Cümə, Fevral 24, 2017
GÜNDƏM

26 fevral Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid Şəhər” uşaq rəsm sərgisi keçiriləcək.

Tədbirin əsas məqsədi Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, istedadlı uşaqların faciənin mahiyyətini necə təsəvvür etdiklərini rəsm əsərləri vasitəsi ilə nümayiş etdirməkdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri, Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişlər. Xocalı soyqırımı zamanı silahsız və köməksiz vəziyyətdə olan 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür. Bu hadisə XX əsrin faciəsi adını alıb.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 24 fevral saat 15:00-da “Xətai” Sənət Mərkəzində keçiriləcək.

Xocalı soyqrımının 25-ci ildönümü münasibəti ilə elan olunmuş respublika uşaq rəsm müsabiqəsində Tofiq İsmayılov adına məktəb, Lənkəran şəhəri Əsəd Əsədli adına Rəssamlıq Məktəbi, Günəşli qəsəbəsi Əlifba Tədris Mərkəzi və Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası xüsusi fəallıq göstərib, o cümlədən, Gəncədən, Ucardan və Bakını müxtəlif məktəblərindən 300-dən çox uşaq, 400-ə yaxın əl işi ilə tədbirə qatılıb.

Sərgidə 110 uşağın, 118 rəsmi nümayiş olunacaq.

“Hər iki qanuna dəyişiklik ümumən internet məkanımızda zəruri tənzimləməni aparmağa xidmət edir. Dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımlardır. İnanıram ki, qanun layihələri parlamentin plenar iclasında qəbul olunacaq”.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara təklif olunan dəyişiklikləri şərh edərkən deyib.
Ə. Amaşov bildirib ki, hər iki layihədə nəzərdə tutulan dəyişikliklər ümumən internet məkanda görüləcək işləri tənzimləmək baxımından bir növ bir-birini tamamlayır: “Əlbəttə, internet məkanımızda tənzimləmə informasiya təhlükəsizliyimiz baxımdan önəmlidir. Media ictimaiyyəti olaraq bizlər neçə illərdir bunu bildiririk. Konkret olaraq hüquqi mexanizmlərin işə salınmasının zəruriliyini vurğulayırıq. Hesab edirəm ki, məsələnin reallaşmamasından ən çox əziyyət çəkən jurnalistikadır. Çünki internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən saytlardan daha çox cəmiyyətə xitab edirlər. Müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də hər zaman aktual əhəmiyyət daşıyır. Reallıq bundan ibarətdir ki, mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə mediaya ünvanlanır. Çox zaman qurunun oduna yaş da yanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır”.
MŞ sədri fikirlərini konkret olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin 2-ci maddəsi üzərində cəmləşdirib: “Həmin maddə qanun üzrə əsas anlayışları nəzərdə tutur. Burada mühüm əhəmiyyət daşıyan dəyişiklik qanuna internet informasiya ehtiyatı, internet informasiya ehtiyatının sahibi, domen adı, domen adının sahibi, internet provayder, host provayder, domen adlarının milli inzibatçısı, domen adlarının qeydiyyatçısı anlayışlarının əlavə edilməsidir. Bu qanunun 6-cı, 11-ci, 13-cü, 18-ci, 19-cu, 20-ci maddələrinin müxtəlif hissələrindəki dəyişiklik isə informasiyanın mülkiyyətçisi ilə yanaşı onun sahibi məsələsini də hüquqi münasibətlər sisteminə daxil edir. Bütün bunlar ümumən internet məkanın idarə edilməsində məsuliyyəti ön plana çıxaran məsələlərdir. Dünyanın bir çox qabaqcıl ölkələrində bu yol gedilib”.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna III-I fəslin əlavə edilməsi də nəzərdə tutulur. Deputat bununla bağlı da vacib məqamların olduğunu diqqətə çatdırıb: “III-I fəsil “İnternet informasiya ehtiyatları” adlanır. Burada internet informasiya ehtiyatının yaradılması və uçotu, həmçinin internet informasiya ehtiyatında informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, həmin informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət məsələlərinə diqqət yetirilir. İlk növbədə “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadə qaydalarının, habelə domen adlarının reyestrinə daxil edilən məlumatların müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsidir. İkinci məsələ əslində bildiyimiz məsuliyyət növlərinin də qanuna daxil edilməsidir. Məsələn, biz hər zaman gileylənirik ki, müəyyən saytlarda rekvizitlər yoxdur, yaxud yanlış göstərilib. Əlavələr nəticəsində bu problem aradan qalxacaq. Digər məqama diqqət yetirək. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi üçün hansı fəaliyyət məhdudiyyətləri var? Bilirik ki, yayılması qadağan edilən informasiyalar var. Bu informasiyalar dünyanın bütün ölkələrində demək olar eyni təbiətə malikdir. Deyək ki, zorakılıq, dini ekstremizm, milli, irqi ədavət təbliğ edilməməlidir, dövlət sirri təşkil edən, təhqir və böhtan, şəxsi həyatın toxunulmazlığını pozan və sair bu qəbildən olan informasiyalar yayılmamalıdır. İndi məsələ bilavasitə qanuni müstəviyə daşınır. Qeyd edilənlər yalnız media üçün olan tələblər deyil. Ancaq iş belə gətirib ki, onlar internet medianın fəaliyyəti baxımından daha aktualdır. Qeyd etdiyim kimi, internet media, müxtəlif istiqamətli saytlardan daha geniş auditoriyaya hesablanır”.
Ə. Amaşov qeyd edib ki, qanun layihəsi internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə irəli sürülür.
“Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsinə gəlincə, MŞ sədri burada əsas məsələlərin internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılmasından, operatorların və provayderlərin vəzifələrinin dəqiqləşdirilməsindən, həmçinin telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət dairəsinin genişləndirilməsindən ibarət olduğunu vurğulayıb: “Bilirsiniz ki, ölkədə kibertəhlükəsizliyin təmin olunması, kiberhücumlara qarşı mübarizə aktual səciyyə daşımaqdadır. Bu dəyişiklik əslində həmin zərurətdən irəli gəlir. Bir daha bildirirəm ki, hər iki qanun layihəsi dövrün tələbindən irəli gəlir. Olduqca mütərəqqi mahiyyət daşıyır. Əlbəttə, müəyyən məqamları bir qədər də dəqiqləşdirmək mümkündür. Hesab edirəm ki, plenar iclasda layihələr daha geniş müzakirə olunacaq”.

