Cümə, Aprel 28, 2017
TƏDBİRLƏR

Akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Mərkəzi Neftçilər Xəstəxanasında pulsuz göz müayinələri keçirilib. Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirində şəhid ailələri, Qarabağ və Böyük Vətən müharibəsi, 20 Yanvar əlilləri, ahıl və kimsəsiz qocalar olmaqla 200-dən çox vətəndaş müayinədən keçirilib. Göz xəstəlikləri aşkar olunan 10 nəfər pulsuz əməliyyat olunmaq üçün qeydiyyata götürülüb.

Xəstəxanada Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş yığıncaqda Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Zərifə xanımı istedadlı oftalmoloq, gözəl ziyalı, xeyirxah və nəcib insan olmaqla yanaşı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfalı ömür–gün yoldaşı kimi xatırlandığını söyləyib. Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyova və başqaları Zərifə xanım Əliyevanın əziz xatirəsinin tibb elminə böyük töhfələr vermiş peşəkar həkim, nəcib peşə sahibi, eyni zamanda xalqını, millətini sevən gözəl ziyalı, sədaqətli həyat yoldaşı və qayğıkeş ana kimi yaddaşlara həkk olunduğunu bildirib.

Azərtac

Mayın 2-də Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, tarzən Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan təntənəli qala-konsert keçiriləcək. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının təşkilati dəstəyi ilə baş tutacaq.

Tədbirdə Azərbaycanın tanınmış ifaçıları, kollektivləri və musiqi xadimləri iştirak edəcək. Bu il Ramiz Quliyevin pedaqoji fəaliyyətinin 50 illiyi də qeyd edilir. Tarzən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işlədiyi bir çox əsərləri çapdan çıxıb. R. Quliyev bir sıra dərsliklərin, dərs proqramlarının, elmi və metodiki tövsiyyələrin müəllifidir.

R. Quliyev Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Hollandiya, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və başqa ölkələrdə konsert proqramları ilə çıxış edib.

apa.az

Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.

Azərbaycanın Litvadakı səfirliyindən  bildirilib ki, sənəddə Dağlıq Qarabağ münaqişəsinin XX əsrdə baş vermiş ən faciəli münaqişələrdən biri olduğu göstərilib. Qeyd olunub ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin salınıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanıb.

Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı veriblər.

Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilib. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra edilməsinin çağırışı ilə çıxış ediblər.

 

apa.az

Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi qanvermə aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən  bildiriblər ki, aksiyada rayon rəhbərləri, bələdiyyə və ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər. Aksiya çərçivəsində nəcib təşəbbüsə qoşulanlar görkəmli alimin xalq qarşısındakı xidmətlərini xatırlayaraq insanlara həyat işığı bəxş edən həkimin, nəcib və xeyirxah insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası həyata keçirdiyi qanvermə tədbirində 350-dən çox rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan veriblər.

AZƏTAC

Böyüməkdə olan nəslin sağlamlığının qorunması, infeksion xəstəliklərə qarşı mübarizə məsələləri dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən Avropa regionunda immunlaşdırma həftəsi keçirilir. Dünya əhalisini münasib qiymətə zəruri vaksinlərlə təmin etməyə yönəlmiş bu qlobal kampaniyaya 2007-ci ildən Azərbaycan da qoşulub.

Aprelin 26-da Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) Azərbaycanda növbəti Avropa İmmunlaşdırma Həftəsinə həsr edilmiş mətbuat konfransı keçirilib.

RGEM-in direktor müavini Afaq Əliyeva mətbuat konfransında çıxış edərək bildirib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi baxımdan səmərəli tədbirlərdən biridir.

Qeyd edilib ki, son illərdə ölkəmizdə infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizəsi sahəsində həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər sayəsində davamlı epidemioloji sabitlik təmin edilib. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 infeksion xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göy öskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləşdirmə tədbirləri ölkənin bütün uşaqlarını əhatə edir.

