Bazar, Aprel 23, 2017
MÜSAHİBƏ

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadənin müsahibəsi:
– Kamran müəllim, 2017-ci ilin birinci rübünün yekunları cəmiyyətimizdə geniş müzakirə olunmaqdadır.Bu nəticələri haqqında nə deyə bilərsiniz?

Azərbaycanda 2015-2016-cı illərdə bütün sahələrdə başlayan dərin islahatlar dünyada baş verən böhran xarakterli proseslərə cavab idi. Artıq qısa müddətdə bu islahatların nə qədər səmərəli olduğunun şahidi olduq. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında qeyd olunan iqtisadiyyat sahəsində cari nəticələr və bu sahədə gələcək prioritetlərə nəzər yetirmək çox vacibdir.

Sənaye istehsalının və kənd təsərrüfatının inkişafı prioritet təşkil edən məsələlərdir və bu sahələrdə artıq müsbət nəticələr mövcuddur. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənaye sektoru 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Kənd təsərrüfatının inkişafı bir sıra səbəblərdən çox vacibdir. Bu sahəyə sərmayələrin yönəlməsi, sahibkarlara vergi imtiyazlarının verilməsi, istifadəsiz əkin torpaqlarının səmərəli istifadəsi, kənd sakinlərinin kütləvi şəkildə əmək fəaliyyətinə cəlb olunması, işsizliyin aradan qaldırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi məqsədləri təmin edir. Və bu prosesin müsbət nəticələrini biz artıq müşahidə edirik. Sənaye potensialı da güclənir, artıq bir necə sənaye parkı fəaliyyət göstərir və bu parkların nəzdində bir çox yeni və müasir istehsal tələblərinə cavab verən zavod və istehsalat sahələri açılıb. Bu yeni iş yerlərinin açılması ilə bərabər, xarici idxalı əvəzləşdirmək, Azərbaycanda istehsal olunan məhsullardan istifadə edərək digər hazır məhsulların istehsalını yaratmaq və rəqabətli mallarla Azərbaycanın ixrac potensialının genişləndirməklə xarici valyutanın ölkəyə axınını təmin etmək deməkdir.

– İnşaat sektorunun inkişafı da gündəmdə olan əsas məsələlərdən biridir. Sizcə, bu yöndə nə kimi addımlar atılır?

– Əlbəttə ki, mühüm və inkişafa ehtiyacı olan sahələrdən biri inşaat sektorudur. Çünki məhz bu sahə əmək resurslarını iri həcmdə fəaliyyətə cəlb edir, öz inkişafı ilə bərabər bir çox yanaşı sahələrinin artımına səbəb olur. Keçən il inşaat sektoruna yönələn sərmayələr əvvəlki illərə nisbətdə 20-30 % aşağı düşmüşdür və bu sahədə də operativ şəkildə atılan addımlar öz bəhrəsini verdi. Bu addımlardan ilk öncə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını qeyd etmək lazımdır. 2016-cı ilin axırında təsdiq edilən Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində ölkə vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı təbəqələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi bu Agentliyinin əsas hədəfləri kimi göstərilmişdir. Və tam əminliklə demək olar ki, bu hədəflər artıq realizə olunur, iki irimiqyaslı layihə Agentlik tərəfindən icra olunur, tikinti işləri başlayıb. Digər bir addım qəzalı vəziyyətdə olan binaların söküntüsü və bu evlərin yerində gözəl memarlıq üslubunda layihələndirilən hündürmərtəbəli evlərin inşaası proqramıdır. Bu proqram çərçivəsində artıq inşaat sektoruna əlavə sərmayə axını müşahidə olunur, 75 yeni binanın layihəsi hazırlanıb və tikinti işlərinə start verilib. Bu proqrama qatılan sahibkarlar gəlir əldə etmək imkanına nail olacaqlar ki, bu da gələcəkdə ümumi daxili sərmayələrin həcmini artıracaq. Ölkə başçısı qeyd edib ki nəticədə bu layihənin icrası Bakı şəhərinin simasını gözəlləşdirəcək, yararsız və qəzalı halda olan binaların sakinləri yeni təmir olunmuş evlərlə təmin olunacaqlar, yeni iş yerləri açılır. Bu addımlar ümumilikdə inşaat sektorunun dirçəlməsinə və gələcək inkişafına səbəb olacaq.

– Hazırda ölkəmizdə turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Görülən işlər perspektiv üçün nə vəd edir?

– Turizm sahəsindədə biz artıq keçən il atılan yeniliklərin bəhrəsinin şahidiyik. Bu sahənin inkişafı üçün Azərbaycanda hər bir şərait var idi. Yəni, yol, nəqliyyat, mehmanxana və digər infrastruktur imkanlar mövcud idi, yalnız turistlərin Azərbaycana axını istənilən səviyyədə deyildi. Ölkə başcısı bu sahəni şəxsi nəzarətinə götürməsindən sonra irəlləyiş baş verdi. Belə ki, “ASAN viza” sisteminin yaradılması ilə viza prosedurları sadələşdi, elektron viza sistemi tətbiq olundu. Nəticədə ölkəyə gələn xarici turistlərin sayı artıb və artmaqda davam edir. Bu həm bu sahədə fəaliyyət göstərən müəssisələrin gəlirlərinin, həm də ölkə büdcəsinə əlavə daxilolmaların artmasına gətirdi.

– Kamran müəllim, Azərbaycanın gələcək inkişafı üçün dövlət tərəfindən zəruri islahatlar həyata keçirilir. Bu islahatlar sosial-iqtisadi nailiyyətlərin davamlı olmasını nə dərəcədə şərtləndirir?

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindəiqtisadiyyatın bir sıra başqa sahələrindədə əldə olunmuş nailiyyətlər qeyd olundu: ixrac potensialının artması və valyuta ehtiyatlarının qorunması, vergi və gömrük sisteminində tətbiq olunan sistemli dəyişiklilər nəticəsində sahibkarlıq aktivliyinin artması, nəqliyyat sektorunda icra olunan yeni layihələr. Bu inkişafın davamlı və dayanıqlı olmasının vacibliyi ölkə başçısı tərəfindən xüsusilə vurğulandı.

Mən əminəm ki, ötən illərdə aparılan islahatların və iqtisadiyyatın restrukturizasiyası nəticəsində Azərbaycanın iqtisadiyyatının bütün sahələrində inkişaf templəri bundan sonra daha da artacaq. Bu da dövlətimizin ənənəvi olaraq sosialyönümlü siyasətini gücləndirərək, insanların rifahının artmasına gətirəcək.

yap.org.az

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi yeni bir layihə həyata keçirir. Layihə “Mən BANM-in müəllimiyəm” adlanır. Beləliklə, suallarımızı BANM-in Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova cavablandırır.

– Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?

– Müəllimlik peşəsini seçməyimin birinci səbəbi mənim müəllim ailəsində böyüməyim olub. Mənim babam Məhərrəm Sultan-zadə 1957-ci ildə Azərbaycan Respublikasının “əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Sonralar bu sənəti mənim anam davam etdirmiş və şübhəsiz ki, onların sayəsində mən də müəllimlik peşəsini sevmişəm. Müəllimlik elə peşədir ki, onun əməyindən bütün cəmiyyət bəhrələnir. Ulu öndərimiz Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”

– Bir az özünüz haqqında danışın.

– Mən 1995-ci ildə BDU-nun Mexanika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2002-ci ildə “Hilbert fəzasında operator-diferensial tənliklərin həll olunması haqqında” mövzusunda namizədlik dissertasiyasını AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışam. 1995-dən 2005-ci ilədək Bakı Dovlət Universitetində çalışmışam, 2004-dən 2013-cü ilədək Xəzər Universitetində işləmişəm, eyni zamanda ölkəmizin başqa ali və orta məktəblərində riyaziyyat fənnini ingilis dilində tədris etmişəm. 2011-ci ildə mən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pedaqoji fəaliyyətimə görə Fəxri Fərmanla təltif edilmişəm. Hazırda Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti vəzifəsində çalışıram. 2015-ci ildə SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayev tərəfindən mənə Fəxri Fərman verilmişdir.

– Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.

– Universitetdə oxuduğum illər ərzində mənim sevdiyim və hörmət etdiyim müəllimlərim çox olmuşdur. Ancaq riyaziyyat fənnini mənə sevdirən orta məktəb müəlliməm Zinçenko Natalya Grigoryevna olmuşdur.Hazırda ölkəmizdən uzaqda yaşamağına baxmayaraq, mən onunla əlaqəmi kəsmirəm. Bu gün bu səviyyəyə yüksəlməyimdə özümü orta və ali məktəb müəllimlərimə borclu hesab edirəm. Mən sevimli müəllimlərimi hər zaman böyük iftixar hissi ilə xatırlayıram.

– Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsünüz?

– Mən artıq 22 ildir ki, müəllim işləyirəm. Bu müddət ərzində çoxlu savadlı tələbələrim olmuşdur. Onlardan bəziləri mənimlə çiyin-çiyinə pedaqoji fəaliyyətlə məşğuldurlar. Bəziləri isə hal-hazırda həm bizim ölkəmizdə, həm də dünyanın müxtəlif ölkələrində çalışırlar. Əlbətdə ki, bu məni çox sevindirir.Mən hər bir savadli tələbənin gələcəyini parlaq görürəm.

– Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?

– Bizim Bakı Ali Neft Məktəbimiz bu qısa müddət ərzində ölkəmizdə böyük bir nüfuz qazanmışdır. Mən inanıram ki, gələcəkdə burada yeni ixtisaslar açılacaq, xarici ölkələrdən tələbələr təhsil alacaqlar. Bu gün BANM-nin tələbələri olan gənclərimiz 10 ildən sonra öz doğma ali məktəbində bir müəllim kimi fəaliyyət göstərəcəklər. Mən buna əminəm.

– Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

– Asudə vaxtım az olduğu üçün həmin vaxtı ailəmlə, övladlarımla keçirməyə çalışıram.

– Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?

– Bakı Ali Neft Məktəbinin ilk məzunu olmaq böyük bir şərəfdir. Mən bizim ilk məzunlarımıza ancaq uğurlar və işıqlı gələcək arzulayıram. Əminəm ki, BANM-nin məzunları onların harada çalışmaqlarından asılı olmayaraq təhsil aldığı tədris ocağının adını həmişə ucaldacaqlar!

Rusiya Federasiyası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ərəfəsində nüfuzlu “Mejdunarodnaya jizn” jurnalının saytında tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) müəllimi, RF Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Ülkər Mehdiyeva ilə müsahibə dərc edilib.

Ü.Mehdiyeva əvvəllər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) İnformasiya-Təhlil Mərkəzinin eksperti olub. 2015-ci ildə Rusiya Federasiyası ilə Azərbaycanın humanitar sahədə ikitərəfli əməkdaşlığı mövzusunda dissertasiya müdafiə edib.

Rus, ingilis, fransız, ispan, portuqal, alman, polyak, Çin və ərəb dillərində nəşr edilən “Mejdunarodnaya jizn” jurnalının təsisçisi Rusiya Xarici İşlər Nazirliyidir. Jurnalın Şurasına Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edir. Həmin müsahibəni təqdim edirik.

-Son vaxtlar biz maraqlı tendensiya müşahidə edirik – getdikcə daha çox Rusiyada təhsil almış gənc azərbaycanlı Vətənə qayıdır və burada yaxşı işlə təmin olunur. Sizcə, bu nə ilə bağlıdır?

-Azərbaycanda Rusiyada təhsili yüksək qiymətləndirirlər. Bu səbəbdən Rusiya ali məktəblərinin məzunları istər iri özəl şirkətlərdən, istərsə də dövlət strukturlarından daha tez dəvət alırlar. Bu prosesdə Azərbaycan rəhbərliyinin yürütdüyü düşünülmüş gənclər siyasəti az rol oynamır. MDU-nu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) və RF XİN-in Diplomatiya Akademiyasını bitirən dostlarımın çoxu bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır, Azərbaycanın ən böyük universitetlərində dərs deyirlər.

Biz hamımız uzun müddətdir Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəallarıyıq. Burada hamıya məlum olan bir həqiqəti mənimsəmişik: “Dünyanın harasında olursansa ol, öz xalqının layiqli nümayəndəsi ol”. Hazırda məhz gənclər təmsil etdikləri ölkənin imicini formalaşdırırlar, bu isə böyük məsuliyyətdir.

RAGB-ın təşkil etdiyi tədbirlərə rusiyalı gənclərin də qatıldığını qeyd etməyə bilmərəm. Zənnimcə, bu məsələ çox mühüm rol oynayır, çünki regionda iqtisadi əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi məsələləri Moskva və Bakı üçün nə qədər əhəmiyyətli olursa-olsun, müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rolu insan amili oynayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hər il rusiyalı tələbələrin və RF-nin gənclər təşkilatlarının nümayəndələrinin Azərbaycana səfəri həyata keçirilir. Ötən il M.V.Lomonosov adına MDU-nun, MDBMİ-nin və “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin tələbələri Azərbaycanda olublar.

-Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası uzun illərdir Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində birinci yeri tutur. Akademiya Azərbaycanın başqa ali məktəblərindən nə ilə seçilir?

-Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi sahəsində kadrlar hazırlayan az sayda ali təhsil ocaqlarından biridir. Belə bir faktı da qeyd etməliyəm ki, bu ali məktəbə daxil olan abituriyentlərin 70 faizdən çoxunu qəbul imtahanlarında maksimum mümkün olan 700 baldan 600-dən çox bal toplamış şəxslər təşkil edir.

Akademiya Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Sosial Müdafiə Fondu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kimi dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərir.

Azərbaycan Prezidenti yanında DİA Avrasiya Milli Akademiyalar, Dövlət İdarəçiliyi və Dövlət Qulluğu Təsisatları Assosiasiyasının üzvüdür, Rusiya, Qazaxıstan, Belarus və Türkiyənin bir sıra ali məktəbləri ilə əməkdaşlıq edir. Hazırda Akademiya BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycan Respublikasında dövlət qulluğu üzrə treninqlərə dəstək layihəsini həyata keçirir.

-Rusiyanın hansı ali məktəbləri və elmi strukturları ilə əməkdaşlıq həyata keçirilir?

-Azərbaycan Prezidenti yanında Akademiya Şimal-Qərb və Volqoqrad İdarəçilik institutları, Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə sıx əməkdaşlıq edir. Bu institutların direktorlarının Azərbaycana səfəri zamanı DİA-nın Böyük Elmi Şurasının xüsusi iclasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memoranduma görə, təcrübə mübadiləsi, Azərbaycan ilə Rusiyanın milli maraqlarına cavab verən birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

DİA-nın müəllimləri hər il Rusiyanın təşkil etdiyi beynəlxalq konfranslarda iştirak edirlər. Bundan əlavə, ali məktəbimizin professorlarından biri Beynəlxalq Lixaçov qiraətlərinin təşkilat komitəsinin üzvüdür.

-Siz Akademiyada zəmanəmizdə çox aktual olan ictimaiyyətlə əlaqələr (PR) fənnini tədris edirsiniz. Azərbaycanda PR-ın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

-Azərbaycanda PR-ın əhəmiyyətini başa düşürlər və Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönələn böyük işlər görürlər. “Baku” jurnalı imic yaradan ən müvəffəqiyyətli layihələrdən biridir. Onun birinci nömrəsinin təqdimatı 2007-ci ildə Moskvada keçirilib. Sonralar jurnalın ingilisdilli versiyası işıq üzü görüb, amma jurnal ilk dəfə məhz rus dilində nəşr edilib və bu da təsadüfi deyildir.

Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq yoluna qoyulub. Şübhəsiz ki, başlıca birləşdirici amillərdən biri rus dilidir. Azərbaycanda rus dilində təhsil tam saxlanılıb. Bundan əlavə, bizdə Cənubi Qafqazda ən çoxsaylı rus diasporu yaşayır, onun rəhbəri Mixail Zabelin artıq uzun illərdir Milli Məclisin deputatıdır.

Azərbaycanda birinci Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-prisinin mərhələ yarışının, Şahmat Olimpiadasının müvəffəqiyyətlə keçirilməsi sayəsində dünyanın informasiya məkanında Azərbaycan haqqında yazıların sayı artıb. Təkcə Rusiyanın “Astraxan 24” telekanalında Azərbaycanın turizm irsinin təbliği layihəsi çərçivəsində doqquz reportaj göstərilib. Artıq bu gün biz əminliklə deyə bilərik ki, turistlər üçün cəlbedici ölkə imicinin formalaşmasına yönəlmiş səylər öz bəhrəsini verir. Məsələn, nüfuzlu “CNN Money” nəşrinin versiyasına görə, Azərbaycan ötən il dünyada ən populyar turizm istiqamətləri siyahısında yer alıb.

Ölkənin bu istiqamətdə əldə etdiyi uğurlara baxmayaraq, PR sahəsi Azərbaycan üçün hələ yetərincə öyrənilməmiş sahədir. Buna görə də bu sahədə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Şübhəsiz ki, Rusiya təcrübəsi bizim üçün xüsusi maraq kəsb edir. Azərbaycan mass-mediasının nümayəndələri Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun və Rusiya Gənclər İttifaqının dəstəyi ilə ötən il sentyabrın 27-də “Şimal-Cənub” Politoloji Mərkəzinin təşkil etdiyi Gənc Jurnalistin Məktəbində iştirak ediblər. “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin və RF-nin başqa aparıcı informasiya məkanlarının nümayəndələri bir neçə gün ərzində Soçidə gənc jurnalistlər üçün treninqlər keçiriblər.

Əminəm ki, PR sahəsində mütəxəssislər beynəlxalq məkanda öz mövqelərini gücləndirmək istəyən hər bir ölkəyə lazımdır və Azərbaycan da istisna deyildir. Çünki qloballaşan dünyanın müasir gerçəkliklərində informasiyaya malik olmaq yetərli deyil, o, idarə olunmalıdır. Axı kütləvi informasiya vasitələri təsadüfən “hakimiyyətin dördüncü qolu” adlandırılmır.

AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamalla müsahibəni təqdim edirik:

– Salam, İlham müəllim! Necəsiniz, işlər necədir?

– Sağ olun, yaxşılıqdı. Arxada qoyduğumuz mart ayı bayramlarla əlamətdar aydı. Bu ay 8 Mart Beynəlxalq Qadınlar Günü, əsrlərdir ki, xalqımızın adət-ənənələrini özündə əks etdirən İlaxırçərşənbə, Novruz Bayramını qeyd etdik. Mart ayının eyni zamanda ölkəmizin teatr ictimaiyyəti üçün də xüsusi yeri var. 10 mart ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur. Beynəlxalq Teatr Günü də məhz bu aya – 27 mart tarixinə təsadüf edir. Bu günlərdə Cənab İlham Əliyev ölkəmizin teatr xadimlərinin mükafatlandırılması, təltif edilməsi ilə bağlı sərəncam imzaladı. Habelə, Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə teatr sahəsində çalışan müxtəlif şəxslər Fəxri fərman və “Fəxri mədəniyyət işçisi” döş nişanları ilə təltif olundu. Təltif olunanlar sırasında bizim sevimli teatrın da əməkdaşları var. Buna çox sevinirik. Bütün bunlar insanı yalnız ruhlandıra, daha böyük yaradıcılıq uğurlarına sövq edə bilər. Bu, həm də ümumilikdə, Azərbaycan mədəniyyətinə, Azərbaycan teatr sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu bizə, bizim sənətimizə verilən çox yüksək, ali qiymətdir.

– Dediniz ki, təltif olunanlar arasında Musiqili Teatrın nümayəndələri də var idi. Söhbət kimlərdən gedir?

– Azərbaycan Dövlət Musiqili Teatrının Baş baletmeysteri Zakir Ağayev hörmətli prezidentimizin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldü. Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Novruz Qartal və orkestr artisti Zakir Dadaşov “Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, teatrımızın quruluşçu rəssamı Nabat Səmədova isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Son dövrlərə qədər Musiqili Teatrda fəxri adı olan sənətçilər çox az idi. Məhz son 7-8 ildə teatrımızın bir çox əməkdaşı müxtəlif fəxri adlarla təltif olunublar. Buna görə şəxsən öz adımdan, həmkarlarım adından Prezidentimiz Cənab İlham Əliyevə, hörmətli nazirimiz Əbülfəs Qarayev başqa olmaqla Mədəniyyət və Turizm nazirliyinə minnətdarlığımı bildirirəm.

– Dediklərinizdən belə məlum olur ki, hər şey qaydasındadır…

– Şükür Allaha, hər şey əladır, hər şey yolundadır. Nədənsə narazı olmağa heç bir əsas, heç bir səbəb yoxdur. O insanın ki, əməyi qiymətləndirilir, ona dəyər verilir, onun kimdənsə inciməyə, narazı olmağa əsası, haqqı yoxdur. Bizim teatrda isə bu işlərə xüsusi önəm verilir. Hər kəs işinin, zəhmətinin dəyərini alır. Mən Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru olmaqla yanaşı, Xalq artistiyəm, “Şöhrət” ordeni ilə təltif olunmuşam, Prezident təqaüdçüsüyəm, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professoram. Xalq məni tanıyır, sevir. İstər dövlət, istər işlədiyim teatrın rəhbərliyi tərəfindən əməyim hər zaman qiymətləndirilir, həmişə özümə qarşı diqqət və qayğı hiss edirəm. Düşünürəm ki, bir sənət adamına göstərilən diqqət və qayğı həm də onun çevrəsinə, ailəsinə göstərilən diqqət və qayğıdır. Yaradana minnətdaram ki, mənə belə bir tale və təbii ki, belə bir kollektiv nəsib edib. Bizim Musiqili Teatrda böyük-kişik yeri həmişə gözlənilir, bilinir. Təbii ki, bu da rəhbərlikdən irəli gəlir.

– Hazırda Musiqili Teatrın repertuarındakı hansı tamaşalarda oynayırsınız?

– Musiqili Teatrın cari repertuarındakı bir sıra tamaşalarda baş rolları ifa edirəm. Dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyasında Mərcan bəyi oynayıram. Yeri gəlmişkən qeyd edim ki, Musiqili Teatrın əsası ötən əsrin əvvəllərində məhz bu dahiyanə səhnə əsəri ilə qoyulub. Daha sonra F. Sücəddinov və T. Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında İbad İbadoviç, R. Mirişli və M. Haqverdiyevin “Qısqanc ürəklər”ində Polkovnik Mikayıl, E. Sabitoğlu və C. Məmmədovun “www.ferzeli-kef.com”-unda Fərzəli, R. Mirişli və M. Haqverdiyevin “Amerikalı kürəkən”ində Orxan rollarını ifa edirəm. Bir-birindən maraqlı, yaddaqalan obrazlarla hər həftə ən azı bir dəfə tamaşaçıların qarşısına çıxmaq, onların alqışlarını qazanmaq… Aktyor üçün bundan böyük xoşbəxtlik ola bilərmi?