APA

Martın 4-də növbəti TOEFL imtahanının keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və fevralın 28-dək davam edəcək. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək olar: http://tqdk.gov.az/exam/toefl/

Qeyd edək ki, bu il fevralın 18-də DİM-in binasında TOEFL imtahanı keçirilib. İmtahan təlimata uyğun təşkil olunub. 11 nəfərin iştirak etdiyi imtahanda iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün lazımi şərait yaradılıb.

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 15 fevral tarixli 2/3 nömrəli qərarına əsasən, 2017-ci il üçün AMEA-nın “Nəsirəddin Tusi”, “Həsən bəy Zərdabi”, “Akademik Üzeyir Hacıbəyli”, “Akademik Mirəsədulla Mirqasımov”, “Akademik Yusif Məmmədəliyev”, “Akademik Musa Əliyev” və “Abbasqulu ağa Bakıxanov” adına mükafatları üzrə müsabiqə elan olunur.

AMEA-dan bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirməkdir.

AMEA-nın adlı mükafatları öz əsasnamələrinə uyğun olaraq, müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

Mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, Akademiyanın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər 2017-ci il martın 17-dək AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502) təqdim edilməlidir:

-namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda irəli sürülmüş namizədin elmi fəaliyyəti haqqında ümumi məlumat, müsabiqəyə təqdim olunan elmi nailiyyətin elmi-praktiki əhəmiyyəti barədə əsaslandırılmış ətraflı məlumat əksini tapmalıdır);

-namizədin elmi əsərlərinin təsdiq olunmuş siyahısı;

-kadr uçotu üzrə şəxsi vərəqə;

-2 ədəd fotoşəkil (6×9 sm.);

-ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

-tərcümeyi-hal;

-şəxsiyyət vəsiqəsinin surəti;

-əlaqə telefonları.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə AMEA-nın adlı mükafatlarına namizəd kimi irəli sürülməsinə yol verilmir.

Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinə (Tel: 492-59-45; e-mail: eti@science.az) müraciət etmək olar.

