“Coğrafiya ayı”nın yekunlarına həsr olunmuş yığıncaq keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediyada mövzulu ay və mukafatlandırma” mövzusunda tədbir keçirilib.

Coğrafiya İnstitutunun təşəbbüsü ilə “Mövzulu ay” layihəsi üzrə keçirilən “Coğrafiya ayı”nın yekunlarına həsr olunmuş yığıncaq AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və MEK-in birgə təşkilatçılığı ilə baş tutub.

İclası giriş sözü ilə açan AMEA Mərkəzi Elmi kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova iştirakçıları salamlayıb. Sonra o, Vikipediyanın Azərbaycan dilli bölməsində fəallığı artırmaq məqsədilə MEKin gördüyü işlərdən, təşkil olunan təlimlərin əhəmiyyətindən, Coğrafiya İnstitutu ilə MEK-in birgə əməkdaşlığı nəticəsində “Coğrafiya ayı”nın uğurla başa çatdırılmasından, bu işdə coğrafiyaçıların aktiv əməyindən və nəticədə məqalələrin yaradılmasını əks etdirən reytinq cədvəlində Azərbaycan dilli Vikipediyanın 5 pillə irəliləməsindən və s. danışıb.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxışında Vikipediyanı virtual ensiklopediya olmaqla yanaşı, həm də bir təbliğat vasitəsi kimi dəyərləndirib, onu qlobal informasiya müharibəsində əsas silah adlandırıb. Bu müharibədə özümüzdən zəif düşmənə uduzduğumuzu deyən akademik könüllü istifadəçilərin savadlı, düzgün və dəqiq yazılmış çoxsaylı məqalələrinin hesabına vəziyyəti xeyrimizə dəyişməyin mümkünlüyünü qeyd edib. Çıxışının sonunda Ramiz Məmmədov MEK-in Coğrafiya İnstitutunun Vikipediya qrupu ilə sıx fəaliyyətinə görə MEK rəhbərinə minnətdarlığını bildirib.

İnstitutun əməkdaşı, Vikipediya qrupunun rəhbəri Aida Aslanova “Coğrafiya ayı”nın hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, coğrafiyaçıların fəallığı nəticəsində, hələ ay başa çatmamış yüklənilən məqalələrin sayı 127.349 olmaqla, Azərbaycan dilli Vikipediya 52-ci pilləyə yüksəlib. Geomorfoloji terminlər, iqlim və hidrometeorologiya, Xəzər dənizi, toponimlər, yaşayış məskənləri, relyef, Naxçıvanın coğrafiyası və s. yüklənən məqalələrin əsas mövzusunu təşkil edib. Vikipediyanın Azərbaycan dilli bölməsinə ümumilikdə sırf coğrafiya yönümlü 7234 məqalə yüklənib ki, bunların da 2666-sı son 6 ayın hesabınadır. Oktyabr ayında həmçinin 26 şablon, 251 kateqoriya, 272 şəkil yüklənib.

İclasda Qiymətləndirmə komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov (Qolçomaq) “Məqalələrin qiymətləndirilməsi”, MEK-in Təlimlər üzrə sektor rəhbəri Günay Məmmədova “Mövzulu ayların əhəmiyyəti və mükafatlandırılması” və sektor rəhbəri, Azərbaycan dilli Vikipediyanın idarəçisi Nihat Vəlizadə “Vikimaniya – 2017” tədbiri” mövzuları ilə məruzələr ediblər. Çıxış edənlər Coğrafiya İnstitutu Vikipediya qrupunun yüksək fəallıq göstərdiyini, Azərbaycan dilli Vikipediya tarixində “Mövzulu ay” layihəsi üzrə ən yüksək göstəricinin məhz onlara aid olduğunu xüsusilə qeyd ediblər.

Sonra MEK-in rəhbəri Leyla İmanova təlim keçmiş və “Coğrafiya ayı”nda aktiv iştirak etmiş vikipediya fəallarına sertifikat və hədiyyə təqdim edib. 3-cü və 4-cü yerləri bölüşdürən Cİ vikipediyaçıları Aida Aslanova və Həlimə Əhmədzadəyə təşəkkürnamə və AMEA-nın Mərkəzi Elmi Kitabxanasından pulsuz istifadə kartı verilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here