“Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru”

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə dövlət, hökumət və ictimaiyyət nümayəndələri, ölkəmizdəki dini icma rəhbərləri və xarici qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışıb. Komitə sədri deyib ki, dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir dünyada və zamanda dinlər və mədəniyyətlərarası dialoqun bərqərar olması vacibdir: “Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir: “Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib. Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır”.

M.Qurbanlı bildirib ki, Bakı bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir: “Bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-i xristian dini icmlardır, yəni qeyri müsəlman dini olmasıdır. Azərbaycan əhalisinin 96 faizi müsəlamandır, yerdə qalan 4 faiz müxtəlif dini konfensiyaları özündə əks etdirir və onların Azərbaycanda hərtərəfli fəaliyyəti üçün hər şərait yaradıb. Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir. Azərbaycan müxtəlif dinlərin sivilzasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımıxın xarakterinə, tarixində əksini tapıb”.

Konfransda çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı prosesi”nin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib”,-deyə QMİ sədri vurğulayıb.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer bildirib ki, Azərbaycan dinlərarası və məzhəblərarası münasibətlərə görə bütün dövlətlərə nümunə ola bilər. Azərbaycan tolerantlıq ənənələrinə görə təkcə müsəlman aləmi üçün deyil, bütün dünya üçün nümunəvi ölkədir. Azərbaycanda tolerantlıq, dini dözümlülük yüzilliklər boyu hökm sürüb. Bu səbəbdən Azərbaycanda xüsusi olaraq “Tolerantlıq ili”nin elan edilməsinə ehtiyac görməyən M.Şnayer bildirib ki, Heydər Əliyev Azərbaycanda tolerantlığın möhkəmlənməsində xüsusi rol oynayıb. Tolerantlıq, dini dözümlülük onun üçün prioritet məsələyə çevrilib.

M.Şnayer qeyd edib ki, təmsil etdiyi təşkilat evangelist xristianları ilə dünya müsəlmanları arasında körpü yaratmağı qarşısına məqsəd qoyub: “Müşahidələrimiz əsasında deyə bilərik ki, hələ ki müsəlmanlarla evangelist xristianları arasında anlaşma yoxdur. Amma Azərbaycan kimi dövlətdə bu tədbirə tanınmış evangelist liderlərinin qatılması tədbirin mahiyyətinə böyük töhfə verir. ABŞ-da azərbaycanlılarla xristianların münasibətləri arasında olan boşluq Azərbaycanda aparılan təbliğat əsasında aradan qaldırıla bilər”.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ölkəmizin dövlət-din münasibətləri sahəsində qazandığı uğurlardan danışıb: “Azərbaycanda tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi daim dövlətin nəzarətində saxlanılır. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi ölkəmizin daxili siyasətinin tərkib hissələrindədir: “Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi ölkə qanunvericiliyində öz əksini tapıb”.

E.Nəcəfov bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udin kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib”.

Administrasiya rəsmisi deyib ki, Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən dini qurumlara mənəvi yardım da göstərir. Bütün Cənubi Qafqaz regionunda ilk dəfə olaraq 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda qeyd olunub.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşısılıqlı hörmət əsasında qurulmasına səbəb olub.

Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycan dünyada dialoq mərkəzinə çevrilib, sülh çağırışları edən ölkə imici qazanıb: “Azərbaycan əməkdaşlıq və dialoq məkanıdır, dünyaya sülh çağırışı edən ölkədir, çünki ölkəmiz özü münaqişələrə, terrora məruz qalıb. Azərbaycan islam ölkələri arasında ilk dəfə demokratik cümhuriyyət quran, insanlara etnik mənsubiyyəti, inancı, siyasi dünyagörüşündən asılı olmayaraq, vətəndaşı cəmiyyət quruculuğuna cəlb edən, onları bərabər hüquqlarla təmin edən ilk ölkədir. Bu, bütün dünyanın, demokratik cəmiyyəti hədəf götürən bütün insanlığın nailiyyətidir. Azərbaycandakı tolerant mühit əldə olunmuş nailiyyət deyil. Bu, bizim birgə yaşam tərzimizdir”.

B.Muradova qeyd edib ki, bu gün xalqlar arasında harmoniyanı əldə etmək üçün dinlərarası münasibətlər inkişaf etməlidir: “Hamımız sülhə xidmət etməliyik. Dini, siyasi, iqtisadi, mədəni əlaqələrimiz və imkanlarımızdan istifadə edərək sülh və əmin-amanlığın, təhlükəsizlik bir dünyanın yaranmasına xidmət etməyi düşünməliyik. Biz bu çağırışı edirik. Hüquqi dövlətin əsas işi tərəqqiyə və sosial-iqtisadi inkişafa gətirib çıxaran cəmiyyət qurmaq və bu cəmiyyətin mərkəzi fiquru olan insanın rifahını təmin etmək üçün çalışmaqdır. Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə çox geniş şəkildə əməl edir. Bu məqsədlərin içərisində dini və etnik, mədəniyyətlərarası dialoqun əməkdaşlığa keçidi çox vacibdir”.

Azərbaycan Respublikasının Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, dini etiqad azadlığı yeganə hüquqlardan biridir ki, insan hüquqlarını sadaladıqda birinci yerdə olmalıdır: “Bu hüququn pozulması digər hüquqların da pozulmasına səbəb olur. Azərbaycanda həm qanunun aliliyi həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir.

Komitə sədri bildirib ki, dini etiqad azadlığı yeganə həm təbii, həm də konstutisiya ilə tənzimlənən yeganə hüquqdur: “İnsan hüquqları arasında birinci olaraq Dini etiqad azadlığı dayanır. Çünki istənilən istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Nəinki Azərbaycanda məscidlər, senaqoqlar, kilsələr,eləcə də Azərbaycan sərhədlərindən kənarda Qərbi-Şərqi Avropada bərabər şəkildə təmir edilib istifadəyə verilməsi əsas diqqət ayrılan məsələlərdən biridir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır. Bu yaxınlarda biz Cənubi Qafqazda qədim məscidin açılışında olduq. Hər hansı məsələyə ədalətsiz yanaşılması bir çox mövzulara təsir edir. Biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq. Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var. Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqalar arasında sülh və əminamanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətimə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyəsitinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər”.

S.Novruzov əlavə edib ki, Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuma diqqət çəkib: “Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfimdən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın”.

Konfrans işini davam etdirib. Konfransdan sonra nümayəndə heyətinin iştirakı ilə brifinq keçirilib və jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here