Cümə, Fevral 24, 2017
GÜNDƏM

Təhsil Problemləri İnstitutunda “Elektron məktəb üçün elektron müəllim” kursu keçirilir.

İnstitutdan AzərTAc-a bildiriblər ki, kurs auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı və eyni zamanda, distant yolla bir ay davam edəcək. Elektron təhsilə keçidlə əlaqədar olaraq kursda mühazirə, təqdimat, müzakirə, “workshop”, debat və digər təlim formatlarından istifadə olunur.

Kursda “Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”, “Distant – məsafədən təhsil zamanı virtual sinfin yaradılması, “Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları” və s. mövzularda təlimlər aparılır.

Təlimlərdə Bakı şəhəri ilə yanaşı, Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından 40-dək təhsil işçisi iştirak edir.

“Elektron məktəb üçün elektron müəllim” təlim kursu yanvarın 30-da başa çatacaq. Kursu uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunacaq.

“SABAH” qruplarına əlavə tələbə qəbulu başa çatıb.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, əlavə qəbul 2014-2015-ci tədris ili üzrə “SABAH” qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.

Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan “SABAH” qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompyuter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər.

Bununla “SABAH” qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb. Bu qruplarda ixtisasların sayı da artaraq 33-dən 37-yə yüksəlib.

“SABAH” qruplarının yeddi ali məktəbdə təhsil alan tələbələrindən təxminən 200-ü yataqxana ilə təmin olunub.

“Magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının məzmununda bəzi dəyişikliklər edilib”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bildirib. O deyib ki, ötən ilin iyun ayında “İnformatika” üzrə imtahanının məzmununda olan dəyişiklik artıq elan edilib və bu ildən həmin dəyişikliklər tətbiq ediləcək. “Bu ildən “İnformatika” üzrə qəbul imtahanlarında “Windows” əməliyyat sisteminin 7-ci versiyası və “Office” proqramlarının 2013-cü il versiyası üzrə qəbul aparılacaq: “Bu, İnformatika üzrə builki imtahanın məzmununda olan dəyişikliklərdir. Hələ iyun ayından TQDK-nın saytında yerləşdirilib və həmin proqram “Magistr” jurnalının 1-ci sayında çap edilib”.

Şöbə müdiri N. Əliyev onu da vurğulayıb ki, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman fransız və ya rus dilini, tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini, tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər isə xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər. “Filologiya ixtisasını Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi, Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Şöbə müdiri N. Əliyev vurğulayıb ki, filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlərin ixtisaslaşma dilini xarici dil kimi seçə bilməyəcəklər”.

N.Əliyev onu da qeyd edib ki, ümumilikdə magistraturaya keçən ilki qəbul qaydaları olduğu kimi qalıb və bu il hər hansı bir dəyişiklik yoxdur: “Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar”.

Avropanın musiqi və incəsənət ürəyi olan Vyanada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq.

ANS PRESS-in məlumatına görə, ötən ildən fərqli olaraq, bu il iştirakçıların sayı iki ölkə artıb. Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qoşulub. Ukrayna milli televiziyası isə müsabiqədə iştirak etməyəcəyini bəyan edib. Bu barədə müsabiqənin rəsmi saytında xəbər verilib.

Beləliklə, 60-cı “Eurovision” mahnı müsabiqəsində Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ermənistan təmsil olunacaq.

Yarımfinallarda iştirakçıların sayı artan istiqamətdə müəyyən edilib. Birinci yarımfinalda 16, ikincidə 17 ölkənin iştirakçısı səhnəyə çıxacaq. Final mərhələsində isə 10 ölkə, böyük beşliyə daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, eləcə də ev sahibliyi edən Avstriyanın təmsilçisi olacaq.

“Eurovision-2015” mahnı müsabiqəsinin püşkatma mərasimi 2015-ci il yanvarın 26-da keçiriləcək.

