Cümə, Fevral 24, 2017
GÜNDƏM

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə aparılan, konkret hədəflərə yönəlmiş genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamının 1-ci hissəsinin icrası ilə bağlı, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasında istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatları əks etdirən www.azexport.az internet portalı yaradılmış və portalın real vaxt rejimində fəaliyyəti təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də ixracyönümlü iqtisadi model önə çəkilərək, yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata keçid başlıca məqsədlərdən biri kimi müəyyən olunmuşdur. Bu çərçivədə xüsusən MDB ölkələri, Türkiyə, Gürcüstan və İran kimi mühüm region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağıtarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində Azərbaycanın ticarət qovşağı kimi mövqeyinin güclənməsi hədəflənmişdir.

Bu məqsəd ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, onun ixrac imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini daha da artırmaq, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq, regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının aparıcı mövqeyini bu əsasda daha da gücləndirmək məqsədilə qərara alıram:

1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

1.1. www.azexport.az internet portalında (bundan sonra – Portal) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində təmin etsin;

1.2. Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin Portalda yaradılmasını üç ay müddətində təmin etsin;

1.3. Portala inteqrasiya olunmuş dövlət orqanlarının informasiya resursları arasında Portal daxilində real vaxt rejimində məlumat mübadiləsinin təşkil edilməsi ilə bağlı tədbirlər görsün;

1.4. Portal vasitəsilə təqdim olunan malların dəyərinin real vaxt rejimində ödənilməsi imkanının və elektron pul kisəsinin yaradılmasını təmin etsin;

1.5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən “ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında tanınmış elektron imza sertifikatlarının Portala inteqrasiyasının təmin olunması ilə bağlı tədbirlər görsün;

1.6. Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;

1.7. Portalın əsasnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. bu Fərmanın 12-ci hissəsinə əsasən ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı üzrə xərclənməsini təmin etsin;

1.9. Portalın dövlət-özəl tərəfdaşlığı prinsipinə və korporativ idarəetmə standartlarına əsaslanmaqla idarə olunmasını təmin etmək məqsədilə tədbirlər görsün;

1.10. bu Fərmanın 10-cu hissəsindən irəli gələn məsələləri həll etsin;

1.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi imkanının yaradılmasını dörd ay müddətində təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə:

3.1.1. xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi imkanının yaradılması və həmin imzaların əldə edilməsi qaydası barədə məlumatın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, habelə ingilis və müvafiq ölkələrin dövlət dillərinə tərcümə edilməklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini və bu barədə mütəmadi olaraq təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dörd ay müddətində:

4.1. Portalın fəaliyyətini təmin edəcək hüdudlarda öz informasiya resurslarının Portala inteqrasiyasını;

4.2. Portal vasitəsilə bağlanılmış müqavilələrə uyğun olaraq, ixrac gömrük bəyannamələrinin real vaxt rejimində doldurulmasını, təqdim edilməsini, habelə gömrük nəzarətinin nəticəsinin real vaxt rejimində qeyd edilməsini təmin edəcək texniki imkanların yaradılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin Portal vasitəsilə elektron formada qəbulu imkanının yaradılmasını dörd ay müddətində təmin etsin;

5.2. icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsi təmin olunduqdan sonra “Lisenziya və icazələr” portalının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifləri əsasında müəyyən olunmuş hüdudlarda Portala inteqrasiyasını bir ay müddətində təmin etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Portal vasitəsilə ixrac əməliyyatlarının aparılması zamanı fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi barədə məlumatların əldə olunması məqsədilə öz informasiya resurslarının Portala inteqrasiyasını təmin etmək üçün dörd ay müddətində tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Portal vasitəsilə ixrac təşviqinin ödənilməsi üçün təqdim edilmiş müraciətə əlavə olunmuş, vəsaitin ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən sənədin həqiqiliyi barədə məlumatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin elektron müraciəti əsasında verilməsini həmin müraciətin daxil olduğu gündən bir iş günü müddətində təmin etsin.

8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə “ASAN xidmət” mərkəzlərində ixracatçılara biznes planların və müqavilələrin hazırlanmasında məsləhət xidmətləri, xarici bazarların araşdırılmasında kömək göstərilməsi, habelə təbliğat-təşviqat işinin həyata keçirilməsi ilə bağlı tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və elektron imza, o cümlədən “ASAN imza” sertifikatının beynəlxalq miqyasda qarşılıqlı tanınması üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının BMT-nin “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulması ilə bağlı zəruri tədbirlər görsün və görülmüş işlərin nəticəsi barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. elektron imza, o cümlədən “ASAN imza” sertifikatı əldə etmiş qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində vergi ödəyicisi kimi elektron qeydiyyatı imkanlarının təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.6. Azərbaycan Respublikasında istehsal olunan malların elektron ticarət qaydasında təqdim edilməsi ilə bağlı ixracatçıların Portala müraciətləri nəzərə alınmaqla, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin müraciəti əsasında, dövlət orqanları və qurumları tərəfindən bu Fərmanın 10.1–10.5-ci bəndləri ilə əhatə olunmayan icazələrin verilməsi ilə bağlı bu Fərmanın 10-cu hissəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsin;

