“Dilimiz mənəvi dəyərimizdir” adlı seminar keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Dilimiz mənəvi dəyərimizdir – dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək” adlı seminar keçirib. Seminar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilati dəstəyi ilə təşkil olunub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işcisi, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Elvüsal Məmmədov, din xadimləri, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Dilimiz məvəvi dəyərimizdir-dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək “ adlı layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Onun dediyinə görə, dini mətn və moizələr vasitəsilə yayılan yad təsirlər dini durumla yanaşı, həm də mənəvi dəyərimiz olan Azərbaycan dilinə, ümumiyyətlə azərbaycançılıq məfkurəsinə ideoloji zəmində təhdid yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dil hər bir xalqın ən zəngin və toxunulmaz mənəvi dəyəridir. Azərbaycan dili isə dünyanın ən zəngin dillərindən biridir. Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin başlıca rəmzlərindən biridir: “Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gün də yaşatmağa kömək edən bir dildir. Doğurdan da dilimiz milli sərvətimizdir. Əsrlərin sınağından çıxmış bu dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması dövrümüzün tələbidir. Onun sözlərinə görə, Azərbaycan dilinin zənginləşməsində görkəmli Azərbaycan ziyalılarının böyük xidmətləri olub. Onlar dilimizi zənginləşdirib, formalaşdırıb: “İ.Həsənoğlu, İ.Nəsimi, M.Füzuli,M.P.Vaqif, M.F.Axundov və digər söz sənəti nümayəndələrinin yaradıcılığı isə Azərbaycan dilinin böyük ifadə imkanlarına gözəl nümunədir”.

S.Salahlı bildirib ki, Azəarbaycan dilinin dövlət dili kimi konstitusiyaya salınmasına yalnız ümummilli lider Heydər Əliyev nail olub. 1978- ci ilə qədər Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili rus dili kimi qeyd olunmuşdu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun sayəsində 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dili kimi qeyd edildi. Yalnız Heydər Əliyev buna nail oldu. 2001-ci ildə isə Heydər Əliyev “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı: “Tarixin müəyyən dövrlərində dilimiz də düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalıb, lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini qorumağa müvəffəq olub. Ulu öndər Heydər Əliyev və onun xalqına olan sonsuz məhəbbəti ana dilimizi yüksəklərə qaldırıb, onun ana dilinə münasibəti hər kəs üçün örnəkdir. O danışanda dilin səlisliyi, ahəngdarlığı, ifadəliliyi, obrazlılığı, fikrin çoxşaxəliliyi, üz mimikasından tutmuş, əl–qol jestlərinə qədər hər bir şeyin doğru–dürüstlüyü insanı heyran qoyurdu. Heydər Əliyev həm də dilimizin təəssübkeşi, qayğıkeşi idi. Məhz onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilib. Onun ana dilinə qayğısı sistemli xarakter daşıyırdı və o, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü. Bu ənənələri prezidenti İlham Əliyev uğurla davam etdirir. Prezidentin özünün ana dilində etdiyi səviyyəli çıxışlar isə dili bilməyən rəhbər işçilərə şəxsi nümunədir. Onun son dövrlərdə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dövlət başçısının ana dilimizə qayğısının təzahürüdür”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli bildirib ki, xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər, ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Onun dediyinə görə, bu gün dövlət səviyyəsində Azərbaycan dilinə kifayət qədər diqqət və qayğı var. Elə son illər qəbul olunan qanun, fərman və sərəncamları xatırlamaq yetər. İndi dili qorumaq insanların öz vicdanından asılıdır. Burada əsas yük pedaqoqların, müəllimlərin üzərinə düşür: “Hər auditoriya dilin qorunmasına yönəlmiş bir yuvadır. Müəllimlər doğulduqları bölgənin dialektində yox, ədəbi normalara uyğun şəkildə danışmalıdır. Əvvəl müəllim-şagird, tələbə-pedaqoq heyəti daha məsuliyyətli idi. Mütaliə zəngin idi, kitab oxuyanların sayı çox idi. İndi çoxları adi məlumatdan tutmuş, irihəcmli əsərlərə qədər hər şeyi internetdən oxumağa çalışırlar, redaktəsiz, korrektəsiz formada təqdim olunan yazılar Azərbaycan dilinin məhvinə hesablanıb. Artıq insanlar bir sözün bir neçə formada yazılışını görüb, hansının düz, hansının yanlış olduğu barədə saatlarla müakirə açırlar. Azərbaycan dilini qorumaq bizim yazıçıların əsərlərini oxumaqdan keçir. Çünki onların çoxu dili mükəmməl bildikləri üçün yazdıqları da peşəkarcasına, ustalıqla qələmə alınıb. İndiki mütaliə mənbəyi əsasən tərcümələrdir. Tərcümələrin də heç də hamısında dil qanunauyğunluqları qorunmur”.