Cümə, Yanvar 20, 2017
Xəbərlər

Ortalama ömrünüzü nəyə xərcləyirsiz? Bu nəticələri görəndə, əslində yaşamaq üçün nə qədər az vaxtınızın olduğunun fərqinə varacaqsınız.

İnsan həyatı boyu nə qədər yol gedir, nə qədər söz danışır, nə qədər yatır, gəzir neçə il işləyir? Alimlər əslində yalnız beş il yaşadığımızı iddia edir.
Baxın insanın ortalama həyatı necə keçir
– 2 üzmə hovuzu dolduracaq qədər tüpürcək ifraz edir.
– 25 min at gücü enerji xərcləyir.
– 300 ton ağırlıq qaldırır.
– 105 gün suda qalır.
– 26 il yatır.
– Ortalama 2 ilini telefonla danışaraq keçir.
– 130 min km yol gedir.
– 90 milyon söz danışır.
– 18 il ayaqüstə dayanır.
İnsanın maddi dəyərlərinə gəlincə isə:
– Bir insanda 7 qəlib sabun hazırlayacaq qədər yağ var.
– Orta boy mismar edəcək qədər dəmirə sahibdir.
– Bir qəhvə fincanını dolduracaq qədər şəkər var.
– Kiçik bir toyuq hinini dolduracaq qədər çirk var.
– 2000 kibrit hazırlayacaq qədər fosfor var.
– Kiçik bir topun atımına çatacaq barıt üçün kalium var.
Bir insan ortalama 70 il yaşayar. Bunun yarısını gecə yaşayar və bu müddətdə ümumiyyətlə yatar. Geriyə 35 il qalır. Bu 35 ilin 5 ili uşaqlıqdaykən keçər və aydın olmaz. 5 ili də yaşlanınca gedər və həyatın bu qisimindən də çox bir şey aydın olmaz. Geriyə 25 il qalar. Bu 25 ilin 15 ili işləyərək keçir, geriyə 10 il qalır. Bir də tualet və duş kimi ihtayaclar var ki bunlara da 5 il sərf olunur.

Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu sözləri nazirlikdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anma mərasimində Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, professor Cəlal Qasımov deyib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəlal Qasımov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək qeyd edib ki, sovet imperiyası rəhbərliyinin qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq və ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb.

Törədilmiş cinayətlər nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Bütün bunlara baxmayaraq, həmin bu qanlı əməllər Azərbaycan xalqının iradəsini qıra bilməyib, Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxarıb.

Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsil siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilib. Həmin iclasda 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və bu hadisələrə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə “20 Yanvar şəhidi” fəxri adı verilib.

Mərasimdə çıxış edən Vergilər Nazirliyinin əməkdaşları qeyd ediblər ki, 20 Yanvar qurbanlarının xatirəsi xalqımız tərəfindən bu gün də əziz tutulur. Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə hər zaman lazımi diqqət və qayğı göstərilir, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.

Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi xalqımızın tarixində şərəfli bir səhifə kimi xatırlanacaq, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.

Tədbir iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı Vergilər Nazirliyinin foyesində təşkil edilmiş foto və kitab sərgisi ilə də tanış olublar.

Azərtac

Azərbaycan elminə ağır itki üz verib. Azərbaycanın tanınmış riyaziyyatçısı Cəlal Allahverdiyev bu gün vəfat edib. Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, AMEA İdarəetmə Sistemləri İns­titu­tun­­un “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor C.Allahverdiyev 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cəlal Allahverdiyev 17 sentyabr 1929-cu il Şuşa şəhərində anadan olub.
1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub, 1957-ci ildə “Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında” adlı namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə professor elmi adına layiq görülüb. Onun ən məşhur elmi nəticəsi “Allahverdiyev teoremi” adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınıb.

APA

Tanınmış karikatura ustası Seyran Cəfərli birinci “Beynəlxalq Qlobal Online” karikatura yarışmasının münsiflər heyəti tərkibində yer alıb.

Ankarada keçirilən yarışmaya 65 ölkədən 800-dən çox karikaturaçının 2500 əsəri təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən Seyran Cəfərli belə tədbirlərin tez-tez keçirilməsinin dünya, o cümlədən Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında böyük rol oynadığını bildirib. Qarşılıqlı iş birliyinin qurulması baxımından belə yarışmaların xüsusi önəmini vurğulayıb.

Mərasimdə həmyerlimiz yarışın birincilik mükafatını qazanmış Aşkın Ayrançıoğlunun mükafatını təqdim edib.

Qeyd edək ki, karikatura ustamızın ötən ay Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsinin təşəbbüsü ilə 30 əsərdən ibarət fərdi sərgisi açılıb.

AZƏRTAC

Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov 20 Yanvar faciəsi ilə bağlı məlumat verib, sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Əlillərə Dəstək Xeyriyyə İctimai Birliyinin rəhbəri Yaşar Hümbətov çıxış edərək bildirib ki, 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. “1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu”.
qhtxeber.az

Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Beynəlxalq Reyn Dərnəyinin prezidenti, fransız yazıçısı Jerar Kardonla görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Azərbaycan qadını” adlı bədii əsər yazmaq və Azərbaycan haqqında ətraflı məlumat toplamaq məqsədi ilə ölkəmizə səfərə gəldiyini nəzərə çatdıran fransız yazıçısı J. Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı, Xocalı faciəsi haqqında kitab yazacağını bildirib.
Ə. Həsənov J. Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirib.
J. Kardon Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq. Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən J. Kardon bu gün Ermənistanda aclığın, yoxsulluğun baş alıb getdiyini, insanların ölkəni tərk etdiyini və oradakı xalqın hazırkı rejimə qarşı olduğunu bildirib.

APA

Bu gün Gənclər üçün Təhsil Mərkəzi (GTM) 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.
GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə deyib ki, Mərkəz ötən il ümumilikdə 123 layihə həyata keçirib. Bu layihələrin maliyyələşməsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, UNİCEF-in Bakı ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq edilib.
Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda keçirilib. Hesabat dövründə “Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Multikultural marafon” adlı kampaniya təşkil olunub. İl ərzində 20 Yanvar, Xocalı soyqırımı, Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunub, təbliğat işi aparılıb.
Eyni zamanda region gəncləri arasında peşə təhsilinin stimullaşdırılması üçün regionlarda GTM-in Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və Karyera Planlama Xidməti fəaliyyət göstərib, Quba rayonunda gənclər üçün Biznes Planlama Mərkəzi yaradılıb. Samux rayonunda GTM-in xidmətindən yararlanan gənc xanımlar tərəfindən Moda Evi, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün tikiş və toxuculuq kursu fəaliyyətə başlayıb. Ötən il region gənclərinin problemlərinin öyrənilməsi üçün Quba və Ağcabədi rayonlarında Region Gənclərinin İnkişafına Dəstək Forumu, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün 4 regionda “Qızıl Payız” gənclərin yaradıcılıq festivalları keçirilib. Eyni zamanda Qarabağda uşaqlar üçün Mobil göz klinikası layihəsi, Gəncə şəhərində Əlil Tələbələrin I Forumu keçirilib.
Hesabat dövründə yeniyetmə və gənclər arasında hüquqların təbliği ilə əlaqədar “Yuvenal ədliyyə” layihəsinin icrasına başlanılıb.

APA

Yanvarın 18-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Neft və Qaz İnstitutunun direktor müavini və elmi katibi təyin olunub. Rəyasət Heyətinin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov bu müəssisənin elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə elmi katibi vəzifələrinə seçiliblər.

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 27 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

İyirmi yeddi il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümü ərəfəsində şəhidlərin əziz xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda dərin ehtiramla yad edilir.

“20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər davam etdirilir. Akademiyanın Naxçıvan Bölməsində, Fiziologiya, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Fizika, Fəlsəfə, Folklor, Neft-Kimya Prosesləri, Elm Tarixi, Əlyazmalar, Dilçilik, Botanika institutlarında, Mərkəzi Nəbatat Bağında, həmçinin Mərkəzi Elmi Kitabxanada, Hüseyn Cavidin Ev Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyində anım mərasimləri keçirilib.

Tədbirlərdə 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə məlumat verib, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığı, bu qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyi vurğulanıb.

Allah şəhidlərimizə rəhmət eləsin…

Gənclərimizdə, şagirdlərimizdə vətənpərvərlik ruhunun aşılanması, onlara 20 Yanvar həqiqətlərinin daha dərindən çatdırılması məqsədi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “20 Yanvar – Şəhidlərimiz qəhrəmanlıq səlnaməsidir!” adlı tədbir keçirib.
Kəlbəcər rayon 126 saylı orta məktəbinin şagirdləri ilə birgə İctimai Birliyin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, uşaqlara bu tarix haqqında məlumat verilib və şəhidlərin məzarına qərənfillər düzülüb.
“Aşiq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədr müavini Həbib Misirov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir: “Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Azərbaycan xalqı o günlərdə böyük bir gerçəyi – meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk etdi. Xalqının səsinə hər kəsdən əvvəl səs verən elə Heydər Əliyev oldu. Ümummilli lideri Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra bu məsələ siyasi-hüquqi qiymət verildi. Bu gün Ulu Öndərin siyası kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar”.
Tədbirdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şerlər səsləndiriblər.
qhtxeber.az

“Sosial şəbəkələrdə kim nə istəyir yazır, bir xaos hökm sürür. Hesab edirəm ki, bu ictimai münasibətlər hüquqi baxımdan tənzimlənməlidir”.

Bunu Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov İnsan Hüquqları Komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkələrin, bloqerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasını vacib sayıb:

“Bu gün dünyada bloqerlərin fəaliyyəti başqa cür dəyərləndirilir və onların fəaliyyətinin sərhədləri müəyyən edilməyib. Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

Trend

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin Vikipedia səhifəsi yaradılıb. Səhifədə 146 nəfər şəhidin 85 nəfəri haqqında məlumat əksini tapıb.

Mərkəzi Elmi Kitabxanadan verilən məlumatda deyilir: “Şəhidlərimiz haqqında gələcək nəsillərin məlumat əldə edə bilməsi üçün bu səhifə çox faydalı olacaq. Buradakı məlumatlar nəticəsində insanlarımız şəhidlərimizin qəhrəmanlıqları haqqında məlumatlana biləcəklər. Həmin məlumatların beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün ingilis və rus dillərinə tərcüməsi də planlaşdırılır”.

Səhifəyə link vasitəsilə daxil olmaq olar: https://az.wikipedia.org/wiki/%C4%B0stifad%C9%99%C3%A7i:Baskervill/20_yanvar

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnnovativ Biznes-İnkubator (İBİ) könüllü əsaslarla işləmək arzusunda olan tələbə (magistr) və gəncləri əməkdaşlığa dəvət edir.

Namizədə tələblər:
-Təcrübəyə tam gün (11:00-17:00) və ya yarım gün (09:00-14:00/13:00-18:00) cəlb olunmaq imkanı olan;
-Azərbaycan dilini əla bilən;
-Əla ünsiyyət qurma və təqdimetmə bacarığına sahib olan;
-Sözdə deyil əməldə son dərəcə dəqiq, məsuliyyətli və məqsədyönlü;
-Kollektivdə işləməyi bacaran, gülərüz, operativ, yaradıcı;
-Eyni anda bir neçə iş yerində işləməyən insan.

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İBİ tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Uğurlu karyeranızın başlanğıcını bizimlə qurun!

Müraciət etmək istəyən aktiv gənclər, öz CV formanız ilə birlikdə Azərbaycan Dövlət İqtisad Universiteti, otaq 1 ünvanına həftə içi hər gün saat 14:00-18:00 aralığında yaxınlaşa bilərsiniz.

Vakant yerlərin sayı: 3
Son müraciət tarixi: 26.01.2017

Bizimlə əlaqə:
Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1
E-Mail: ibi.unec@gmail.com
Tel: (012) 492 40 78
(012) 492 31 21

Yanvarın 18-də Vyana Tətbiqi İncəsənət Universitetində gənc rəssam Fərhad Fərzəli “Azərbaycanda müasir incəsənət səhnəsi haqqında” adlı məruzə ilə çıxış edib.

Tədbirdə XX və XXI əsrlərdə Azərbaycanda müasir incəsənət sahəsində əsas istiqamət və cərəyanlar, rəssamlar və onların müraciət etdikləri mövzulardan bəhs edilib. Qeyd olunub ki, Sovet İttifaqının süqutu ilə incəsənətdə sosialist realizmi dövrü də öz ömrünü başa vurdu. Ondan sonra Azərbaycanda müasir sənət məkanında yeni axtarışlara və təsvir texnikalarının tətbiqinə başlanıldı.

Məruzədə Faiq Əhməd, Orxan Hüseyn, Fərhad Fərzəliyev, Sitarə İbrahimova, Babi Bədəlov, Nəzrin Məmmədova və digər rəssamların müxtəlif əsərləri əsasında onların üslubu, müraciət etdikləri mövzu dairəsi, tətbiq etdikləri texnika və digər qrafik, həmçinin multimedial ifadə vasitələri ətraflı izah olunub.

Çıxışdan sonra F.Fərzəli Azərbaycanda müasir incəsənətin hazırkı vəziyyəti və yaradıcılıq meyillərinə dair sualları cavablandırıb.

Tədbirdə Vyana Tətbiqi İncəsənət Universitetinin tələbələri, müasir incəsənətlə maraqlanan şəxslər və soydaşlarımız iştirak ediblər.

“20 Yanvar sadəcə Azərbaycanın kədəri deyil, bu kədəri biz də hiss edirik. “Qara Yanvar” bizim üçün də qara bir gündür”.

Bunu Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar mətbuata açıqlamasında deyib.

Millət vəkili xatırladıb ki, həm Azərbaycan, həm də Türkiyə bayrağında qırmızı rəng var: “Bu qırmızı rəng şəhidlərimizin qanıdır. Onlar həyatlarını itirməsəydilər, canlarını verməsəydilər, biz bu gün rifah içində yaşaya bilməzdik”.

N.Ünüvar əlavə edib ki, 20 Yanvar faciəsi Türk dünyasının ən ağrılı günlərindən biridir: “Yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları Bakıya girərək uşaq, qadın, gənc, yaşlı demədən dinc insanlara atəş açdılar. Lakin 20 Yanvar Azərbaycanın müstəqillik və istiqlal yolunda dönüş nöqtəsi baxımından önəmli bir tarixdir. Bu hadisələrdən çox keçməmiş Azərbaycan layiq olduğu müstəqilliyi təkrar qazandı, hər keçən gün inkişaf etdi və hər birimizin qürurla bəhs etdiyi indiki Azərbaycan oldu”.

O qeyd edib ki, Qərb dünyası indi olduğu kimi, o vaxt 20 Yanvar hadisələrinə – insanlıq əleyhinə cinayətə də laqeyd qalmışdı: “Bu azmış ki, o dövrdə SSRİ rəhbəri olmuş Mixail Qorbaçova Nobel Sülh Mükafatı verilmişdi”.

N.Ünüvar bildirib: “Biz Türkiyə və Azərbaycan olaraq güclərimizi birləşdirməliyik ki, səsimiz daha da güclü çıxsın”.

Trend

XƏBƏR LENTİ