9.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Aşağıda qeyd olunan dövlət orqanları icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsi ilə bağlı sahibkarlara məsləhət xidmətlərinin göstərilməsi, bu sahədə işlərin əlaqələndirilməsi, eləcə də “Lisenziyalar və icazələr” portalı fəaliyyətə başlayana qədər icazənin, onun dublikatının və əlavəsinin verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvinə dair müraciətlərin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində də həyata keçirmək üçün zəruri işçi qüvvəsi və texniki kommunikasiya resursları ilə təminat məsələləri ilə, habelə öz informasiya resurslarının bu Fərmanın 10.1–10.5-ci bəndlərində nəzərdə tutulan hədlər daxilində Portala inteqrasiyası ilə əlaqədar iki ay müddətində tədbirlər görsünlər:

10.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

10.1.1. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsini;

10.1.2. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsini;

10.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

10.2.1. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatının verilməsini;

10.2.2. malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsini;

10.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

10.3.1. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın) verilməsini;

10.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi:

10.4.1. mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsini;

10.5. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

10.5.1. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsini.

11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu Fərmanla müəyyən edilmiş qaydada informasiya resursları Portala inteqrasiya olunmaqla Portalla fasiləsiz əlaqənin təmin edilməsi məqsədilə həmin qurumlar daxilində müvafiq texniki kommunikasiya vasitələri ilə və zəruri avadanlıqlarla təchiz edilmiş iş şəraitinin yaradılmasını və işçi qüvvəsinin ayrılmasını təmin etsinlər.

12. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsaitdən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 450,0 (dörd yüz əlli) min manat ayrılsın.

13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 12-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

www.president.az

Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Belçikada keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu lkədən olan həmkarları ilə görüşüb. Əflatun Amaşov Brussel Parlamentinin millət vəkilləri olan Şevkət Temiz və Hasan Koyuncu ilə görüşüb. Görüşdə millət vəkili ilə yanaşı bu ölkəyə səfər edən Azərbaycan nümayəndə heyəti də iştirak edib. Parlamentarilər arasında keçirilən görüşdə Azərbaycanla Belçika arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də Xocalı soyqırımı ilə bağlı mövzular müzakirə edilib.

1952-ci il fevralın 21-də hazırda Banqladeşin paytaxtı olan Dəkkədə benqali dilinin Pakistanın dövlət dillərindən biri olması tələbi ilə tələbələrin mitinq keçirilib. Lakin polislərin açdığı atəş nəticəsində çoxlu sayda tələbə həlak olub.2000-ci ildən başlayaraq fevralın 21-də Beynəlxalq Ana dili günü qeyd olunur. Müvafiq qərar 1999-cu il noyabrın 17-də BMT-nin Baş konfransı tərəfindən verilib və dil və mədəniyyət müxtəlifliyinə xidmət edir.

Ana dili uğrunda mübarizə Güney Azərbaycanda millətləşmənin əsas istiqamətlərindən biri olub.Uzun illər İranda yaşayan soydaşlarımızın ana dilində təhsil almaları ən aktual mövzulardan biri olub.İslahatçıların İranda hakimiyyətə gəlişindən sonra bu istiqamətdə real addımlar atılacağına dair dəfələrlə vədlər versələr də, əməli nəticə ya olmayıb, ya da ki, verilən vədlər sadəcə sözdən ibarət olub.

Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, “İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir.Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır.Lakin yerli danışıq dillərinin mətbuatda istifadəsi, məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı həmin dillərin tədrisi azaddır”.Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə tədrisə icazə verib.Hazırda isə bu məsələ ətrafında müəyyən ziddiyyətlər müşahidə olunur.Son 25 ildə Güney Azərbaycan ana dili uğrunda mübarizədə hansı nailiyyətlər əldə edib?

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü “Cümhuriyət” qəzetinə bildirib ki, bu gün İranda olan çətinliklərə, problemlərə baxmayaraq ana dilinin müdafiəsi və yayılması uğrunda mübarizə davam edir: “Orada yaşayan azərbaycanlılar türk dilinin  əriməsinin qarşısını almaq üçün əllərindən gələni əsirgəmirlər. Bu istiqamətdə çox ciddi çalışmalar var. Lakin hələ ki, yekun nəticəyə nail ola bilməmişik. Şəxsən mənim gözlədiyim konstitusiyada deyildiyi kimi, İranda türk dilinin ikinci rəsmi dil olması və yaxud da ümumiyyətlə, İran dövlətində rəsmi dil olaraq təsdiq edilməsidir.Azərbaycan türkcəsinin ikinci rəsmi dil olaraq qəbul edilməsi məsələsi konstitusiyada da öz əksini tapıb.Bu, orda olan türk çoxluğunun təbii haqqıdır ki, rəsmi dil olaraq türk dili elan olunsun.Hərçənd bu, çox böyük bir dəyişiklikdir. Yəni, yaxın zamanlarda İran dövlətinin belə bir addım atacağına  inanmıram. Amma zamanla mübarizənin hansısa nəticəsi ola bilər. Gözlədiyim yekun nəticə budur.Amma bu baş verməyib deyə İranda bununla bağlı bəlkə də milyonlarla insanın apardığı mübarizənin üzərinə kölgə salmaq istəmirəm.Onların bu istiqamətdə apardığı mübarizəni çox yüksək qiymətləndirirəm. Bu gün əldə olan nailiyyətlər – İranın dövlət televiziyasında Azərbaycanla bağlı hər hansı bir verilişin olması, müəyyən saatların ayrılması, universitetlərdə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı fakültələrin açılması ilə bağlı təşəbbüslər həmin mübarizələrin nəticəsidir. Bildiyim qədərilə Azərbaycan dilində olan mətbuatın mövcudluğu da bu fəaliyyət sayəsində ərsəyə gəlib.Yəqin ki, bu cür mübarizələr davam etdikcə daha tutarlı nəticə əldə etmək olacaq”.