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işcisi, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Elvüsal Məmmədov isə vurğulayıb ki, hal-hazırda ölkədə dinə aid tərcümə ədəbiyyatının kütləsi kifayət qədərdir. Dini kitabların satıldığı mağazalara getsək, müxtəlif səpkili dini ədəbiyyatın şahidi olarıq. İslam hüququna (fiqhə), hədislərə, islam əxlaqına, tarixinə, ibadət ayinlərinə, ayrı-ayrı şəxsiyyətlərə dair kitablarla yanaşı, dini hekayə kitabları da mövcuddur. Sevindirici haldır ki, bəzi sanballı ədəbiyyat nümunələri dilimizə tərcümə edilib. Məsələn, hədis alimləri İmam Buxarinin “Came əs-Səhih”, İmam Müslimin “Səhihi-Müslim” hədis topluları, Əllamə Təbatəbainin “Mizan” təfsiri və digər kitabları göstərə bilərik: “Ölkəmizdə dini ədəbiyyatın tərcüməsi geniş miqyasda aparılır. Demək olar ki, hər ay oxucular yeni-yeni tərcümə kitabları ilə tanış olurlar. Tərcümə, əsasən ərəb, türk və fars dillərindən həyata keçirilir. Ərəb dilindən daha çox tövhidlə, hədislərlə, təfsirlə, fiqhlə, Peyğəmbərin həyatı ilə, islam fikri, problemləri və həlli yolları ilə bağlı kitablar tərcümə edilir. Türk dilindən tərcümə edilmiş dini ədəbiyyat əxlaq, mənəviyyat kontekstlidir, peyğəmbərin həyatı və hədislərinə həsr olunub. Cəfəri fiqhinə, şiə imamlarının həyatına, şiəliyin tarixinə dair ədəbiyyat isə, demək olar ki, fars dilindən tərcümə edilib”.

O qeyd edib ki, dini ədəbiyyatın dilimizə tərcümə edilməsi zamanı yaxşı tərcümələrlə yanaşı, qüsurlu, Azərbaycan dili normaları ilə səsləşməyən, sintaktik qaydalara uyğun gəlməyən birləşmələrin, yad istilahların üstünlük təşkil etdiyi tərcümələr də mövcuddur: “Tərcüməçilik problemləri həm dilçilik, həm də ədəbiyyatşünaslıq baxımından öyrənilməlidir. Dillər arasında qrammatik quruluş fərqləri nə qədər çoxdursa, tərcümə də bir o qədər mürəkkəb hal alar. Əlbəttə, tərcümə prosesində qarşıya çıxan problemlərin, çətinliklərin sayı kifayət qədər çoxdur. Təəssüflə qeyd edim ki, bizdə tərcümə nəzəriyyəsi və praktikasına dair indiyə qədər sanballı kitab yazılmayıb. Amma elə tərcüməçilərimiz olmuşdur ki, onların tərcümələri orijinaldan heç də geri qalmır. Məsələn, dahi Cəfər Cabbarlının Hamletin məşhur monoloqunun ilk misrasındakı “to be or not to be” birləşməsini “Olum ya ölüm” kimi tərcümə etməsi göstərir ki, Cabbarlı Hamletin iztirablı tərəddüdünə ruhən Şekspirin özü qədər yaxınlaşa bilmişdir. Nəticədə bu tərəddüdü Azərbaycan dilinin leksik qrammatik normalarına uyğun şəkildə sənətkarlıqla ifadə etmişdir. Bax budur tərcüməçi novatorluğu! Tərcüməçi hər iki dili, bu dillərin qrammatik qanun-qaydalarını, tərcümə etdiyi əsərin müəllif və ya müəlliflərinin həyatını, dövrünü, dünyagörüşünü, əsərin məzmununu, mövzusunu yaxşı bilməli, hərtərəfli inkişaf etmiş ziyalı olmalıdır. Əgər o, bədii əsər tərcümə edirsə, yazıçılıq qabiliyyəti olmalıdır. Bu baxımdan dini ədəbiyyatı dilimizə tərcümə edən tərcüməçilərin dini və onu əmələ gətirən ayrı-ayrı sahələri yaxşı bilməsi lazımdır. Bilirsinizmi, bədii tərcümə nəinki məzmun baxımından, həm də fikrin formal ifadə tərzi baxımından oxucunun zövqünü oxşamalıdır. Ona görə də tərcümə orijinalda ifadə olunan fikri dəqiq verməli, orijinalın ruhunu, onun üslubunu saxlamağa çalışmalı, müəllifin qayəsi və məramını düzgün, aydın, məntiqi şəkildə çatdırmalı, tərcümə olunan dilin normalarını pozmamalıdır. Bir həqiqəti də yaxşı yadda saxlamaq lazımdır ki, tərcümə təkcə elm olaraq qalmır, o həm də bacarıqdır, istedaddır”.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Sirac Səfərov qeyd edib ki, Azərbaycan dili öz varlığını qorumaq üçün ardıcıl mübarizə aparmış, mənsub olduğu xalqla birlikdə inkişaf edərək çoxsahəli dünyəvi elmi dil səviyyəsinə yüksəlib. Bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər.
Qeyd edək ki, seminar iki gün davam edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here