“Dil, media və zaman” elmi-praktiki seminar

Bu gün Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Dil, media və zaman” mövzusunda elmi-praktiki seminar keçirilib. Konfransda ali məktəbin rektoru, filologiya elmləri doktoru Nurlana Əliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Sahibə Qafarova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Seminar iştirakçılarını salamlayan Nurlana Əliyeva bildirib ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin müzakirə edilib çıxış yolları axtarılması və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması barədə” tapşırığının icrasına həsr olunub. Dövlət dilinin KİV-də istifadəsinin vacib məsələ olduğunu deyən rektor bildirib ki, hazırkı dövrdə məlumatsız yaşamaq mümkün deyil: “Bu gün cəmiyyətimizin bütün təbəqələri, hətta heç bir təhsili olmayan evdar xanımlar, nənə və babalarımız mətbuatdan istifadə edir, KİV-lərdən bəhərələnirlər. Onlar ölkədə gedən prosesləri bütün məlumatları KİV-lərin köməyi ilə əldə edirlər. Belə olan halda, bu gün mətbuatın cəmiyyətimizə hava, su kimi lazımlı olduğunu desək yanılmarıq”.

Mətbuatda peşəkarlıq məsələsində müəyyən problemlərin olduğunu deyən N.Əliyeva söyləyib ki, ildən-ilə inkişaf edən Azərbaycan mətbuatında bəzən qeyri-peşəkarların fəaliyyət göstərməsi təəssüf doğurur: “Ən pisi odur ki, mətbuatımızda ədalətə söykənməyən yazılara da rast gəlinir. Bu da cəmiyyətdə insanları çaşdırır, bəzən onların fikirlərinə də təsir edə bilir”.

Mətbuatımızda savadsız yazılara rast gəlindiyini dilə gətirən N.Əliyeva söyləyib ki, bu gün gənclərimizin yazılarında orfoqrafik cəhətdən axsayan yazılara rast gəlirik: “Orfoqrafik cəhətdən düzgün yazan tələbə savadlı olur. Orfoqrafik cəhətdən zəif olan tələbələrin əsas problemi mütaliə ilə az məşğul olmalarıdır. Bu gün sosial şəbəkələrdə, televiziya kanallarında belə bayağı fikirlərə rast gəlirik. Biz bu cür halların qarşısı alınmalı və buradakı problemlərin həlli yolları tapılmalıdır. Ümumiyyətlə, ölkəmizin tanınmasında mətbuatımızın üzərinə böyük iş düşür”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov vurğulayıb ki, hər bir xalqın formalaşmasında dil mühüm rola malikdir: “Dünyada 5 minə yaxın dil var. Azərbaycan dilinin dövlət dili olması üçün çətin yollardan keçilib. Dilimizdəki müəyyən məqamlarla bağlı 30-a yaxın sənəd qəbul olunub”.

Ə.Amaşovun sözlərinə görə, mətbuat ədəbi dilin formalaşmasında əsas rol oynayır: “Lakin təəssüf ki, bu sahədə xüsusilə də elektron KİV-lərdə və televiziyalarda çoxsaylı problemlər var. Bu, təbii ki, orta və ali məktəblərin problemidir. Bu gün jurnalistikaya demək olar ki, hazır kadr gəlmir. Son dövrlər mətbuatda alınma sözlərdən daha çox istifadə olunur. Bəzən jurnalistin Azərbaycan və ya türk dilində danışdığını çətin müəyyənləşdirmək olur. Mətbuat Şurası tərəfindən KİV-lərdə monitorinq aparılır. Biz ilk növbədə ana dilini sevməli, uşaqlarımızı ana dilində mükəmməl danışmağı öyrətməliyik. Belə olan halda problemlərin qarşısını almış olarıq”.

Seminarın davamında “ Cəmiyyət və təhsilin inkişafında ana dili amili”, “Müasir dil situasiyası və Azərbaycan dilinin inkişaf təmayülləri”, “Reklamların dili haqqında”, “ Azərbaycan dili-etnik kimliyimizin atributu kimi” və digər mövzularda məruzə və çıxışlar səsləndirilib.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here