Cebhe.info

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) fevral ayı ərzində daxil olan sənədlərin təqdimatı keçirildi.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova  MEK-də görülən işlərdən söz açıb. Onun sözlərinə görə kitabxana milli dəyərlərin təbliği istiqamətində ciddi işlər görür. L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verib. Onun sözlərinə görə MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.

MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü  MEK fondlarında saxlanılan incilərin, şəxsi kitab  kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğuladı.

Kitabxananın Fondların formalaşdırılması şöbəsinin əməkdaşı Qönçə Cəlilova fevral ayı ərzində MEK-ə daxil olan sənədlər (kitab, jurnal, dissertasiya, avtoreferat və s.) haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. Q.Cəlilova MEK-in fevral ayı ərzində hədiyyə yolu ilə 121 kitab, 57 jurnal, pulsuz məcburi nüsxə olaraq 78 kitab, 62 jurnal,  3 avtoreferat, 2 elektron vəsait əldə etdiyini açıqladı. Daha sonra təqdimatçı bir sıra kitablar və jurnallar haqqında ətraflı məlumat verdi.

“Nadir Şah”, “Tamerlan”, “Şah arvadı və Cadugər” kimi  tarixi romanlarını MEK-ə hədiyyə edən  “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus  Oğuz  bu səpkidə keçirilən tədbirlərin gənclərdə oxu mədəniyyətinin, mental dəyərlərin, fəlsəfi fikirlərin formalaşmasında müsbət rol oynayacağını bildirdi.

AMEA Fəlsəfə İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru  Əli Abasov tədbirdən məmnunluğunu ifadə edərək, müasir dünyamızda təşəkkül tapan yeni fəlsəfi baxışların AMEA-nın ayrı-ayrı institutlarına tətbiq edərək, onların üzvi şəkildə bağlılığını təmin etməyin vacibliyindən danışdı.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov Fəlsəfə İnstitunun prioritet fəaliyyət istiqamətinin cəmiyyətdəki mövcud problemlərə qeyri-ənənəvi yanaşaraq, yeni fəlsəfənin sisteminin işlənilməsi, postneoklassik dövrün epistemologiyasını ortaya qoyaraq praktik həll üsullarının ictimaiyyətə çatdırılması olduğunu qeyd etdi. O, bunun Azərbaycan fəlsəfə tarixinin uğuru olduğunu bildirdi.

ADU-nun Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva MEK-ə təqdim etdiyi “Norveç etnoqrafiyası” kitabı haqqında məlumat verdi. Tur Heyerdalın Azərbaycana səfəri, bunun tarixi və nəzəri cəhətdən dəyərini, iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında vacib rolunu qeyd etdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu insanların nəsil bağlılığını əks etdirən – şəcərə haqqında olan məlumat, sənəd və faktların  bir yerdə toplanaraq, MEK daxilində fond yaradılmasını təkilif etdi. AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Rauf Məmmədov belə bir platformada elmin müxtəlif istiqamətlərində aparılan araşdırmaların, elmi nəticələrin sinergetik şəkildə bir müstəvidə müzakirəsinin yeni tarixi faktların aşkar olunmasına gətirib çıxaracağına əminliyini ifadə etdi.

MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın Azərbaycanın təbliğ edilməsi, beynəlxalq kitab mübadiləsi istiqamətində gördüyü işlərdən bəhs etdi.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı İhsan Doğramaçı Bilken Universitetində olub.Təhsil Nazirliyindən verilən xəbərə görə, Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan bu təhsil ocağının imkanları, bilik öyrətmə texnologiyaları, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyədə ən çox xarici ölkə vətəndaşı olan professor və müəllim heyətinin çalışdığı İhsan Doğramaçı Bilkent Universiteti elm və təhsil sahəsində böyük uğurlar qazanıb.

İhsan Doğramaçı Bilkent Universitetinin idarə heyətinin sədri professor Əli Doğramaçı, universitetin rektoru Abdullah Atalar və bu təhsil ocağının digər rəhbər şəxsləri görüşdə iştirak ediblər.

Daha sonra nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”çərçivəsində təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb.

Mikayıl Cabbarov tələbələr qarşısında çıxış edib. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, tələbəlik illərində zamandan səmərəli istifadə edərək yüksək təhsil almaq hər bir tələbənin başlıca vəzifəsidir. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini xatırladan təhsil naziri bildirib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə ali təhsil sahəsində böyük uğurlar qazanılıb. Dövlət vəsaiti hesabına nüfuzlu xarici ölkə məktəblərində azərbaycanlı gənclərin təhsil almasına şərait yaradılması xalqımız üçün tarixi qazancdır.