– Musiqili Teatrda rejissor kimi hazırladığınız tamaşalar varmı?

– Əlbəttə var! Məsələn, bayaq qeyd etdiyim R. Mirişli və M. Haqverdiyevin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu rejissoru mənəm. Tamaşadakı tərəf-müqabilim Azərbaycan Respublikasının Əməkdar artisti, hamının müğənni kimi tanıdığı, amma həm də gözəl aktrisalıq istedadına malik olan Almaz Ələsgərlidir. Bütün bunlarla yanaşı, bir sıra yeni layihələr də var ki, hazırda onların üzərində işləyirik.

-Bir qədər bu haqda danışardınız.

– Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasını hazırlamaq arzusundayam. Bu əsər illər öncə yazılsa da, orada günümüzlə səsləşən bir sıra məqamlar var. Əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım. Bilirsiniz heç vaxt köhnəlməyən, həmişə müasir olan əbədi mövzular var. Məsələn, tamah, var-dövlət hərisliyi, sevgi, məhəbbət… Bu mövzular bütün dövrlərdə müasirdi. Bildirim ki, quruluşçu rejissoru olacağım “Əliqulu evlənir” tamaşasının musiqisi Oqtay Rəcəbova məxsusdur. Mahnı mətnlərini gözəl şairimiz Baba Vəziroğlu qələmə alıb. Hazırda qızğın iş gedir, inanıram ki, bu səhnə əsəri də tamaşaçılarımızın ürəyincə olacaq.

– Qeyd etdiniz ki, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdirisiniz. Tələbələrinizdən Sizinlə birlikdə Musiqili Teatrda işləyən varmı?

– Bəli, var və bu mənim xoşbəxtliyimin daha bir sübutudur. Səməzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, vaxtı ilə “İlham” Miniatür Teatrında mənimlə birlikdə işləmiş Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva – sonradan Musiqili Teatra gəldilər – hamısı mənə doğma, əziz insanlardı. Sözün həqiqi mənasında mən xoşbəxt insanam ki, tələbələrimlə eyni səhnəni bölüşür, onlarla çiyin-çiyinə işləyirəm. Əlbəttə, bu şəraiti yaratdığına, istedadlı gənclərin teatrımıza cəlb olunmasına, onlara yüksək etimad göstərilməsinə, onlara arxa, dayaq olduğuna görə ilk növbədə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, bütün kollektivin sevimlisi, əziz dostum Əliqismət Lalayevə təşəkkür etmək istəyirəm. Ümumiyyətlə, Əliqismət Lalayev Musiqili Teatra direktor təyin olunandan sonra burada bir canlanma yaranıb. Təbii ki, bu barədə mətbuatda da kifayət qədər yazılır, kifayət qədər işıqlandırılır. Bu gün teatrın repertuarında olan Ü. Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, İ. Əfəndiyevin “Mənim günahım”, F. Əmirovun musiqiləri əsasında “999-cu gecə”, Elçinin “Baladadaşın toy hamamı”, Ə. Haqverdiyevin “kimdir müqəssir?”, O. Kazımi, R. Heydərin “Qızıl toy”, habelə rus bölməsində İ. Kalmanın “Silva”, R. Hacıyevin “Qafqazlı qardaşqızı”, M. Komulettinin “Fransızsayağı qarnir” və başqa səhnə əsərləri uğurla nümayiş olunur. Eyni zamanda Azərbaycan və rus dillərində bir sıra uşaq tamaşalarımız var ki, hər zaman uşaqlar böyük maraq içində və sevə-sevə izləyirlər. Teatrımız müxtəlif ölkələrdə keçirilən Beynəlxalq festivallarda uğurla iştirak edir, mükafatlar qazanır. Artıq Musiqili Teatr bir mayaka çevrilir. Hər şey göz qabağındadır, mənə elə gəlir ki, əlavə sözə ehtiyac yoxdur.

– Bu yaxınlarda Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərində Soltan bəy obrazında çıxış etdiniz.

– Bu da yeni bir layihə idi və inanıram ki, uğurlu alındı. Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov və Baş rejissor, Əməkdar incəsənət xadimi Hafis Quliyev məni dəvət etdi və mən də onların bu dəvətini məmnuniyyətlə qəbul elədim. Ümumiyyətlə, bunun özü də Azərbaycan teatrında yeni bir tendensiyadır və səhv etmirəmsə, bunun da əsası bizim teatrda qoyulub. Hələ 2011-ci ildə Əliqismət müəllimin təklifi ilə Musiqili Teatrda Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Qoqolun məşhur “Evlənmə” əsəri səhnələşdirildi. Həmin tamaşaya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisaları, Xalq artistləri Şükufə Yusupova, Məleykə Əsədova, Gənc Tamaşaçılar Teatrından Əməkdar artist Qurban İsmayılov dəvət olundular. Tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu və Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazandı. 2012-cü ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov J.B. Molyerin “Skapenin kələkləri” tamaşasında Arqat rolunu ifa etmək üçün dəvət olundu və həmin tamaşa hazırda da teatrımızın repertuarında uğurla nümayiş olunur. 2014-cü ildə isə Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkda artist Şövqi Hüseynov Üzeyir Hacıbəylinin əbədiyaşar “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasında iştirak etmək üçün dəvət olundu və Məşədi İbad rolunun ifasına görə “Zirvə” Mükafatını qazandı. Bu yaxınlarda teatrımızda premyerası keçirilən dünya şöhrətli bəstəkar Qara Qarayevin musiqiləri və Xalq yazıçısı İlyas Əfəndiyevin eyni adlı əsəri əsasında hazrlanan “Mənim günahım” pyesində yenə də Akademik Milli Dram Teatrından Xalq artisti Şükufə Yusupova və Əməkdar artist İlham Hüseynov uğurla çıxış etdilər. Bizim teatrın artistləri də mütəmadi olaraq Opera və Balet teatrına dəvət olunurlar. Bu teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərində hazırda mənimlə yanaşı, teatrımızın aktyorları – Əməkdar artist Ələkbər Əliyev və başqa bir tamaşada aktyor Ağaxan Şərifov da çıxış edirlər. Buna qədər isə teatrımızın gənc aktrisası Türkel Şabanova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunaraq çıxış etmişdi. Hazırda Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrında S. Ələsgərov və İ. Məlikzadənin “Toy olsun” əsərində məşq edir. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Opera və Balet Teatrının aparıcı solistləri sayılan Əməkdar artistlər İnara Babayeva, Fərid Əliyev, Afaq Abbasova, Ramil Qasımov da bizim Musiqili Teatrdan ora gediblər.

Əziz dostum Əliqismət Lalayev demişkən, yaşımızın bu vaxtında biz təkcə öz teatrımız barədə düşünməməliyik, nə iş görürüksə, Azərbaycan mədəniyyətinin, Azərbaycan teatrının inkişafı üçün etməliyik. Bizim xoşbəxtliyimiz Azərbaycan teatrının uğurlarındadır.

SİA

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının bu il 25 ili tamam olur. 1992-ci ildə, mərhum Turan Yazqanın gərgin əməyi sayəsində açılan Bakı Atatürk Liseyi ötən 25 il ərzində çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib. Bakı Atatürk Liseyinin 25 illik fəaliyyətinə nəzər salmaq üçün təhsil ocağının müdiri Hüseyin Dəmirəllə görüşüb söhbətləşmək qərarına gəldik. “OLAYLAR”-a verdiyi müsahibədə Hüseyin Dəmirəl Bakı Atatürk Liseyinin 25 illik fəaliyyətini qiymətləndirib və bundan sonra qarşıda duran vəzifələr barədə danışıb.

-Hüseyin bəy, bu il Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının 25 ili tamam olur. 25 il öncə, Sovetlərin yeni dağıldığı bir dönəmdə Azərbaycanda belə bir məktəb açmaq nə qədər çətin idi və buna necə nail olundu?

-Öncəlliklə onu qeyd edim ki, mərhum Turan Hocamız 1980-ci illərdən bəri bu prosesə hazırlıqlı idi və Atatürk kimi Sovetlərin dağılacağını öncədən görmüşdü. Hətta həmin dönəmdə Turan Hocamız müxtəlif vasitələrlə türk dünyasının aydınları ilə işbirliyində idi, onlarla müntəzəm olaraq görüşür, müzakirələr aparırdı. Dərc etdiyi jurnalları həmin insanlara göndərir, türk dünyası aydınları arasında əlaqələri genişləndirirdi. Sovetlər dağıldıqdan sonra Turan Hocamızın ilk işi Azərbaycana gəlmək oldu və burada bir kitabxana açdı. Sonradan isə Bakıda, hazırda 25 ilini yaşadığımız Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyini açdı.

-Belə bir məktəblər, liseylər yaratmaqda əsas məqsəd nə idi?

-Əsas məqsəd türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirmək, mədəni və iqtisadi inteqrasiyaya nail olmaq idi. Həmçinin vətəni, millətini sevən, müstəqil, analitik düşünə bilən gənclər yetişdirmək idi. Bu məqsədlə Turan Yazqan Hocamız 1992-ci ildən etibarən fərqli türk dövlətlərində məktəblər açmağa başladı. İlk açdığı məktəb də məhz Bakı Atatürk Liseyi oldu. Turan Yazqanın açmış olduğu digər məktəblər sırasında Bakı Atatürk Liseyinin xüsusi bir yeri vardı. Səhhəti imkan verdiyi müddətcə O, hər il Bakıda keçirilən məzuniyyət törənlərində iştirak etdi. Bakı Atatürk Liseyi onun üçün bir göz bəbəyi idi. Təsadüfi deyil ki, Turan Hocamız müntəzəm olaraq “bu məktəb mənim göz bəbəyimdir” deyirdi.

-Siz də müxtəlif illərdə fərqli ölkələrdə Turan Yazqanın açmış olduğu liseylərdə çalışmısınız. Onunla ilk tanışlığınız necə baş verdi və Turan Yazqanla bağlı hansı xatirələriniz var?

-1982-ci ildə yenicə müəllimlik fəaliyyətimə başlamışdım. Həmin illərdə Turan Yazqan Türk dünyası tarix dərgisi adlı bir dərgi nəşr edirdi. Həmin dərgidə professor Faruk Sümerin bir neçə nömrə ard-arda “Oğuzlar” məqaləsi işıq üzü gördü. Mən də həmin yazıları çox maraqla izləyirdim. Beləcə 1980-ci illərdən qiyabi olaraq Turan Hocamızı tanımağa başladım. Əyani şəkildə tanışlığımız isə 2010-cu ilə təsadüf etdi. Məni İstanbula çağıraraq “Oğlum, get Qazaxıstanda müəllimlik et. Sizə güvənirik. Yolunuz açıq olsun” dedi. Beləliklə, 2010-cu ildə Qazaxıstanın Qızıl Orda şəhərindəki Qorqud Ata Universitetinin nəzdində 1992-ci ildə Turan Hoca tərəfindən açılmış Qazax Türk Liseyində müəllimliyə başladım. Bundan başqa həmin il sözügedən universitetin nəzdində Vəqfin Türk dili və ədəbiyyatı fakultəsi açılmışdı

-Beləliklə, daha sıx-sıx təmaslarınız oldu

-Bəli. Hər il Turan Hocayla İstanbulda keçirilən uşaq şənliklərində görüşürdük. Bizimlə söhbətlər edər, tövsiyyələrini verərdi. Tədbirlər keçirilən zaman Turan Hoca bir-bir bütün stollara baş çəkər, hər kəslə söhbətləşərdi. Tədbirlərdən birində bizim əyləşdiyimiz stola yaxınlaşdı və təbii ki, biz də sayğı olaraq ayağa qalxdıq və bir daha özümüzü təqdim etdik. Həmin vaxt Turan Hocanın səhhəti o qədər də ürəkaçan deyildi. Bizimlə bir daha tanışlıqdan sonra əlimi çiynimə qoyub, Vəqfin təhsil müdiri Metin Kösəyə müraciət edərək “Mətin, sən hər zaman Qızıl Ordaya yaraşıqlı insanları göndərirsən” dedi. Təbii ki, Turan Hocanın bu fikirləri məndə bir məmnunluq yaratdı.

-Artıq bir neçə ildir ki, Turan Yazqan aramızda yoxdur. Bəs, günümüzdə Turan Yazqanın idelları, amalı nə dərəcədə yaşadılır və davam etdirilir?

-Əlimizdən gəldiyi qədər Turan Hocamızın ideallarını davam etdirməyə çalışırıq. Məlumdur ki, Turan Hocamız İsmayıl Qaspıralının yolunu seçmiş, onun yolunu davam etdirmişdi. İsmayıl Qaspıralı da çox mükəmməl bir pedoqoq olmuş və ilk dəfə İslam, türk aləmində qarışıq bir təhsil sistemini, yəni qız və oğlanların birgə təhsil almasını təklif edən şəxsiyyət olub. Biz də Turan Yazqanın yolunu davam etdirərək, onun yolunun davamçısı olaraq bu qarışıq təhsil sistemini davam etdiririk. Bu təhsil sisteminin mənası, anlamı dinə qarşı olmaq deyil. Bunun əsas məqsədi müstəqil düşünən insanlar yetişdirməkdir. İsmayıl Qaspıralı 35 il dərc etdiyi “Tərcüman” qəzetini bütün Türk dünyası, Orta Asiya respublikalarına yaydı və nəticə etibarilə orada insanlar arasında bir milli ruh, oyanış baş verdi. Eyni işi Turan Hocamız da Türk Dünyası Tarix dərgisi ilə davam etdirdi. Bu gün türk dünyasında milli fəaliyyətlər varsa, bunda İsmayıl Qaspıralı və Turan Yazqanın xidmətləri böyükdür. Amma təssüflər olsun ki, günümüzdə bu cür aydınlar yetişmir ki, bunun da səbəbi fətillahçı şəbəkənin bizi manqurtlaşdırmasıdır. Türk dünyasının ən böyük təhlükəsi fətullahçı qruplaşmadır. Bütün bunlara rəğmən günümüzdə Türk Dünyası Araşdırmalar Vəqfi olaraq Türkiyədə bəlli fəaliyyətlərimiz var. Bundan başqa Azərbaycan və Qırğızıstanda fəaliyyətlərimiz davam edir. Hər ay Türk Dünyası tarix və mədəniyyət dərgisi işıq üzü görür. Həmçinin dünya miqyasında elmi səviyyədə öz yeri və rolu olan Türk Dünyası Araşdırmaları Dərgisi 3 aydan bir çap edilir. Bundan başqa məlum olduğu kimi Azərbaycandakı İqtisad Universitetinin nəzdində Türk dünyası iqtisad fakultəsi, Bakı Atatürk Liseyi fəaliyyət göstərir. Həmçinin Qırğızıstanın Cəlilabad şəhərində iqtisad fakultəmiz mövcuddur. Hər il Türk Dünyası Araşdırmalar Vəqfi olaraq Sosial Elmlər Konqresi təşkil edirik və məlum olduğu kimi sonuncu konqres keçən il Bakıda baş tutdu. Bu il isə növbəti konqresi Qazaxıstanın Qızıl Orda şəhərində keçirməyi nəzərdə tuturuq. Konqresin təxminən sentyabr və ya oktyabr aylarında keçirilməsi planlaşdırılıb.

-25 il arxaya baxdığınızda Bakı Atatürk Liseyinin fəaliyyətini necə dəyərləndirirsiniz?

-Bu illər ərzində çox məhdud imkanlarla fəaliyyət göstərsək də, amma hər il liseydən məzun olan şagirdlərimizin 99, hətta bəzən 100 faizi belə ali məktəb tələbəsi adını qazanır. Bir müddət əvvəl liseyin ilk məzunu olmuş dostlarımızın biri ilə söhbətləşərkən bildirdi ki, həmin il cəmi 8 nəfər məzun ali məktəb tələbəsi adını qazanmışdı. Həmin ilk 8 məzunlların bir qismi bu gün böyük şirkətlərin ceosu (ikinci rəhbər şəxsi) və ya böyük şirkətləri olan insanlardır. Yəni işsiz qalan yoxdur. Bu da nəticə etibarilə onu deməyə əsas verir ki, deməli liseydə gənclərimizə yaxşı bir təhsil vermişik.

-Elə bu yüksək göstəricilərin nəticəsidirmi ki, valideynlər övladlarının məhz Bakı Atatürk Liseyində təhsil almasına üstünlük verirlər?

-Yüksək nailiyyətlərdən əlavə olaraq, biz şagirdlərimizi müstəqil düşüncəli, vətənini, millətini sevən, insanlara, ətraf mühitə sayğılı, məsuliyyətli biri kimi yetişdiririk. Həmçinin onların da digər türk xalqlarını sevməsi, onlarla əlaqələri inkişaf etdirməyə maraqlı olmaları üçün çalışırıq. Bir sözlə dürüst, güvəncli, adil, etik dəyərlərə önəm verən bir gəncliyin yetişməsini istəyirik. Yəni, ən yaxşıların olmasına çalışırıq və inanıram ki, buna da nail olacağıq. Və beləliklə, daha da irəliyə, uğurlu fəaliyyətlərə doğru gedəcəyik.

-Bəs, bundan sonrakı illərdə qarşıdakı hədəflər nələrdir?

-Mərhum ümummilli lider Heydər Əliyev zamanında Azərbaycan və Türkiyə dostluq-qardaşlıq əlaqələri ilə bağlı çox müdrik bir kəlam söyləyib. “Biz bir millət, iki dövlətik”. Ümummilli lider Heydər Əliyevin zamanında söyləmiş olduğu həmin müdrik kəlam bu gün əməldə öz təsdiqini tapıb. Günümüzdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir. Hər iki ölkənin siyasi rəhbərliyinin, prezidentlərinin fəaliyyətləri ölkələr arasında əlaqələri daha da inkişaf etdirir. Ancaq onu da etiraf etmək lazımdır ki, bu gün Azərbaycanla Türkiyə arasında olan bu cür yüksək səviyyəli münasibətlər digər türk respublikalar arasında yoxdur. Məsələn, Azərbaycan Türkiyə qədər Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanla yaxın deyil. Məqsədimiz bu ölkələr arasında da yaxınlıq yaratmaq, əlaqələri daha da inkişaf etdirməkdir. Ümumən götürəndə isə dünya çapında tanınan intelektual beyinlər yetişdirmək istəyirik.

-Sizə elə gəlmirmi ki, bu gün Türk dünyasına daxil olan ölkələr arasında istədiyimiz səviyyədə əlaqələrin mövcud olmamasının bir səbəbi də türk gəncliyinin bəlli şəxslər, kişilər tərəfindən təsir altına salınması, onlardan təhsil adı altında müəyyən maraqlar üçün istifadə edilməsidir?

-Tamamilə doğrudur. 25 il ərzində Fətullahçı terror qruplaşması türk dünyasının gənclərini manqurtlaşdırdı, onlardan təhsil vermək adı ilə öz şəxsi maraqları naminə istifadə etdi. Məhz Fətullahçı terror qruplaşmasının fəaliyyətinin nəticəsidir ki, türk dünyasının intellektual bir cameəsi yoxdur. Əvvəllərdə olduğu kimi şairimiz, yazarımız, düşüncə adamımız yetişmir. Bu hər yerdə belədir. Əgər Fətullahçı terror qruplaşması olmasa və gənclərimizi manqurtlaşdırmasaydı, Azərbaycan və Türk dünyasının qədəri, gələcəyi fərqli olacaqdı. Təəsüflər olsun ki, bu qruplaşma Türk dünyasının ən azı 50-100 ilini geri atdı. Bu gün türk aləmindən bir dənə dünyaca məşhur elm adamı çıxmır. Nədən? Çünki əsir olan beyin yeni bir şey öyrədə, yarada bilmir. Bizim fərqliliyimiz isə müstəqil düşünən insanlar yetişdirməkdir. Bizim maddi sıxıntılarımızın başlıca səbəblərindən biri də, Fətullahçı qruplaşmanın oyunlarıdır. Orta Asiya respublikalarındakı bir çox məktəblər məhz onların oyunlarının nəticəsi olaraq bağlandı. Türkiyə hökumətinin içərisinə daxil olmuş fətullahçılar gəlir qaynaqlarımızı əlimizdən aldılar. Şeytani bir örgüt olan bu qruplaşma bizə və Türk dünyasına böyük bir zərbə vurdu.

-Zaman-zaman liseylə bağlı müəyyən problemlər meydana çıxır, maddi sıxıntılar yaşanır. Hətta bəzən maddi sıxıntılar səbəbindən liseyin bağlanacağı da iddia edilir. Hazırda durum necədir və belə bir təhlükə gözlənilirmi?

-Azərbaycan və Türkiyə dövləti var olduqca bu məktəb bağlanmaz. Təbii ki, müəyyən sıxıntılarımız olacaq. Problemlər də bir qayda olaraq həll edilmək üçün ortaya çıxar. Hər kəsin, dəstəyi ilə meydana gələn irili-xırdalı problemlərin öhdəsindən gələcəyimizə inanıram. Bu arada fürsətdən istifadə edərək 25 il bizləri burada qonaq edən, bağrına basan Azərbaycan dövləti, xalqına, valideynlər, müəllimlər, şagirdlərimizə dərindən minnətdarlığımı ifadə edirəm.

-Bəs, Bakı Atatürk Liseyinin 25 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulurmu?

-25 illik yubiley ərəfəsində İsmayıl Qaspıralı və Turan Yazqanı anma məqsədli “Türk dünyasında dildə birlik” mövzusunda inşa yazı müsabiqəsi keçirməyi nəzərdə tuturuq. Müsabiqənin iki formada keçirilməsini hədəfləmişik. Yazılar həm Türkiyə, həm də Azərbaycan türkcəsi ilə təqdim ediləcək. Türkiyə türcəsi ilə olan yarışma Bakıdakı 3 türk okulu-Anadolu, Diyanət və Bakı Atatürk Lisesi şagirdləri arasında keçiriləcək. Azərbaycan türkcəsində olacaq yarışmada isə, bütün Azərbaycan məktəblərinin şagirdləri iştirak edə biləcək. Bunun üçün bütün məktəblərə yarışmada iştirak etmək üçün dəvət göndəriləcək. Müsabiqədə qalib olan 1, 2 və 3-cü yerlərin sahiblərinə mükafatlar veriləcək.

