“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qusarda tədbir keçirib

Oktyabrın 2-də Qusar şəhər 2 saylı tam orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin nümayəndəsi Rəşad Nəbiyev, Qusar şəhər 2 saylı tam orta məktəbin direktoru Dilşad Şinqarova, məktəbin yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin nümayəndəsi Rəşad Nəbiyev bildirib ki, “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilir. O vurğulayıb ki, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin əsas məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə yardım etməkdir: “Birliyimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir, Azərbaycan tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verir, müvafiq sahədə maarifləndirmə işləri aparır. Birliyin “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi ikinci qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi, dini radikalizmlə mübarizəyə, dini dəyərlərin təbliğinə dəstək vermək, dini radikalizm və ekstremizmin mahiyyəti və radikal dini cərəyanlar barədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları məlumatlandırmaqdır”.

Tədbirdə çıxış edən Dilşad Şinqarova maarifləndirmə işinin əhəmiyyətini qeyd edərək xüsusilə gənclərin dini düzgün yöndən anlamaqla radikal qruplara heç vaxt qoşulmamağa çağırıb.

Çıxış edən DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev Azərbaycanda dini radikalizmə qarşı mübarizə tədbirlərinə toxunmaqla yanaşı, dünyada, əsasən də Yaxın Şərqdə baş verən qarşıdurmalara diqqət çəkib. Natiq qeyd edib ki, əsas münaqişələr bir ölkə daxilində yaşayan vətəndaşların dini müstəvidə ortaq məxrəc tapmamaları ilə başlayıb, hazırda isə bu dairəni də aşaraq böyük bir arealda davam etməkdədir. E.Ağasiyev vurğulayıb ki, birliyin, yekdilliyin və həmrəyliyin olmadığı yerlərdə bu cür münaqişələr qaçılmazdır, ölkəmizdə isə mövcud olan həmrəylik mühiti sabitliyin qarantıdır.

E.Ağasıyev qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here