Təhsil naziri Mikayıl Cabbarov tələbələri maraqlandıran sualları cavablandırıb.

SİA

Sumqayıt şəhərindəki 11 saylı orta məktəbin bir qrup müəllimi 4 aydır ki, əmək haqqısını ala bilmir.

Orta məktəbin direktor əvəzləyicisi Fatma Tağıyevanın sözlərinə görə, müəllimlərin narazılığına son qoyulub:

“Artıq bu müəllimlərin problemi həll olunub, 4 aylıq maaşlarını ala bilməsələr də, onlara yeni dərs saatı verilib. Təhsil Nazirliyindən bildirilib ki, yaxın müddətdə bu müəllimlərin əmək haqqısı veriləcək”.

Əmək haqqı ala bilməyən müəllimlərin sayı 19-dur. Onlardan 6-sı analıq məzuniyyətindədir.

Qeyd edək ki, əmək haqqısı gecikdirilən müəllimlər inklüziv təhsil sahəsində çalışırlar.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov günün ikinci yarısında rəsmi mövqe sərgiləyəcəklərini deyib. Artıq problemin detalları araşdırılıb, yaxın saatlarda mediada bu haqda izahat yayımlanacaq.

Xatırladaq ki, adı çəkilən məktəbdə təhsil alan şagirdlərin sayı 1954, müəllimlərin sayı isə 134 nəfərdir.

cebhe.info

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 Mehriban xanım Əliyevaya

Çox hörmətli Mehriban xanım!

Sizin, uzun illər ərzində çoxşaxəli fəaliyyəti ilə müstəqil Azərbaycanın tərəqqisinə əvəzedilməz töhfələr verən respublikamızın birinci xanımının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Bu münasibətlə Sizi elmi ictimaiyyət  adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsinə hədəflənmiş bu məsuliyyətli və şərəfli vəzifənizin həyata keçirilməsində uğurlar arzulayırıq!

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkənin demokratik idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsi, daxili sabitliyin qorunub saxlanılması, respublikamızın beynəlxalq imicinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən referendumun nəticələri bir daha sübut etdi ki, xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir. Biz əminik ki, Siz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsinə öz töhfələrinizi verəcəksiniz.

Dünyada və regionda olduqca mürəkkəb hadisələrin cərəyan etdiyi müasir şəraitdə müstəqil Azərbaycanın dövlət idarəetməsində  mühüm əhəmiyyətə malik belə bir yüksək vəzifəyə Sizin təyin edilməyiniz heç də təsadüfi deyildir. Siz  neçə illərdir ki, Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının sədr müavini kimi  yüksək siyasi potensiala malik olduğunuzu əməli fəaliyyətinizlə  təsdiqləmisiniz. Fəaliyyətinizdə milli maraqların daim prioritet təşkil etməsinin nəticəsidir ki, Siz bütün xarici səfərlərinizdə, keçirdiyiniz görüşlərdə müstəqil dövlətimizin maraqlarını yüksək səviyyədə müdafiə edirsiniz.

Müasir dövrdə Siz həm də Azərbaycan mədəniyyətinin hamisi və yorulmaz təbliğatçısısınız. Məhz Sizin sayənizdə Azərbaycanın tarixi abidələri, muğam, saz, tar, Novruz bayramı dünyanın maddi-mədəni inciləri sırasına daxil edilmişdir. Son illərdə Sizin həyata keçirdiyiniz  möhtəşəm mədəniyyət layihələri  rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunu əsl mədəniyyət himayədarına çevirib. Siz “Avroviziya” mahnı müsabiqəsində gənc istedadlara verdiyiniz dəstəklə müa­sir musiqinin  sivil Şərq ölkəsi olaraq Azərbaycan üçün əlçatmaz olmadığını dünyaya nümayiş etdirdiniz.

Fəaliyyətinizin əsas istiqamətlərindən birini Azərbaycan təhsilinin inkişafı təşkil edir. Siz “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri, “Uşaq evləri və İnternat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”  üzrə yüzlərlə orta məktəb və uşaq bağçası binalarının təməlini qoymuş və   bərpasına nail olmusunuz. Sizin rəhbərliyinizlə “Təhsilə dəstək” layihəsi ölkə sərhədlərini aşaraq dünyanın müxtəlif güşələrində yaşayan soydaşlarımızı da əhatə etmişdir.

Sizin dövlət və xalq qarşısında ən böyük xidmətinizdən biri 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondu ilə bağlıdır. Rəhbərlik etdiyiniz  Fond dünya şöhrətli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafını, xalqımızın maddi rifahının yaxşılaşması, onun min illər boyu yaratdığı, yaşatdığı dəyərlərin qorunması naminə müəyyən etdiyi siyasətin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsi istiqamətində misilsiz rol oynayır. Heydər Əliyev Fondunun   milli-mənəvi dəyərləri qoruyaraq himayə etməsi, əslində Azərbaycançılığa elmi əsaslarla töhfənin bariz nümunəsidir.