Afaq Əliyeva deyib: “Son illərdə B hepatiti və pnevmokokk əleyhinə də vaksinləşdirmə aparılır. Planlaşdırılmış peyvənd tədbirləri ölkə üzrə bütün uşaqların 95-97 faizini əhatə edir. Buna görə, həmçinin immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi və immunoprofilaktika tədbirləri sayəsində, infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamika əldə edilib. 2002-ci ildə Dünya Səhiyyə Təşkilatı Azərbaycana uşaq iflicinin kökünün kəsildiyi region kimi sertifikat verib. 2016-cı ilin aprel ayından etibarən ölkəmizin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinindən istifadə edilməsi dayandırılıb, onun əvəzinə ikivalentli vaksin tətbiq edilməsinə başlanıb”.

RGEM direktorunun müavini vurğulayıb ki, indi regionlarda peyvəndlərdən kütləvi imtina edilməsi halları müşahidə olunmur. A.Əliyeva deyib: “Belə hallar adətən Bakıda baş verir. Bu da onunla bağlıdır ki, bəzən valideynlər internetdə peyvəndlər barədə neqativ informasiya əldə edirlər. Belə valideynlər bəzi hallarda öz uşaqlarının vaksinləşdirilməsindən imtina edirlər, lakin bütövlükdə belə faktların sayı çox aşağı faiz təşkil edir”.

Avropa İmmunlaşdırma Həftəsinin (AİH) təbliğ etdiyi əsas ideyanın mahiyyəti ondan ibarətdir ki, hər bir uşağın immunlaşdırılması xəstəliklərin profilaktikası və həyatın qorunması üçün çox böyük əhəmiyyət kəsb edir. Həftənin devizi belədir: “Önləmək. Qorumaq. Peyvənd etmək”.

AİH-nin məqsədi valideynləri və qəyyumları, səhiyyə işçilərini, səhiyyə siyasətinin formalaşması və müvafiq qərarlar qəbul edilməsi üçün məsul şəxsləri, habelə KİV-ləri immunlaşdırmanın vacibliyi barədə məlumatlandırmaq yolu ilə vaksinləşdirmə tədbirlərinin əhatə dairəsini genişləndirməkdir.

AZƏRTAC

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini və bu səfər zamanı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud və digər rəhbər şəxslərlə səmərəli görüşlərini məmnunluqla xatırlayıb.

Nazir Xalid Əbdüləziz Əl Falih ilə bu il Davosda keçirdikləri görüşü də xatırlayan dövlət başçısı onun ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev əlaqələrimizin getdikcə daha da möhkəmləndiyini vurğulayıb, mövcud əməkdaşlığımızın davam etdirilməsinin vacibliyini qeyd edib.

Dövlət başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu deyib. Siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğunu bildirən prezident İlham Əliyev bu imkandan istifadə edərək ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı ticarət və qarşılıqlı ixracın artırılmasının zəruriliyini vurğulayıb. Enerji ehtiyatlarının işlənilməsi, neft və qazın emalı, neft-kimya sahəsində əməkdaşlığımızın əhəmiyyətini qeyd edən dövlət başçısı bu sahələrdə Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, dünyada sənaye üsulu ilə ilk neft quyusunun məhz Azərbaycanda qazıldığını, ölkələrimizin bu sahədə zəngin təcrübəsinin olduğunu bildirib. Prezident İlham Əliyev nümayəndə heyətinin sabah Səngəçal terminalı və buradakı layihələrin bir qismi ilə tanışlığının önəmini qeyd edib, Xalid Əbdüləziz Əl Falihin Azərbaycana səfərinin enerji sahəsində əməkdaşlığımızın inkişafında yeni dinamika yaradacağına ümidvar olduğunu bildirib.

Qonaq bildirib ki, o, Azərbaycan kimi gözəl bir ölkəyə səfər etməsindən məmnunluq duyur. Xalid Əbdüləziz Əl Falih ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin və qədim köklərə malik olduğunu, mədəni əməkdaşlığımızın uzun əsrlərdən bəri davam etdiyini vurğulayıb, bu əməkdaşlığımızın prezident İlham Əliyevin rəhbərliyi altında daha da genişləndirildiyini qeyd edib. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan Xalid Əbdüləziz Əl Falih ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsindən məmnunluğunu ifadə edib. O, Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, ötən illər ərzində ölkələrimizin möhkəm əməkdaşlıq əlaqələri qurduğunu və bir-birini hər zaman dəstəklədiklərini qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Kəbənin üz örtüyünün tərtibatının bir fraqmentini prezident İlham Əliyevə hədiyyə edib.

