı internetə daxil olmaq üçün oyanır); sosial şəbəkələrdə dostların sayının qəfil azalması və ya artması; böyük yaş fərqi olan “dostların” üzə çıxması; uşağın səhifəsində xoşagəlməz fotor və mesajların olması; sosial şəbəkələrdəki hesabların bağlanması.

Onu da qeyd etmək lazımdır ki, bu əlamətlərin hər biri mütləq şəkildə təhlükəli hesab olunmaya bilər, lakin bu kimi əlamətlərin biri və ya bir neçəsi ilə rastlaşırsınızsa, övladınızın virtual aləminə diqqət yetirməniz vacibdir.

Uşaqları sosial şəbəkələrdəki təhlükələrdən qorumaq üçün “Kaspersky Lab” şirkətinin ekspertləri valideynlərin onlarla daim ünsiyyətdə olmalarını və internetdən düzgün istifadə etmələri barədə məlumatlandırmalıdırlar. Cinayətkarlar tərəfindən istifadə oluna biləcək çox sayda şəxsi məlumat yerləşdirmək tövsiyə olunmur. Silah, narkotik maddələr, sui-qəsd kimi kontenti olan qruplara daxil olmaq düzgün deyil. Yad ünvanlardan göndərilən keçidlərə daxil olmaq arzuolunmazdır: cəlbedici təkliflər viruslu səhifələrə apara bilər. Son olaraq, yeniyetməyə anlatmaq lazımdır ki, dostluq siyahısında sadəcə şəxsən tanıdığı insanlar olmalıdır.

“Sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil, həm də paralel reallıqdır. Lakin məhz orada uşaqlar internetdə rastlaşa biləcəkləri ən böyük təhlükə ilə üzləşirlər. Bu gün müasir valideynlərin əsas vəzifələrindən biri uşaqlara nə edə biləcəklərini, nəyin düzgün olmadığını və onları hansı təhlükələrin gözlədiyini başa salmaqdır. Lakin böyüklər hər zaman uşaqların yanında ola bilmirlər, buna görə də biz xüsusi müdafiə həllərindən istifadə etməyi tövsiyə edirik”, – deyə “Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə “Kaspersky Lab” şirkətinin təqdim etdiyi həllər arasında “Kaspersky Safe Kids” adlı xüsusi proqram və bütün cihazlar üçün “Kaspersky Internet Security” proqramında “Valideyn nəzarəti” funskiyası mövcuddur. Bu proqramlar valideynləri uşaqların internetdə nə ilə məşğul olduqları, orada nə qədər vaxt keçirdikləri barədə məlumatlandırır, o cümlədən onların smartfonlarına daxil olan zəng və SMS-lər barədə bildiriş almaq və geolokasiya funksiyasına əsasən olduğu yeri müəyyən etməyə imkan verir.

İnternetdə uşaqları gözləyən təhlükələr və onlardan müdafiə üsulları haqqında daha ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: kids.kaspersky.ru.

* “Kaspersky Security Network” bulud xidmətinin statistikası. Azərbaycanda “Valideyn nəzarəti” funksiyası aktiv olan kompüterlərdə potensial təhlükəli internet resurslara giriş. 2016-cı ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək olan ortalama göstərici.

** “İnternet əsrində uşaqları böyütmək” adlı araşdırma “Kaspersky Lab” şirkəti üçün xüsusi olaraq “IconKids&Youth” təşkilatı tərəfindən 2016-cı ildə keçirilib. Sorğuda Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliyadan 8-16 yaşlı uşağı olan 3780 ailə (hər ailədən bir uşaq və bir valideyn) iştirak edib.

Çinin Henan əyalətinin dəmir yolu vağzalında ilk robot-polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Robot-polis artıq Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərir. Təkərlər üzərində hərəkət edən robota sensorlar quraşdırılıb. Robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir.

Qeyd edək ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində də çalışacaq.

“RİA Novosti”

XƏBƏR LENTİ