“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

Bu günə kimi dünyanın müxtəlif ölkələrində təhlükəli sayılan kitablar var.
Onlardan yeddisini təqdim edirik.
Siyahıda birinci yerdə “İncil”dir. Teoloqların dediyinə görə, 52 ölkə rəsmi səviyyədə (Səudiyyə Ərəbistanı, Vyetnam, Kuba, Efiopiya və s.) “İncil”i qadağan edib.  Hətta 2009-cu ildə Şimali Koreyada 33 yaşlı qadın “İncil”i yaydığına görə edam olunub.
İkinci yerdə Salman Rüşdinin “Şeytan ayələri” kitabı gəlir. Əsər ona yaxın ölkədə (İran, Keniya, Sinqapur, Küveyt) yasaqdır.
Hələ də populyarlığını saxlayan Adolf Hitlerin “Mənim mübarizəm” kitabı da bir çox ölkələrdə qadağan olunub.
Den Braunun “da Vinçi kodu” da qadağan olunan əsərlər arasındadır. Kitab əsasən müsəlman ölkələrində yasaq edilib.
Sonrakı yeri amerikalı Uilyam Pauellin 1971-ci ildə nəşr olunan “Anarxistin aşpazlıq kitabı” tutur. Kitabda ev şərtlərində narkotiklərin, partlayıcı maddələrin necə hazırlanması yazılır.
Altıncı yerdə amerikalı yazıçı Bret İston Ellisin “Amerikalı psixopat” gəlir. Zorakılığın bol olduğu əsər Avstraliya və Yeni Zellandiyada yasaqdır.
Sonuncu yer Lüis Kerrollun “Alisa möcüzələr ölkəsində” kitabına aiddir. Çində kitabı ona görə qadağan ediblər ki, burda heyvanlar insan kimi danışır.
kulis.az

Bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunacaq.

“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklərdə bu məsələ öz əksini tapıb.

Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan qanunun 31.6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə görə, bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan suallar verilə bilməz.

Qanunun 31.5-ci maddəsinin yenilənmiş variantına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
“Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.
Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəyişikliklər qəbul edilib.

modern.az

 

Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində (əyani və qiyabi şöbələr üzrə) qış imtahan sessiyası başlayıb.

Yanvarın 17-də başa çatacaq imtahanlar bir qayda olaraq yazılı formada həyata keçiriləcək, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və ya test üsulu ilə aparılacaq. Qış imtahan sessiyası ilə əlaqədar rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrdə bildirilir ki, dekanlar və kafedra müdirləri bütün tədris qruplarında fərdi qaydada görüş keçirməli, tələbələrin istək və arzularına diqqətlə yanaşmalıdırlar. Rektor tərəfindən verilmiş daha bir əmr sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargahın yaradılması haqqındadır.

Əmrə uyğun olaraq, Qərargahın nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb və bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apelyasiya komissiyaları yaradılıb.
İmtahan başlamazdan əvvəl dekan, koordinator və rəhbər koordinatorla görüşən rektor Abel Məhərrəmov onları imtahan prosesinə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Məlum olub ki, bu ildən etibarən Bakı Dövlət Universiteti üzrə 12 qrupda təhsil alan 214 nəfər SABAH qruplarının tələbələri də imtahan verəcəklər.

İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub. Tələbələrə uğurlar arzulayan rektor, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.

Qeyd edək ki, imtahan sessiyası başlamazdan bir neçə gün əvvəl rektor Abel Məhərrəmov dekan və qrup nümayəndələrinin iştirakı ilə görüş keçirmiş, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyasının 2015-ci il may ayının 31-dək başa çatdırılması haqqında qərardan danışmışdır.

Rektor tədris qrafikində yaranmış sıxlığı, xüsusən də imtahanlar arasındakı günlərin sayının az olmasını nəzərə alaraq imtahan suallarını azaldılması ilə bağlı müvafiq tapşırıqlar verildiyini də diqqətə çatdırb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fevralın 28-də Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on dəfə “Qremmi” mükafatı laureatı Bobby McFerrinin və qrupunun konserti olacaq.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, konsertin biletləri artıq satışa çıxarılıb və şəhərin kassalarından əldə etmək mümkündür.
Musiqiçinin birinci albomu 1982-ci ildə çıxıb. 1984-cü ildə isə heç bir musiqi aləti olmadan yazılan “The Voice” adlı ilk caz albomu işıq üzü görüb. Bobby McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə “Qremmi” mükafatına layiq görülmüş “Don’t Worry, Be Happy” mahnısı ilə dünya şöhrəti qazanıb.

Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov dünyasını dəyişib.

