Dendrologiya İnstitutunun əməkdaşları bəzi bölgələrin təbii və mədəni dendroflorasının müasir vəziyyətini araşdırıblar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun rəhbərliyi ilə bir qrup əməkdaş Azərbaycan Dendroflorasının IV-V cildlərinin işlənib hazırlanması məqsədilə Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında elmi ekspedisiyada olublar.

İnstitutdan bildiriblər ki, ekspedisiyanın əsas məqsədi qeyd edilən bölgələrin təbii və mədəni dendroflorasının müasir vəziyyətinin araşdırılması, yayılma areallarının dəqiqləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin invertarziyası olmuşdur.

Ekspedisiya zamanı Marxal, Car meşələrində, eyni zamanda, birinci və ikinci Tala kəndləri arasındakı meşə ərazisində, İlisu Dövlət Təbiət Qoruğunda ağac-kol bitkilərinin yayılma arealları “DJI Phantom 4” dronu vasitəsilə 30-400 metr yüksəklikdən çəkilib, əlverişsiz iqlim amillərinin meşə fonduna təsiri dendroxronoloji təhlil edilib.

İnstitutun əməkdaşları AMEA-nın Şəki regional Elmi Mərkəzinin rəhbərliyi ilə birgə zəngin kolleksiya və təcrübə sahələri, o cümlədən tədqiqat laboratoriyaları ilə tanış olublar. Böyük Qafqazın dendroflorasının təhlili məqsədilə birgə layihənin hazırlanması müzakirə edilib.

Ekspedisiya zamanı təbii və mədəni dendrofloradan 870 herbari nümunələri toplanıb və fotoşəkillər çəkilib. Toplanmış herbarilər “Herbari və toxumçuluq” laboratoriyasının fonduna əlavə edilib. Əldə olunan zəngin materiallardan “Azərbaycan dendroflorası” kitabının IV–V cildlərinin hazırlanmasında istifadə ediləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here