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.
Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu Beynəlxalq Ana Dili Gününün yaranma tarixi haqda məlumat verib.
O həmçinin bildirib ki, İnstitutda “Monitorinq” şöbəsi yaradılıb. M. Nağısoylunun sözlərinə görə, İnstitutda fəaliyyət göstərən “qaynar xətt”ə daha çox ədəbi dil normalarının pozulması ilə bağlı zənglər daxil olur.
Direktor qeyd edib ki, sovet vaxtı ana dilində danışanlara xor baxırdılar: “Müstəqilliyimizi bərpa etdikdən sonra ana dilinə qayğı artmağa başlandı. Lakin bununla belə qloballaşma şəraitində dilimizə yeni-yeni sözlər daxil olur. Aleksandr Lapşin Belarusda həbs olunub, Azərbaycana ekstradisiya edilib. Lapşinin adının qarşısında “blogger” sözü yazılır. Biz bu cür sözlərin qarşılığını tapmalıyıq”.
M. Nağısoylu Orfoqrafiya lüğətinin təkmilləşdirilib yenidən çap olunacağını da vurğulayıb.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov isə deyib ki, Azərbaycan dili rus, fars, ərəb, yapon, ingilis və digər dünya dilləri ilə rəqabət aparmaq əzmindədir.
Öz növbəsində filologiya elmləri doktoru Əzizxan Tanrıverdi bildirib ki, Azərbaycan dili nə ərəb, nə fars, nə də rus dilinin təsirinə düşüb.
Konfrans çıxışlarla davam etdirilib.

APA

Xocalı soyqırımının 25 illiyi ilə bağlı İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova əslən Xocalıdan olan tədqiqatçı jurnalist, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı ilə görüşüb.
İşgüzar görüş zamanı qərara alınıb ki, Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi çərçivəsində çəkilmiş “Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli filim fevralın 22-də saat 14:00-da Ombudsman Aparatında nümayiş olunacaq.
Dövlət qurumlarında çalışanların, QHT təmsilçilərinin, ziyalıların tədbirdə iştirak edəcəyi gözlənilir.