Dialoq.info xəbər verir ki, tarzən Vamiq Məmmədəliyevin APA-ya verdiyi məlumata görə, Gülağa Zeynalov yanvarın 2-də axşam vəfat edib.

Mərhumla vida mərasimi bu gün keçirilib.

Qeyd edək ki, Gülağa Zeynalov 1956-cı il  aprelin 28-də Şuşa şəhərində anadan olub. Musiqi məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak edib.

Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına bir sıra dəyişikliklər edilib.

ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəyişikliklər xarici ölkələrdə ödənişli əsaslarla təhsil alan tələbələrə aiddir.

Belə ki, tələbə təhsil aldığı ölkəyə daxil olandan sonra ödəmələri həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq edəcəklər.

Ödənişlər aşağıdakı kimi müəyyən edilib:

  • Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya – 8 ay, digər ölkələr – 9 ay;
  • Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;
  • Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.

572 tələbə Dövlət Proqramı təqaüdçüsü kimi xarici ali məktəblərdə təhsil alacaq.

Dialoq.info-nun Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin tələbələr müraciət etdikdən sonra keçirilən müsahibə əsasında seçiliblər. Müsahibə onların təhsil alacaqları dildə keçirilib və nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət komissiyalar tərəfindən aparılıb. Bundan başqa, müsahibədə dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Şəffaflığı təmin etmək üçün müsahibə zamanı ilk dəfə audio-video çəkiliş aparılıb. Seçilmiş 572 tələbə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələrində təhsil alacaqlar.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı olub.

Prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin vəfatı münasibətilə nekroloq imzalayıblar.

Dialoq.info-nun  AzərTAc-a istinadən verdiyi məlumata görə, nekroloqda deyilir:

Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı kəndində anadan olub. Gəncə şəhərindəki 24 saylı orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetində kimya ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Siyavuş Qarayev 1966–1967-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. O, 1967–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında oxumuş, 1970–1982-ci illərdə isə həmin institutda kiçik elmi işçi, baş elmi işçi, bölmə rəhbəri və dosent vəzifələrini tutmuşdur. Siyavuş Qarayev 1982-ci ildən indiki Neft Akademiyasında üzvi kimya kafedrasına rəhbərlik etmiş, 1988–1997-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı olmuşdur. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışmışdır.

Siyavuş Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş və 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Eyni zamanda o, bir sıra xarici universitetlərin və akademiyaların fəxri doktoru, professoru və üzvü idi.

Akademik Siyavuş Qarayev üzvi kimyaya dair fundamental tədqiqatları ilə tanınırdı. Alimin zərif üzvi sintez sahəsində araşdırmalarının nəticəsi olaraq alınmış yeni maddələr neft sənayesində, təbabətdə dərman preparatlarının alınma üsullarının işlənib hazırlanmasında və kənd təsərrüfatında bitkilərin stimulyatorlarının yaradılmasında tətbiq edilmişdir. Üzvi kimyanın müasir istiqamətləri üzrə bir neçə yeni qanunauyğunluğun aşkara çıxarılması onun adı ilə bilavasitə bağlıdır.

Ömrünü neft kimyası sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmiş Siyavuş Qarayev 500-ə yaxın elmi əsərin, həmçinin 5 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 60-dan çox patent və 27 müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda çap olunmuş əsərləri, eləcə də elmi simpozium və konfranslarda çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Siyavuş Qarayev elmi kadrların yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi altında onlarla gənc alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Siyavuş Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə dəyərləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş Fərhad oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Mikayıl Cabbarov

Akif Əlizadə

Tofiq Nağıyev

Dilqəm Tağıyev

Məhərrəm Məmmədyarov

Kamil Sadıqov

Musa Rüstəmov

Nadir Seyidov

Vaqif Fərzəliyev

Vaqif Abbasov

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2015-ci ilin I yarısında layihələrini maliyyələşdirəcəyi KİV-lərin siyahısını açıqlayıb.

41490Dialoq.info-nun Anspress-ə istinadən verdiyi məlumata görə, ümumilikdə 33 qəzetə pul ayrılıb. Nəşrlərə ayrılan vəsait 60 000, 40 000, 30 000, 20 000 və 9 000 AZN məbləğindədir.

