“Cümhuriyyət İli”ni AXC-yə və onun liderlərinə layiq şəkildə keçirək

Mübariz Göyüşlü

2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi elan olunması çox müsbət bir addımdır. Dövlət başçısının bu addımı imkan və göstəriş verir ki, təyinatından, istiqamətindən, profilindən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar bu yöndə çalışmalar həyata keçirsinlər. Azərbaycandan kənarda da səfirliklərimizin, diaspora təşkilatlarımızın öncüllüyündə “Cümhuriyyət İli” qeyd olunmalı, 1918-1920-ci illərdə qurulmuş respublikanın gördüyü işlər beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Çünki bu dövlət başçısının çağrışıdır. Ən qısa müddətdə bu çağrışın böyük əks-səda doğurduğu, ziyalıların, ictimai xadimlərin, siyasətçilərin, media təmsilçilərinin və s. tərəfindən dəstəklədiyinin şahidi olduq. İndi vaxtdır ki, dəstək addımları təşkilatlar tərəfindən atılsın. Bu işi 28 may tarixinə qədər etmək və ondan sonra da bütün ilboyu davam etdirmək lazımdır.

Bayaq qeyd etdiyimiz kimi bu, dövlət başçısının çağrışıdır. Ona görə də ona hər kəs qoşulmalıdır. Bununla yanaşı qeyd edək ki, AXC-nin gördüyü işlər bütün sahələri əhatə edir. Baxmayaraq ki, cəmi 23 ay yaşadı, amma Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadə başda olmaqla AXC rəhbərləri elə bir möhtəşəm fəaliyyət, elə bir möhtəşəm işlər qoyub getdilər ki, indi hər sahə üzrə onların izini tapmaq mümkündür. Bu da bizlərin üzərinə məsuliyyət qoyur ki, 2018-ci ili onlara layiq bir şəkildə keçirək.

Belə fürsət 100 ildə bir dəfə ələ düşür. Ona görə də bütün çalışmalarımızı bunu nəzərə alaraq reallaşdırmalıyıq. Gecikmək olmaz. Amma tələskənliyə salıb da vacib məqamları gözdən qaçırmaq, önəmli faktları görməzdən gəlmək də düzgün deyil. “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə mövzuyla bağlı bir neçə dildə kitabların, sanballı araşdırmaların, videofilmlərin, sənədli filmlərin, saytların, beynəlxalq və yerli səviyyəli konfransların, televiziya verlişlərinin, idman yarışlarının və s. keçirilməsi, hazırlanması lazımdır. Baxmayaraq ki, AXC cəmi 23 ay yaşadı, amma o xalqımıza azadlığı daddırdı, yaddaşında silinməz izlər buraxdı. Nəticədə üstündən 70 il vaxt keçməsinə baxmayaraq yaranan ilk fürsətdəcə xalqımız tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası quruldu. Hesab edirəm ki, bütün bunlara görə də “Azərbaycan Xalq Cümhuriyyəti İli” adına layiq bir şəkildə keçirilməli və başa çatmalıdır.

Mənim isə təkliflərim təxminən bunlardan ibarətdir:

  1. Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadəyə Bakı şəhərinin və digər böyük şəhərlərimizin mərkəzi yerlərindən birində möhtəşəm abidə ucaldılsın.
  2. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinə Bakı şəhərində və digər böyük şəhərlərimizdə mərkəzi yerlərdən birində abidələr ucaldılsın.
  3. 28 May metro stansiyasına yenidən AXC-yə və onun liderlərinə aid şəkillər, büstlər qoyulsun.
  4. Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adı qaytarılsın, digər ali məktəblərə də Cümhuriyyət liderlərinin adları verilsin.
  5. AXC-nin fəaliyyətini bütövlükdə təqdim edə bilən bədii və sənədli filmlər hazırlansın. Sənədli filmlər xarici dillərə tərcümə olunsun.
  6. AXC-nin fəaliyyətini əks etdirən və təxminən 8-10 dünya dillərində fəaliyyət göstərəcək bir sayt yaradılsın.

Əlbəttə tədbirlər də, konfranslar da, müzakirələr də, toplantılar da, kitablar da lazımdır. Amma qalıcı olması və dünyaya da xitab edilməsi baxımından məncə yuxarıda sadalanan təkliflərin həyata keçirilməsi daha yaxşı nəticə doğura bilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here