Məkkə və Mədinə şəhərləri İslam tarixinin, mədəniyyətinin və mənəviyyatının beşiyidir
Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində yeddi günlük zəngin proqram və çoxsaylı görüşlərdən sonra, nəhayət, Ciddə şəhərinə və oradan müqəddəs Məkkə və Mədinə şəhərlərinə yola düşməli olduq. Əslində bu yerlərə getmək vaxtı yaxınlaşdıqda insanda qəribə bir həyəcan başlayır. Sanki çoxdandır görmədiyin sevdiyin biri ilə görüşə gedəcəksən, sanki illərdir görmədiyin, ruhunun dünyaya göz açdığı doğma kəndinə gedəcəksən. Belə səmimi hiss və həyəcanla da Ciddə şəhərinə yola düşdük. Sosialogiya insanın sosial münasibətlər prosesində əldə etdiyi keyfiyyətləri onun şəxsiyyəti kimi xarakterizə edir. Başqa sözlə, şəxsiyyət fərdin sosial münasibətlər nəticəsində əldə etdiyi davranışların, vərdişlərin, dərketmə və izahetmə keyfiyyətlərinin məcmusudur. Bu mühüm prosesdə əsaslı keyfiyyət fərqi yarada biləcək faktorlardan biri də din faktorudur. Din bizim düşüncələrimizə, dünyagörüşümüzə, alacağımız bu və ya digər qərarlarımıza, ictimai mühitdə davranışlarımıza, əxlaqi keyfiyyətlərimizə, bir sözlə, həyatımızın bütün sahələrinə təsir edən mühüm mənəvi vasitədir.
Dini kimliyimiz sosial kimliyimizdə əsaslı keyfiyyət dəyişikliyi yaradır
Məsələ ondadır ki, biz hələ erkən yaşlarımızdan dini kimliyimizi dərk etməyə başlayırıq. Bu ənənə bizə ailə böyüklərimiz vasitəsilə ötürülür. Azərbaycan ailə modelinin ən əsas səciyyəvi xüsusiyyətlərindən bir də odur ki, bu modeldə üç nəsil, baba-nənə, ata-ana və yeni nəsil, yəni uşaqlar bir yerdə yaşayır. Dinlə erkən tanışolma səbəbimiz də elə bununla bağlıdır. Çünki ətraf mühiti dərk etməyə başlayarkən ilk diqqətimizi çəkən, yaxud ilk müşahidə etdiyimiz məsələlərdən bir də nənələrimizin pıçıltı ilə söylədikləri dualardır. Bu maraqlı hadisə əvvəlcə bizi ovsunlayır, sonra qəribə bir maraq yaradır, daha sonra onu təqlid etməyə, ən sonda isə onu dərk etməyə çalışırıq. Bax dinlə aramızdakı gerçək ünsiyyət də elə buradan başlayır və ömrü boyu davam edir. Biz böyüdükcə bu ünsiyyət də böyüyür. Beləliklə dünyanı və özümüzü dərketmə prosesində din mühüm bir vasitəyə çevrilir. Obyektiv gerçəkliyi hər nə qədər idraki əsaslarda dərk etdiyimizi düşünsək də, amma burada mütləq dinin də rolu olur. Əgər bir qədər daha cəsarətlə ifadə etmək istəsək, obyektiv gerçəkliyi dinin eynəyi vasitəsilə gördüyümüz həqiqətini ifadə etməyimiz lazım gəlir, amma biz bunu etiraf etmirik. Çünki bunu özümüzə isbat etməkdə çətinlik çəkirik. Bu fəlsəfi analizi daha da dərinləşdirmədən ümumiləşdirmə aparsaq, söyləməliyik ki, hər bir müsəlmanın dünyagörüşünün formalaşmasında biz istəsək də, istəməsək də, mütləq dini mənsubiyyətimiz müəyyən qədər rol oynayır. Əlbəttə, başqa dinlərin daşıyıcıları üçün də mütləq mənsub olduqları din bu rolu oynayır. Dini mərkəzlərimizi, xüsusilə müqəddəs məkanlarımız olan Məkkə və Mədinəni ziyarət etmək arzumuzun əsasında da elə bu məsələlər dayanır. Məkkəyə getmək üçün ilk öncə Ər-Riyaddan cənuba doğru təyyarə ilə iki saatlıq məsafəni qət etmək lazımdır. Bundan sonra isə Məkkə yolçuluğuna təqribən bir saat avtobusla davam etmək lazım gəlir. Amma əgər Ümrə ziyarəti niyyətinizi Ciddədə etmisinizsə, bu, keçərlidir. Yox əgər Riyadda niyyət edib Ciddəyə gəlmisinizsə, bu zaman başqa məsələlər ortaya çıxır. Bu barədə bir az sonra…
Adəmlə Həvvanın qovuşduğu şəhər, yaxud mühüm mədəniyyət və tranzit mərkəzi