Çoxşaxəli fəaliyyətinizdə idmanın inkişaf etdirilməsi xüsusi istiqamətlərdən birini təşkil edir. “Bakı-2015” birinci Avropa Oyunlarının, “Formula 1” Bakı Qran Prisinin və bir sıra digər beynəlxalq miqyaslı möhtəşəm idman tədbirinin uğurla həyata keçirilməsi məhz Sizin təşkilatçılığınız sayəsində mümkün olmuşdur. Həyata keçirdiyiniz bu layihələr nəticəsində artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.

Sizin  milli tarixi ənənələrə əsaslanan fəaliyyətiniz sayəsində müstəqillik illərində, xüsusən, son on ildə Azərbaycan qadınlarının ictimai fəallığı bütöv bir hərəkat səviyyəsinə yüksəlmişdir. Bu gün Siz dünyaya sülhün, həmrəyliyin və qardaşlığın gözü ilə baxaraq Azərbaycan qadınının haqq səsinə çevrilmisiniz. Qloballaşan dünyanı tolerantlığa, dünyəvi dəyərlərə, insan haqlarına çağırmaqla Azərbaycan qadınının mənəvi aləminin təmsilçisinə çevrilir, onu dünyaya tanıdırsınız.

Çox hörmətli Mehriban xanım!

Sizi, mənəvi və intellektual enerjisini ölkəmizin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmış  respublikanın birinci xanımını bir daha Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə  elmi ictimaiyyət adından səmimi qəlbdən təbrik edirik. Biz əminik ki, bu hadisə müasir Azərbaycan dövlətçiliyi tarixində elmi-intellektual inkişaf modelinə əsaslanan və sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi ilə müşahidə olunan ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır.

Dərin hörmətlə,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

akademik Akif Əlizadə

Fevralın 18-də Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı və təşəbüsü, Azərbaycanın Gürcüstan səfirliynin və Azerbaycan Respublikası Gəncliyə Yardım Fondunun da dəstəyi ilə “Xocalı soyqırımı” ilə bağlı tədbir təşkil olunub.

Tədbirin aparıcısı Hacı Bəkiroğlu tədbir haqqında məlumat verdikdən sonra Xocalıda qətlə yetirilənlər 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev qonaqları salamladıqdan sonra əsas iki mövzuya diqqət çəkib. O, öz çıxışında bəzi vətəndaşlarımızın “bu cür tədbirlər bizi niyə maraqlandırsın, bizlər ki, Gürcüstan vətəndaşıyıq” deyənlərə cavab verərək Gürcüstan vətəndaşı olsaq da bir azərbaycanlı milliyətinə sahibik və bu faciə Türk millətinə edilmiş bir cinayətdir” deyə vurğulayıb.

Çıxış üçün söz alan Qardabani rayon icra başçısının müavinini Dünyamalı Hacıyev isə əsrin faciəsi olan Xocalı qətliamının dünya səviyyəsində lazımi hüquq dəyərini almasının gərəkliliyinin və günahkarların cəzalandırılmasının lazım olduğunu vurğulayıb.

Faciə ilə bağlı geniş məlumat verən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Elçin Məmmədov Gürcüstanda belə tədbirlərin təşkil olunmasından böyük məmnuniyyət hissi duyduqlarını dilə gətirib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusibov isə düşmənə qarşı birlik olmağın vacibliyini vurğulayıb.

Gürcüstan Müsəlmanları İdarəsinin Müftisi hacı Yasin Əliyev isə öz çıxışında şəhidlərə Allahdan rəhmət diləyib və onlar üçün dua edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Şöbəsinin sədri Nərgiz Əliyeva isə bu cür tədbirlərin təşkilatlar arasında əməkdaşlı olaraq təşkil olunmasının vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasından dəvət olunmuş Türk İslam Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Dr. Telman Nüsrətoğlu mövzuya daha geniş bir çərçivədən yanaşaraq əslində ermənilərin tarix boyu sürmüş olan Türk düşmənliyini gözlər önünə sərgiləyib və mövzuya tarixi nöqteyi nəzərdən yanaşıb.

Onu da qeyd edək ki, tədbirdə dövlət nümayəndələri, Qeyri hökumət təşkilatlarının nümayəndələri, müəllimlər və tələbələr də iştirak ediblər.

Bugün Almatı şehrinde Kazakistan Cumhuriyeti Devlet Başkanı, Kazakistan Ulusal Bilimler Akademisi Üyesi Nursultan Nazarbayev’in katılımı ile Kazakistan Ulusal Bilimler Akademisi’nin 70. Yıldönümü münasebetiyle Genel Oturum töreni gerçekleşti.

Törene kutlama mesajı ile başlayan Kazakistan Cumhuriyeti Devlet Başkanı Nursultan Nazarbayev bilimde siyasi sınırların olmadığını ve Kazakistanlı bilim adamlarının yurt dışındaki meslektaşları ile işbirliği yapması ile bilimin hızlıca gelişeceğini açıkladı.
Nursultan Nazarbayev “Bağımsızlık yıllarında bilimsel kurumlar sayısı 2 kat artarak, şu anda 300’ü aştı. Yıl geçtikçe bilime tahsis edilen mali destekler oranı artmaktadır. Önümüzdeki dönemde de bu adımlarımıza devam edecek, bilimin kapsamlı gelişmesi için gerekli şartları sağlayacağız”, diye konuştu. Bunun yanısıra, Devlet Başkanı Hükümete Kazakistanlı genç akademisyenlerin dünyanın ilmi merkezlerinde eğitim almaları için ayrı bursların sağlanması talimatını verdi.