 

apa.az

Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 251 nömrəli tam orta məktəbdə Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qaranlığa nur saçan zəka” adlı ümumrayon tədbiri keçirilib.

Rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, tədbirin əvvəlində Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra 251 saylı tam orta məktəbin direktoru Aygün Əzizova 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyevanın gözəl ana, vəfalı ömür-gün yoldaşı, insani keyfiyyətləri, eləcə də oftalmologiyaya böyük töhfələr vermiş görkəmli alim kimi keçdiyi həyat yolundan bəhs edib.

Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Zərifə xanım Əliyevanın yüksək mənəvi keyfiyyətləri, dərin intellekti, tibb elmində novator alim kimi xüsusi yeri olduğu barədə danışıb, Azərbaycan qadınına xas olan bütün nəcib keyfiyyətləri özündə cəmləşdirdiyini və həkim kimi xəstələrinə təmənnasız sevgi bəslədiyini qeyd edib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ləyaqətli ömür yaşayan Zərifə xanımın nurlu obrazının yüksək vətənpərvərlik və humanizm rəmzi olduğunu, onun parlaq xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib.

Tədbirdə Zərifə xanım Əliyevanın həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub və məktəblilər “Qaranlığa nur saçan zəka” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

AZƏRTAC

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təminatı məqsədi ilə təşkil olunan treninqlər davam edir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçən treninqlər “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, növbəti treninq Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkil olundu.

Treninqdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun, Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin mütəxəssisləri iştirak ediblər.

Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həlli, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarını da lazımi səviyyədə öyrənməsi, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir.

Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi, habelə, şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov və s. çıxış ediblər.

 

AZƏRTAC

Aprelin 25-də Azərbaycan Tibb Universitetində (ATU) görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilib. Tədbir Nəsimi Rayon İcra hakimiyyəti və ATU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Tibb Universitetindən bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinin aktual problemlərinə dair apardığı tədqiqatlar, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə, eləcə də Azərbaycanda oftalmologiya elminin inkişafına böyük töhfələr verib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Bildirilib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən birini peşə oftalmologiyası təşkil edib. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Bu istiqamətdə apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Digər çıxış edənlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən fiziki qüsurlu şagirdlərin təhsil aldığı 11 və 268 saylı xüsusi məktəblərin şagirdlərinin pulsuz tibbi müayinəsi təşkil edilib, ATU-da keçirilən tədbirdə müayinədən keçmiş uşaqlara eynəklər təqdim olunub.

 

AZƏRTAC

Aprelin 25-də Bakıda “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın keçirilməsində göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyinin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək, perspektivləri müəyyənləşdirməkdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, qadın sahibkarlığı problemi cəmiyyət üçün aktual məsələdir. Bu problem iki məsələnin həllində mühüm rol oynayır. Birincisi, qadın hüquqlarının təmini, gender bərabərliyinin həlli ilə əlaqədardır. Bunun üçün fundamental rol oynayan qadınların iqtisadi müstəqilliyi vacib məsələdir. İkincisi, qadınların iqtisadi fəallığının yüksəldilməsi cəmiyyətin iqtisadi potensialının artmasına səbəb olur.

Konfransda çoxsaylı ölkələrin təmsil olunmasının mövzunun aktuallığını göstərdiyini deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün mühüm əsaslar yaradılıb. Güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində məşğul olanların bütün vergilərdən azad edilməsi qadın sahibkarlığının inkişafına kömək edir. Son iki ildə sahibkarlıqla məşğul olan qadınların sayı artıb. Azərbaycan hökumətinin siyasətində qadın fəallığının artırılması mühüm yer tutur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar daha əhəmiyyətli rolları, funksiyaları öz üzərlərinə götürməyə hazırdırlar. Azərbaycan qadınları bütün dünyada toplanmış müsbət təcrübələrdən bəhrələnərək ölkənin iqtisadi həyatına öz töhfələrini verəcəklər.