-Müsabiqəyə nə zaman start veriləcək?

-Biz müsabiqənin şərtlərini TİKA-ya təqdim etmişik. Onlar da öz növbəsində Ankaraya məlumat veriblər. Əgər təkliflərimiz dəstək görsə, aprelin ilk on günlüyündə müsabiqə barədə elan verəcəyik.

Olaylar.az


 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov CBC telekanalına müsahibə verib.

Həmin müsahibənin tərcümə olunmuş variantını oxucularına təqdim edirik:
-Salam, cənab Qurbanov. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Və ilk sualımızı vermək istərdik: 
Azərbaycan dəmir yollarının modernləşdirilməsi prosesində əsas istiqamətlər və prioritet işlər hansılardır?
-Azərbaycan dəmir yollarının ümumi uzunluğu təxminən 4000 kilometrdir. Bunlardan bir hissəsi stansiya yolları və s., digər hissəsi – uzunluğu 2 kilometrdən çox olan əsas, baş magistral yollardır. Bu yollar bizi Gürcüstan, Rusiya Federasiyası və İranla birləşdirir. Həmçinin Ermənistan istiqamətində olan yollar da mövcuddur. Bizə məxsus yolların bir hissəsi (söhbət Dağlıq Qarabağ ərazisindən keçən yollardan gedir) hazırda işğal altındadır. Ölkə ərazisindən “Yeni İpək yolu” adlandırdığımız “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri keçir. “Şərq-Qərb” dəhlizi – Çindən Qazaxıstanı, Xəzər dənizini, Azərbaycanı və Gürcüstanı keçərək Avropaya və yaxud Bakı-Tbilisi-Qars yolu vasitəsi ilə Türkiyəni, Bosfor boğazını keçərək Avropaya, Londona qədər uzanır. Digər dəhliz – “Şimal-Cənub” dəhlizi – Fars körfəzini Baltik dənizindəki Fin körfəzi ilə birləşdirir. Üçüncüsü – “Cənub-Qərb” nəqliyyat dəhlizi – İranın Bəndər-Abbas limanından başlayıb, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Baltikaya, Avropaya qədər uzanır. Təəssüflər olsun ki, yollarımız uzun zaman təmirsiz qalıb. Lakin, biz Dünya Bankından, Çexiyanın Kommersiya bankından, Fransa bankı tərəfindən 2 milyard dollar kredit cəlb edə bildik. Bunun sayəsində hazırda Gürcüstan istiqamətindəki yollar yenilənir, enerji təchizatı təmin olunur. Bu da 1000 km (500 km – Gürcüstan istiqamətində, 500 km – əks-istiqamətdə) yolun təmiri deməkdir. Əsas məqsəd – nəqliyyat dəhlizlərinin işini normal şəkildə təşkil etməkdir. Həmçinin, dəmir yollarında sürəti yüksəltmək lazımdır. Belə ki, 2015-ci ildə sürət olduqca aşağı idi. Hazırda isə biz qərb istiqamətində sürəti saatda 60 km-ə qədər yüksəldə bildik. Gələcəkdə də bu iş eyni qaydada davam etdiriləcəkdir. Bundan başqa, biz “ALSTOM” şirkətiylə 50 ədəd elektrik lokomotivin alınması üçün müqavilə imzaladıq. Eyni zamanda vaqon parkını da yeniləyirik: artıq 3100 vaqon alınıb, əlavə olaraq da 24 lokomotiv. Hazırda “Stadler” şirkətindən Bakı və Sumqayıt şəhərlərini birləşdirən 5 elektrik qatarı da almışıq.
-Cənab Qurbanov, cavabınızdan bəlli olur ki, əsas önəm beynəlxalq istiqamətlərə verilir.
-Əsasən elədir.
 
-Bəs ölkədaxili istiqamətlərdə yeni yolların tikintisi nəzərdə tutulurmu? Məsələn, Bakı vağzalını Heydər Əliyev adına Beynəlxalq hava limanıyla birləşdirən yeni dəmir yolu layihəsi kimi.
-Binə qəsəbəsi istiqamətində dəmiryol xəttimiz mövcuddur. Onu sadəcə bərpa edib, yeniləyib, hava limanı ərazisinə qədər uzatmaq lazımdır. Hava limanı rəhbərliyi Cahangir Əsgərovla bu işi razılaşdırmışıq, onlar bizə texniki şərtlər təqdim etdilər. Biz layihə üzərində işləyirik, sənədlər paketini hazırlayırıq. Bu cür dəmiryol xətti mütləq olmalıdır. Belə dəmiryol xətləri, dünyanın bir çox böyük şəhərlərində özünü təhlükəsizlik, rahatlıq baxımından tam doğruldur. Təkcə bu deyil. Vaxtı ilə dəmir yolları Şahdağ, Qəbələ kimi kurort zonalarına qədər uzanırdı. Bunu da gələcəkdə bərpa etməyi planlaşdırırıq.
 
-Siz sürətin saatda 60 km-ə qədər yüksəldilməsindən bəhs etdiniz. Bəs dəmir yolunun yük keçirmə qabiliyyəti nə dərəcədə yüksəlməkdədir?
-Vaxtı ilə Azərbaycan dəmir yollarının yük keçirmə qabiliyyəti 100 milyon ton təşkil edirdi. Bu sovet dönəmində idi. Hazırda isə yük axını azalıb. 2015-ci ildə bu göstərici təxminən 15 milyon, 2016-cı ildə
– 16 milyon ton təşkil edirdi, bu il isə, ümid edirik ki, bu göstərici 17 milyon tona qədər yüksələcəkdir. O ki qaldı sürət məsələsinə, bilirsiniz ki, Azərbaycan ərazisi bir o qədər də böyük sayılmaz – Bakıdan Gürcüstan sərhədinə yolun uzunluğu 500 km, İran sərhədinə – 313 km, Rusiya sərhədinə isə – 205 km təşkil edir. Buna görə sərnişin qatarları üçün saatda 160-200 km sürət bizi tam qane edəcəkdir. Bunun üçün də infrastruktur yaratmaq, yol təsərrüfatını yeniləmək lazımdır. Məsələn, yol təsərrüfatında 6 milyonluq şpal təsərrüfatı mövcuddur. Yalnız bir istiqamətdə 1000-ə yaxın yoldəyişən qurğu dəyişdirilməlidir. Bütün bunlar da böyük vəsait, zaman, insan əməyi tələb edir. Biz bu işləri görürük.
-Siz beynəlxalq maliyyə qurumlarının ayırdığı 2 milyard dollarlıq kredit haqqında bəhs etmişdiniz. Nə qədər vəsait artıq istifadə olunub?
– Bu vəsaitin 900 milyonu artıq istifadə olunub. Bir kreditin icrası 2019-cu ilin sonlarında bitir. Bu kredit ayrı-ayrı, lokal hissələrdən ibarətdir. Məsələn, bu ilin sonuna qədər biz yol bərpasının 80 faizini yerinə yetirməyi nəzərdə tuturuq.
-Cənab Qurbanov, bəs bu ilin xərcləri nə qədər olacaq?
-Bu il üçün hazırda smeta üzərində iş gedir. Bu smeta Nazirlər Kabineti yanında yaradılmış, baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyində olan komissiya tərəfindən təsdiqlənəcək. Biz smetanı hazırladıq və yalnız onun təsdiqindən sonra mən sizə konkret xərclərdən bəhs edə bilərəm. Məsələn, deyə bilərəm ki, dəmiryolçuların maaşlarında artım gözləniləndir.
 
-Biz daha əvvəl hərəkət heyəti haqqında danışmışdıq. Bu sahədə hansı yeniliklər gözlənilir? Məsələn, bu il alınması nəzərdə tutulan yeni vaqonlarının sayı haqqında nə deyə bilərsiniz?
-Bu işi üzərimizə götürdükdə, onun fəaliyyətinin Prezidentin siyasətinə uyğun olmadığını gördük. Ona görə də bütün sahələri yeniləməyə başladıq. Yeni məsləhətçilər dəvət etdik. Dünyanın ən məşhur dörd şirkətindən olan Deutsche Bahn, KPMG bizimlə məsləhətçi qismində çalışırlar. Biz yeni mühasibat sistemini işə saldıq. Eyni zamanda, biz hərəkət heyətini yeniləyirik. 18473 vaqonumuz, 330 elektrik lokomotivimiz var. Əvvəllər lokomotivlərin cəmi dördü ya beşi 10-15 illik, yəni nisbətən yeni hesab olunurdu, qalanı isə 30-40 ilin lokomotivləri idi. Hazırda isə yeni və təmir olunmuş köhnə lokomotivlər daha çoxdur. Məsələn, artıq əminliklə deyə bilərik ki, 20-25 milyon ton yük daşımaq qabiliyyətindəyik. Qürurverici amildir ki, artıq “Stadler” markalı qatarlarımız var. Artıq qatarlarımız saatda 100-120 km sürətlə gedə bilir. Bunlar hamısı yenilikdir, proqressdir.
-Sərnişinləri cəlb etmək, onların məhz Azərbaycan dəmir yollarından istifadə etmələri üçün daha nələr həyata keçirilir?
-Biz sərnişinləri necə cəlb edə bilərik? Məsələn, Gəncə istiqamətini götürək. Təyyarə ilə ora maksimum üç saata çatmaq olar, amma bunun üçün əvvəl hava limanına getmək lazım, gözləmək lazım, hava şəraiti uçuş üçün əlverişli də ola bilər, əlverişsiz də. Digər tərəfdən isə, şəhərin ortasında rahatca dəmiryol vağzalına daxil olub, bir dəqiqə belə gözləmədən, komfortlu qatara minib, üç saatdan sonra Gəncədə olursunuz. Wi-fi-nız var, istəsəniz gəzin, istəsəniz oturun, yatın, pəncərədən təbiəti seyr edin. Mən demirəm ki, təyyarə və ya avtobus pisdir. Sadəcə insan həmişə daha yaxşı və rahat şərait axtarır. Ona görə də gərək bu cür şərait yaradılsın. Biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək istəyirik. Hesab edirəm, bu ilin avqustunda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Buradan artıq Çindən gələn qatarlar keçəcək. Hava şəraitinin sərt olduğuna görə Türkiyədə bu layihə üzrə işlər bir qədər ləngiyib. Bu qış Qarsda az qala 47 dərəcə şaxta müşahidə olunub. Ümumiyyətlə, bu il qış çox sərt keçdi. Hazırda isə tuneldə 90 metrlik betonlama işi qalır.
 
-Lap az iş qalıb…
-Bəli, iki həftəlik. İki həftəyə bu işi bitirib, sonra da 4 km yol salınacaq. Bununla, demək olar ki, bütün işlər yekunlaşır. Bundan başqa, görmüşdünüz yəqin ki, bu yaxınlarda İrana gedən xəttin açılışı olub. Cənab Prezidentin tağşırığı ilə biz öz ərazimizdə 8,5 km dəmir yolu çəkdik, körpü tikdik, indi də İran tərəfinə öz ərazisində tikinti aparmaqda köməklik edirik. Hətta, Azərbaycan Dəmir Yolları İran tərəfində 1,5 km dəmiryol xəttini və 35 hektar ərazini 25 illik icarəyə aldı. Bunu bizim müştərilərə daha yaxşı şərait yaratmaq üçün etdik. Yüklər Azərbaycanda dayanmadan İran tərəfinə,
Azərbaycan Dəmir Yollarının xidmət göstərdiyi əraziyə ötürüləcək. Biz hamını ora öz biznesini, terminalları qurmağa dəvət edirik.
– “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mövzusuna toxunmuşkən, sərhəddəki Astara-Astara dəmir yolunun və dəmiryol körpüsünün tikintisi artıq bitib. Orada başqa nə işlər qalıb?
-Bəndər-Abbas dəniz limanından bizim sərhədimizə qədər yolun uzunluğu 2000 km təşkil edir. Bu yola daxil olan 167 km-lik Astara-Rəşt dəmiryol xəttinin tikintisi qalır. Hazırda cənab Prezidentin razılığı ilə kreditin verilməsi üzrə müqavilə işlənib hazırlanır. Çox güman ki, bu xəttin tikintisini biz İran tərəfi ilə birgə həyata keçirəcəyik. Bu tikinti isə 1 milyard dollar sərməyə tələb edir. Məbləğin yarısını İran höküməti ödəyəcək, qalan tikinti xərclərini isə Azərbaycanın verdiyi kredit hesabına maliyyələşdirmək planlaşdırılır. Həmçinin, bu bizə çoxdankı arzumuzu həyata keçirməyə – Naxçıvanı dəmir yolu vasitəsi ilə Azərbaycanın digər əraziləriylə birləşdirməyə imkan verəcək.
-Bilet satışlarında qiymət siyasətiniz haqqında nə deyə bilərsiniz? Bahalaşmanı gözləyək, yoxsa ucuzlaşmanı?
-Məsələ orasındadır ki, bu təkcə bizim istəklərimizlə olmur. Məsələn, əvvələr biz elektik enerjisi üçün 1.2 milyon ödəyirdiksə, indi bu rəqəm iki dəfə artaraq 2.5 milyon oldu. Amma biz yenə də çətinliklərin olduğunu başa düşürük, yüklərin tranzit qiymətlərini hökumətlə razılaşdırırıq. Tərəfdaşları cəlb etmək üçün tranzit qiymətlərini aşağı salmağa çalışırıq. Məsələn, Gürcüstan dəmir yolları ilə müqavilə imzalayaraq biz artıq vahid dəmir yolu kimi fəaliyyət göstəririk. Əməkdaşlıq haqqında razılığa gəlmişik. Hər iki tərəfə aid qatarlar 8 gün ərzində bir-birimizin ərazisində əlavə ödənişlər etmədən dayana bilər. Məsələn, tərəfdaşlarla razılığa gələrək biz türkmən neftinin, Qazaxıstan qazının qiymətlərini endiririk.
-Deməli, daha sərfəli şərait yarada bilirsiniz…
-Sumqayıta marşrut açılanda gündə bu marşrutdan 500 nəfər istifadə edirdisə, indi artıq 6000 sərnişin istifadə edir. Onu da nəzərə alaq ki, marşrut təkcə səhər və axşam işləyir, gündüzlər isə fəaliyyət göstərmir. O da ona görədir ki, bu yolla gündüz yük daşımaları həyata keçirməyə məcburuq. Bu vəziyyəti aradan qaldırmaq üçün biz dairəvi yolu yeniləməliyik. Hazırda dairəvi yolda intensiv işlər davam edir. Ümidvaram ki, yaxın gələcəkdə, üç-dörd ilə biz saatda 100-120 km sürətə çatacayıq.
 
-Hamını maraqlandıran suallardan biri də sürət qatarları ilə bağlıdır. Məsələn, Paris-Bordo, Madrid-Barselona marşrutlardakı kimi sürətli hərəkət Azərbaycan miqyasında mümkündürmü?
-Mən hesab edirəm ki, Bakıdan Qazaxa 500 km-lik yolu qatar 4 saat ərzində qət etməlidir. Bu mənim arzumdur. Ümid edirəm ki, nə vaxtsa bu olacaq. Bunun üçün bizim lazımi şəraitimiz mövcuddur. Əvvələr Bakıdan Sumqayıta qatarlarımız 2 saata çatırdısa, indi həmin yolu iki dayanacaqla 40 dəqiqəyə qət edə bilir. Biz ki bunu bacara bilmişik. Gəncə və yaxud Ağstafaya qədər isə təxminən 460 km yol var. Əgər qatarın orta sürəti saatda 120 km olarsa, yuxarıda qeyd etdiyimiz mümkün olacaq. Sadəcə infrastruktur yaratmaq lazımdır. İlk olaraq, dəmiryol xətti, daha sonra – kontakt şəbəkəsi, işarəvermə sistemi, təhlükəsizliyin təmin edilməsi, bir sözlə, əsas məsələləri həll etmək lazımdır. Xaricilər bunu necə etdilər? Onlar ayrı bir dəmir yolu tikib, sürət qatarlarını bu xəttə buraxıblar. Bu milyardlarla vəsait deməkdir. Biz isə bu ilin sonuna kimi Gəncə istiqamətində sürəti artırmağa çalışacayıq. Əlbəttə, saatda 300 km olması mümkün deyil, çünki yenə deyirəm, bu cür sürət üçün ayrı, hasarlanmış dəmiryol xətti olmalıdır.
-Cənab Qurbanov, xaricdəki aktivlərdən söhbət açmaq istərdim. Yaxın gələcəkdə Azərbaycan dəmir yolları xaricdə nəyisə almağı planlaşdırırmı?
-Hazırda bizim bu cür imkanımız yoxdur. Məsələn, Avstriya ildə 100 milyon tona yaxın yük daşımaq qabiliyyətindədir, biz – 16-17 milyon. Amma onlar təkcə öz ərazisində deyil, digər ölkələrdə də fəaliyyət göstərir, bir neçə şirkət açıblar, Konstansa limanının bir hissəsinə sahibdirlər. Dəmir yolu olaraq biz də, məsələn, Gürcüstandakı hansısa bir limanın hissəsini almaq istərdik. Nəqliyyat elə bir sahədir ki, fəaliyyət göstərdikcə gəlir də gətirir. Çinlə-Qazaxıstan sərhədindəki “Dostık” məntəqəsində nəsə əldə etmək olardı. Məsələn, Qazaxıstan tərəfi buraya 500 milyonluq sərmayə qoyub, terminal tikiblər. Gələcəkdə uyğun vəsaitimiz olarsa, əlbəttə, bunu da həyata keçirə bilərik.
-Və sonuncu sualımız: indi ölkədə aktiv şəkildə dövlət obyektlərinin özəlləşdirmə prosesi gedir. Azərbaycan dəmir yollarının özəlləşdirilməsi mümkün olacaqmı?
-Biz dövlət müəssəsi sayılırıq, səhmlərimiz dövlətə məxsusdur. Cəmiyyətimiz açıq deyil, biz onu satışa çıxara bilmərik. Amma respublika rəhbərliyi, cənab Prezident lazım bilsə, bu istiqamətdə addımlar atıla bilər. Gələcəkdə hesab edirik ki, sərnişin daşımalarını, lokomotiv xidmətini ayırıb kiçik holdinqlər yaratmaq olar. Onlar yenə də Azərbaycan dəmir yollarının tərkibində, lakin daha müstəqil fəaliyyət göstərə bilərlər. Digər tərəfdən, biz sərmayəçilərə həmişə açığıq, onlarla əməkdaşlıq etməyə hazırıq.
-Müsahibə verdiyiniz üçün bir daha təşəkkür edirəm. Sizə uğurlar arzulayırıq.
-Sağ olun. Sizə və telekanalınızın rəhbərliyinə minnətdarlığımı bildirirəm.
 Moderator.az

Milli Məclisin deputatı, Əfv Məsələləri Komissiyasının üzvü və ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin müsahibəsi:

– Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb. Komissiyanın müsbət rəy verdiyi 450 nəfərin içində adı mətbuatda daha çox hallanan şəxslər də varmı?

– Əvvəla səslənən 450 rəqəmi doğru deyil. Ümumiyyətlə, bu məsələdə rəqəmlərin öncədən açıqlanması düzgün yanaşma sayıla bilməz. Ona görə də komissiyanın neçə nəfər haqqında qərar qəbul etdiyini açıqlamayacağam. Eyni zamanda, adı mətbuatda hallanan şəxslərlə də bağlı hər hansı bir məlumatın verilməsinin də əleyhinəyəm. Bunun sadə səbəbi var, əfv sərəncamının imzalanması cənab Prezidentin səlahiyyətinə daxildir. Biz dövlət başçısına tövsiyə xarakterli siyahı təqdim edirik. Bu tövsiyə qəbul oluna da, olunmaya da bilər. Prezidentin müstəsna hüquqdur ki, istənilən şəxsi əfv etsin. Yəni, bu gün həbsdə olan hər hansı bir məhbusun əfv olunacağını öncədən açıqlasaq, onların sayı ilə bağlı rəqəm səsləndirsək, sərəncam imzalanandan sonra həmin adlar olmazsa və rəqəmlər düz gəlməzsə, o zaman onun məsuliyyətini kim üzərinə götürəcək? Bu mənada adları çəkməklə cəmiyyəti çaşdıra bilərik.

– İnsan Hüquqları üzrə Birgə İşçi Qrup Prezident yanında Əfv Məsələləri Komissiyasına siyahı təqdim edib, həmin siyahıda 27 nəfərin adı var. Siyahıda adı olanlara müsbət rəy verilibmi?

– Prezidenti yanında Əfv Məsələləri Komissiyası İnsan Hüquqları üzrə Birgə İşçi Qrupla çox sıx əməkdaşlıq edir. İşçi qrupun üzvlərindən bir neçəsi Əfv Məsələləri Komissiyasında da təmsil olunur. İşçi qrupun qaldırdığı məsələlərə komissiya həmişə konstruktiv yanaşıb. Biz İşçi qrupunun digər üzvləri, xüsusilə hüquq müdafiəçiləri ilə əməkdaşlığımızı davam etdiririk və hesab edirik ki, İşçi qrup Azərbaycanda insan haqları ilə bağlı hökumətlə dialoq platformasının önəmli və effektiv bir elementidir. Düşünürəm ki, bu baxımdan İşçi qrup özünü doğruldub və qrupun təklifləri Əfv Məsələləri Komissiyası tərəfindən daima nəzərə alınır.

– Əfv Məsələləri Komissiyasının iclasında bütün üzvlər iştirak edirmi?

– Əlbəttə, hamı iştirak edir. Üzrlü səbəblər istisna olmaqla, bütün üzvlər iclasa qatılırlar.

– Azərbaycanda hazırda qeyri-hökumət təşkilatlarının vəziyyəti necədir və 2017-ci ildə onları nə gözləyir?

