Culian Assanjın işi üzrə ilkin istintaq dayandırılıb

İsveç prokurorluğu Wikileaks-ın banisi Culian Assanjın işi üzrə istintaqı dayandırıb və məhkəməyə onun həbsi barədə əvvəllər verilmiş orderin ləğv olunmasını tövsiyə edib.

RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı mətbuat üçün hazırlanmış məlumatda deyilir: “Bu gün prokuror Mariann Nyu 2010-cu ildə bu ölkədə zorlamada şübhəli bilinən Culian Assanjın işi üzrə ilkin istintaqın dayandırılması barədə qərar qəbul edib”.

Assanj barədə təhqiqat 2010-cu ilin yayında onun Stokholmda olduğu vaxt iki qadının ərizəsi əsasında başlamışdı. Həmin ilin dekabrında Wikileaks-ın banisi İsveç hüquq-mühafizə orqanlarının sorğusu üzrə Londonda həbs olunmuş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı.

İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və o vaxtdan indiyədək bu ölkənin Londondakı səfirliyində qalır.

AZƏRTAC