Ciddə şəhəri Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəridir. Bu şəhər özünün müasir infrastrukturu, Qırmızı dənizə açılan limanları, Məkkə və Mədinəyə gələn çoxsaylı zəvvarların mühüm tranzit məntəqəsi olmaqla bərabər, həm də böyük ticarət mərkəzidir. Ər-Riyaddan havalanan təyyarəmiz təqribən iki saatdan sonra Ciddə hava limanına eniş etdi. Bu tarixi şəhərdə yüksək qonaqpərvərliklə qarşılandıq və ən müasir tipdə inşa edilmiş hotelə yerləşdirildik. Səhər erkən Mədəniyyət və İnformasiya Nazirliyinin təmin etdiyi ehram adlandırılan xüsusi geyimimizi qurşanıb Məkkəyə yola düşəcəkdik. Bu zaman nazirliyin bizi müşahidə edəcək iki əməkdaşı arasında bir anlaşılmazlığın olduğu ortaya çıxdı. Sən demə, məsələ belə imiş. Riyaddan Ümrə ziyarəti üçün niyyət edib gələn zəvvarlar təqribən 150 km əks istiqamətdə olan bir məsciddə namaz qılıb sonra Məkkəyə getməli imiş ki, bu, doğrusu imiş. Ancaq bəzi zəvvarlar yol qısa olsun deyə elə Ciddədən birbaşa Məkkəyə yola düşürlərmiş. Əməkdaşlar da bunu bizə deyib deməməklə bağlı tərəddüd içində imişlər. Nəhayət, belə qərara gəlirlər ki, bu vacib şərti bizə bildirsinlər və qərarı biz verək. Əks təqdirdə bu işin babalı onlara aid olacaqmış. Doğrusu, müsəlman qardaşlarımızın bu dürüstlüyü bizi ürəkdən sevindirdi və biz heç düşünmədən əvvəlcə həmin məscidə gedib namaz qılmağa, yalnız bundan sonra Məkkəyə getməyə qərar verdik. Beləliklə Ümrə ziyarətimiz başlamış oldu. Bütün zəvvarlar kimi Məkkədə olmaq, Məscudil-haramda namaz qılmaq, müqəddəs Kəbəni tavab etmək, Səfa və Mərvə dağları arasında yeddi dəfə yürüş etmək xoşbəxtliyi bizə də nəsib oldu. Dövlətimizin, millətimizin rifahı, əminamanlığı, Qarabağımızın azad olunması üçün dualar etdik. Bütün müsəlman dünyasına sabitliyin və sülhün gəlməsini dilədik.
Məkkə şəhəri olduqca mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Bu şəhərin cəmisi üç yüz min əhalisi var. Şəhərin genişlənmə perspektivi, demək olar ki, yoxdur. Həcc ziyarəti zamanı bəzən sıxıntıların da yaşanması, görünür, bununla əlaqədardır. Ancaq buna baxmayaraq, çoxsaylı zəvvarları qarşılamaq üçün bu dar ərazidə hər cür şərait yaradılıb. Ziyarətin rahat keçməsi üçün mükəmməl infrastruktur formalaşdırılıb, yüksək səviyyəli hotellər inşa edilib. Səliqə-sahmana, nizam-intizama söz ola bilməz. Təmizliyə və gigiyenik məsələlərə xüsusi diqqət yetirilir. Bir sözlə, ibadət etmək, Həcc ziyarətini layiqincə yerinə yetirmək üçün bütün məsələlər nəzərə alınıb.
Yolumuz Mədinəyədir
Doğrusu, doqquz günlük səfərdən sonra Mədinəyə gedib-getməmək məsələsində bəzi tərəddüdlərimiz yaranmışdı. Çünki bir gün ərzində təqribən 450 km yol qət edərək Mədinəyə getməli, cəmisi bir neçə saatdan sonra da eyni məsafəni geri qayıtmalı idik ki, Ciddə-İstanbul təyyarəsinə geçikməyək. Ancaq bir də belə fürsətin ələ düşməyə biləcəyi həqiqətini bir daha bir-birimizə izah etdikdən sonra bütün qrup qəti qərarla Mədinəyə doğru yola düşdü.
Nazirlik çox rahat nəqliyyatla bizi təmin etmişdi. Mədinə şəhəri nisbətən düzənlik ərazidə yerləşir deyə bilərik, amma bu da tam olaraq belə deyil. Mədinənin ətrafını da dağlar sarıb, ancaq dağ deyəndə, bizim təsəvvürümüzdə olan dağları düşünmək lazım deyil. Bu dağlar, əslində çılpaq qayalıqlardan ibarət təpəciklərdir. Heç bir yaşıllıq olmadığına görə olduqca cansıxıcı görünürlər. Ancaq, əlbəttə, bütün bunlar Mədinəni görmək, Peyğəmbərimizin məzarını ziyarət etmək həyəcanını heç bir zərrə qədər də azaltmır. Ancaq, sadəcə, Peyğəmbərimizin məzarını ziyarət etmək niyyətilə Mədinəyə getmək dinə caiz deyildir. Çünki İslam Peyğəmbəri gələcəkdə bütpərəstliyə çevrilməsin deyə məzarının ziyarət edilməsini əsla istəməyib. Ona görə də Mədinəni ilkin İslamın yayıldığı, Peyğəmbərimizin hicrət etdiyi şəhər kimi ziyarət edirlər. Bizim də niyyətimiz elə bu idi.
