Cocuq Mərcanlıdan yüksələn azan sədası

Bu il ikinci dəfədir ki, Cocuq Mərcanlıya gedirəm.  Yazın  əvvəlində – martın 16-da bir qrup media nümayəndəsi və QHT təmsilçiləri ilə getmişdik. Onda hələ kəndin dağılmış, qədim xarabalıqları xatırladan hissəsində  tikinti işlərinə yenicə başlanmışdı. Artıq Lələtəpə yüksəkliyi azadlığa qovuşmuşdu və oradan asanlıqla vurula bilən  Cocuq Mərcanlının qapıları öz sahiblərinin üzünə açılmışdı. İlin əvvəlində gedən işlərin necə yekunlaşdığını bilmək həvəsi, məktəbin, məscidin tikilməsi məni həyəcanlandırırdı və hər vəchlə ora yenidən getməyə çalışırdım. Noyabrın 24-də  tanınmış ictimaiyyətçi, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, jurnalist dostumuz  Mübariz Göyüşlü Cocuq Mərcanlıya getmək üçün mənə də müraciət etdi və bu təklifi sevinclə qəbul etdim.

Ən böyük sovqat kitabdır

Noyabrın 25-də sübh tezdən AMEA Mərkəzi Elmi Kitabxanasının qarşısında xeyli təşkilat sədri, jurnalist bir araya gəldik. Kitabxanadan Cocuq Mərcanlı kitabxanası və məktəbi üçün ayırılan vəsaitləri maşına yüklədikdən sonra yola düşdük.  Əlbəttə, məktəb uşaqları üçün götürdüyümüz digər hədiyyələr də var idi. Lakin, içimizdə olan ən böyük təskinlik, bizi kitabların müşayiət etməsi idi. Çünki kitabsız, mütaliəsiz bir cəmiyyətin hansı fəsadlar gördüyünü klassik tənqidçilərimiz keçmiş zamanlardan  bəri dönə-dönə, böyük uzaqgörənliklə yazıblar. XIX əsrdə böyük Həsən bəy Zərdabi, Mirzə Cəlil, Seyid Əzim bu millətin kitaba olan ehtiyacından çox yazırdı. Hələ dahi Sabiri demirəm.

Bizimlə birgə  “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Hökməli Bələdiyyəsi sədrinin  müavini Fərman Salmanlı, “Gənclərə Töhfə” İctimai Birliyinin sədri Asim Vəliyev və  icraçı direktoru Məhsəti xanım, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Ruzi Məmmədov və həmin qurumun digər  əməkdaşları da vardı. Bizimlə birgə ötən ilin aprel döyüşlərində və ondan əvvəl düşmən arxasına keçərək ən çətin əməliyyatları şərəflə yerinə yetirən, gənc, əzmkar Qarabağ qazilərimiz Ülfət Həsənov və Natiq Mehdiyev də gedirdilər.  Təqribən 300 kilometrdən çox olan yol uzunu ictimai-siyasi, vətənpərvərlik mövzularında  o qədər söhbət etdik ki, vaxtın necə keçdiyini bilmədik.

Artıq Horadiz qəsəbəsinə çatanda bölgəyə ilk dəfə səfər edən dostlar inanmadılar ki, bu yer vaxtilə işğalda olub və Milli Ordumuzun hələ 1994-cü ildə keçirdiyi  əks-hücum əməliyyatı sayəsində azad edilib. İndi qəsəbədə həyat qaynayır. Oradan Cocuq Mərcanlıya yol alırıq.

“Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır”

Yəqin ki, bu cümləni xatırladınız. Bu kəlam görkəmli aktyorumuz Həsən Turabovun baş rol aldığı,  çar Rusiyası imperializminə, əhalini soyub talayan yad və yerli məmurlara qarşı iyirmi il mübarizə aparmış Qaçaq Nəbidən bəhs edən “Qanlı zəmi” filmindəndir. Nəbi Araz çayının  o tayında yaşayan azərbaycanlı kəndlərinin  Qacar xanədanının təyin etdiyi ağalardan zülm çəkməsinə dözməyərək onlara köməyə gedir. Onların bütün istəklərini yerinə yetirən qaçağımız kəndxudanı sorğu-sual edir. O da əvəzində “Arazın o tayı sənə azlıq edirdi, indi bu tayına keçirsən” – demək istəyəndə Nəbi onun sözünü kəsir və “Arazın o tayı da bu tayı da mənim doğma el-obamdır” – deyir. “Elin o başı, bu başı olmaz!
Bunu sırğa elə as qulağından!” Elə oradaca bu filmi xatırladım. Çünki qonşu İran İslam Respublikası ilə sərhədlərimizin düz yanından keçirdik və oradan azərbaycanlıların kompakt yaşadığı Xudafərin, Ərdəbil, Culfa mahallarına aid kəndləri, əraziləri rahat görürdük. Qəribə hisslər idi. Cəbrayılın bir hissəsinə gedə biləsən, lakin təqribən min ilə yaxın Araz çayı üzərindən gəliş-gediş üçün ən münasib körpü rolunu oynayan “Xudafərin  körpüsü”ndən keçə bilməyəsən.