– Ümid edirik ki, 2017-ci il qeyri-hökumət təşkilatları üçün daha rahat və rəvan keçəcək. Ötən il hökumət tərəfindən QHT-lərin qaldırdıqları bir neçə məsələ ilə əlaqədar müsbət addımlar atıldı. Xüsusilə də xarici qrantlarla bağlı qeydiyyat proseduru sadələşdirildi, “vahid pəncərə” sistemi tətbiqi edildi. Bütövlükdə xarici donorlarla bağlı hüquqi rejimin nəzərəçarpacaq dərəcədə sadələşdirilməsi onu deməyə əsas verir ki, bu il xarici donorların Azərbaycanda fəaliyyəti genişlənəcək. Dövlət hər zaman xarici donorların Azərbaycandakı fəalliyətinin şəffaf və hesabatlı olmasında maraqlı olub. Əsas tələb o olub ki, maliyyələşən layihələr, sərf edilən vəsaitlər açıq və şəffaf şəkildə həyata keçirilsin, hər hansı gizli məqsədlərə xərclənməsin, hesabatlılıq olsun, Azərbaycanın milli maraqlarını təhdid edə biləcək hərəkətlər olmasın. Dünyada istənilən ölkə daxildəki ictimai-siyasi sabitliyi qorumaq üçün tələb olunan tədbirləri həyata keçirir. Azərbaycanın da milli təhlükəsizliyinin təminatı baxımından müəyyən addımlar atması heç kimi narahat etməməlidir.

Digər tərəfdən ümid edirəm ki, bundan sonra xarici donorların fəaliyyətində təkrarlanma azalacaq və hökumətlə xarici donorlar arasında effektiv koordinasiya təmin olunacaq.

– Bəzi qeyri-hökumət təşkilatlarının rəhbərləri məhdudiyyətlərin qaldığını bildirirlər. Məhdudiyyətlər aradan qaldırılıbmı?

– “Vahid pəncərə” sisteminin tətbiqindən sonra hansı beynəlxalq təşkilat, fond müraciət edib ki, hökumət ona rədd cavabı versin? Hər halda məndə hələ ki, belə bir məlumat yoxdur. Düşünürəm ki, xarici donorlar dövlətin atdığı son müsbət addımlar əsasında ölkəmizdə fəaliyyətlərini tam şəkildə təşkil edə bilərlər.

Digər tərəfdən Azərbaycanda donorluq fəaliyyəti ilə məşğul olmaq istəyən qurumlara bundan əlavə təklif olunub ki, əgər onlar hüquqi prosedurları keçmək istəmirlərsə, istənilən qeyri-hökumət təşkilatına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vasitəsilə də dəstək verə və onların layihəsini maliyyələşdirə bilərlər. Yəni, şura özünün bank hesabını onların istifadəsinə verir, donor təşkilat vəsaiti şuranın hesabına köçürür, sonra şura həmin vəsaiti donorun müəyyən etdiyi resipientə köçürür. Bunu ona görə deyirəm ki, hamı üçün aydın olsun ki, dövlət xarici donorların şəffaf və aşkar fəaliyyətində maraqlıdır və bunun üçün bütün imkanlardan istifadə etməyə hazırdır.

– Ermənistan-Azərbaycan Sülh Platforması özünü doğruldurmu?

– Bildiyiniz kimi, bu platforma vətəndaş cəmiyyəti tərəfindən irəli sürülən yeni bir təşəbbüsdür. Düşünürəm ki, bu platforma münaqişəni həllinə kömək edə bilər. Uzun müddətdir ki, beynəlxalq təşkilatlar tələb edirdi ki, münaqişə tərəfləri arasında etimad mühiti yaradılsın. İnam və etimad mühiti yaradıldıqdan sonra müəyyən təmaslar olsun. Platforma bu baxımdan unikal imkandır. İndiyədək bu cür konkret missiyası olan qurum yaradılmayıb. Sülh Platforması əvvəlki təşəbbüslərdən daha çox onunla fərqlənir ki, burada münaqişənin ədalətli və mərhələli həlli ilə bağlı dəqiq prinsiplər və şərtlər müəyyənləşdirilib. Platforma münaqişənin 3 mərhələdə həllini doğru və mümkün hesab edir. 1-ci mərhələdə Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı 7 rayondan qeyd-şərtsiz çıxması təklif olunur. 2-ci mərhələdə həmin ərazilərə, o cümlədən Dağlıq Qarabağa, yəni Şuşaya, Xankəndinə və digər bölgələrə azərbaycanlılar qayıdır. Bu mərhələ başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında kommunikasiyalar bərpa olunur. 3-cü və sonuncu mərhələdə isə orada yaşayan ermənlilərlə azərbaycanlılar birlikdə Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyənləşdirirlər. Dağlıq Qarabağın hüquqi statusu uzun müddətdir, müzakirə olunur. Ermənistan bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Sülh Platformasının üzvləri Dağlıq Qarabağın Azərbaycanın tərkibində hüquqi statusunun müəyyənləşdirilməsinin ən doğru və ən təhlükəsiz variant hesab edirlər. Bu həm də beynəlxalq hüquq normalarına tam uyğundur. Helsinki Yekun Aktında qeyd olunur ki, xalqların öz müqəddaratını təyin etməsi hər hansı ölkənin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması hesabına ola bilməz. Sülh Platforması da bu cür mövqedən çıxış edir. Bu baxımdan platformaya maraq çoxdur, həm Ermənistan, həm də Azərbaycan tərəfdən bura qoşulanlar var. Eyni zamanda platformaya beynəlxalq təşkilatlar, xarici ölkə siyasətçiləri və vətəndaş cəmiyyəti fəalları tərəfindən də kifayət qədər diqqət və maraq müşahidə olunur. Platformanın işçı orqanı olan katibliyi fəaliyyət göstərir və hər iki tərəfdən təyin olunan həmkordinatorlar onun işini uğurla davam etdirilər. Səhv etmirəmsə, indiyə kimi platformaya qoşulanların və onu dəstəkləyənlərin sayı 60-ı keçib. Bu isə qısa müddət ərzində əldə olunan müsbət nəticə kimi qeyd oluna bilər. Cəmiyyətdə təəssüflər olsun ki, bir sıra şəxslər tərəfindən bilərəkdən və ya biməyərəkdən yanlış fikirlər ortalığa atılır, deyirlər ki, guya Sülh Platforması yaradılıb və işğal altında olan torpaqların qaytarılması istiqamətində iş görülmür. Bunlar yanlış fikirlərdir. Hər kəs problemin itkisiz həll edilməsinin tərəfdarıdır. Kim istəyər ki, övladı gənc yaşında həlak olsun, heç kəs istəməz. Eyni zamanda, kimsə də torpaqların Ermənistana verilməsini və ya uzun müddət işğal altında qalmasını da istəməz. Azərbaycanın güclü ordusu var, ordumuz öz işini görür və görəcək. İşğalçı ölkə Azərbaycanın ərazisindən çəkilməlidir, bunun başqa yolu yoxdur. Daimi sülhün əldə olunmasının yeganə yolu torpaqların işğaldan azad edilməsidir. İki ölkə arasında substantiv danışıqlar təxirəsalınmadan bərpa olunmalıdır. Əgər Ermənistan qeyri-kontruktiv mövqeyindən dönməyəcəksə, münaqişənin sülh və danışıqlar yolu ilə həllnə razılıq verməyəcəksə, o zaman Azərbaycanın güc tətbiq etməkdən başqa yolu qalmır. Cəmiyyətdə ümumi fikir bundan ibarətdir. Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupu və onun həmsədr öklələri bu reallığı dəqiq bilirlər. Ümid edirəm ki, bu reallıqdan çıxış edərək Ermənistan tezliklə danışıqlar masasına qayıdacaq və ya qaytarılacaq.

– Bəzi hallarda müharibə çağırışları olur. Bu, platformanın fəaliyyətinə necə təsir edir?

– Bunlar hazırkı durumdan qaynaqlanan hisslərdir və bu fikri səsləndirənləri başa düşmək olar. Çünki bir insanın doğma torpağı işğal altındadırsa, insanların hüquqları pozulursa, işğalçılıq siyasəti davam edirsə və vasitəçilər heç bir nəticəyə nail olmurlarsa, əlbəttə, bu kimi çağırışlar olacaq. Əlbəttə, biz xalq olaraq sülhün tərəfdarıyıq. Bu, o demək deyil ki, biz sülh istəyiriksə, Ermənistan istədiyini edə və ya danışıqları sonsuzluğa qədər uzada bilər. Aprel hadisələrindən sonra ölkədə müharibə çağırışlarının artması həm də beynəlxalq təşkilatlara bir mesajdır. İnsanları nə qədər aldatmaq, danışıqlar imitasiyası yaratmaq olar? Azərbaycan ictimaiyyəti ədalətli sülh istəyir, dədə-baba torpaqlarına qayıtmaq istəyir. Bu istək gec-tez həyata keçəcək və torpaqlarımız işğaldan azad ediləcək.

– Siz ATƏT Parlament Assambleyasının vitse-prezidentisiniz. ATƏT PA-nın Azərbaycanla münasibətləri necədir?

– ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq pozitiv istiqamətdə inkişaf edir. Bu müsbət tendensiya ilə yanaşı, etiraf etməliyəm ki, narazı qaldığım məqamlar da var. Hələ də ATƏT PA-da bəzi insanların Azərbaycana münasibəti təəssüf ki, birmənalı deyil. Onlar bəzən öz fəaliyyətlərini Azərbaycanı hədəfə almaq üzərində qurmağa çalışırlar. Azərbaycanla bağlı haqsız bəyanatların səsləndirilməsini doğru saymıram, bunun səbəbləri var. Azərbaycan həmişə dialoqa hazır olub. Biz istənilən məsələni dialoq çərçivəsində həll edə bilərik. Elə olub ki, bizə suallar ünvanlayıblar, biz də cavablandırmışıq, izahatımızı qəbul ediblər. Bəzən isə bu dialoqa və əməkdaşlığa mane olacaq addımlar atan və üzv ölkələrə selektiv yanaşanlar da var. Bu, yolverilməzdir. ATƏT-ə üzv ölkələrin bir çoxunda elə ciddi problemlər var ki… Həmin ölkələrdə istər insan haqları, istərsə də demokratik prinsiplərlə bağlı problemlər kifayət qədərdir. Amma bunların heç birinə assambleyanın insan hüquqları və demokratiya komitəsi və ya ATƏT-in digər aidiyyatı qurumları diqqət ayırmır. Bir neçə gün öncə, Hollandiyada türklərə qarşı aqressiyanın və qanunusuz hərəkətin şahidi olduq. Türkiyənin xarici işlər naziri ölkəyə buraxılmadı və digər naziri isə demək olar ki, Hollandiyadan deportasiya olundu. Burada sərbəst toplaşmaq azadlığı da məhdudlaşdırıldı. Hollandiya tərəfindən atılan addımlar demokratik prinsiplərə, beynəlxalq normalara və diplomatik münasibətlər haqqında Vyana konvensiyasına tam ziddir. Bütün bunlara reaksiya verildimi? Təəsüf ki, xeyr. Bu hadisə Türkiyədə və ya Azərbaycanda olsaydı, hansı reaksiyanı verərdilər? Dərhal bəyanatlar, qətnamələr və digər ittihamların şahidi olardıq. Ancaq biz bunu Hollandiyaya qarşı görmədik. Mən buna bənzər misalların sayını kifatət qədər artıra bilərəm. ATƏT məkanı və bütövlükdə beynəlxalq hüquq ikili yanaşmaların və standartların məngənəsində sıxılmaqda davam edir və bunların aradan qaldırılması istiqamətində hər hansı bir əhəmiyyətli addım atılmır. Bu bizi ciddi narahat etməlidir. Düşünürəm ki, ATƏT-də islahatlar həyata keçirilməli, konkret meyarlar müəyyənləşdirilməlidir. Yəni, hansısa ölkədə qanun pozuntusu varsa, adekvat münasibət bildirilməlidir. Biz görəndə ki, yalnız Azərbaycan hədəfə götürülüb, o zaman onların mövqeləri hətta haqlı olsalar belə, qıcıq və narahatçılıq yaradır. ATƏT-in 57 üzv ölkəsi var və onların hamısına bərabər və ədalətli münasibət sərgilənməlidir. Şəxsən mən, ATƏT PA-nın vitse-prezidenti olaraq indiyə kimi bu məsələni qaldırmışam və bundan sonra da səlahiyyətlərim çərçivəsində bu istiqamətdə işimi davam etdirəcəm.

– Azərbaycana qarşı xüsusi aksiyalar və kampaniyalar təşkil olunur. Rəsmi görüşlərdə bu məsələlərə toxunulurmu?

– Bununla bağlı rəsmi görüşlərdə hər hansə müzakirə aparılmır. Ancaq biz bilirik ki, həmin aksiyaları və kampaniyaları kimlər təşkil edir. Həmin aksiyaların təşkilatçıları erməni diasporu, erməni lobbilsidir. Onlar Avropa ilə Azərbaycanın münasibətlərini korlamaq və bundan öz maraqları naminə faydalanmaq istəyirlər. Onların əsas məqsədləri Azərbaycanda insan haqlarının pozulması haqqında dünyada süni rəy yaratmaqla ölkəmizi nüfuzdan salmaq, bununla da Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq və beləliklə Dağlıq Qarabağı Azərbaycandan qopartmaq üçün müəyyən zəmin hazırlamaqdan ibarətdir. Bu yaxınlarda “Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi”nin avropalı lobbiçilərin və bəzi dünya güclərinin Azərbaycan hökumətinə və dövlətinə qarşı yönəlmiş çoxillik, məkrli səylərini ifşa edən sensasion araşdırması da yuxarıda dadeyilənləri bir daha sübut edir. Ancaq bu çirkli və məkrli siyasəti həyata keçirtmək istəyənlər bilsinlər ki, Azərbaycan güclü dövlətdir və onun İlham Əliyev kimi güclü, qətiyyətli və iradəli prezidenti var. Ona görə də bu cəhdlərin və planların hamısı indiyədək olduğu kimi, bundan sonra da nəticəsiz qalacaq və iflasa uğrayacaq.

– Avropada son illər radikal meyllər və sağçı təmayüllər daha geniş vüsət alıb. Bunun ATƏT məkanında yer almasını necə şərh edərdiniz?

– Bu çox təhlükəli və qorxulu bir tendensiyadır. Biz Avropada bu gün faktik olaraq liberal dəyərlərin itirilməsini və aşınmasını müşahidə edirik. “Brexit”-dən sonra bu cür neqativ meyllər daha da güclənməyə başladı. Universal dəyərlər get-gedə öz əhəmiyyətini itirir. Demokratik prinsiplər “özgələrə” qarşı heç bir məna kəsb etmir. Məscidlərin qapadılması və Quranın qadağan edilməsi haqqında tezislər partiyaların və siyasətçilərin seçkiqabağı platformasının ana xəttini təşkil edir. Hətta hökumət başçıları birgəyaşayışın, multukulturalizmin və mədəniyyətlərarsı dilaoqun iflasa uğraması haqqında bəyanatlar verirlər. Bütün bunlar, xüsusilə, Almaniyada, Avstriyada, Fransada, Hollandiyada sağçı təmayülün, millətçiliyin və şovinzimingüclənməsi və seçkilərdə ciddi nəticələr əldə etməsi Avropanın gələcəyini və təhlükəsizlik arxitektirasını ciddi şəkildə zədələyir və dünyanı fəlakətə sürükləyir. Bunun qarşısı vaxtında alınmalı, yeni nəzəriyyələr və yanaşmalar işlənib hazırlanmalı və bütövlükdə II Dünya müharibəsinin səbəblərindən və dərslərindən düzgün nəticə çıxarılmalıdır. Əks halda bu cür meyllər yeni “exit”-lərin reallaşmasına, Avropa İttifaqınn parçalanmasına və bütövlükdə “qoca qitə”də müharibə və münaqişələrin yaranmasına səbəb ola bilər.

Report”

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçinin müsahibəsi

– Hər şeydən əvvəl yeni işinizdə uğurlar diləyirik.

– Təşəkkür edirəm.

– Müstəqilliyə gedən illərdən üzü bəri sizin Azərbaycanla yaxın münasibətləriniz var. Əslində siz təxminən 30 ilin mədəniyyət müşavirisiniz. O illərdən başlayaq.

– Çox sağ olun, 20 ildən çoxdur ki, dostluğumuz olduğuna görə mənim Bakıya bu təyinatımı təqdir edə biləcək vəziyyətdəsiniz. Türkiyə ilə Azərbaycan xalqları nə qədər eyni kökdən gələn millət olsalar da, çağdaş zamanlarını tamamilə ayrı yaşamış iki qardaş ölkədir. Bu, çox önəmli bir şeydir. Yəni çağdaş zamanda baş verən dəyişikliklər böyük dəyişikliklərdir. 1700-cü illərə qədər bəşəriyyət 10 qat dəyişdisə, 2000-ci illərə qədər 1000 qat dəyişdi, 2000-ci ildən bəri isə 10000 qat – daha sürətlə dəyişdi. Biz çağdaş zamanlarda sovet blokuna daxil olan toplumlarla fərqli sistemlərdə yaşadıq. Hamı bizim aramızdakı münasibətləri bildiyini deyir, ancaq bunlar zənn ediləndən çox o tərəfdə olan, dərin şəkildə araşdırılması lazım olan münasibətlərdir. İnsanlara elə gəlir ki, ora ilə bağlı hər şeyi bilirlər, ona görə də səthi yanaşırlar. Məsələn, mədəniyyət sahəsində Türkiyə-Azərbaycan münasibətlərini qarşılaşdıranda oxuyan-yazanlarımız deyirlər ki, sadəcə 3 hərf fərqimiz var, hər şeyi anlamaq çox asandır. Mən uzun illərdən bəri bu işlərin içindəyəm, ədəbi əlaqələr çərçivəsində Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə bir arpa boyu yol qət edə bilməmişik. Yəni, sovet zamanında da Türkiyədə Səməd Vurğun, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə tanınırdı, indi də onlardan daha çox yazar-şairin tanındığını deyə bilmirik. Digər tərəfdən, mən illərdən bəri çalışsam da, kiril əlifbasını 2 nəfərə öyrədə bilmişəm, heç kim öyrənmir. Təfərrüatları öyrənmədiyimizə görə, münasibətlərimizi dərinləşdirə bilmirik. Bu mənada, məsələn, Ramiz Rövşənin, Rəsul Rzanın şeirləri, Afaq Məsudun romanları Türkiyədəki ədəbi elitanın, Tomris Uyarı, Edip Cansevəri, Orxan Pamuku oxuyan dairələrin maraq dairəsinə daxil ola bilmir. Bir neçə ay əvvəl Bakıdakı çıxışımda da dedim ki, Azərbaycanda ciddi şəkildə türkiyəşünaslığın, Türkiyədə isə ciddi şəkildə azərbaycanşünaslığın inkişaf etdirilməsi lazımdır. Yəni, münasibətlərimizi dərinləşdirməyimiz lazımdır. Toyda-bayramdakı kimi bir araya gəlib yeyib-içməklə münasibətlərimizi dərinləşdirə bilmərik. Beynəlxalq münasibətlər çərçivəsində də vəziyyət eyni şəkildədir. Məsələn, bu gün Qarabağ probleminə dair kimi danışdırsanız, ümumi şəkildə danışar, ancaq prosesi işin əvvəlindən bəri izləyən geniş məlumatlı çox az mütəxəssis var. Azərbaycanda da Türkiyəni dərindən bilən çox az insan var. Biz ixtisaslaşmaya önəm verməliyik. Bu olmadan münasibətlərimizin dərinləşməsi çox da mümkün deyil. Mən əməyə, çalışmağa inanıram, hər şeyi öz axarına buraxmağın tərəfdarı deyiləm. “Karvan yolda düzülür” prinsipi mənə çox tərs gəlir, bunu Şərq bicliyi kimi dəyərləndirirəm. Karvan yolda düzülər, ancaq eyni zamanda karvan yolda darmadağın ola bilər. Münasibətlərimizin rasional təməldə inkişaf etdirilməsi lazımdır. Bu baxımdan mən turizmin mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Azərbaycanın 25 illik müstəqillik tarixinin şahidi kimi bunu deyə bilərəm ki, o vaxtlar Türkiyədən Azərbaycana investisiyalar və fikir layihələri gedirdi. Son 5 ildə isə Azərbaycandan Türkiyəyə ciddi sərmayə gəlir, indi Türkiyə iqtisadiyyatına birbaşa əcnəbi investisiyalar sahəsində Azərbaycan birinci yerdədir. Bu məsələ 20 il əvvəl hesab edilən bir şey deyildi. Bu sahələrdə müştərək və dinamik çalışma qrupları yaratmalıyıq. Azərbaycanın son illərdə idman və mədəniyyət sahəsində atdığı addımlar Bakını dünya şəhəri halına gətirdi. Türkiyənin turizm təcrübəsinin Azərbaycanda tətbiqinə ehtiyac olduğunu düşünürəm. Turizm baxımından Azərbaycanın Avropadakı türklərə də yönəlməsi lazımdır. Əminəm ki, uyğun şərtlər olsa, Avropaya gedən türk turistlərin yarısı Azərbaycana gedər. Təcrübələrimizi bölüşməklə birlikdə uyğun olan sahələrdə inteqrasiyaya da gedə bilərik.

– 2000-ci ilin mayında əsgərlikdən qayıtdığınız gün (deyəsən, evinizə baş çəkmədən) Rəsul Rzanın anadan olmasının 90-cı ilinə həsr edilmiş mərasimi idarə ediyinizi xatırlayıram. Azərbaycanla Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyətinizdən danışmağınızı xahiş edirəm.

