Daha bir xəstə Azərbaycan Tibb Universitetində müalicə olunub

Serebral koma ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına başqa bir xəstəxanadan köçürülmüş pasiyentin anamnestik məlumatlarında Afrika ölkələrinin birində səyahətdə olduğu məlum olub.

ATU-nun mətbuat xidmətindən  bildiriblər ki, əvvəlki xəstəxanada malyariya ehtimalı inkar olunmasına baxmayaraq müalicə həkimlərinin istəyinə əsasən universitetin klinikasının mərkəzi laboratoriyasında bir daha araşdırılıb. Klinik mikrobiologiya mütəxəssisi Leyla Rəhimli tərəfindən p falciparum-a məxsus görüntü əldə edildikdən sonra, xəstəyə malyariya diaqnozu qoyulub.

Malyariya əleyhinə preparatlarla müalicəyə başladıqdan bir neçə gün sonra pasiyentin vəziyyəti stabilləşib və o 24 gün sonra tam sağlam şəkildə evə buraxılıb.

AZƏRTAC