İlk dayanacağımız: məktəb

Artıq kəndin tam hazır olan vəziyyətini gördükcə hər birimizin çöhrəsi  sevincə qərq oldu. Keçən dəfə erməni vandalizminə məruz qalmış, evləri dağıdılmış bu kəndi indi yaşamaq üçün tam yararlı vəziyyətdə gördükdə dövlətimizə olan inamımızdan vəcdə gəldik. Ona görə ki, çoxlarının artıq qeyri-mümkün hesab etdiyi işğal mifi dağılmış, itirilmiş torpaqların birdəfəlik əlimizdən getməsi barədə xof tamamilə yoxa çıxmışdı. Kənddə həyat qaynayırdı. Məktəbə sarı getdiyimiz küçələrin hər birində bizi  ora-bura qaçan uşaqlar qarşılayır, ilk dəfə gördükləri insanlara təbəssümlə əl yelləyirdilər.

Məktəbin qarşısında bizi Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mayıl Əliyev, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev qarşıladılar.  Dövlətimizin diqqət və qayğısı nəticəsində ərsəyə gələn və tam müasir standartlara cavab verən məktəb kitabxanası və sinif otaqları ilə tanış olduq. Məktəbin gənc direktoru Zamin müəllim dövlətin kəndə olan qayğısı, təhsil ocağının əhəmiyyəti, gələcəkdə şagirdlərin sayının artırılacağı barədə ətraflı məlumat verdi. Bakıdan özümüzlə gətirdiyimiz kitabları məktəbin kitabxanasına təhvil verdik.

Sonra “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov təklif etdi ki, məktəblilərlə görüşək və onların hədiyyələrini də təqdim edək. Sözün düzü, məktəb o qədər sakit idi ki, şagirdlərin hansı otaqda olması bilinmirdi. Nəhayət, balaca cəbrayıllılarla görüşdük. Uşaqları salamladıq, onlara xoş arzularımızı bildirib, ürək-dirək verdikdən sonra, hərəsindən bir şeir demələrini xahiş etdik.  Demək olar ki, bütün uşaqlar vətənpərvərliyə dair şeirlər deyib bizi yenidən kövrəltdilər. Hətta şagirdlərdən biri görkəmli şairimiz Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeirini necə ürəklə dedisə, bir də baxdıq ki, qazilərimiz qarışıq çoxumuz duyğularımıza hakim ola bilmirik. Xüsusilə, şeirin

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir

misraları bizi sözün həqiqi mənasında silkələdi. Ona görə ki,  bu şeiri bir uşaq deyirdi və onun bizdən gözləntisi vardı. Elə bil yenə və daha dərindən anladıq ki, hara getsək, nə etsək, çiynimizdə, boynumuzda Qarabağ boyda yükümüz var və biz bu yükü gələcəyimizə miras saxlamamalıyıq.

Məktəblilərdən ayrılıb  kövrək notlarla Allah evinə doğru yan aldıq.

Şuşa məscidinin bənzəri  Cocuq Mərcanlıda

Bəlkə də bir az mübaliğə sayıla bilər, amma 1992-ci ildən öz həqiqi sahibinin yolunu gözləyən, qədim Gövhər ağa məscidinin əzəmətli bənzəri artıq Cocuq Mərcanlıdadır. Bu, bir növ düşmənə göz dağıdır– desəm, yanılmaram. Addım-addım da olsa bizi Şuşaya yaxınlaşdırmağa ümid verən bu məscid ətrafdan çox  möhtəşəm  görünür və ora yaxınlaşdıqda hamımızı heyrətləndirir. Bir vaxtlar əhalisi yurd-yuvalarından pərən-pərən düşmüş, evləri yerlə-yeksan olan bu kənddə indi azan sədaları eşidilir. Azan nəinki ibadətə çağırışdır, həm də özünəqayıdışın rəmzi sədasıdır. İlahi ipə sarılmaq üçün verilən bu azan, həm də ilahinin Vətəni sevmək, qorumaq, işğal altında qalan, öz azadlığını gözləyən məzarlıqların, türbələrin, sərdabələrin, məscidlərin, evlərin, dağların, çayların, ağacların, hətta düşmən tapdağında inləyən otların hayqırtısını, iniltisini duymaq üçün  qeyrətə çağırışdır. Cocuq Mərcanlıdan yüksələn azan səsi bizi özümüzə, sözümüzə bütövlüyə qaytarır.  Gümbəzi, minarələri, tikilmə üslubu özündən gözəl Cocuq Mərcanlı kənd məscidinə baxdıqda Şuşa məscidi gözümüzün önündə canlanmaya bilməzdi.  Arada elə də böyük məsafə yox idi. Bir vaxtlar Qarabağ memarlıq ornamentlərini üzərində daşıyan, bütün bölgənin fəxarəti olan Gövhər ağa məscidinin üslubunu özündə daşıyan Cocuq Mərcanlı məscidi indi hər bir azərbaycanlını Şuşaya aparacaq mənəvi  and yerinə çevrilməkdədir.