İldə on iki milyon nüsxə Qurani-Kərim nəşr edərək onu müsəlman ölkələrinə pulsuz çatdıran nəhəng mətbəə
Mədinə şəhərində bizi ilk olaraq bu müəssisəyə apardılar. Nəşriyyatın direktoru bizi olduqca səmimi qarşıladı və bu nəhəng istehsal müəssisəsinin işi ilə həvəslə tanış etdi. Bəlli oldu ki, burada Qurani-Kərim 63 dildə nəşr edilir. Onların içərisində Azərbaycan dili də var. Nəşriyyatın bütün xərcləri Kral tərəfindən ödənilir. Müqəddəs kitaba hörmət əlaməti olaraq səhifələr xəttatlar tərəfindən əlyazması ilə yazılır və daha sonra plyonkaya köçürülür. Bundan sonra heç bir səhvə yol verilməsin deyə bir çox ölkədə olan hafizlərə rəy üçün göndərilir. Yalnız müsbət rəy gəldikdən sonra kütləvi nəşrə icazə verilir.
Oxucularımız üçün maraqlı ola biləcəyini nəzərə alaraq bu müəssisənin rəhbəri ilə aramızda olan iki söhbəti də yazıma əlavə etmək istəyirəm. Dostlarımızın birinin əlində təsbeh görən bu müdrik adam bizə bildirdi ki, bir zaman Londonda təhsil alarkən onun da əlində bir təsbeh olub. Bir ingilisin müsəlmanlar üçün təsbehin nəyi ifadə etdiyi sualına cavab axtararkən məlum olub ki, sən demə təsbeh çəkmək müsəlmanlar üçün əsla caiz deyilmiş. Çünki İslam Peyğəmbəri təsbeh çəkməyib. Tam əksinə, o dövrdə təsbehi xristiyanlar və yəhudilər çəkərlərmiş. Peyğəmbərimiz də deyibmiş ki, bir gün gələcək mənim ümmətim də təsbeh çəkəcək, xristiyanların bütün etdiklərini təkrar etməyə çalışacaqlar. Doğrusu, bu, mənim çox xoşuma gəldi və dərhal soruşdum ki, madam ki belədir, bəs nəyə görə müqəddəs Məkkənin hər yerində, lap elə Məscidil-haramın yanı-başında hamı təsbeh satır?.. Adam müdrikcəsinə gülümsəyib, bu xətadır deməklə kifayətləndi. Əlbəttə, uzaqdan gələn qonaqlarına bunun bir biznes olduğunu söyləyə bilməzdi. Bu müdrik adamın ikinci maraqlı söhbəti isə daha fəlsəfi idi. O dedi ki, mən ərəb olmayıb müsəlman olanlara, İslamı könüllü qəbul edən qeyri-ərəblərə həsəd aparıram və onların Cənnətə gedəcəyinə inanıram. Səbəbini soruşanda isə izah etdi ki, ərəb olub İslamı qəbul etmək o dövrün bir zərurəti idi. Çünki din bu coğrafiyada yaranmışdı və burada baş verən tarixi hadisələrin fonunda İslamı qəbul etmək bir növ məcburiyyətə çevrilmişdi. Ancaq sizlər isə bunu etməyə də bilərdiniz, lakin etmisiniz. Ona görə də bu, sizin üçün Allahın daha böyük bir lütfüdür. Əlbəttə, bu fikirləri qəbul etmək də olar, onunla mübahisə də etmək olar. Amma hər halda bu fikrin içərisində bir həqiqət payının olduğunu da inkar etmək olmaz. Elə bu söhbətin və bizə hədiyyə edilən müqəddəs kitabın yaratdığı xoş təəssüratla da bu gözəl nəşriyyat evindən ayrıldıq.
Uhud dağı və Uhud döyüşünün qəhrəmanları
Uhud döyüşü İslam tarixinin ən maraqlı səhifələrindən biridir. Bu döyüşdə İslam Peyğəmbəri şəxsən iştirak edib. Burada İslam mücahidləri məğlub olub, İslam Peyğəmbərinin əmisi Həmzə şəhid düşüb. Elə ziyarət etdiyimiz məkanlardan biri də başda həzrəti Həmzə olmaqla onun şəhid düşmüş silahdaşlarının dəfn edildiyi yerlər idi. Bu tarixi hadisənin baş verdiyi ərazinin yanında ziyarətçilərin ticarət etməsi üçün xüsusi bazar qurulub. Məşhur Mədinə xurmasının istənilən növünü burada tapmaq mümkündür. Amma məsələ ondadır ki, bu ölkədə xurmanın bir ümumi adı yoxdur. Çünki bu dadlı və doyumlu meyvə yeni yetişəndə bir adla, bir az dəyəndə başqa bir adla, tam yetişəndə yenə fərqli