– O vaxt biz Qərblə türk dünyası arasında münasibətlər yaratmağı hədəfləyən və Oljas Süleymenovun, Çingiz Aytmatovun da daxil olduğu Xəzər Forumunu yaradaraq Afaq Məsud, Zakir Fəxri və başqaları ilə birlikdə “Xəzər” dərgisini çıxarmağa başlamışdıq. Daha sonra Tərcümə Mərkəzi yaradıldı. O vaxt Xəzər Forumu Türkiyə ilə Azərbaycan arasında ədəbi-mədəni münasibətlərin inkişaf etdirilməsi üçün yeganə qapı idi, mən Türkiyə təmsilçisi idim. Bir çox toplantı təşkil etdik, sonra mən UNESCO Milli Komitəsində o işləri davam etdirdim. Əsl fəaliyyətim isə hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə başqanı olduğu dönəmdə geniş vüsət aldı. Mən bələdiyyənin baş mədəniyyət idarəsinin rəisi idim. Tayyib bəyin təlimatıyla biz mədəniyyət mövsümünün açılışını Azərbaycan dövlət simfonik orkestrinin ifa etdiyi “Qarabağ üvertürası” musiqi nömrəsiylə açdıq. Yəni, Tayyib bəy siyasi həyatının ilk işini Azərbaycan dövlət simfonik orkestri ilə yapdı. 1994-cü ildə Camal Rəşid Rey konsert salonunda. O şəraitdə keçirdiyimiz Azərbaycan mədəniyyət günləri böyük hadisə idi. On gün davam edən Azərbaycan mədəniyyət günləri 1956-cı ildə Moskvada keçirilmiş Azərbaycan mədəniyyət günlərindən müqayisə edilməz dərəcədə böyük idi. Rəhmətlik Tofiq İsmayılovla o vaxt tanış olub xeyli iş gördük. Hörmətli Ərdoğanın bələdiyyə başqanlığı dönəmində Azərbaycandan Türkiyəyə gəlib konsert verməyən heç bir ciddi sənətkar olmadı. Önəmli yazarların demək olar ki, hamısını buraya dəvət etdik. Təəssüf ki, Tayyib bəy bələdiyyə başqanlığından ayrılandan sonra bələdiyyədə bu işlər zəiflədi. Ondan sonra mənə Azərbaycan Yazarlar Birliyinin Türkiyə təmsilçiliyini verdilər. Ramiz Rövşənin, Rəsul Rzanın şeirlərini, Əbülfəz Elçibəyin çox önəmli məqalələrini Türkiyə türkcəsinə mən çevirmişdim. Elçibəyin intellektual şəxsiyyətinin başa düşülməsində “Yeni Türkiye” dərgisində çıxan o yazılarının böyük əhəmiyyəti oldu. Bu işlərdə Türkiyədə mənə professor Yavuz Akpınar uzun illərdən bəri yol göstərici oldu, çağdaş Azərbaycan haqqında mən Yavuz xocamdan çox şey öyrəndim. Rəşad Məcidin vasitəsilə oradakı gənc ədəbi nəsillə əlaqələrim inkişaf etdi. Rəşada çağdaş türk ədəbiyyatının çap olunduğu dərgiləri, kitabları göndərməyimin nəticəsində artıq Azərbaycanda 10-15 yazar-şair müasir türk ədəbiyyatının paradiqmalarıyla yazır. Onlar Yəhya Kamaldan Haydar Ərgülənə, Lalə Müldürə qədər olan ədəbi nəsilləri özlərinə örnək alırlar. Sağ olsunlar, Azərbaycanın bəzi TV kanalları da illərdən bəri mənə etibar edir, onlara müasir türk ədəbiyyatı və mədəniyyəti barədə şərhlər verirəm. Azərbaycanda qədim və postmodern mədəniyyəti bir arada tutan geniş mədəniyyət çətiri var. Ata-babalarımın azərbaycanlı olmasına görə, mənim oralarla çox güclü bağlarım var. Mənşəyimdən əlavə, mən Azərbaycan mədəniyyətini dünyanın önəmli miraslarından biri kimi görürəm. O mədəniyyət türk dünyasına öncüllük etmə gücünə malikdir. Azərbaycanı türk dünyasının çağdaş dəyərləriylə birləşdirə biləcək bir mərkəz kimi görürəm. İnşallah, mənim də o fəaliyyətlərdə yerim olar. Heydər Əliyevin dönəmində yaranan güclü dövlətçilik ənənələri və maddi imkanları Azərbaycana önəmli mövqe vermişdir. Səmərəli işlər görmək üçün yaxşı imkanlarımız olacağına inanıram.

– Münasibətlərin dərinləşdirilməsinin lüzumunu vurğulayırsınız. Azərbaycanın gənc və orta yaşlı ədəbi nəslinin Türkiyədə yaxşı tanınmamasından bəhs edilir. Bununla bağlı hansı planlarınız var?

– Onunla bağlı hazırlıqlarımız var. Son səfərimdə Anar bəylə, Rəşadla bu barədə geniş danışdıq. Azərbaycan yazarlarının əsərləri Türkiyədə parça-parça, damla-damla çap ediləndə sanki gözdən itib gedir. Bunu sistemə salmağımız lazımdır. Məsələn, bəzi nəşriyyatlar Azərbaycan ədəbiyyatı seriyası açmalıdır. Türkiyədə ideologiyalarını bir tərəfə qoyub, sırf ədəbi baxımdan yanaşmaları üçün bəzi nəşriyyatlarla görüşdüm, Azərbaycan ədəbiyyatını seriya şəklində çap etməyə isti baxırlar. Bakıda kitab mağazaları açmaq barədə düşünəcəyik. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türk Tanıtma Fondunun ciddi dəstəkləri var, Azərbaycan fondlarının ciddi dəstəkləri var. Biz fikir və düşüncə ilə menecmenti birləşdirməliyik. Siz də bilirsiniz ki, illərdən bəri TÜYAP beynəlxalq kitab yarmarkasında, məsələn, Makedoniya anılır, Azərbaycan isə yox. Niyə Azərbaycanın yazarı TÜYAP-ın şərəf qonağı olmasın? TÜYAP-dakı Azərbaycan stendi çox zəif olur. Bundan sonra mən hər iki tərəf üçün çalışacağam. Mənim Türkiyədə ideoloji mövqeyim yoxdur, görülən işlərin keyfiyyətinə baxaram. Ataol Bəhramoğlu da mənim yaxın dostumdur, İsmət Özəl də məni sevər. Ədəbiyyata və mədəniyyətə bitərəf gözlə baxmağı bacarmaq lazımdır. Yapılmış işlər aybesrqin görünən ucudur, görüləcək çox iş var. Bakıda işimə başlamazdan əvvəl mənə fikirlərimi bölüşmə imkanı yaratdığına görə, APA-ya təşəkkür edirəm. İnşallah, əməkdaşlığımız Azərbaycanda da, Türkiyədə də bundan sonra ən yaxşı şəkildə davam edər.

APA

 Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbəy Qasımzadənin APA-ya müsahibəsi

– Elbəy müəllim, Memarlar İttifaqının Azərbaycan memarlığının inkişafındakı yerini necə qiymətləndirirsiniz?

– Memarlar İttifaqı Azərbaycanın ən uzun tarixi olan ictimai təşkilatlarından biridir. Keçən ilin dekabrında ittifaqımızın 80 illiyi təntənəli şəkildə qeyd olundu. Möhtərəm  prezidentimiz İlham Əliyevin sərəncamları ilə 18 nəfər Azərbaycanın ən fəal memarları təltif olundular. Bu, əlbəttə, Azərbaycan memarlarının ölkəmizin bugünkü inkişafında tutduğu yerin yüksək qiymətləndirilməsidir. Başqa tərəfdən, bu bizim memarlara avansdır ki, gələcək fəaliyyətlərində Azərbaycan memarlıq sənətini yüksək səviyyədə saxlasınlar. Azərbaycanda memarlıq sənəti ən qədim sənət növlərindən biridir. İnsan özünü tanıdığı vaxtdan sığınacaq axtarıb. Bu da memarlıqdır. Memarlığın insanların həyatında çox böyük mənəvi təsiri var. Çünki memarlıq mühiti insanı tərbiyə edir. Eyni zamanda yaşayış yerinin rahat olması insanın səhhətinə müsbət təsir göstərir. Memarlıq həkimlik kimi bir şeydir. Memarın səhv etməyə ixtiyarı yoxdur. Azərbaycan memarlığı əsrlər boyu dünya səviyyəsində tanınıb. Bizim sənətkarlarımızın əsərləri Suriyada, İraqda, İranda, Orta Asiya ölkələrində, hətta Hindistanda var.

– Azərbaycan memarları iddia edirlər ki, Tac Mahalı Azərbaycan memarları tikib. Bu nə dərəcədə real faktdır?

– Əgər siz Tac Mahalın memarlığına baxsanız və onu Hindistanın başqa abidələri ilə müqayisə etsəniz, görərsiniz, onlara oxşamır. Yəni Hindistan memarlığı deyil. Bu, müsəlman memarlığıdır. Tac Mahalın elementlərini bizim Xan Sarayı ilə müqayisə etsəniz, məlum olacaq, tağların konturu, abrisi nə dərəcədə oxşardır. Bu, Təbriz məktəbidir. Düzdür, bunu deyəndə bizim hindistanlı həmkarlarımızın xoşuna gəlmir, amma onları alçaltmaq fikrində deyilik. Onlar öz fikirlərində qalsınlar, biz öz fikrimizdə.

Tac Mahalı təbrizli memar inşa edib

Tac Mahalı ustad Əli inşa edib. O, vaxtilə Təbrizdə çox məşhur memar olub. Cahan şah onu dəvət edib və rəhmətə getmiş həyat yoldaşı üçün həmin türbəni tikdirib. Əlbəttə, bunun sübut olunmağı böyük tədqiqat mövzusudur. Təəccüblənirəm ki, bizim alimlər indiyə qədər bununla məşğul olmayıblar. Amma hesab edirəm, bu barədə heç böyük mübahisəyə də girmək lazım deyil. Çünki Tac Mahal əsər olaraq durur, gəlib gedənlərə gözəl hissiyyat bəxş edir. Fərq etməz, onu hindistanlı usta tikib, ya azərbaycanlı.

– Yəni bu mənada ki, onsuz da həqiqət bizim tərəfimizdədir?

– Tac Mahalı görən adam başa düşür ki, bu müsəlman memarlığı abidəsidir. Yəni birbaşa Hindistana aid deyil. Dünya memarlığında da bu barədə böyük fikir fərqləri var. Avropa memarlıq nəzəriyyəsi ilə məşğul olanlar etiraf edirlər, Tac Mahal başqa Hindistan memarlıq abidəsinə oxşamır. Amma heç bir arqument olmasa da, hindlilər deyir, bu bizim memarlığımızdır. Onların sözündə də bir həqiqət var. Mən də hesab edirəm ki, abidə hansı torpaqda yaranıbsa, o torpağa məxsusdur. Biz Bakının mərkəz hissəsinə aşağı şəhər deyirik. Aşağı şəhərdə çoxlu təkrarolunmaz gözəl binalar var. O binaların memarları müxtəlif millətlərin nümayəndələri olublar. Məsələn, polyaklar, ruslar, italyanlar, almanlar. Amma mən hesab edirəm, bu Azərbaycan memarlığıdır. Çünki Azərbaycanda, bizim mühitdə yaranıb. Çox sağ olsunlar ki, o binaları yaradan insanlar da Bakının xüsusiyyətlərini nəzərə alıblar. Heç yadımdan çıxmaz, 1992-ci ildə Bakıya Fransanın ilk səfiri gəmişdi. O vaxt Bakının baş memarı vəzifəsində çalışırdım. Zəng vurdular ki, səfir sizinlə görüşmək istəyir.

Şəhidlər Xiyabanındakı məscidin və Mərkəzi Bankın binasının tikintisinə icazə verməmişdim

Dedi, sizinlə görüşməyimin bir səbəbi var: gecə aeroportdan gəlib şəhərə daxil olanda Bakı mənə Parisi xatırlatdı. Əlbəttə, həyəcanlandım. Bakı mənim üçün müqəddəsdir, amma bilirik, Paris dünyanın ən gözəl şəhərlərindən biridir, ona görə də ağlıma gəlməzdi ki, Bakını Parislə müqayisə edim.

– Memarlar İttifaqının binasını polşalı memar tikib…

– Bəli. Allah rəhmət eləsin, bu bina Bakı milyonçusu, dəyirman işləri ilə xüsusi məşğul olan Ağabala Quliyevin mülkü olub. Şəhərin mərkəzindəki məşhur dəyirman da onun olub. Mən ittifaqın idarə heyətinə həmkarlarım tərəfindən sədr seçiləndə dedim, Ağabala Quliyevin fotosunu tapmaq lazımdır. Çünki bura onun evidir, onun ruhu burdadır. Qoy inciməsin ki, bura mənim evimdir, mənim evimdə otururlar.

– Yəni halallıq olsun…

– Hə, qoy halallıq olsun. Şəklini tapdıq. Həmin şəkil milyonçunun Brüsseldəki ofisində çəkilib. Ağabala Quliyevin heç bir təhsili olmayıb. Orta molla məktəbini qurtarıb. Və təsəvvür edin, Brüsseldən bütün Rusiyaya dəyirman işinə aid ləvazimatların hamısını bu adam çatdırıb. Onun bacarığına görə Zeynalabdin Tağıyev “Şollar” su kəmərinin idarəçiliyini Ağabala Quliyeva tapşırıb. Bakıda bu cür saxlanılan ikinci belə bina yoxdur.

– Amma bərpaya ehtiyacı var…  

– Əlbəttə. Hətta böyük ehtiyacı var. 120 ildir tikilib, bircə dəfə 60-cı ildə təmir olunub. Vaxtilə, bu binada 11 ailə yaşayıb. Mən o insanlara hər zaman rəhmət oxuyuram. Görün, nə səviyyədə mədəni insanlar olublar ki, heç nəyə toxunmayıblar.

– Mənə elə gəldi, milyonçu mülkü olsa da, içəridə darısqallıq var…

– Bilirsiniz, o vaxt torpaq ucuz deyildi və qızıl pulla alınırdı. İndi iki hektar yer alırlar ki, 18 mərtəbəli bina tikəcəyəm. Baxanda o bina üçün iki hektar lazım deyil, 0,8 hektarda yaxşı yerləşir. Amma o dövrlə müqayisədə indi Bakıda torpaq havayıdır. Bakıda bazar qiymətində torpaq bahadır. Tikintiyə torpaq veriləndə, dövlət rüsumu var, sahibkar onu ödəyir, alır. Düzdür, başqasına satanda bazar qiymətinə satır. Mənim ana babam Ağa Abdulla Dadaşov Bakının varlı adamlarında biri olub. Şəhərdə 6-7 mülkü var idi. Sonuncu mülkü Bünyad Sərdarov küçəsində olub. Babam mənə danışırdı ki, bu torpağı Şəhər Dumasından 60 qızıl onluğa almışam. O vaxt qızılla alınan torpaqdan maksimum istifadə edirdilər ki, boş yer qalmasın.

– Babanızın mülkləri indi qohumlarınıza məxsusdur?

– Yox, babam rəhmətə gedəndən sonra yaşadığı mülkü veriblər başqa qonşulara. Müstəqillik dövründə deyirdilər, köhnə mülklər sahiblərinə qaytarılacaq. Mən o vaxt Bakı İcra Hakimiyyətində işləyirdim. Anam rəhmətlik dedi, sən orda işləyirsən, çalış, babanın mülklərinin geri qaytar. Dedim, babam mülklərini əldən verməzdi. İndiki verib, orda camaat yaşayır, mən camaata deyim, çıxın bayıra? Olmaz!

 

– Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov APA-ya müsahibəsində deyib ki, Opera və Balet Teatrının bərpası üçün bütün xərclər daxil olmaqla 100 milyon manata yaxın smeta hesablanıb. Bu, həddən artıq böyük məbləğ deyilmi?

– Bilirsiniz, səhv olan orada aparılacaq işlərin adlandırılmasıdır. Orda təmir yox, bərpa işləri aparılacaq. Bərpa işləri kvadratmetrlə aparılır. Məsələn, Memarlar İttifaqının bərpası haqqında söhbət gedəndə məni vahimə basır. Memarlar bunu öz pulu ilə edə bilməyəcəklər. Buna dövlətin dəstəyi lazımdır. İndiki vəziyyətdə bu binanın bərpa olunmasını səsləndirə bilmirəm. Başa düşürəm ki, bu düzgün deyil. Çünki dövlətin qarşısında daha vacib sosial problemlər dayanır. Biz gözləyə bilərik. Bu binanın həqiqi mənada restavrasiyası 12-15 milyon manata başa gələcək. Kiçik binadır. Bunu Opera və Balet Teatrı ilə müqayisə etmək olmaz. O bina heç olmasa buradan 6 dəfə böyükdür. Opera və Balet Teatrı təkcə divar, tavan, döşəmə deyil.

Memarlar İttifaqının bərpası haqqında söhbət gedəndə məni vahimə basır. Memarlar bunu öz pulu ilə edə bilməyəcəklər

Oradakı avadanlıq müasir tələblərə cavab vermir. Hamısı yenilənməlidir. Zalın quruluşu istənilən səviyyədə akustika effekti vermir. Demək istəyirəm, sizin səsləndirdiyiniz məbləğ o qədər də böyük deyil. Biz Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Mirzə Fətəli Axundov adına Milli Kitabxananın yenidənqurma layihəsini hazırladıq. Layihəyə əsasən binaya toxunulmayacaqdı, amma içərinin bütün avadanlığı, kitab saxlanan yerlər və s. dəyişəcəkdi. Məsələn, dünyanın heç bir kitabxanasında olmayan müasir texnika quraşdırılacaqdı. Həmin avadanlıqlar Yaponiya, Avstriyada, Belçikadan gəlməli idi. Səhv etmirsəmsə, onun smetası gəlib çıxdı 40 milyon manata. Belə bir qərara gəldilər ki, hələlik saxlanılsın.

– Son günlərin ən çox müzakirə edilən mövzusu: Mikayıl Müşfiqin abidəsinin dağıdılmasından necə xəbər tutdunuz?

– Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov mənə zəng vurdu ki, Müşfiqin abidəsi sökülüb, mətbuatdan da müraciət edirlər, necə edək? Dedim, yığışaq ora. Belə də oldu. Əslində, sizə deyim, həmin ərazidə aparılan işlər çox yaxşı işlərdir. Yadınızdadırsa, prospektlə gələndə abidə sağda qalırdı, sərt döngə var idi. İndi oranı düzəldəcəklər, normal dönmək mümkün olacaq. Bu yaxşı işi görə-görə, götürüb o boyda ziyanlı hərəkət ediblər. Heykəlin yerini dəyişmək olmazdı. Çünki elə yerlər var, oranı hamı tanıyır. Məsələn, “Gəl Müşfiqin heykəlinin yanında görüşək”, deyirsən. Şəhərdə əbədi qalmalı olan yerlər var. Əvvəllər, Füzuli küçəsində kiçik bazar var idi. Biz yaxınlıqda yaşayırdıq. Anam bir-iki manat verirdi, deyirdi, bazardan qatıq al, gətir. Onu söküb, aparıb yerinə “Şərq bazarı”nı tikdilər, işləmədi. Məsələn, Karl Marksın heykəli 20 ildir yoxdur, bu günə qədər camaat o yeri elə Karl Marks kimi tanıyır.

 

– Siz soruşdunuz ki, büstü niyə xəbərsiz götürüblər?

– İnşaatçılara sual verdim ki, siz ali təhsilli mühəndissiniz, eləmi? Deyirlər, bəli. Soruşuram, yaşlı adamsınız, bu birinci işiniz deyil. Yenə deyir, bəli. Bəs necə oldu bu səhvə yol verdiniz? Cavab verir ki, səriştəsizlikdir. Necə yəni səriştəsizlikdir? Siz ora yaxınlaşanda orda Müşfiqin adını oxumadınız? Bilmirsiniz, bu insanın nə qədər faciəvi taleyi olub?

“Prorab” kimdir? Müşfiqin heykəlinin götürülməsinə göstəriş verən cəzalanmalıdır

Dedim, bu səriştəsizlik yox, mədəniyyətsizlikdir. İbrahim müəllimə (Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev – C. Zeynallı) sual verirəm ki, siz hər gün buradan keçirsiniz. Bu abidə mikrorayonda yerləşmir ki, xəbərsiz olasınız. Şəhərin mərkəzindədir. Burdan keçəndə, hasarı görəndə, dayanıb soruşmadınız, ya bir adam göndərmədiniz ki, görün onlar orda nə qələt edirlər? Deyir, fikir verməmişik. Mən 12 il Bakının baş memarı olmuşam. Mənim icazəm olmadan, heç kim divara mıx da vura bilməzdi. Bir adam gəlib burda iki daşı üst-üstə qoysun, 18 nəfər gələcək ki, nə edirsən, kimsən, haralısan, kağızın var? Mən də bu millətin oğluyam, bunu demək ağırdır, amma deməliyəm: mədəniyyət səviyyəmiz çox aşağıdır. Şübhə etmirəm ki, cənab prezidentin sərt reaksiyasından sonra mütləq kimisə cəzalandıracaq.

– “Azəravtoyol” bir nəfəri işdən çıxarıb, iki nəfərə isə töhmət verilib…

– Kimə? “Prorab”a? Onlar canlarını qurtarmaq üçün etdilər. “Prorab” kimdir? Kim göstəriş veribsə, o cəzalanmalıdır.

– “Azəravtoyol”un sədri Saleh Məmmədovla danışmısınız?

– Yox, müavini ilə danışmışam. Səriştəsizlikdir deyən elə müavin idi. Dedim, xətrinizə dəyməsin, bu, mədəniyyətsizlikdir.

– Elbəy müəllim, Avropa şəhərləri ilə Bakını müqayisə edəndə bizim şəhər birrəngli  görünür. Şəhəri maraqlı edən həm də rəngli binalarıdır. Mütəxəssis kimi bu məsələ haqqında nə düşünürsünüz?

– Bu məsələdə sizinlə razı deyiləm. Çünki Avropanın qədim şəhərlərinin əksəriyyəti birrəngli şəhərlərdir. Bu təbii materialdan asılıdır. Məsələn, Parisdə, Romada, Praqada binalar bizim əhəng daşına oxşar daşdan tikilib. Onlar da boz rəngdədir. Sadəcə, sonradan suvanır, rənglənir və bu gün gördüyümüz mənzərə yaranır. Bizdə də bir vaxtlar suvaqlı binalar olub. Məsələn, “beşmərtəbə” suvaqlı idi və rənglənirdi. Yaxud Filarmoniya və onunla üzbəüz qırmızı bina indi də rənglənir.

 

– O iki bina görün şəhərə nə qədər rəng qatır. Amma bu cür binalar bir əlin barmaqlarının sayı qədər azdır…

– Altı-yeddi il qabaq şəhərdə bu cür binaların əksəriyyətini üzlük daşı ilə örtdülər. Hüseyn Cavid prospektində Mikayıl Hüseynovun çox gözəl qoşa binaları var. Onların alt mərtəbəsi üzlük daşı ilə üzlənib, yuxarısı isə suvaqla rənglənib. Sizə deyim, bu məsələ təkcə memarlardan asılı deyil.

12 il Bakının baş memarı olmuşam. Mənim icazəm olmadan, heç kim divara mıx da vura bilməzdi

İdarəetmə orqanlarından asılıdır. Bizim ərazi rəhbərləri əlvan boyalardan qorxurlar. Bu da mədəniyyət səviyyəsindən asılı olan şeydir. Bakıda əlbəttə, rəngli binalar olmalıdır. Sadəcə, binalar üzlük daşı ilə örtülüb və onlara suvaq vurub rəngləmək düzgün deyil.

– Heydər Əliyev prospektində son illərdə bir neçə inzibati bina tikilib. Ən çox diqqət çəkən SOCAR-ın binasıdır. Memar gözündən o bina necə görünür?