Məscidin qarşısında  axund Elman Piriyev bizi sevinclə qarşıladı və bu müqəddəs məkanın əhəmiyyəti barədə danışmağa başladı: “Məscid 50 sot ərazidə inşa edilib.  Tikinti sahəsi 556 kvadratmetrdir. Minarələrinin hündürlüyü 26 metrdir.  Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilib. Bu qədər nəcib bir təşəbbüsün həyata keçirilməsi üçün şəxsən dövlət başçımıza minnətdaram. Var olsun, dövlətimiz.”

Doğrusu, bu qədər qonaqların gəldiyi bir məkanın cavabdeh şəxsi kimi axundun hər bir sualımıza səbrlə cavab verməsi diqqətimizi çəkdi.  Onu da qeyd edim ki, Elman Piriyevin nəinki dini dünyagörüşü, İslam dininin əsasları və dinimizin şəhidliyə, vətənpərvərliyə olan yüksək münasibəti barədə bizə verdiyi məlumatlar, həm də ictimai-siyasi cəhətdən hazırlıqlı fikirləri bizi çox məmnun etdi. Çünki məscidlərimizdə bax bu cür dini və elmi dünyagörüşə malik, vətənpərvər ruhanilərimizin olması çox zəruridir. Gələcək nəsillərimizin milli-mənəvi dəyərlərimizə sadiq böyüməsində məktəblərlə yanaşı, məscidlərimizin də mühüm rolu vardır. Bu cəhətdən dövlət başçımızın Cocuq Mərcanlı kəndinin yenidən bərpa olunması ilə bağlı verdiyi sərəncam, ora gözəl yolların çəkilməsi, məcburi köçkünlərimizin yüksək təmirli evlərlə təmin olunması ilə nəticələnsə də, mənəvi dəyərlərin təbliğinin ön plana çəkilməsi mühüm əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycan dövlətinin öz milli və mənəvi dəyərlərinə göstərdiyi ehtiramın təcəssümü sayılmaqla yanaşı, 2017-ci il “İslam Həmrəyliyi  ili”nə verilən ən böyük töhfələrdən biridir.  Bu, bir daha onu göstərdi ki, ermənilərin işi ancaq vandallıq etmək, azərbaycanlıların amalı isə qurub, yaratmaqdır. Beləcə, axundun sözünə qüvvət verərək, “var olsun dövlətimiz” – deyib, geri qayıtmaq üçün məsciddən aralanırıq. Lakin, mühüm bir məkanın ziyarəti hələ qalmaqdaydı…

And yerinə çevrilmiş məkan

Qayıdarkən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış məkanı ziyarət etmək üçün ayaq saxladıq. Ötən ilin aprelində azad edilən Lələtəpə istiqamətində qəhrəmanlıq göstərərək şəhidlik mərtəbəsinə yüksəlmiş xüsusi təyinatlılarımızın, sıravi əsgərlərimizin abidəsini ziyarət etdik, qarşısına gül dəstələri qoyduq, Dövlət himnini oxuduq. Əlbəttə, bunlar hamısı bizim üçün vacib  və rəmzi məna daşıyan addımlar olsa da, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizi geri qaytarmasa da, bir növ təsəllimiz idi. Çünki şəkillərdəki məğrur baxışlar, nur üzlü çöhrələr hər birimizə yaxşı tanış idi. Üstündən artıq bir ildən çox zaman keçsə də, sosial şəbəkələrdə qədirbilən xalqımız, demək olar ki, hər gün onların şanını əziz tutur, vətənpərvərlik səhifələri bu oğullarımızın şücaətini təbliğ edir. Lakin ən təsirli məqam orasıdır ki,  bayaqdan gəzib-gördüyümüz yerlərin hamısının bu şəhidlərin hesabına olduğunu bilirik, lakin onları aramıza qaytarmaq üçün əlimizdən heç bir şey gəlmir. Amma bir şeyə əminik ki, onlar bizdən daha gözəl yerdədirlər, sadəcə biz bunu dərk etmirik. Müqəddəs kitabımızda buyurulduğu kimi, şəhidlərə ölü deməyin, onlar diridirlər, fəqət siz bunu anlamazsınız…

Beləliklə, gələcəkdə Qarabağın azadlığı uğrunda yazacağımız qəhrəmanlıq salnaməmizin girişi sayılan Cocuq Mərcanlı səfərimizi yekunlaşdıraraq, Bakıya qayıdırıq. Bizim oranı ziyarət etməyimizdən daha vacib məsələ, kənd haqqında hər şeyin əla olmasını, orada işlərin rəvan getdiyini, milli-mənəvi ab-havanın hökm sürdüyünü sizə çatdırmaq idi. Düşmən tapdağında qalan  Qarabağın, Cəbrayılın bağrından qopan Cocuq Mərcanlının yenidən həyata qayıdışı Şuşanın, Ağdamın, Laçının, Zəngilanın, Kəlbəcərin və digər yurd yerlərimizin ən yaxın zamanda düşməndən təmizlənəcəyinə inamımızı bir daha artırdı.

“Xalq qəzeti”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here