Sonra Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların fəallığının artırılması istiqamətində dövlət tərəfindən yaradılan geniş imkanlardan söz açıb. Bildirib ki, Azərbaycanda hər bir ailənin sosial rifahının yüksəldilməsi istiqamətində qəbul edilən dövlət proqramları mühüm əhəmiyyət kəsb edir.

Konfransda BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Friis Baxın adından bəyanat səsləndirilib.

Sonra Özbəkistanın Baş nazirinin müavini Tanzila Narbayeva, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Beynəlxalq Türk Mədəniyyəti və İrs Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Tacikistan Hökuməti yanında Qadın və Ailə Məsələləri Komitəsinin sədri Qosimzoda İdigül, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər.

Çıxışlarda konfransın mövzusunun dünya miqyasında aktuallığı vurğulanıb, müzakirə edilən məsələlərin yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyəti qeyd olunub.

Açılış mərasiminin sonunda İqtisadiyyat Nazirliyi adından sahibkar qadınlara fəxri fərmanlar təqdim edilib.

Konfrans “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmləri”, “Qadın sahibkarlığının inkişafında yeni meyillər: müsbət tendensiyalar, təşəbbüslər və qazanılmış təcrübə”, “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzuları üzrə sessiyalarla davam edir.

AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Kürdəmir rayonunda olub.

Mərkəzdən  bildiriblər ki, hər ay ölkəmizin müxtəlif şəhər və rayonlarında mütəmadi keçirilən aksiya humanitar xarakter daşıyır. Aksiya müddətində Səyyar Klinikaya müraciət edən 300-ə yaxın xəstəyə oftalmoloji yardım göstərilib. Müayinə olunanlardan 13-nə cərrahi əməliyyat icra olunub.

Növbəti aksiya mayın 8-9-da Sumqayıt şəhərində keçiriləcək.

 

AZƏRTAC

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi dispanzerizasiyası ilə əlaqədar göstərişinə əsasən paytaxtın Pirallahı rayonunda da sakinlərin tibbi müayinəsi uğurla davam edir.

Rayon icra hakimiyyətinin saytına istinadən xəbər verir ki, qəsəbələr üzrə tərtib olunmuş qrafikə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda çalışanlar və sakinlər müayinə prosesinə cəlb olunublar. Qrafik əsasında 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Çilov adasındakı 16 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Neft Daşlarındakı tibb məntəqəsinin işçiləri əhalinin sağlamlığının qorunması, müalicə və profilaktikası məqsədilə fevralın 15-dən tibbi müayinələr aparırlar. Yaşlı sakinlərə, əlillərə evlərdə tibbi xidmət göstərmək üçün həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarovun verdiyi məlumata görə, rayonun 20,2 min nəfər əhalisindən 10 min nəfərdən çoxu tibbi müayinədən keçib. Xəstəlik aşkarlanmış 648 nəfər ambulator müalicəyə qəbul olunub, 95 nəfər stasionara yerləşdirilib, 42 nəfər isə müalicə üçün Bakıdakı xəstəxanalara göndərilib.

Pirallahı qəsəbə sakini Vüsalə Xanməmmədova, Çilov qəsəbə sakini Vüsal Kərimov və başqaları əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan tədbiri yüksək qiymətləndirib və dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 

AZƏRTAC

Keçən əsrin 90-cı illərinin axırlarında ölkəmizdə malyariya xəstəliyi epidemiyası baş verib. 1993-cü ildə 23 hadisə qeydə alındığı halda 1994- cü ildə 667 nəfərdə yerli yoluxma halları baş verib. 1996-cı ildə yoluxma ən yüksək həddə çataraq 13135 hadisə qeydə alınıb. Epidemiyanın yayılması ilk növbədə həmin dövrdə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişələr, qaçqın və məcburi köçkün axının yaranması və xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəifləməsi, dərman preparatları və laboratoriyalar, dezinseksiya maddələrinin çatışmazlığı və vaxtında lazımi tədbirlərin görülməməsi ilə əlaqədar olub.

Bu məlumatları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Malyariya ilə Ümumdünya Mübarizə Günü münasibətilə keçirilən mətbuat konfransında səsləndirib. Sonra Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov xəstəliyin əlamətləri, gedişi, yayılma formaları, diaqnostikası, profilaktikası və onunla mübarizə formaları barədə ətraflı söhbət açıb. Şöbə müdiri ölkə ərazisinin 80 faizinin xəstəlik üçün endemik zona hesab edildiyini söyləyib. O, ötən əsrin 90-cı illərinin axırlarından bu günə qədər bu sahədə görülən işlər, aparılan mübarizə tədbirləri barədə ətraflı bəhs edib. Qeyd olunub ki, Səhiyyə Nazirliyinin hazırladığı Malyariya ilə mübarizə üzrə Milli Proqrama uyğun olaraq kompleks tədbirlərin nəticəsində xəstələnmə səviyyəsi ilbəil azalaraq 2010-cu ildən sonra sporadik, yəni tək-tək hallarda qeyd olunmağa başlayıb və 2013- cü ildən etibarən bəri yerli yoluxma halları qeydə alınmayıb.

S. Məmmədov mətbuat konfransında deyib: “Ölkəmiz 2005-ci ildə Daşkənddə qəbul edilmiş “Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru” Bəyannaməsinə qoşulub və respublika ərazisində malyariyanın tam eliminasiyasına nail olunub. 2016-cı ilin iyulunda isə Aşqabadda “Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə yeni Bəyannamə qəbul edilib və ölkəmiz malyariyadan azad ölkə statusu qazanıb. 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiya işlənib hazırlanıb və onun icrasına başlanılıb”.

Şöbə müdiri onu da qeyd edib ki, xəstəliyin tam eliminasiyasına nail olunmasına baxmayaraq, digər region ölkələrində hələ də xəstələnmə hallarının və əhali arasında intensiv miqrasiyanı nəzərə alaraq xəstəlik əleyhinə tədbirlərin zəiflədilməməsi və onun davamlı şəkildə aparılmasını tələb edir.

 

AZƏRTAC

Aprelin 29-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək.

Mərkəzdən  verilən məlumata görə, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunacaq “Oxu Günü”nə tanınmış yazıçı və şairlər dəvət olunub. Tədbir iştirakçılarının yazarlarla görüş və kitablarını imzalatmaq imkanı olacaq.

“Oxu Günü”ndə, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “fleşmob” və digər təqdimatlar olacaq.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçiriləcək. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılacaq, həm də güzəştli şərtlərlə satılacaq.

“Oxu Günü” tədbirinə giriş sərbəstdir.

 

Trend

Gələn il Gürcüstanda Azərbaycan şairlərinin poeziya nümunələrindən ibarət təqvim nəşr olunacaq.  Bunu Ş. Rustaveli adına gürcü ədəbiyyatı institutunun elmi əməkdaşı, azərbaycanlı tərcüməçi Oqtay Kazımov Gürcüstan prezidentinin maliyyə dəstəyi ilə nəşr olunan 2017-ci il təqviminin yeni nəşrinin təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, təqvimi tərtib etməkdə məqsəd  2002-ci ildən tərcümə etdiyi  Azərbaycan və gürcü klassik şairlərinin poeziyasından nümunələri  tam və kiçik ixtisarla oxuculara çatdırmaqdır: “Hesab edirəm ki, hər səhər təqvimə baxan insanlar bu poeziya nümunələrini  oxuyacaqlar. Düşünürəm ki, bu, ən asan və ucuz təbliğat vasitəsidir”.

O. Kazımov hər il nəşr olunacaq təqvim layihəsinin davamlı nəşr olunacağını bildirib: “Gələn il nəşr olunacaq yeni təqvim gürcü dilində Azərbaycan şairlərinin poeziya nümunələrindən ibarət olacaq. Bu layihə davamlı olacaq. Mən bu əhəmiyyətli layihə üçün Gürcüstan prezidentinə təşəkkür edirəm.  Onu da qeyd edim ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili  Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx Allahşükür Paşazadəyə bu təqvimi hədiyyə edib”.

 

apa.az

XƏBƏR LENTİ