– Həmin bina tam müasir memarlıq üslubundadır. Ümumiyyətlə, düşünürəm ki, memarlıq yarandığı dövrə məxsus olmalıdır. Düzdür, bizim indiki zamanımızda da qədim üslublu binalar tikilir. Təəssüflər olsun, çox vaxt həmin üslubların əsas prinsipləri pozulur. Bu, bir qədər retro memarlıq formasıdır. Məncə, belə olmamalıdır. Müasir dövrdə tikilən binalar müasir olmalıdır. Ona görə mən hesab edirəm ki, SOCAR-ın binası kifayət qədər cəlbedicidir. Onun yanındakı “Azərsu”nun binasının müəlliflərindən biri də mənəm. Ümumiyyətlə, Heydər Əliyev prospektinin bugünkü inkişafı məni sevindirir. Yadımdadır, vaxtilə oradan keçəndə daş hasarlar görürdük. Hasarların da arxasında istehsalat sexləri yerləşirdi. Əlbəttə, şəhərə daxil olan insanların təsəvvürü ondan başlamamalı idi. Bakının ilkin baş planına əsaslanaraq həmin zonanın köçürülməsi nəzərdə tutulurdu, amma heç kim cürət edə bilmirdi. Çox sağ olsun cənab prezident ki, bu addımı atdı.

– Yəqin xatırlayırsınız, ötən il Slavyan Universitetində rektor dəyişikliyi oldu. Universitetin yeni rəhbəri Nurlana Əliyeva fasaddakı 50 illik mozaikaları sökdürüb daş şəbəkə vurdurdu. Əsası da belə oldu ki, mozaikanı bu qədər şişirtməyin mənası yoxdur,  o sənət əsəri kimi böyük əhəmiyyət kəsb etmir. Bu nə dərəcədə məntiqli yanaşmadır?

– Mən razı deyiləm. Qalmaqalda mənə də müraciət etmişdilər. Memarlar İttifaqının katibi İlqar Bəylərovu onlara təhkim etmişdim ki, məsləhətlər versin. Məsləhət olmuşdu, həmin fresko və mozaikalar qalsın. Tarixdən bizə miras qalan binalara bir qədər diqqətlə yanaşmaq lazımdır. Mən hətta fikirləşirdim ki, Şəhriyar adına Mədəniyyət Mərkəzinin üstündəki köhnə yazılar qalmalı idi. İndi orda müstəqil Azərbaycanın gerbi var. Yanvarda Moskvaya getmişdim. Gördüm, onlar çalışırlar sovet dövründən qalan binaları necə var, o cür saxlasınlar. Bu o demək deyil ki, müstəqil atributları yoxdur. Onlar da hər yerdə müasir Rusiyanın gerbini qoya bilərdilər.

Şəhriyar adına Mədəniyyət Mərkəzinin üstündəki köhnə yazılar qalmalı idi

Amma yəqin ki, onları düşündürən gələcək nəsillərin dövr haqqında təsəvvürünü saxlamaqdır. Çünki memarlıq ölkənin, xalqın tarixdir. Məncə, bunları mümkün dərəcədə saxlamaq lazımdır.

– Səhv etmirəmsə, Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binada kiril əlifbası ilə olan yazı saxlanılır. Bundan başqa şəhərin mərkəzində inqilabçıların yaşadığı binalardakı barelyeflər də sökülməyib…

– Toxunmaq olmaz. Bir çox inqilabçıların məzarları Fəxri xiyabandadır. SSRİ dövründə partiya xadimləri, Mərkəzi Komitənin katibləri Fəxri xiyabanda dəfn olunurdular. Nə edək, hamısını məzarını götürək? Bu, ölkənin tarixidir. Azərbaycan böyük tarix yaşayan ölkədir. Onsuz da düşmənlərimiz deyir, bunlar millət, insan olmayıblar. Biz də tariximi dağıdaq və deyək ki, tariximiz olmayıb?

 

– Nəriman Nərimanovun heykəli haqqında nə düşünürsünüz?

– Heykəllərin götürülmə prosesi 90-cı illərin əvvəlində başladı. Müstəqillik uğrunda hərəkat başlayanda bir çox heykəllər götürüldü. Məsələn, Şaumyanın, Fioletovun. O vaxt Bakı İcra Hakimiyyətinin Toponimika Komissiyası vardı. Sədri Bəxtiyar Vahabzadə, müavini mən idim. Şaumyanın, Leninin heykəli haqqında danışanda, heç kim etiraz etmirdi. Edə də bilməzdi. Onlar getməli idilər. Müstəqil Azərbaycanın Hökumət Evinin qarşısında Leninin, Dağüstü parkda Kirovun heykəli ola bilməzdi. Günlərin birində söhbət gəldi çatdı Əzizbəyovun və Nərimanovun heykəlinin üstünə. Açığı, Əzizbəyovun heykəlinin qalmasını mən müdafiə etdim. Dedim, Əzizbəyov azərbaycanlı ilk ali təhsilli neftçi-mühəndisdir. Və bilmək olmaz ki, Əzizbəyov “26-lar”ın içində olmasaydı, azərbaycanlı qurbanların sayı nə qədər olacaqdı. Çünki o, bir çox şeylərin qarşısını alırdı. Tarixə qısa müddətdə qiymət vermək olmaz.

Bəxtiyar Vahabzadə ilə aramızda böyük mübahisə olmuşdu

Nərimanovun müdafiəsinə Sabir Rüstəmxanlı qalxdı. Bu hadisə olub Xalq Cəbhəsinin dövründə. Elçibəy də prezident idi. Sabir Rüstəmxanlı sual verdi ki, Nərimanov sizə nə edib? Komissiyanın üzvlərinin bir çoxu cəbhəçi idi. Qayıdıb dedilər, Zəngəzuru verib. Sabir də cavab verdi ki, onda Elçibəyi asmaq lazımdır, onun da vaxtında torpaqlar gedib. Elçibəy də prezidentdir, oturub orda. Mən o vaxt dedim sən kişi adamsan, qoymadın. Sonra Əzizbəyovun heykəlini götürdülər. Bilirsiniz, Nərimanovun heykəlinə toxunmaq olmaz. Nərimanov Azərbaycan ziyalıların bir çoxunun tərbiyəsində, formalaşmasında rol oynayıb.

– Mədəniyyət və Turizm Nazirliyi Bəxtiyar Vahabzadənin, Nəsrəddin Tusinin və Rostropoviçin büst və heykəllərinin qoyulması üçün müsabiqə elan edib. Məsələn, Bəxtiyar Vahabzadənin heykəlinin yerini harada görürsünüz?

– Çətin sualdır. Mən Bəxtiyar müəllimi tanıyanda lap uşaq idim. 60-cı illərdə Mərdəkanda istirahət evində tanış olduq. Hətta kitabını imzalı mənə bağışladı: “Xalqımın dəyərli oğlu Elbəyə Bəxtiyardan”. Bəxtiyar Vahabzadə böyük şairdir. Xatırlayıram, mənim Bəxtiyar müəllimlə böyük bir mübahisəm olmuşdu. Deməli, Bakının baş memarı idim, Şəhidlər Xiyabanındakı məscidin layihəsini gətirdilər. Gördüm, Osmanlı memarlığıdır. Dedim, icazə verməyəcəyəm. Prezident Aparatından zəng vurdular, dedim, mümkün deyil. Əgər Türkiyə həmin məscidi Azərbaycana hədiyyə edirsə, bizim memarlığımızın öz forması var, məscidlərimizə baxsınlar, həmin qaydada tiksinlər. İcazəsiz başladılar tikməyə. Bəxtiyar müəllimin nüfuzunu bilirdilər, ona görə də aparıb oturtmuşdular orda. İnspektor göndərdim ki, qanunsuzdur, get tikintini dayandır. Bəxtiyar müəllim zəng vurdu. Dedim, Bəxtiyar müəllim, şəhərin ən yüksək təpəsində Osmanlı məscidinin tikilməsinə icazə verməyəcəyəm. Mübahisə etdik, küsdü məndən. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdan kimi tikintini dayandırdım. Hələ birinci mərtəbəni tam hörməmişdilər. Üstündən xeyli keçdi, bir gün Rafael Allahverdiyev soruşdu ki, Heydər Əliyev yarımçıq tikinti ilə maraqlanır. O nədir? Əhvalatı danışdım. Heydər Əliyev deyib işi dayandırmaqda düz edib.

– Bəxtiyar Vahabzadənin heykəlinin yeri ilə bağlı sualıma cavab vermədiniz…

– Hə, deyim sizə. Əlbəttə, Bəxtiyar Vahabzadənin xatirə abidəsinin yeri möhtəşəm olmalıdır. Demirəm ki, meydanda olmalıdır. Yox! Ümumiyyətlə, meydanlarda heykəl qoymaqdan uzaqlaşmaq lazımdır. Məsələn, cənab prezidentin iştirakı ilə Niyazinin heykəlinin açılışını etdik.

Xətainin heykəlinin yerini dəyişməyin nə mənası var?

Ömər Eldarovla bir yerdə heykəlin müəlliflərindən biri də mənəm. Heykəlin yeri mənim çox xoşuma gəlir. Oranın xüsusi mühiti, ab-havası var. Məsələn, Nərimanovun heykəli kimi. Baxın, nə boyda heykəldir 45 metr hündürlüyü var. Füzulinin heykəli isə balaca görünür. Çünki əvvəllər orada meydan olmayıb. Binalar var idi, söküləndən sonra ətraf tamam açıldı. Nizaminin heykəlinin yeri çox gözəldir. Çünki əvvəldən park kimi nəzərdə tutulmuşdu. Bəxtiyar Vahabzadənin abidəsi “Malakan” bağında ola bilər: skamyada oturub, təsbehi də əlində. Gözəl olar.

 

 

– Xətainin heykəlinin yeri ilə bağlı narahatlıqlar var. Yol genişlənəndən sonra heykəlin yeri barədə nə düşünürsünüz?

– Xətainin heykəlinin qoyulması yadımdadır. Heykəltəraşı rəhmətlik İbrahim Zeynalovdur. O heykəli göstərəndə doğrusu, mənim xoşuma gəlmədi. Onu Şaumyanın heykəlinin yerində qoymaq istəyirdilər. Yəni indiki yeri ilə üzbəüz. O vaxt dedim, belə olsa, arxası aeroportdan gələn yola olacaq. Düzgün deyil. Əgər burda qoyulacaqsa, üzü gəliş yoluna tərəf olmalıdır. Məncə, o heykəl orda yerləşib, mühit onu qəbul edib. Hər bir yenilik memarlıq mühitində tətbiq olunanda müddət lazımdır. Məsələn, Mərkəzi Bankı tikəndə mən o yerin qəti əleyhinə idim. İcazə də verməmişdim. Nə yerinə icazə vermişdim, nə layihəsinə. Amma Heydər Əliyevə demişdilər, icazə ilə tikilib. Heydər Əliyev açılışda məni tənqid elədi. Düz də elədi. Qalxdıq yuxarı, soruşdum ki, icazə olar, bir söz deyim? Mən bu binanın icazəsini verməmişəm. Bankın yerini Tbilisi prospektində, təpənin üstündə görürdüm. Ümumiyyətlə, fikrim var idi ki, həmin ərazidə banklar, ofislər tikilsin və şəhərciyə çevrilsin. Çox gözəl görünərdi. Heydər Əliyev dönüb rəhmətlik Rafael Allahverdiyə baxdı. Səhəri günü Vaqif Axundov (Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik – C. Zeynallı) gəldi ki, sənədlər haradadır? Dedim, sənədlər “Baksovet”in arxivində. Məndə heç nə yoxdur. Nə pasport vermişəm, nə layihəsini təsdiq etmişəm. Gedib yoxladılar ki, doğrudan da belədir. Bunu niyə danışdım? Mərkəzi Bankın binası əvvəllər məni qıcıqlandırırdı. Amma vaxt keçib, indi heç fikir vermirəm. Mühit udur, uyğunlaşdırır. Xətainin heykəli artıq uyğunlaşıb. Onu dəyişməyin nə mənası var?

 APA

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Camal Muradov cavablandırır. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsi müsahibəni təqdim edir.

– Özünüz barədə bir az məlumat verin.

– Mən Göranboy rayonunda, Səfikürd kəndində ziyalı ailəsində anadan olmuşam. Atam mühəndis, anam evdar qadındır. İki qardaşım var. Böyük qardaşım 2014-cü ildə Azərbaycan Texniki Universitetinə daxil olduqdan bir il sonra Bakı Dövlət Universitetinə köçürüldü. Kiçik qardaşım məktəbi qurtarır və 2-ci qrup üzrə imtahanlara hazırlaşır.

– Qəbul imtahanları arxada qalıb. Hansı təəssüratlarla yaddaşınızda qalıb o gün?

– İmtahan qabağı çox çalışmalı olurdum, hətta gecələr də oxuyub, hazırlaşırdım. Valideynlərim mənə deyirdi ki, imtahan hazırlığında gecə istirahəti və sağlam yuxu çox vacibdir.

– Neçə bal toplamısınız?

– Mən 690 bal qazandım.

– Maraqlıdır, niyə məhz BANM-i seçmisiniz?

– Mən BANM-i ən güclü ali təhsil müəssisəsi olduğuna görə seçdim. Çünki burada təkcə neft-kimya sahəsi üçün ixtisaslı mühəndislər deyil, həm də proseslərin avtomatlaşdırılması sahəsi üzrə ixtisaslı mühəndislər hazırlanır.

– Ailənizin sizin təhsilinizdəki rolu barədə nə deyərsiniz?

– Valideynlərim mənə həmişə dəstək olublar. Əslinə qalsa, onlar mənə məsləhət edirdilər ki, mən “Neftkimya mühəndisliyi” fakültəsini seçim. Deyirdilər ki, orada oxumaq və sonradan iş tapmaq çətin olmayacaq. Amma mən uşaqlıqdan ixtiraçı olmağı arzu edirdim. İntelektual maşınlar və robotlar yaratmaq istəyirdim. Məhz buna görə də mən öz istəyimin arxasınca gedərək, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil oldum.

– Ən böyük arzunuz nədir?

– Mənim ən böyük arzum – robotiks sahəsində mütəxəssis və professional proqramist olmaq idi. BANM-ni bitirdikdən sonra təhsilimi ABŞ universitetlərinin birində davam etdirmək istəyirəm. İstəyirəm ki, orada yaxşı təcrubə toplayıb və çalışmaq üçün öz ölkəmə qayıdım. Çünki, vətənim və ailəm mənim üçün həmişə öndədir. Bir dənə də arzum var – insanın hiss və emosiyalarına malik olan android yaratmaq.

– Özünüzün gələcək ixtisasınız barədə nə deyə bilərsiniz?

– Hər şeyin avtomatlaşmış olduğu bir zamanda bu ixtisassız keçinmək mümkün deyil. Belə ixtisaslı mütəxəsisslərə hər yerdə və hər sahədə tələbat var. Özlüyündə ixtisas çox maraqlıdır. Mənim ixtisasım Azərbaycanda hələ çox gənc olan robotiks ilə sıx bağlıdır. Hələlik gələcəyin ixtisası olduğu deyilsə də, mən inanıram ki, o, gələcək çox yaxındadır. Hesab edirəm ki, yaxın 5-7 il ərzində robotiksə elə tələbat olacaq ki, necə ki, hazırda elektrik mühəndis və proqramçılara var.

– Hobbiniz nədir ?

– Vaxt olanda kinoya baxmağı sevirəm. Macəra və komediya janrında çəkilmiş filimləri seyr etməyi sevirəm. Bir də yumoristik hekayələr oxumağı çox xoşlayıram.

– Bəs, başqa nə ilə maraqlanırsınız?

– Hazırda olduqca çox çalışıram və demək olar ki, boş vaxtım qalmır. Amma imkan daxilində çalışıram ki, dünyada baş verənlərlə – mədəniyyət və elm sahələrindəki yeniliklərdən xəbərim olsun.

– Hansı ədəbi janr sizi daha çox maraqlandırır?

– Maraqlı süjetlərlə zəngin olan kitablar xoşuma gəlir. Ən xoşuma gələn əsərlərdən biri Mark Tvenin “Tom Soyer və Qekliberri Finnin macəraları ” kitabıdır ki, onu indiyədək düz 3 dəfə oxumuşam.

Trend

Tanınmış şair-publisist, Dünya Gənc Türk Yazarları Birliyi Məsləhət Şurasının başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalıdır.

-Əkbər bəy, formalaşma və inkişafında böyük rolunuz olan Dünya Gənc Türk Yazarları Birliyinin ötənilki fəaliyyətini qısaca, necə dəyərləndirərsiz?

-İl şərti bölgüdür, il ilə, gün də günə sığmır bəzən… Bəzən, üzərimizdə olan vəzifələr və özümüzə müəyyən etdiyimiz məsuliyyət, mahiyyət etibarilə ili-günü aşır… 2016-cı təqvim ilindən danışarkən, göz önünə ilk növbədə işıq üzü görən üç kitabımız gəlir. Bu kitablardan birincisi,  “Yeni tatar şeiri antologiyası”dır. Burada  23 istedadlı gənc tatar şairinin şeirlərini azərbaycanlı oxuculara təqdim etmişik. Həmin şeirləri məhz yeni nəsil yazarlarımız bizim dilə çevirib, daha sonra onları   kitab halında çap etmişik. Kitab həm Azərbaycan, həm də Tatarıstanda böyük rezonans doğurdu. Tatarıstanın və bizim az qala, bütün önəmli xəbər portallarında bu barədə informasiya yayımlandı. Antologiya həmçinin, oradakı mədəni qurumlara, Yazıçılar Birliyinə, mədəniyyətlə ilgili təşkilat və idarələrə də  çatdırıldı.

İkinci kitablı layihəmiz isə təkcə Tatarıstan deyil, bütün türk ölkə və topluluqlarına mənsub olan gənclərin şeirlərindən ibarət antologiyadır. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəfis tərtibatda çap edilib.

Üçüncü işimiz isə isə, deyərdim, bəlkə, bunların ikisindən də daha vacib olan “Qəlbdəki və qələmdəki Qarabağ” adlı kitablı layihəmiz oldu. Bunun əsas özəlliyi, soy qardaşlarımızın Qarabağ adı ilə kodlaşan və uzun sürən üzüntümüzə öz ölkələrində hansı müstəvidən, hansı bucaqdan baxmalarına güzgü tutmaqlarını görmək baxımından dəyərləndirilə bilər. Bu üzüntünü bir turist, sıradan insan da  deyə bilər, amma qələm adamlarının – yazarların acımızı dilə gətirməsi bir ayrı anlam daşımaqdadır. Çünki onlar ictimai fikri qidalandıran insanlardı, yazdıqları hər zaman qalır. Həmin adamların oxucuları gələcəkdə də – zaman-zaman onların irsinə müraciət etdikdə, orada “Qarabağ”, “Xocalı”, “Azərbaycan” sözləri keçəcək ki, bu da bizim mənəvi qazancımız, təsəllimizdir…

Adlarını çəkdiyimiz üç kitab müəyyən layihələr çərçivəsində işıq üzü görüb. Hər üç kitab Azərbaycanın sayğılı aydınlarının iştirak və tövsiyəsi ilə ərsəyə gəlib. Bu da Birliyimiz üçün çox qiymətlidir. – Demək ki, bizim layihələrə yalnız Birlik üzvlər deyil, dəyərli aydınlar da diqqət göstərir, öz töhfələrini verir. – bu məqamda, millət vəkili dr. Cavanşir Feyziyevin adını çəkmək istərdim. – Türk dünyası ünvanlı hər üç antologiyamızın “Önsöz” müəllifi Cavanşir müəllimdir. “Türk dövlətləri birliyi” kimi sanballı kitabın müəllifi olan, tanınmış millət vəkilinin ard-arda üç kitabımıza “Önsöz” yazması diqqətəlayiq hadisədir.

– DGYTB kitablardan başqa, nə kimi işlər görür? Həmin işlərin faydalılıq əmsalını necə qiymətləndirərdiz?

-Bu layihələrdən başqa ötən il bir çox xarici ölkələrə səfər etmiş, müxtəlif konfrans, festival və simpoziumların iştirakçısı, təşkilatçısı olmuşuq. O cümlədən, ötən il Türk dünyasının mədəniyyət paytaxtı olmuş Şəkidə maraqlı görüş, konfranslarımız olub. Müxtəlif türk topluluqlarından maraqlı qonaqlarımız ölkəmizə təşrif buyurub. Özümüz də  DGYTB olaraq, bəlli ortaq problemləri  müzakirəyə çıxarmışıq. Əlbəttə, müəyyən təkliflər almışıq və bu gün onları dəyərləndirməkdə davam edirik. Onlardan biri də artıq ötən ildən üzərində işləməyə başladığımız “Arxagelsk antologiyası”dır. İnşallah, bu ilin martında antologiyanı yekunlaşdırmağa çalışırıq. Bələ də, bu sizə qəribə gələ bilər: Arxangelsk hara, Bakı hara, DGYTB hara? –  Ədəbiyyatın üfüqü genişdir, söz sənəti çərçivə tanımır. Ümumiyyətlə, biz Azərbaycan yazarı olaraq, öz üfüqi genişliyimizi ədəbiyyatın bütün janr və ünvanlarında tətbiq etmək istəyirik. Ona görə də “Quzey Rusiya şeiri antologiyası” deyə biləcəyimiz bir antologiyanı Azərbaycan oxucularına tanıtmaqla soyuq ellərdə yaşayan insanların isti ürəklərini göstərmək istəyirik. İnşallah, bu kitab işıq üzü görəndən sonra şahidi olacaqsınız ki, uzaq Arxangelskdə bizə nə qədər doğma, yaxın olan insanlar var və onların şeirlərində də bu doğmalıq ifadə olunur. Həmin şeirlərdə, ilk növbədə, sənətin özü və insanlıq  var…

-Bugünlərdə mətbuatda yayımlanmış bir müsahibənizdə Azərbaycan oxucusu üçün maraqlı ola biləcək xarici müəllifə məxsus kitabın adını çəkmişdiniz: “Ey insanlar, hamınız türksünüz!” – Həqiqətənmi, bu müraciət doğrudur?