adla, qurudulanda tamamilə ayrı adla, hər növü fərqli bir adla adlandırıldığı üçün ümumiləşdirici bir ad yoxdur. Görünür, bu ölkədə alma, armud, nar, gilas, üzüm və s. meyvələr olmadığı üçün ad yaradıcılığı məharətlərini elə xurmanın üstündə sınayıblar. Amma ədalət naminə deyək ki, hər halda bu gözəl meyvəyə nə qədər ad qoysanız, buna dəyər. Ümumiyyətlə, baxmayaraq ki, ərəb dili samitlər dilidir, ancaq bu dilin sözyaratma qabiliyyəti həddindən artıq yüksəkdir. Bu dili çox yaxşı bilən səfirliyimizin əməkdaşlarından biri dedi ki, ərəb dili iki milyon söz yaratmaq potensialına malik dildir. Doğrusu, buna heyrətlənməmək mümkün deyil.
Məscidi-əl-Nəbi dünyanın ən böyük və ən gözəl məscididir
Başqa bir adı ilə Peyğəmbər Məscidi kimi tanıdığımız bu məscid sözün həqiqi mənasında heyrətedici dərəcədə böyükdür. Məscid Hicrətdən sonra Peyğəmbərimizin inşa etdiyi məsciddir. Elə İslam Peyğəmbərinin və onun çox yaxın silahdaşları həzrəti Əbubəkr və həzrəti Ömərin də məzarları bu məscidin içərisində yerləşir. Bu müqəddəs məkan böyük havalandırıcı qurğular və nəhəng çətirlərlə təchiz edilib. Gigiyena və təmizlik üçün hər cür şərait yaradılıb. Burada ibadət etmək bir ayrı məmnuniyyətdir. Ətrafda ən müasir hotellər mövcuddur. Mədinə əhli olduqca qonaqpərvərdir. Sizi əliaçıqlıqla və həvəslə xurma ilə ərəb qəhvəsinə qonaq edirlər. Amma dərhal da Mədinə qəhvəsinin daha yaxşı olduğunu söyləyirlər. Biz də bildirdik ki, doğrudan da ərəb qəhvəsi çox yaxşıdır, amma Mədinə qəhvəsi bir ayrı qəhvədir.
Diplomatlarımız əsl peşəkarlardır
Səudiyyə Ərəbistanında Azərbaycanın çox da böyük olmayan səfirliyi fəaliyyət göstərir. Amma buna baxmayaraq, hamısı əsl peşəkarlardır. Diplomat olmaq olduqca çətin və şərəfli bir işdir. Bu məsləkdə sizin səhv etmək haqqınız yoxdur. Çünki bir tək səhv dövlətlərarası münasibətlərə ciddi ziyan vura bilər. Başda hörmətli cənab səfirimiz Rasim Rzayev olmaqla elə bil ki, bu səfirliyin əməkdaşları xüsusi istedadlı səxslərdən ibarətdir. Rasim müəllim uzun illərdir diplomatik fəaliyyətlə məşğuldur və ərəb ölkələrində xüsusi iş təcrübəsi var. Ona görə də səfirliyimizin bu ölkədəki işi çox yüksək səviyyədə təşkil olunub. Müasir İnformasiya texnologiyalarının imkanlarından olduqca səmərəli istifadə edilir. Səudiyyə Ərəbistanında yaşayan azsaylı Azərbaycan diasporu ilə də iş çox diqqətlə koordinasiya edilir. Oradakı bütün azərbaycanlılar səfirliyimizin əməkdaşları ilə internet resurslarında yaradılmış ortaq dostluq qrupu üzərindən əlaqə saxlayırlar. Əgər xoşagəlməz bir hadisə baş verərsə, dərhal xəbərləşmə imkanına sahibdirlər. Elə Livan mənşəli bir erməninin Riyadda Ermənistanı təbliğ etmək cəhdinin qarşısı da həmyerlilərimizin və səfirliyimizin birgə səyi nəticəsində bərtərəf edilib. Doğrusu, diplomatlarımızdan bu qədər istiqanlılıq, bu qədər diqqət və qayğı, bu qədər səmimiyyət gözləmirdik. Onların peşəkarlıqları, dövlətimizi təmsil etmə səviyyələri, vətənpərvərlik və intellektual keyfiyyətləri hər birimizdə qürur hissi yaratdı. Səfərimizin bu qədər maraqlı, bu qədər dolğun və bu qədər səmərəli təşkil olunmasında səfirliyimizin çox böyük rolu oldu. Yazımın sonunda səfirliyimizin bütün əməkdaşlarına qrupumuz adından öz səmimi minnətdarlığımı çatdırıram. Sizləri tanımaq, Azərbaycan diplomatları ilə bu qədər yaxından tanış olmaq, onların yüksək intellekt və zəhmət tələb edən fəaliyyətini izləmək maraqlı və qürurverici idi.
Yazıma burada nöqtə qoyur, bir daha bu gözəl səfəri təşkil edənlərə ürəkdən minnətdarlığımı ifadə edirəm.
 