Kazakistan Ulusal Bilim Akademisi Başkanı Murat Jurınov’un moderatörlüğünde gerçekleşen toplantıya Rusya Bilimler Akademisi Başkanı V.E.Fortov, Kırgızistan Ulusal Bilimler Akademisi Başkanı A.E.Erkebayev, Gürcistan Ulusal Bilimler Akademisi Başkanı G.İ.Kvesitadze, Tataristan Bilimler Akademisi Başkanı M.H.Salahov, Moldova Bilimler Akademisi Başkanı G.G.Duka, Uluslararası Türk Akademisi (TWESCO) Başkanı D.K.Kıdırali, Azerbaycan Ulusal Bilimler Akademisi Yönetim Başkanı A.Sadıgov, Belarus Ulusal Bilimler Akademisi Yönetim Başkan Yardımcısı S.Y.Kilin, Ukrayna Ulusal Bilimler Akademisi Başkan Yardımcıs V.G.Koşeçko, Özbekistan Bilimler Akademisi Genel ve Organik olmayan Kimya Enstitüsü Müdürü B.S.Zakirov, Tacikistan Bilimler Akademisi Üyesi M.İ.İlolov katıldı. Bununla birlikte oturuma önde gelen akademisyenler, bilinen devlet adamları ve fikir önderleri, Kazakistanlı ve yurt dışından gelen bilim adamları, üniversite rektörleri, ilmi araştırma enstitüleri başkanları ve aydınlar katıldı.

1946 yılında kurulan Kazakistan Ulusal Bilimler Akademisi Uluslararası Türk Akademisi’nin inisiyatifi ile 2015 yılında Astana’da kurulan Türk Dünyası Ulusal Bilimler Akademileri Birliği’nin Üyesi ve anılan Birliğin ilk başkanlığını üstlenen kurumdur.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək tarixçisi Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.

Daşkənddəki “Ramsel-film” studiyası tərəfindən lentə alınan filmin ssenari müəllifi Şuxrat Salamov, rejissoru Eldar Məmmədov, redaktoru Samir Abbasovdur. Filmin hazırlanmasına Azərbaycanın Özbəkistandakı səfirliyi təşkilati dəstək göstərib.

Filmdə ötən əsrin 1918-1920-ci illərində Türküstanda yaradılan muxtariyyət və bu qurumun ləğv edilməsi məqsədilə daşnaklar tərəfindən törədilən qanlı qırğınlardan danışılır. İlk dəfə olaraq, arxivlərdə saxlanılan nadir video və foto materiallardan istifadə edilib

30 dəqiqəlik sənədli filmdə Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələri ilə bağlı çıxışları verilir.

Türküstanda törədilən soyqırımla yanaşı, filmdə 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların həyata keçirdiyi qətliamlar, talanlar, habelə ötən əsrin sonlarında azərbaycanlıların Ermənistandan deportasiyası, Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasəti arasında paralellər aparılır.

Sənədli filmdə XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı haqqında da danışılır, faciənin qanlı, qeyri-insani terror hadisəsi olduğu kadrların dili ilə tamaşaçıya çatdırılır.

Dünyanın bir sıra dövlətlərinin Xocalı faciəsini soyqırımı aktı kimi tanımaları filmdə xüsusi vurğulanır.

Özbəkistanın birinci prezidenti İslam Kərimovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqındakı mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə fikirləri sənədli ekran əsərində öz əksini tapıb.

Filmdə Prezident İlham Əliyevin münaqişə haqqında Özbəkistanda etdiyi çıxışı, Özbəkistanın prinsipial mövqeyinə görə təşəkkürü, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi və münaqişənin həllində ərazi bütövlüyü prinsipinin əsas götürülməsinə dair beynəlxalq təşkilatların qəbul etdiyi qərar və aktlar barədə söylədiyi fikirlər yer alıb.

Film ümummilli lider Heydər Əliyevin qədim tarixə, ənənələrə əsaslanan Azərbaycan-Özbəkistan dostluğu haqqında fikirləri ilə başa çatır.

Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub. Təhsil Nazirliyindən verilən xəbərə görə, açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türk Şurasının Baş katibi Ramil Həsənov, Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış edib.

Mikayıl Cabbarov çıxışı zamanı Xocalıda ermənilər tərəfindən törədilmiş kütləvi qırğın, Azərbaycana qarşı həyata keçirilmiş cinayət və təcavüz, onun nəticələri haqqında məlumat verib, bu soyqırımın xalqımıza qarşı aparılan təcavüz, işğal və etnik təmizləmə siyasətinin aydın nümayişi olduğunu vurğulayıb. Təhsil naziri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasına, tarixi ədalətin bərpa edilməsinə və cinayətkarların ifşa olunmasına nail olmaqda təhsilin xüsusi rolunu qeyd edib, çıxışını Xocalıda və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirmiş şəhidlərimizə rəhmət diləyərək yekunlaşdırıb.