– Amerikada yaşayan Meksika əsilli Gene Matlokun “Ey insanlar, hamınız türksünüz” əsəri 2015-ci ildə dilimizə çevrilərək, Bakıda nəşr edilib. Fürsətdən istifadə edib, əsəri dilimizə çevirən və onu nəşr edən dos.dr. Şəmil Sadıqa təşəkkürümü bildirirəm. Gene Matlokun “Ey insanlar, hamınız türksünüz!” əsərində türklərin, meksikalıların, hind xalqlarının ortaq mədəniyyəti, dili və dini olduğu tutarlı faktlarla sübuta yetirilib; bu üç xalqın (soyun) qədim dilindəki sözlərin qaynağından yola çıxaraq, Tanrının yerə göndərdiyi ən saf millətin türklər olduğunu, onlara verilən ilahi güc və işıq vasitəsilə dünyanın saflaşdırıldığını ilginc şəkildə təqdim edib.

Gəlin etiraf edək ki, bizdən olmayanların – bizimlə eyni dili, dini, düşüncəni paylaşmayanların dedikləri bir başqa məzmun daşıyır, bizdən olanların dedikləri isə tamam fərqli mahiyyət daşıyır. Bizdən olmayanların söylədikləri, dünyada qəbul görməsi baxımından, bəlkə, dərin məzmuna malikdir… Bir var, özün ingilis, fransız və qeyri millətin nümayəndələrinə öz həqiqətini deyəsən, bir də var, bunu hansısa meksikalı həyata keçirə… Bu elə bir böyüklük, gözəllikdir ki, həmin müəllifin qarşısında söz demək üçün, elə onun yazdığı əsər siqlətində nəsə yazmaq lazımdır. Ancaq necə deyərlər, bizim kainatda Günəşdən başqa Günəş yoxdur, kainatın bir Günəşi olar. – Həqiqət də birdir, o enində-sonunda hamının qəbul etməyə borclu qaldığı bir hadisədir. Mən bu səbəbdən meksikalı müəllifin əsərini qeyri-adi hadisə hesab edirəm. Müəllif burada bədii təxəyyülün yox, faktların diliylə danışıb, əsaslandırmalar aparıb. Elə əsaslandırmalar aparıb ki, artıq qarşındakı insanın – oxucunun bu fikirlərə inanmaqdan başqa “çıxış yolu” qalmır… Yenə deyirəm, həqiqət həqiqətdir və həqiqətin Günəşi bir gün mütləq bəşəriyyəti aydınladacaqdır!

-Bəs, sizcə, bu gün ən çox diqqət göstərilməli türkoloji problemlər hansıdır?

– Problemlər çözülmək üçün mövcuddur. Onun başqa bir tərifi isə “problem – həlli vacib məsələdir” şəklindədir. Əlbəttə, türkologiya elmi yeni üfüqlər qazanmalıdır. Türk Xanədanının İslam dinini qəbul etməsində Çin faktoru, Osmanlı sarayında, osmanlıcada farscanın gərək olduğundan daha yüksək mövqe qazanmasının qeyri-obyektiv səbəbləri; ərəb və fars dillərinə keçmiş türk sözləri (başqa sözlə, ərəbləşdikdən, farslaşdıqdan sonra yad söz kimi yenidən dilimizə qayıdan doğma sözlərimiz), Çin və Vatikan qaynaqlarında türkcə yazılı abidələrimiz, Çindəki türk piramidaları, İslamın Qafqaza gəlişindən sonra yeni dini qəbul etməmiş türk mənşəli əhalinin aqibəti və s. yeni yanaşmalarla tədqiq edilməlidir.
Bütün bu mövzular nə dərəcədə işlənib? – Əlbəttə, hansısa alimimizin qısa yazısında, məqaləsində bu mövzuya toxunulduğunu deyə bilərik… amma mən daha məzmunlu, iri həcmli tədqiqat əsərinə ehtiyacdan danışıram…

-Osmanlıda farscanın önə çıxmasını nə üçün bir problem kimi qabardırsınız?

-Azərbaycan dilinin tərkibində fars sözlərinin gərək olduğundan artıqlığının izahını haradasa tapmaq olar… – Çünki farslarla uzun müddət iç-içə yaşamışıq. Bu da dilimizə, gələnəyimizə, düşüncəmizə  təsirsiz ötüşməyib. Osmanlıda, hələ-hələ İstanbulda, Balkanlarda isə belə bir ortaqlıq və “zərurət” olmayıb…

-Aydındır… Amma Azərbaycan dili də həddindən artıq ərəb-fars sözləri ilə mühasirə olunub…

-Bizdə ərəb-fars sözlərinin işlənmə intensivliyi milli düşüncəli gənclərimizi xəyal qırıqlığına uğradır. Düşünürlər ki, “dilimizin imkanları bu qədərmi məhdud olub ki başqa dillərdən bunca çox söz almışıq?”. Elə vaxt olub, lüğət fondumuzun az qala, 60-70 faizi ərəb-fars mənşəli sözlərdən ibarət olub. Doğrudur, dəqiq göstərici deyil və bəzilərində şişirdilmiş rəqəm təsiri bağışlayar. Deyək ki, lap 50 faizdir. Bunun özü də həyəcan siqnalına əsas verir! Qeyd etməliyik ki, bütün bunların qeyri-obyektiv, siyasi-ideoloji səbəbləri olub. Bizim iradəmizdən qıraq hadisə olub bu…

Xalqın dövlət müstəqilliyi olmayanda, yaxud milli dövləti olmayanda dil müstəqilliyi də zədələnir və XXI yüzildə biz belə üzüntülərdən danışmaq, yüzillərin üzüntülərini aradan qaldırmaq zorunda qalırıq…

-Ötən gün  Od çərşənbəsini qeyd etdik. Bayram ərəfəsində çərşənbələrin türk tarixinə, türklərə heç bir aiddiyyatının olmaması barədə fikirlər səslənir. Bununla nə dərəcədə razısınız?

-Hörmətli alimimiz Güllü Yoloğlu “çərşənbələrin türklərə aidiyyatı yoxdur” tezisini yenidən gündəmə gətirib. Əlbəttə, Gülü xanım sıradan alim deyil, onun türkoloq kimi çalışmalarını təqdir edirik. Bununla belə, başqa dəyər verdiyimiz alimlərin buna qarşı fikirləri də mətbuatda yenidən güncəllik qazanıb. Biz fevralın son iki həftəsində ardıcıl olaraq, “Su çərşənbəsi” və “Od çərşənbəsi”ni qeyd etdik. Yaz girənə qədər sonuncu iki çərşənbə də qeyd olunacaq. Baxın, biz zaman-zaman həm Zərdüştlük – atəşpərəstlik görmüş, həm musəviliklə tanışmış, ardınca, xristi­anlıqdan keçmiş, nəhayət İslam dinini qəbul etmiş, fars, ərəb və rusla iç-içə yaşamış bir xalqıq. Hər fərqli xalqla, gələnəklərlə tanışlıq xalqın yaddaşında iz açıb, yol alıb… Ana bünövrə yerində olsa da, yad təsirlər xalqın şüuruna təsirsiz ötüşməyib. İstər-istəməz fərqli mədəniyyətlər, xalqlar bir-biriylə ünsiyyətdə, qarşılıqlı fikir mübadiləsinə olur. Uzun sözün qısası, şəxsim adına deyim, burda pis bir əlamət görmürəm. Mən də, ev-eşiyimizlə birgə ta uşaqlıqdan çərşənbələri qeyd etmişik. Yaxşı olan nə varsa, o bütün xalqlara aiddir. Hələ elmdə bir şey olmayıb ki, o yalnız bir xalqa qalsın. Hətta, Çinlilər ipəyin sirlərini 2 min ildən artıq gizlətsələr də, sonra o da başqa xalqlara bəlli oldu… İbn Sinanın kəşfləri, Əl Fərabinin fikirləri, Nyutonun qanunları yaşadıqları ölkələr üçün deyil, bütün dünya üçündür. Eləcə də Yeni Gün – Novruz və onun rəmzləri ilə bağlı bütün fərqli fikirlərə baxmayaraq, bir nöqtədə ortaq ola bilərik: əgər xalq bunu könüllü edirsə, xalq buna könlündə yer verirsə, demək, bunun bir “niyə”si var. Çünki xalq ona qarşı olanı bir il, iki il… yaşadar, qeyd edər, amma sonrakı dövrlərdə o tarixin süzgəcindən keçməz. Burada ya İlahi qaynaq, ruh bağı – mistik güc, ya da xalqın öz içindən gələn səs olmalıdır. Bəzən, xalq bayramı, bəzən isə bayram xalqı yaşadır. Mən bunu da qeyd etmək istərdim. Çərşənbələrə münasibətdə daxil olmaqla, fikir müxtəlifliyini təbii qəbul edirəmsə də, deyim, çərşənbələri qeyd etməklə hansısa nöqsana yol vermiş olmuruq…

– Milli bayramdan danışırıq. Amma heç “çərşənbə” sözü də bizim deyil…

-Bununla razıyam. Amma “su”, “od”,  “torpaq” və “yel” sözləri  bizimdir. Onları biz adlandırmış və yaşatmışıq. Həftənin günləri də, aylar da zamanında öz dilimizdə işlənib. 11 il bundan öncə “Altun bitik” adlı kitabımda bu məsələyə toxunmuşam. Amma dediyimiz kimi, fərqli siyasi quruluşlardan keçən, yazısı başqa qələmlərlə yazılan bir xalqa fərqli adlar da keçə bilir. Bu da bizim yaşadığımız gerçəklikdir. Zaman-zaman sular durulacaq…

-Folklor və etnoqrafiyamızın təhriflərə məruz qalması bizə nə kimi zərbələr vurdu?

-Folklorumzuda yad elementlər mövcuddur. Bunu etiraf etmək lazımdır. Folklorda variantlılıq var. – Amma bunlar bəzən, yanlışlıqla kitablarımıza daxil olub, aşıqlarımızın dilinə düşüb. Təsadüfü deyil, humanitar elmi fikirdə “Fakelor” anlayışı meydana çıxmışdır – bu folklor mətnlərinə yad elementlərin doldurul­masını, ictimai-siyasi quruluşların öz ideoloji çıxarlarını folklor mətnlərinə daxil etməsi ilə bağlı bir sahədir. Nənəmizin, babamızın danışdığı dastan, qoşma, gəraylı bir qıraqda qalıb, yazıya alınma zamanı oxucuya başqa material təqdim edilib. Bunların bir çoxu məqsədyönlü, bir çoxu isə qayəsizlikdən irəli gəlib. Bütövlükdə götürsək, folklor və etnoqrafiyamızı böyük təhlükə qarşısında görmürəm, yetər ki, fakelorla folkloru fərqləndirə bilək….

Modern.az

Tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi və tanınmış televiziya aparıcısı Güllü Yoloğludur. Etnoqraf alim uzun müddətdir ki, həm elm, həm də televiziya sahəsində Azərbaycanın folklor və etnoqrafik dəyərlərini təbliğ edir, bizə səhv olaraq sırınan bəzi adətlərdən danışır. Elə bu gün də ondan danışdıq:

– Güllü xanım, bu gün Azərbaycan etnoqrafiyası istiqamətində aparılan araşdırmaları necə dəyərləndirərdiniz?

-Azərbaycan xalqının etnik tərkibinin öyrənilməsinin, etnoqrafik materialların sistemli şəkildə toplanmasının başlanğıcı əsasən, XIX əsrə aiddir. Uzun illər V.N.Qriqoryev, O.S.Yevetski, P.P.Zubov, A.Q.Yanovtsev, İ.L.Serebryakov, A.A.Bakıxanov, M.M.Səfiyev, P.F.Riss, D.İ.Zubarev, A.D.Yeritsov, P.S.Varav, M.Q.Əfəndiyev, A.Qiyasbəyov, V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşaninov, Ə.Ələkbərov, Q.T.Qaraqaşlı, M.V.Quliyeva, R.Babayeva, T.Ə.Bünyadov, Ş.Quliyev, Q.Qeybullayev, Ə.İzmaylova, H.Həvilov, A.Abbasov, K.Əliyev, Ə.Dadaşov, E.Kərimov, N.Quliyeva, B.Abdulla, A.Paşayev, Q.Cavadov, Q.Rəcəbov, X.Xəlilov, bəndəniz və başqaları Azərbaycan əhalisinin təsərrüfat məişəti, maddi və mənəvi mədəniyyəti, ailə-nikah münasibətlərinin inkişafı, etnik tərkibi və s. bağlı tədqiqatlar aparmış və bu tədqiqatlar bu gün də aparılır. Bu sahədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rolu da danılmazdır. Burada maraqlı məsələlərdən biri də odur ki, tək etnoqraflar deyil, eləcə də folklorşünas alimlər Azərbaycan xalqının etnoqrafik materiallarının öyrənilməsinə az-çox öz töhfələrini veriblər. Çünki etnoqrafiya və folklor bir-biri ilə sıx bağlıdır. Xüsusilə, mərasim və ayinlərdə onları bir-birindən ayırmaq düzgün deyil. Məhz buna görə də folklor mənəvi mədəniyyət adı ilə etnoqrafiyanın bir parçası kimi də öyrənilir… Təbii ki, ideologiyaya uyğun olaraq dəyişikliklər də az olmayıb.

– Folklor və etnoqrafiyamıza aid bəzi faktlar, mənbələr sovet dövründə təhrif olunubmu? Əgər olubunsa, bu təhriflər Azərbaycançılıq məfkurəsinə nə dərəcədə zərbə vurub?

-Artıq SSRİ dağılıb, quruluş ləğv olunub, lakin elm sahəsində bir çoxları onun
qoyduğu istər ideoloji, istər siyasi qaydaları hələ də qısqanclıqla qoruyub saxlayırlar.
Məsələn, sovet dövrü “xalqlar dostluğu” adı altında ayrı-ayrı etnik kökə, dinə mənsub xalqlar süni yolla bir-birinə calaq edilərək vahid sovet xalqı yaratmaq qarşıya məqsəd kimi qoyulsa da, xalqlara öz dilində yazıb-oxuma haqqının verilməsi bu arzunu utopik bir şey kimi arxivdə gizlətdi. Lakin bəzi tarixçilərimiz özləri də bilmədən ortaya elə “faktlar” qoydular ki, bu gün ermənilər və Azərbaycana ərazi iddiası ilə çıxış edənlər həmin müəllifləri əllərində bayraq ediblər… Və yaxud, yuxarıdan sifarişlə hansısa folklor nümunələrinə, etnoqrafik materiallara əl gəzdirilib. Həmin materiallar dərsliklərə salınıb, radio, TV vasitəsi ilə xalqın beyninə yeridilib. Biz indi bu yanlışlıqları aradan qaldıra bilmirik. Çünki bu yalanlar üzərində bütöv bir nəsil yetişib.

-Mövsüm mərasimləri ilə bağlı folklor mətnlərimizin məzmununun dəyişdirilməsi barəsində nə deyə bilərsiniz?

-Elə o dediyim ideologiyaya uyğun dəyişikliklər mövsüm mərasimlərinə də aiddir. Təbii ki, bunların hamısının pis olduğunu demək də yanlış olardı. Bilirik ki, sovet dövrü həm də ateizm siyasəti ilə yadda qalıb. Bu gün din adına qonşu və uzaq ölkələrdə baş verənlərin bir çoxunu görəndə bəzi məsələləri başa düşmək olar. Lakin insanı mənəvi yoxsulluğa sürükləyən siyasət heç də yaxşı nəticə vermədi. Çünki “sovetlər dağıldıqdan, kommunizm ideyası aradan qalxdıqdan sonra insanların mənəviyyatında bir boşluq yarandı və yad ünsürlər ölkəmizə ayaq açdı” deyəcəkdim, amma bu günkü Türkiyədəki durumu təhlil edəndən sonra fikrimdən vaz keçirəm. Çünki onlar sovetin buxovunda olmayıblar, lakin bu gün dindəki aşınmalar orada da meydan sulayır. Təriqətlər tarix boyu bir-biri ilə rəqabət aparıb. Hələ mən məzhəb məsələsini demirəm. Hər birinin öz xətti, məqsədi, iddiası olan 100-dən çox təriqətin varlığı o bir Allaha, vahid dinə yox, müxtəlif vəqflərə, şeyxlərə xidmət deməkdir… Allah birdir, ona gedən yol da bir olmalıdır… Parçalanmalar və rəqabət uçuruma aparır. Uzun əsrlər bunun şahidi olmuşuq. Təkcə səfəviyyə ilə bakuviyyənin misalında fəlakətin ölçüsünü görmək mümkündür…
Lakin bu gün folklorumuza, etnoqrafiyamızda ciddi dəyişiklər və bunun da sayəsində yanlış təhlillərə yol açan məqamlar da çoxdur.

-Novruz adətləri və çərşənbələrin sıralanmasında da xeyli yanlışlıqlar var. Mümkünsə, azacıq bu barədə də danışaq…

-Əzəldən xalqımız yalnız ilin, ayın, yəni Boz ayın Axır çərşənbəsini böyük şadyanalıqla keçirib. Digər çərşənbələrin hər birinin öz funksiyası var. Əslində 7 çərşənbə nəzərdə tutulardı. Onun üçü oğru çərşənbə adı ilə Kiçik çilləyə düşərdi. Üçü isə doğru çərşənbə adı ilə Boz aya düşərdi. Kiçik çillə çıxan kimi gələn birinci çərşənbə Yalançı çərşənbə sayılardı və onu keçirməzdilər. Bu il Yalançı çərşənbə fevralın 21-ə düşür. 21-də hələ havalar soyuqdur. Belə havada hansı ağıllı, həm də rayonlarımızda bir-birini suya basar? Çox yerdə heç qar-buz əriməyib. Keçmişdə qış daha sərt keçərdi. Övliya Çələbi yazırdı ki, Ərzurumda bir kədi (pişik) bir damın üstündən o biri dama tullananda havada donarmış… Söhbət inkişaf etmiş böyük şəhərlərdən getmir…
Artıq ikinci Xəbərçi (muştuluqçu, cıdırçı, müjdəçi və s.) çərşənbədə yazın gəlişi özünü bildirərdi. Hava isinməyə başlayardı… Bu çərşənbədə qışdan çıxan insanlar ev-eşiyi çölə tökər, qarla xalça-palazı təmizləyər, kişilər əkin yerlərinə baş çəkər, dolmuş arxları, həyət-bacanı, tövlələri, axırları, hinləri təmizləyərdilər. Artıq, köhnə, çır-çırpını da yandırar, külünü əkin yerlərinə, ağacların dibinə tökərdilər. Ona görə bəzən buna Küllü çərşənbə də deyirlər.

Üçüncü çərşənbə Ölü çərşənbəsidir. Buna Qara çərşənbə də deyirlər. Amma bu çərşənbəni İslamdakı Qara bayramla bağlamayaq. Qara bayramın vaxtı dəyişir, amma Qara çərşənbə hər il Axır çərşənbədən əvvəlki çərşənbədə qeyd edilir. Məqsəd nədir? Həmin gün sübh tezdən kişilər uzaqda, təpəlikdə yerləşən məzarlıqların yollarını təmizləyir, qadınlar xonçalarla ora gedir, qəbirləri təmizləyir, kimsəsizləri də ziyarət edir, xonçaları orda qoyub qayıdırlar. Kasıb ailələrin uşaqları o xonçalardakıları götürüb evlərinə aparır və bir həftə sonrakı Axır çərşənbə süfrələrinə qoyurlar… Ağsaqqallar, ağbirçəklər bu bir ildə dünyasını dəyişənlərin ailələrini yasdan çıxardırlar ki, onlar da Axır çərşənbəni şadyanalıqla qeyd etsinlər. Həmin gün evdə ruhların adına qazan asılır, qapı, pəncərə aralı qoyulur, şam və ya ocaq qalanırdı ki, qaranlıqda ruhlar yollarını azmadan gəlib o paydan nəsiblərini alsınlar…

Dördüncü çərşənbənin adı üstündədir: Axır çərşənbə. Hamı elliklə bu çərşənbəni keçirir, ertəsi gün su üstünə gedir, ayinlərini icra edirlər. Budur dədələrimizin, nənələrimizin çərşənbələri.
İndi mən də sizə və eyni zamanda dörd ünsür, dörd çərşənbə deyib hamısında tonqal qalayıb, şənlənənlərə sual verim: Ağır qışdan çıxmış, bütün odun, oduncağını, əlindəki taxta tabağını yandırmış, azuqəsi bitmiş, taxça-boxçası boşalmış, yaz iş-gücünə başı qarışmış xalqın o qədər odunu, yemək-içməyi, boş vaxtı haradan idi ki, dörd çərşənbənin dördündə də kef eləsin, tonqal qalasın, şəkərburalı, paxlavalı, plovlu süfrə açsın, çıqqıdı-çıqqıdı etsin? Niyə çərşənbə deyirik? Axı Çərşənbə həftənin III günüdür. Əslində isə biz çərşənbə axşamından danışırıq… Təbii ki, bunların da öz cavabı var…

-Çərşənbə sıralanmalarının yanlış təqdim edilməsində məqsəd nə idi?

-Xocalı faciəsi Boz ayın ilk çərşənbəsi – Yalançı çərşənbə günü baş verib… Qarışıq dövr idi. Bilənlər bilir, biz, yəni, xalq Bakıda Xocalı faciəsi haqqında bir həftə, on gün sonra xəbər tutduq. Çünki yuxarıdan göstərişlə camaatın başını çərşənbələrlə qatdılar. Hər çərşənbə axşamı Fuad Qasımzadə efirə çıxıb “bu gün filan çərşənbədir. Onu belə qeyd etmək lazımdır…” deyib insanların diqqətini başqa istiqamətə yönəldirdi. Hakimiyyətdə böhran yaranan kimi hind filmləri ilə camaatın başını qatan kimi… Və sifarişi yerinə yetirən də rəsmi KİV-lər idi. Elmi məsləhətçi isə əsasən folklorşünas A.Nəbiyev olardı. Yəni, o da tək deyildi… Beləcə, 1992-ci ildə onun bir il əvvəl nəşr etdirdiyi gözəl mənbə olan “Novruz bayramı” kitabına tamamilə zidd olan “İlaxır çərşənbələr” kitabçası çap olundu və özünün də yazdığı kimi “bu ilk təcrübə” bəzi həmkarları tərəfindən çox tezliklə də yayıldı… Çünki yuxarının göstərişi vardı…

-Bu gün bu problemin aradan qalxmasına nə üçün maraqlı deyilik?

– Artıq böyük bir nəsil bu yalanla böyüyüb. Üstəlik, hələ də bu cəfəngiyyatı yayanlar, onun üstündə fəlsəfi fikirlər irəli sürənlər var. Amma bu dörd ünsür, dörd çərşənbənin xalqımıza bir çox yöndən ziyanı var. Ən əsası hər kəsin evində televizor var. Amma hamının iqtisadi durumu keçmişdəki və hər zamankı kimi eyni deyil. Dolanışığından şikayət edənlər də var, günahı başqalarında görənlər də. Heç vaxt heç kəs düşünməsin ki, hamının bərabər yaşadığı cəmiyyət qurmaq mümkündür. “Sən ağa, mən ağa, inəyimizi kim sağa”… Belə bir vaxtda televiziyalarda hər çərşənbə kimlərinsə bol süfrələri, dolu zənbilləri, çal-çağırları göstərilir. İmkanı fərqli ailələrdə bu görüntülər qıcıq yaradır. Çünki hər bir valideyn övladının qarşısında özünü gücsüz, imkansız, bacarıqsız hiss edəndə, içində olan kin, nifrət, etiraz səsi, üsyan daha da artır. Bu da sosial narazılığa gətirib çıxardır. Düşünürəm ki, əvvəllər olduğu kimi, yalnız Axır çərşənbə keçirilməlidir. Belə olduqda imkansızlara əl tutmaq da asan olar.

Dörd çərşənbə, dörd ünsür məsələsi heç bir türk xalqında, elə farsların özündə də yoxdur. Əgər dünyanın heç bir yerində bu yoxdursa, qondarma məsələ bizi dünyadan, eləcə də türk dünyasından ayırmağa xidmət edir…

Boz ayın bütün çərşənbələrini yemək-içmək, çal-çağırla keçirmək istəyənlər də bütün ay boyu nə alacağını, nə bişirəcəyini, kimi çağıracağını, hansı restoranı, hansı müğənnini sifariş verəcəyini düşünməklə vaxtını keçirir… Təbii ki, çal-çağırdan pul qazananlara, bazarlara, marketlərə, savadsız, lakin özünü çox bilən kimi göstərən “jurnalistlər”ə bu sərf edir. Hətta bəzi kanallar rayonlara gedib orda səhnəciklər qurub yanlış adları xalqın adından qələmə verməyə çalışırlar. Xüsusilə də Qazaxda qurulan tamaşalar gülməlidir. Çünki orda insanlar hələ də Ölü çərşənbəsində məzarlıqlara axışır…
Seçim xalqındır. Dədə-babadan Axır çərşənbə Novruzun özündən yaxşı keçirilib. Əsas səbəb də ilin ağır və Axır çərşənbəsindən xoşluqla ayrılmaqdır…

 

moderator.az

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun müsahibəsi

– Əflatun müəllim, 2016-cı il Mətbuat Şurasının fəaliyyətində hansı cəhətlər yadda qaldı?

– Mətbuat Şurası hər zaman ənənəvi fəaliyyət istiqamətlərinə sadiqdir. Qurumun işində başlıca yeri şikayətlərin araşdırılması tutur. 2016-cı il də bu baxımdan fərqlənmir. Əlbəttə, müxtəlif istiqamətləri əhatə edən fəaliyyətimiz də olub.

Ümumən ötən il Şurada 686 müraciət qeydə alınıb. Onlardan 322-si bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayırı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub.

Katiblik 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-i komissiyalarda baxılıb. Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb.

Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-i komissiya səviyyəsində həllini tapıb. Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

Şuranın İdarə Heyəti 2016-cı ildə ümumilikdə 44 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.

– Ən çox şikayətlər hansı tip media orqanlarının fəaliyyətindəndir?

– Mətbuat Şurası 2003-cü ildən fəaliyyətdədir və ötən müddətdə şikayətlərin çoxluğu baxımından qəzetlər üstünlük təşkil edirdi. 2015-ci ilin statistikasına diqqət yetirsək, ümumi şikayətlərin 48,3 faizi qəzetlərdən idi. Həmin vaxt internet media orqanlarından şikayətlər 38,8 faizə çatırdı. 2016-cı il üçün diqqətçəkən tendensiya ikincilərin 51,9 faizlə birinciliyi əldə etməsidir. Üstəlik, informasiya agentliklərindən şikayətlər də 14,8 faiz təşkil edib. Rəqəmləri toplasaq, internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrindən şikayətlər ümumi şikayətlərin 66,7 faizini təşkil etmiş olacaq. Qəzetlərin bu baxımdan olan göstəricisi isə 29,3 faizdir.

Yəqin fərqi hiss etdiniz. Bu fərq böyük dəyişiklikdən xəbər verir. İnternet medianın cəmiyyət həyatındakı təsiri artır.

Biz şikayətlərdən söz açırıqsa, təbii ki, internet medianın vurduğu ziyan da çoxalır. Nəzərə almaq lazımdır ki, ənənəvi media öz yerini onlayn mediaya verir. Ancaq başqa bir reallığı da ciddi şəkildə düşünməliyik. Bu, nədən ibarətdir? Əgər qəzetlərin peşə prinsiplərini pozmalarının qarşısının alınmasında müəyyən tənzimlənmə işləri aparılmışdısa, internet medianın sürətlə artan sayı qarşısında adekvat reaksiya xeyli çətindir. Digər tərəfdən, qəzetlər hüquqi münasibətlər sistemində çıxış edirlərsə, internet üzərindən yayımlanan KİV-lər üçün belə bir vəziyyət, demək olar, yoxdur. Bu isə onların məsuliyyət hissini aşağı salır.

– İnternet media orqanlarının fəaliyyətində məsuliyyətsizlik məsələsini qabartdınız. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.

– Bir qədər öncə də vurğuladım ki, Mətbuat Şurası 2016-cı ildə 44 qərar çıxarıb. Təsəvvür edin, bu qərarlardan 30-u bilavasitə internet üzərindən yayımlanan KİV-lərlə bağlıdır. Özü də elə qərarlar var ki, orada cavabdeh kimi 2 və daha çox internet KİV göstərilib. Vəziyyəti acınacaqlı edən də budur. Onlar arasında “korporativ həmrəylik” var. Məsələn, hansısa qurum haqqında məlumat, baxırsan ki, 2-3, bəzən də 4 xəbər saytında yayımlanır. Materialın xarakterindən onun təmənna məqsədilə qələmə alındığı aşkar görünür. Toplanmış materialların nəzərdən keçirilməsi də məsələnin mahiyyətini təsdiqləyir.

Digər bir məqamdan da söz açmaq istərdim. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin motivini təşkil edən materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulma faizinə nəzər salsaq, görərik ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” prinsipinin 3.2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” bəndi daha çox pozulub. Bu baxımdan 28,9 faizin mütləq əksəriyyəti internet media orqanlarının payına düşür. Düşünürəm ki, bu, çox ciddi siqnaldır. AJPDQ-nın “Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələbi üzrə pozuntu faktları 24,8 faiz təşkil edir. Bu statistikada da böyük pay sahibi xəbər saytlarıdır.

– Yəqin “qara siyahı”ya daxil edilənlər içərisində də internet xəbər portallarının sayları artmaqdadır…

– 2016-cı ildə Şurasın “qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib. Bunlardan 3-ü saytdır. Adı əvvəlki illərdə “qara siyahı”ya daxil edilmiş 2 qəzetin onlayn versiyası kimi fəaliyyət göstərən 2 xəbər saytı da qeyd edilməlidir. Onu da deyim ki, Şuranın 44 qərarından 10-u cavabdeh KİV-in adının “qara siyahı”ya salınmasını nəzərdə tutur.

– Digər qərarlarda nə kimi cəza tədbirləri nəzərdə tutulur?

– Cavabdeh KİV-in adının “qara siyahı”ya daxil edilməsi Mətbuat Şurasının ən son cəza tədbiridir. Daha doğrusu, ən son ictimai qınaq vasitəsidir. Ümumən Şuranın təsir mexanizmi ictimai qınağa əsaslanır. Ayrı-ayrı qərarlarda qarşı tərəfdən üzrxahlıq, təkzib verilməsi, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi, bəzən bütün bunların hamısı nəzərdə tutulur. 44 qərarın 10-u cavabdeh KİV-in adının “qara siyahı”ya daxil edilməsini nəzərdə tutursa, 14 qərar cavabdehlə bağlı üzrxahlıq, 12 qərar üzrxahlıq və təkzib, 8 qərar qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi məsuliyyətini müəyyənləşdirir.

– Qeyd etdiyiniz ki, şikayətlərin araşdırılması Mətbuat Şurasının ənənəvi fəaliyyət istiqamətidir. 2016-cı ildə Şura başqa nə kimi tədbirlər gerçəkləşdirdi? Bununla bağlı hansısa cəhəti xüsusi qabartmaq istərdinizmi?

– Düşünmürəm ki, konkret nəyisə xüsusi fərqləndirmək mümkündür. Hər bir fəaliyyət bizim üçün önəmlidir. 2016-cı ildə Şura dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir keçirib. Jurnalistika və ictimai fikir tariximizlə bağlı kitab və vəsaitlərin təqdimatı, jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 6, həmçinin 10 tematik toplantı təşkil olunub. Şuranın Ahıl Jurnalistlər Məclisinin xətti ilə 8 ahıl jurnalist evində ziyarət olunub, MŞ İdarə Heyətinin üzvlərinin 6 xarici səfəri gerçəkləşib. Xeyli xarici qonaq qəbul olunub. İl ərzində Mətbuat Şurası media məkanımızdakı müxtəlif tendensiyalarla bağlı dəfələrlə bəyanatlar yayıb.

Azərbaycan Mətbuat Şurası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində – Referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.

2016-cı ildə Mətbuat Şurası Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə “İfadə azadlığı və media azadlığı” layihəsini icra edib. Layihə çərçivəsində jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, diffamasiya məsələlərinə diqqət yetirilib. Azərbaycan jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdirildi. Onlar Avropa Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və bacarıqlarını təkmilləşdirdilər. Layihə çərçivəsində eyni zamanda ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən jurnalistlər üçün təlimlər təşkil edilib.

Xüsusən ötən il MŞ üçün vacib olan hadisələrdən birinin üzərində dayanmaq istərdim. Məlum olduğu kimi, 2016-cı ilin noyabr ayının əvvəllərində Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma memorandumu imzalanıb. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.

Azərbaycan Mətbuat Şurası 2016-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Saatlı və Tərtər Rayon İcra hakimiyyətləri ilə birgə jurnalistlər üçün yaradıcılıq müsabiqələri təşkil edib. Müsabiqələrdə ümumilikdə 50-dək jurnalist mükafatlandırılıb.

Trend

Azərbaycanın Pakstanda fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin müsahibəsi

– İki ölkə arasında siyasi münasibətlərin cari vəziyyətini necə dəyərləndirirsiniz? Bu il Azərbaycanın Pakistana münasibətdə əsas prioritetləri hansılar olacaq?

– Əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycanla Pakistan arasında ortaq bağlılıqlar mövcuddur, dini, mənəvi dəyərlərimiz, bir çox oxşarlıqlarımız var. Pakistan Azərbaycan üçün qardaş və müttəfiq ölkədir. Hər iki ölkə rəhbərləri əlaqələrə xüsusi diqqət göstərir. Ölkə prezidentləri tərəfindən iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb və əlaqələrimiz bu istiqamətdə də davam edir. Əsas prioritetlər dostluq və qardaşlıq əlaqələrimizin daha da dərinləşdirilməsi, imzalanmış bəyannamədə əksini tapmış və qeyd olunmuş məsələlərin icrasını təmin etməkdir ki, bu məsələlər də bütün sahələrin, siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik, ticarət, enerji, turizm və digər bir çox sahələrin daha da inkişafını özündə ehtiva edir.

– Bundan əvvəl Pakistanın Baş naziri Nəvaz Şərif bəyan etmişdi ki, Pakistan Azərbaycanla müxtəlif sahələrdə münasibətləri möhkəmləndirmək, əlaqələrin səviyyəsini dostluq münasibətlərindən güclü iqtisadi tərəfdaşlığadək artırmaq niyyətindədir. Hansı sahələr iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün səmərəli ola bilər?

– Bəli, Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişafı hər iki ölkənin rəhbərlərinin diqqətindədir. Ötən ilin oktyabr ayında Pakistan Baş nazirinin səfərinin ardınca Pakistanın ticarət naziri bir qrup iş adamları ilə birgə Azərbaycana səfər etdi. Bu ay Azərbaycandan bir sıra iş adamlarının cəlb olunması ilə ixrac yönümlü biznes heyətin Pakistana səfərinin təşkili nəzərdə tutulub. İqtisadi sahədə müəyyən digər səfər və tədbirlərin keçirilməsi planlaşdırılır. İqtisadi əlaqələrin daha da inkişafı üçün maraq kəsb edən sahələr çoxdur və yeni sahələr üzərində də araşdırmalar aparılır. Müdafiə sənayesi, kənd təsərrüfatı məhsulları, tekstil, dərman ləvazimatları və tibb avadanlıqları, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş məhsulların ticarəti sahəsində, enerji və turizm sahəsində, nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də digər sahələrdə əməkdaşlığın daha da inkişafına nail olmaq olar və bu istiqamətdə işlər gedir.

– Pakistanla Azərbaycan arasında gömrük və viza rüsumlarının sadələşdirilməsi üçün hansı addımlar atılır?

– Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərancamlarına əsasən gömrük, eləcə də viza prosedurlarının sadələşdirilməsi üçün bir çox islahatlar həyata keçirilib və prosedurlar minimuma endirilib.

Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində “bir pəncərə” prinsipi daha da təkmilləşdirilib, ötən ildən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarının artıq tətbiqinə başlanılıb. Bu sistemlərin həyata keçirilməsi gömrük nəzarətinin və baxışının vaxtını, eləcə də məsrəflərini xeyli azaldıb. Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə elektron xidməti istifadəyə verilib. Bilirsiniz ki, bu gün Azərbaycan gömrüyündə ən yüksək texnologiyalar tətbiq olunur və bütün bu qaydalar, texnologiyalar, xidmət və sadələşdirmələr, sözsüz ki, iş adamlarının fəaliyyətinin stimullaşdırılması, vətəndaşların rahatlığı üçün edilib və pakistanlılar da bu şəraitdən faydalanırlar. Hər iki ölkənin gömrük orqanlarının əməkdaşları qarşılıqlı olaraq müxtəlif kurslarda iştirak edir, yeniliklər haqqında məlumat alırlar.

Viza rejimi də artıq kifayət qədər sadələşdirilib. Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemi yaradılıb və bu sistem yanvarın 10-dan tam fəaliyyətə başlayıb. Artıq Pakistan vətəndaşları da elektron viza alınması üçün birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət edib Azərbaycana viza alırlar.

– Pakistan Azərbaycana azad ticarət haqqında saziş imzalamağı təklif etmişdi. Bu məsələ hazırda hansı mərhələdədir?

– Bilirsiniz ki, azad ticarət sazişinin hazırlanması və razılaşdırılması uzun zaman tələb edən prosesdir və hər iki tərəfin iqtisadi, ticari maraqlarına uyğun gəlməlidir, prioritetlər nəzərə alınmalıdır. Pakistan ticarət nazirinin Azərbaycana səfəri zamanı azad ticarət sazişi ilə bağlı müzakirələr aparılıb və aidiyyəti orqanlarımız tərəfindən nəzərdən keçirilir.

– Cari ildə hansı rəsmi səfərlər gözlənilir?

– Səfərlər əlaqələrdə mühüm rol oynayan aspektlərdən biridir və hər dəfə öz töhfəsini verir. Hər bir səfərdən sonra yeni əməkdaşlıq fikirləri, sahələri ortaya çıxır, mövcud işlərin icrası sürətləndirilir. Cari ildə də siyasi, iqtisadi, ticari, hərbi-texniki, parlamentlərarası və digər əlaqələrin daha da artırılması üçün bir çox səfərlərin həyata keçirilməsi nəzərdə tutulub. Yuksək səviyyəli səfərlərin də həyata keçirilməsi planlaşdırılır.

– Pakistan tərəfi Azərbaycanın “Azerspace-1” telekommunikasiya peykinin resurslarından istifadə imkanlarını nəzərdən keçirirmi?

– Bu məsələ ötən il Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının iclasında nəzərdən keçirilib, Pakistan tərəfinin də Azərbaycanın telekommunikasiya peykinin xidmətlərindən istifadəsinin mümkünlüyü bildirilib. Pakistan tərəfinin təklifə baxması və bu sahədə də əməkdaşlığın qurulması planlaşdırılır.

– Yaxln planda Azərbaycan hökuməti bir sıra texnologiya parkları və sənaye məhəllələrinin yaradılmasına əhəmiyyət verir. Pakistanlı sahibkarlar bu layihələrdə iştirak etməyə nə dərəcədə maraqlıdır?

– Bu parkların artıq bir neçəsi yaradılıb və fəaliyyət göstərir. Azərbaycanın sənaye və texnologiya parklarına investisiya yatırılması pakistanlı iş adamları tərəfindən də nəzərdən keçirilir. Çünki bu parklarda əlverişli infrastruktur, güzəştli mexanizmlər, vergidən azadolmalar təklif edilir, xarici investisiyaların cəlbi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün sadələşdirilmiş prosedurlar, dövlət dəstəyi mövcuddur. İlkin məqsədimiz bu parklar haqqında, təqdim olunan güzəştlər barədə Pakistanın dövlət və özəl müəssisələrini, iş adamlarını məlumatlandırmaqdır və bu istiqamətdə səfirliyimiz, eləcə də aidiyyəti orqanlarımız tərəfindən Pakistanla da işlər aparılır. Keçirilən əksər görüş və tədbirlərdə, təqdimatlarda məlumatlar verilir və maraq artır. İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində bu parklar öz müsbət töhfəsini verə bilər və iki ölkə arasında mövcud dostluq münasibətlərini, iqtisadi əlaqələrin inkişafı məqsədlərini də nəzərə alsaq, pakistanlı iş adamlarının da yararlanma imkanları böyükdür.

– Turizm sahəsində əməkdaşlıq necə inkişaf edir?

– Azərbaycanın turizm imkanları zəngindir. Pakistanın da bu sahədə imkanları genişdir. Turizm sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Pakistan turizm şirkətlərinin Azərbaycanda keçirilən turizm sərgilərində iştirakı, informasiya və təcrübə mübadiləsinin aparılması, turizmin müxtəlif növlərinin, o cümlədən qış turizminin təşviqi diqqətdə saxlanılır. Pakistanlı və xarici turistlərin cəlbi üçün Azərbaycanın turizm potensialı, görməli yerləri, regionları, o cümlədən təbiəti, turizm infrastrukturu, ölkəmizin unikal turizm məhsulları, turizm şirkətləri və mehmanxanaları, qış turizmi və turizmin digər imkanları haqqında səfirliyimiz tərəfindən də müvafiq təqdimatlar vaxtaşırı keçirilir, turizm şirkətlərinə məlumatlar verilir, kütləvi informasiya vasitələrində təşviqatlar aparılır və artıq Pakistandan da Azərbaycana səfər edən turistlərin sayında artımın olduğu müşahidə edilir. Və düşünürük ki, ölkəmizin turizm potensialının təbliği, viza rejiminin sadələşdirilməsi və bu ildən “ASAN Viza” sisteminin işə başlaması ölkəmizə səfər edən pakistanlı turistlərin sayını daha da artıracaq.

Trend

Son günlər sosial şəbəkə fenomeninə çevrilən Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmov müsahibə verib.

– Nəcəf müəllim, yəqin xəbəriniz var ki, sizin bir fotonuz sosial şəbəkələrdə, mətbuatda yaxşı mənada səs-küyə səbəb olub.

– Bəli, xəbərim var.

– İstərdim əvvəlcə özünüz haqda məlumat verəsiniz.

– 1969-cu ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olmuşam. 1986-87-ci illərdə hərbi xidmətdə olmuşam. 1991-ci ildə Nəsrəddin Tusi adına Pedaqoji Universitetə daxil olub, 1996-cı ildə oranı ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə bitirmişəm. Bir müddət Ostayır kənd orta məktəbində işləmişəm, bir neçə ildir ki, Dəlləkli kənd orta məktəbində ibtidai sinif müəllimiyəm.

– Bu foto təsadüfən çəkilib, yoxsa hər gün o uşaqları məktəbə aparırsınız?

– Hazırda bizim kənddə bir metrə yaxın qar var. Bizim uşaqlar o qarda, yağışda məktəbə gedirlər. Evim məktəbə yaxındır. O uşaqlar kəndin aşağısından gəlirlər, bizim evin yanından hər gün onlara kömək edib məktəbə aparıram. Elə uşaq var ki, boyu balacadır, çantası ağırdır, çantasını götürürəm. İndi də kitabların sayı çoxdur.

– Fotonu kim çəkib?

– Fotonu məktəbimizin yaxınlığında yaşayan Sakit Ziyadov adlı şəxs çəkib, rayonda mədəniyyət evində işləyir. Şəkil çəkiləndə xəbərim olmayıb, internetə yerləşdiriləndən sonra xəbər tutmuşam. Məktəbimiz kəndin yuxarı başında yerləşir deyə, şagirdlər də bizim evin yanından keçirlər.

– Etiraf edək ki, son illər müəllim adı, müəllim nüfuzu xeyli aşağı düşüb. Sizcə burada təqsir müəllimlərdədirmi?

– Hər kəs nüfuz da qazana, səviyyəni yuxarı qaldıra, yaxud aşağı sala bilər. İndi mənim də əlimdən bu gəlir, eləmişəm. Eşidirəm ki, bəzi saytlar xoşagəlməz şeylər yazırlar. Yazırlar ki, onlar müəllimin öz uşaqlarıdır, müəllim o uşaqlardan pul alır. Mənim öz övladlarım böyükdürlər. Pul alır demək də şər atmaqdır, böhtandır. İnsanların hamısı eyni səviyyədə deyil ki.

– Başqa bir formada şagirdlərinizə köməyiniz dəyirmi?

– Əslində, bu haqda danışmaq istəməzdim. Amma soruşdunuzsa, deyim. Şagird var ki, dəftəri yoxdur, dəftər alıb verirəm, qələmi olmayana qələm alıram. Bu mənim insanlıq borcumdur.

– Əməkhaqqınız nə qədərdir?

– Həftədə 24 saat dərsim var.

– Təxminən 300 manat civarında.

– Bəli.

– O şəkil sosial şəbəkələrdə yayılandan sonra sizinlə əlaqə saxlayan oldu?

– Tələbə yoldaşlarımdan, kənd camaatından, rayon camaatından zənglər gəldi, xoş sözlər dedilər.

 

ölkə.az

XƏBƏR LENTİ