Dövlət İmtahan Mərkəzi ilə “ETS Global” təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi vacibdir

Avqustun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizdə səfərdə olan “ETS Global” təşkilatının nümayəndələri ilə görüşüb.

DİM-dən bildirilib ki, görüşün əsas məqsədi Azərbaycanda TOEFL imtahanların təbliğini daha da genişləndirmək, eyni zamanda, həmin imtahana hazırlığı inkişaf etdirməkdir.

Görüşdə “ETS Global”ın Türkiyə bürosunun nümayəndəsi, akademik və dövlət münasibətləri əlaqələndiricisi Zeynep Kaptan və biznes məsələləri əlaqələndiricisi Simla Yuceakın təmsil etdikləri təşkilatın fəaliyyət istiqamətləri, xüsusilə TOEFL imtahanı barəsində geniş məlumat veriblər.

Söhbət zamanı DİM ilə “ETS Global” təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Vurğulanıb ki, son dövrlər ingilis dili biliyinin qiymətləndirilməsində nəzərə alınan xüsusi dünya standartlarının olması baxımından vətəndaşların TOEFL kimi beynəlxalq imtahanlara maraqları artıb.

Görüşdə, həmçinin qonaqlara DİM tərəfindən təşkil olunan ETS-ə məxsus TOEFL IBT və SAT imtahanları, eləcə də gələcəkdə keçirilməsi planlaşdırılan “Cambridge Assesssment English” və ACCA kimi beynəlxalq imtahanlar barədə də məlumat verilib.

M.Abbaszadə “ETS Global” təşkilatının nümayəndələrinin DİM-də və “ADA” Universitetində yerli müəllimlər üçün həyata keçirəcəkləri TOEFL təliminə görə minnətdarlığını bildirib. O, DİM-in “ETS Global” təşkilatı ilə əməkdaşlıqda maraqlı olduğunu, hər iki tərəf üçün böyük əhəmiyyət daşıyan sahələrdə mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here