Hikmət Babaoğlu
Bakı–Ər-Riyad–Ciddə–Bakı

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli əlaqələrdən danışılıb, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sözügedən sahələrdə əməkdaşlığın ortaq köklərə mənsub xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməsi qeyd edilib və mədəni dəyərlərimizin qorunub saxlanılaraq gələcək nəsillərə ötürməsində misilsiz rol oynaması vurğulanıb. Bu baxımdan türk xalqlarının tarixi-mədəni miraslarının UNESCO-nun qeyri-maddi Mədəni İrsi siyahısına salınması sahəsində türkdilli ölkələrin birgə səyləri nəticəsində əldə edilən uğurlara toxunulub və TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Səfir Azərbaycanın cari ildə Astanada keçiriləcək “Astana Expo-2017” sərgisində ən gözəl pavilyonlardan birini yaradacağına inamını ifadə edib.

Həmçinin “Astana Expo-2017” sərgisi çərçivəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Cari ildə ölkəmizdə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı qazaxıstanlı turistlərin Azərbaycana rahat gəlmələri üçün müxtəlif turpaketlərin hazırlanacağı diqqətə çatdırılıb. Birgə turizm paketinin hazırlanması istiqamətində hər iki ölkənin turizm şirkətlərinin təşviq edilməsi üçün müvafiq qurumların əməkdaşlığa başlaması təklif edilib.

Sonra işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz turist səfərlərinin qarşısının alınması ilə bağlı müzakirələr edilib.

Dialoq.info portalı fəaliyyətində və görünüşündə yenilik etmək üçün loqo müsabiqəsi elan edir. İki mərhələdən ibarət olan müsabiqənin I mərhələsi fevral ayının 25-dək davam edəcək. Müsabiqənin I mərhələsində iştirakçılar forumu doldurub bizə göndərməlidir. II mərhələdə forum dolduran iştirakçılarla əlaqə saxlanılacaq, loqolar göndəriləcək və göndərilən loqolar 7 gün ərzində (25 fevral-4 mart tarixlərində) qiymətləndiriləcək, qalib elan ediləcək. Müsabiqənin qaliblərinə portalımız tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək. Form aşağıdakı kimdir :
https://docs.google.com/forms/d/1FilrND9_PC6n3d2qtNvmta-3fnjmF_cTg8nr_dQJGOc/edit

Bugün – 18 fevral Dahi azərbaycanlı şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi , Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa Vahidin Doğum Günüdür.

Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Muğla Universitetində Qənirə Paşayevanın “Vatan kokusu” kitabının imza mərasimi olub.

Muğla valisi, bələdiyyə sədrinin müavini, Muğla Sıtkı Kocaman Universitetinin rektoru, universitetin alimlərinin, tələbələrin, QHT və KİV rəsmilərinin iştirakı ilə keçirilən təqdimat və imza mərasimində türk millətinin gənc nəsilləri üçün kitabın önəmi xüsusi vurğulanıb.

İmza mərasimində iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa türklərinin öz vətənlərindən sürgününü qələmə aldığı “Vatan kokusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dağıq Qarabağ, Axısxa, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili Q.Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub, yaşamasından asılı olmayaraq hər bir türk ortaq tarixmizi yaxşı bilməli və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməlidir.

Fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıqla bağlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbirdə qurumun məsul əməkdaşları, regional mədəniyyət və turizm idarələrinin rəisləri, teatr-konsert müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, mütərəqqi adət və ənənələri özündə ehtiva edən Novruz bayramının bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacağını deyib. Bildirib ki, el bayramının böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı tərtib olunub, əlaqədar təşkilatlara və şəxslərə müvafiq tapşırıqlar verilib.

Nazir müavini söyləyib ki, ümumxalq şənliyi martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Bununla bağlı təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib: “Xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri görülür”.

Ədalət Vəliyev bayram mərasiminin ümumi ssenarisi, ayrı-ayrı məqamları barədə də məlumat verib. Bildirib ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Novruz personajları Kosa və Keçəl, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Qeyd olunub ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri orkestrləri, rəqs qrupları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.

Diqqətə çatdırılıb ki, Novruz şölənində bölgələrimizin mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək, bayram adət-ənənələri, xalça sənəti örnəklərimiz geniş təqdim olunacaq. O deyib: “Bu vaxta qədər bayram şənliyi çərçivəsində təşkil olunan Şərq bazarında ölkəmizin 30-35 rayonun stendləri qurulub, nümayiş etdirilirdi. Builki mərasimdə bütün rayonlarımız təmsil olunacaq, bu ilin yanvar ayından fəaliyyətə başlayan regional mədəniyyət və turizm idarələrinin stendləri qurulacaq. Həmin stendlərin qarşısında regional idarələrə daxil olan bütün rayonların adları əks olunacaq, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək”.

Martın 19-da günün sonunadək musiqi kollektivlərinin konsert proqramı təqdim edəcəyini bildirən Ədalət Vəliyev bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

AZƏRTAC

Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır.

Qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılmışlar.
Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Türkiyənin satirik jurnalı bağlanıb.

Türkiyənin məşhur “Qırqır” satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu. Sosial mediada bu karikatura böyük söz-söhbətə səbəb olmuşdu.

Jurnalı nəşr edən şirkət bu gün dərginin fəaliyyətinə son qoyulması və işçilərin redaksiyadan qovulması barədə açıqlama yayıb.

Açıqlamada o da qeyd olunur ki, sözügedən karikatura şirkətdən xəbərsiz son anda çapa verilib: “Bununla bağlı məhkəməyə müraciət olunacaq”.

Trend

XƏBƏR LENTİ