SİA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) humanitar və ictimai elmlər bölmələrinin birgə iclasında Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələr müzakirə olunub. Bu barədə AMEA-dan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Azərbaycanda humanitar və ictimai elmlər sahəsində keçirilən islahatlardan danışaraq bu sahələrin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Akademik “İslam Həmrəyliyi İli”, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi və V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun keçirilməsi haqqında verilən Prezident sərəncamlarının əhəmiyyətini vurğulayıb, beynəlxalq konfransların keçirilməsi, kitab və məqalələrin nəşri, uşaq və yeniyetmələr üçün islam ensiklopediyasının hazırlanması, sərgilərin təşkili ilə əlaqədar alimlərin qarşısında duran vəzifələrdən danışıb.

Sonra AMEA-nın humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi-tədqiqat institutlarının və muzeylərin rəhbərləri planlaşdırılan elmi konfrans və sessiyalar, sərgilər barədə təkliflərini veriblər.

Tədbirdə uşaq və yeniyetmələr üçün nəzərdə tutulan islam ensiklopediyasının nəşrini təmin etmək məqsədilə akademik İsa Həbibbəylinin rəhbərliyi altında müvafiq komissiya və işçi qrupu yaradılıb.

Akademik İsa Həbibbəyli müəyyən olunmuş tədbirlər planlarında nəzərdə tutulan işlərin yüksək elmi-təşkilati səviyyədə həyata keçirilməsi üçün tanınmış alimlərlə yanaşı, gənc elmi qüvvələrin də imkanlarından istifadə edilməsinin əhəmiyyətini olduğunu bildirib.

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə Pakistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İslamabad Strateji Araşdırmalar İnstitutunda Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar “Soyqırım və etnik təmizləmə: Xocalı-25” adlı seminar keçirilib.

Səfirikdən verilən məlumata görə, seminarda Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseyn, İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Pakistan Milli Assambleyasının deputatı, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun məsul şəxsi Şaza Fatimə Xavaca, Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq direktoru, ekspert Məhəmməd Xan, yüksək rütbəli diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud Ermənistanın Xocalıda törətdiyi soyqırımın Azərbaycanın müasir tarixinin faciəli və qanlı səhifələrindən biri olduğunu bildirib. Direktor 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda Pakistanın aparıcı rol oynadığını, sonrakı dövrlərdə də Azərbaycanı tam dəstəklədiyini diqqətə çatdırıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxışında erməni şovinistlərinin son 200 il ərzində azərbaycanlılara və ümumilikdə türklərə qarşı etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirdiyini, təkcə 20-ci əsrdə, 1905-1907, 1915-20, 1948-1953 və 1988-1993 cu illərdə azərbaycanlıların öz doğma yurdlarından didərgin salındığını, ermənilərin tək Azərbaycanda deyil, böyük Ermənistan dövlətinin yaradılması xülyaları ilə Türkiyə, İran və bir sıra digər ölkələrdə qətliamlar törətdiyini vurğulayıb. Bununla kifayətlənməyən işğalçı ölkənin 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi iddiaları qaldırdığını, 20 faiz torpaqlarımızı işğal etdiyini, 1992-ci ildə Xocalıda azərbaycanlıların soyqırımını törətməklə isə bəşəriyyət əleyhinə cinayətə imza atdığını bildirib. Səfir Xocalını məhv etməkdə ermənilərin strateji əraziləri ələ keçirməklə yanaşı, həmçinin, dogər məqsədin qədim Azərbaycan tarixini əks etdirən müsəlman abidələrinin, sənət əsərlərinin yox etmək olduğunu vurğulamış və bu cür vəhşilikləri törədənlərin cəzalandırılmasının bütün dünya ölkəllərinin tələb etməsi gərəkdiyini qeyd edib. O, hər il Xocalı soyqırımını tanıyan ölkələrin sayının artdığını, soyqırımını ilk tanıyaraq bu məsələdə ən böyük dəstəyi verənlərdən olan dost və qardaş Pakistanın xalqına və dövlərinə təşəkkürlərini çatdırıb.

Pakistan Milli Assambleyasının deputatı, Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun məsul şəxsi Şaza Fatimə Xavaca nitqində Azərbaycan-Pakistan əlaqələrinin səmimi dostluq və əməkdaşlığa əsaslandığını, hər iki dövlətin demək olar ki bütün məsələlərdə bir-birini dəstəklədiyini, Ermənistanın hüquqa zidd işğalına Pakistanın qarşı çıxdığını, Ermənistanı bir dövlət olaraq tanımadığını qeyd edib. O, aparıcı dünya mediasından “BBC”, “Nyu York Tayms” və digər mənbələrdən sitatlar gətirərək bildirib ki, Xocalıda baş verənlər dəhşət doğurur, bu hadisədə hətta azərbaycanlı hamilə qadın və uşaqlar da yaxın məsafədən xüsusi qəddarlıqla qətlə yetiriliblər. O bildirib ki, Azərbaycan xalqı və dövləti çox yetkin mövqe nümayiş etdirərək bir tərəfdən hadisəni unutmur, digər tərəfdən də dünyadan Xocalıya ədalət tələb edir.

Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq direktoru, ekspert Məhəmməd Xan vurğulayıb ki, Ermənistan ordusunun və keçmiş SSRİ-nin 366-cı alayının Xocalını hədəf seçməkdə motivlərindən biri də Xocalının strateji mövqeyi, Azərbaycan baxımından tarixi-mədəni və sosial əhəmiyyəti olub. Xocalının məhvi, əhalinin soyqırıma uğradılması təsadüfi olmamış, öncədən planlaşdırılmış işğalçılıq siyasətinin bir hissəsini təşkil edib. Tədbirin ali qonağı, Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseyn Azərbaycan-Pakistan münasibətlərinin ortaq dəyərlərə, eyni zamanda birgə maraqlara və qarşılıqlı əməkdaşlığa əsaslanan özünəməxsus xarakterə malik olduğunu diqqətə çatdırıb, Pakistanın Dağlıq Qarabağ məsələsində və Xocalı soyqırımının tanınmasında Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini ifadə edib. Azərbaycana səfərləri zamanı bu ölkənin inkişafının şahidi olduğunu və bundan qürur duyduğunu deyən M.Hüseyn bildirib ki, beynəlxalq aləmin məsələlərə ikili standartlarla yanaşmasına görə, Xocalı soyqırımının tanınması kimi hadisələrə tam ədalətli qiymət verilməyib. Həmçinin, Ermənistan işğalçılarının Azərbaycan torpaqlarını tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də icra edilməyib. Natiq Azərbaycanın 1918-ci ildə İslam dünyasında ilk parlamenti təsis etdiyini, Azərbaycanın mühüm dövlətçilik ənənələrinə malik olduğunu qeyd edib, Azərbaycanı ilk tanıyan ölkələrdən biri olan Pakistan olduğunu çatdırıb, Kəşmir məsələsində Azərbaycanın da Pakistana dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.

Seminarda Xocalı Soyqırımına dair sənədli film də nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar sərgilənmiş, iştirakçılar arasında yayılmış və paylanıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə başa çatıb. Seminar kütləvi informasiya vasitələri tərəfindən də lentə alınmış və yerli mediada geniş işıqlandırılıb.

Trend

“Bu il Xocalı soyqırımından 25 il keçir. Azərbaycanda və digər ölkələrdə Xocalı faciəsi haqqında həqiqətləri insanlara çatdırmaq üçün çoxsaylı tədbirlər təşkil olunur. Gənclər və İdman Nazirliyi, onun tabeçiliyində olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi də bu istiqamətdə bir çox layihələr həyata keçirir”. Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq Baş İdarə tərəfindən bir neçə idman yarışları və digər tədbirlər təşkil olunacaq: “Azərbaycanda akkreditə olunmuş diplomatik səfirliklərin nümayəndələrinin iştirakı ilə Gəncliyə Yardım Fondunda “Müharibə uşaqların gözü ilə” mövzusunda ənənəvi inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırlması keçiriləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyası çərivəsində elektron aksiya vasitəsilə Xocalı soyqırımı haqqında həqiqətlər 3 dildə beynəlxalq institutlar, dünyanın aparıcı şəxsləri, “Nobel” mükafatçıları, parlament nümayəndəlikləri, aparıcı ali təhsil ocaqları, Azərbaycanla dostluq, əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən qurumlara çatdırılacaq”.

Baş İdarə rəisi bildirib ki, Xocalı soyqırımı haqqında beynəlxalq səviyyədə aparılan işlər daim davam etdirilməlidir: “Dəyişən və informasiyanın bol olduğu zamanda Xocalı soyqırımı haqda həqiqətlərin dünyaya çatdırılması istiqamətində yeni üsulların üzərində də düşünülməlidir. Xocalı soyqırımı haqqında sənədli filmlərlə yanaşı, bu faciəni əks etdirən, dünya səviyyəsində təbliğatının aparılacağı bədii filmə də ehtiyacımız var. Bu gün hər bir yaş təbəqəsinin maraqlandığı sahələrdə Xocalı soyqırımı həqiqətləri əks olunmalıdır. Məsələn, rep üslubunda bu haqda yeni musiqi yaradılmalıdır. Qısametrajlı sujet xəttini əks etdirən sənədli filmlər yaradılmalı, elektron mətbuatda yayımlanmalı, posterlər və bilbordlar hazırlanmalıdır. Xarici diplomatik korpusların qarşısında səsgücləndiricilər, müxtəlif iri ölçüdə hazırlanmış posterlər vasitəsi ilə Xocalı soyqırımı həqiqətləri insanlara çatdırılmalıdır. Bu informasiyalar həmin ölkələrin ictimai nəqliyyatlarında da əks olunmalıdır. Bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Qeyri-Hökumət Təşkilatları tərəfindən “Xocalıya ədalət” kampaniyası çərçivəsində yeni məhsullar, toplular, kitablar, disklər müsəlman dövlətlərinin nümayəndələrinə təqdim edilməlidir. Uşaqlar üçün cizgi filmlərində epizodik olaraq Xocalı həqiqətləri öz əksini tapmalıdır. Bu işlər il ərzində davamlı şəkildə aparılmalıdır”.

R.Abbasov Xocalı soyqırımı haqda həqiqətlərin daim dünyada yeni nəsillərə ötürülməli olduğunu vurğulayıb.

SİA

XƏBƏR LENTİ