RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.09 11:29

“Dövlət büdcəsindən xərclənən vəsait artıqlaması ilə qaytarılıb” – Ülvi Mehdiyev

26

Bu gün ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər çərçivəsində əhəmiyyətli layihələr həyata keçirilir.

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.

“Aparılan işlər yaxın gələcəkdə bu xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçməsini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılmasının təmin edilməsi məqsədilə elektron hökumət infrastrukturu yenilənib, cari ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti olan “myGov” platforması istifadəyə verilib. Bundan başqa, rəqəmsal həllərin hazırlanması, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”.

Ü.Mehdiyev qeyd edib ki, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi bu gün zəruri tələbə çevrilib. “Sevindirici haldır ki, Azərbaycan dövlət xidmətləri sahəsində rəqəmsal hökümətə keçid prosesi, innovasiyaların dövlət xidmətləri sahəsində tətbiqi məsələsində öncül dövlətlərdən biridir. Bu gün qarşımızda duran ən əsas tələb reaktiv xidmətlərdən praktik xidmətlərə keçid prosesini təmin etməkdir. Ümumiyyətlə, məqsəd rəqəmsal hökümətə keçid prosesini başa çatdırmaqdan ibarətdir”.

“ASAN Xidmət”-in 7 ildir fəaliyyət göstərdiyini deyən Ü.Mehdiyev bildirib ki, bu müddət ərzində qurumun saxlanılmasına dövlət büdcəsindən 132 milyon manat vəsait ayrılıb.

“7 il ərzində “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə 135 milyon manat dövlət rüsumu və digər xidmətlər haqları geri qayıdıb. Aparılan islahatlar nəticəsində həm bir çox sahələrdə uğur qazanılıb, hədəfə çatılıb, şəffaflıq təmin edilib, həm də dövlət büdcəsindən xərclənən vəsait artıqlaması ilə qaytarılıb”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı