“Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İyulun 13-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illiyinə həsr olunan “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi Çingiz Aytmatovun kitab və fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkənli qırğız yazıçısının zəngin yaradıcılığından bəhs edib. Bildirilib ki, Çingiz Aytmatov Azərbaycanda sevilən, əsərləri daim dilimizə tərcümə olunaraq müxtəlif nəşriyyatlarda dəfələrlə çapdan çıxan nadir yazıçılardandır.

Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun dünya miqyaslı şəxsiyyət olduğunu vurğulayan İ.Həbibbəyli diqqətə çatdırıb ki, yazıçı istər qırğız, istərsə də rus dilində bədii ədəbiyyatın ən gözəl nümunələrini yaradıb. 1952-ci ildən Çingiz Aytmatovun bu dillərdə ilk əsərləri çap olunsa da, onun imzasının oxucular arasında tanınması Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra başlayıb. Dövlətin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülmüş Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı olub. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunub. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub.

Akademik İ.Həbibbəyli bildirib ki, Çingiz Aytmatov Azərbaycana səfərindən xüsusi qürur duyub. Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib. Çingiz Aytmatov isə ulu öndərin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində qeyd edib. O, Azərbaycanda baş verən intibahdan qürur duyduğunu dəfələrlə bildirib, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri türk dünyasının böyük nailiyyəti hesab edib.

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseyinov türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun Azərbaycanın dostu olduğunu vurğulayıb. Yazıçının Azərbaycana dəfələrlə səfər etdiyini xatırladan D.Kaseyinov diqqətə çatdırıb ki, 2018-ci il Qırğızıstanda “Çingiz Aytmatov ili” elan edilib və buna əsasən silsilə tədbirlər təşkil olunur.

Konfransda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupov, Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digərləri çıxış edərək Çingiz Aytmatovun dünya ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, görkəmli yazıçının Prezidenti İlham Əliyev ilə görüşündən, dövlətimizin başçısının onu “Dostluq” ordeni ilə təltif etməsindən danışıblar.

Tədbirdə “Çingiz Aytmatovun yaradıcılığında ümumbəşəri problemlər”, “Çingiz Aytmatovla yeniləşən dünya nəsri”, “Çingiz Aytmatovun yaradıcılığında insan və təbiətin dialektikası”, ”Əsrə bərabər gün” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Çingiz Aytmatova həsr olunan xüsusi buraxılışı ictimaiyyətə təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here