11 qəzet 60 000, 8 qəzet 40 000, 4 qəzet 30 000, 4 qəzet 20 000, 6 qəzet 9 000 manat alacaqlar.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi cari ilin birinci yarısında aşağıdakı KİV-lərin layihələrini maliyyələşdirəcək:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanması nəzərdə tutulmuşdur.

Bu məqsədlə, Gənclər və İdman Nazirliyi 15 dekabr 2014-cü il – 15 fevral 2015-ci il tarixinədək (2 ay müddətində) fəal gəncləri, gənclərin qeyri-hökümət təşkilatlarını 2016-2020-ci illəri əhatə edəcək Dövlət Proqramı ilə bağlı təklliflərini dp2016-2020@mys.gov.az elektron ünvanına göndərməyə dəvət edir.

2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında sən də yaxından iştirak et!

 

mənbə: mys.gov.az

“Gənc Təlimçilər Şəbəkəsi” təşkilatının “GALAXY Group” Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirdiyi “Gənc Yazar” layihəsinin mükafatlandırma mərasimi olub.

“Gənc Yazar” adlanan layihənin məqsədi gənc və prespektivli yazarların öz əməyi olan məqalələrinin (məqalə, şeir, roman, pyes, əsər və s.) gənclər arasında yayılamsında və sevilməsində yardımçı olmaqdan ibarətdir. Göndərilən 60-a yaxın məqalələr (məqalə, şeir, roman, pyes, əsər və s.) sayta yerləşdirilib və oxucular tərəfindən 20 gün boyunca səs verilib. Səsvermədə həmçinin münsiflər heyyətidə iştirak edib. Səslərin 50%-i oxucuların, 50%-ini isə münsiflərin olub. Beləki, hər bir münsifin 500 səs vermə hüququ olub, bu səsdən 1 nəfərə yalnız maksimum 300, minumum isə 100 səs verə bilib.

Münsiflər heyyəti:

Firudin Məmmədzadə: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 100 səs – Emin Abdullayev (“Onun gözləri”), 100 səs – Təbriz Əli (“BU TƏKCƏ LAYLAY DEYİL,VƏTƏNİMİN SƏSİDİR!!!”)

Toğrul Bayramlı: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 100 səs – Emin Abdullayev (“Onun gözləri”), 100 səs Xanım Əliyeva (“Sevgi, umud, inam”)

Rəna Mustafazadə: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 200 səs – Emin Abdullayev (“Onun gözləri”)

Qələndər Məmmədli: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 100 səs – Emin Abdullayev (“Onun gözləri”), 100 səs – Təbriz Əli (“BU TƏKCƏ LAYLAY DEYİL,VƏTƏNİMİN SƏSİDİR!!!”)

 

Qaliblər:

1-ci yer: Xan Abdulla (“Məsihin qanı”) – 344 səs + 1200 səs (münsiflərin səsi) = 1544

2-ci yer: Fuad Əsədov (“ÖLÜMQABAĞI  DÜŞÜNCƏLƏR”) – 1300 səs

3-cü yer: Mədinə Nüsrətqızı (Gördüyüm gənclik….. Arzuladığım gənclik”) – 1100 səs

 

Münsiflərin bəyəndiyi ən yaxşı şeir nominasiyasının qalibi: Təbriz Əli (“BU TƏKCƏ LAYLAY DEYİL,VƏTƏNİMİN SƏSİDİR!!!”)

Münsiflərin bəyəndiyi ən yaxşı hekayə nominasiyasının qalibi: Emin Abdullayev (“Onun gözləri”)

 

Qeyd edək ki, ilk 3-lüyü tutan yazarlar aşağıdakı hədiyyələrlə mükafatlandırılıb. “GALAXY Group” Təhsil Mərkəzindən

  • 1-ci yerə Diplom və 200 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 2-ci yerə Diplom və 100 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 3-cü yerə Diplom və 50 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu.

Həmçinin, layihədə iştirak edən bütün yazarlara Sertifikat və “GALAXY Group” Təhsil Mərkəzinin tədris xidmətlərindən istifadə üçün 10%  endirim kuponu təqdim edilmişdir.

 

Layihənin informasiya dəstəyi Dialoq.info saytına məxsusdu.

 

XƏBƏR LENTİ