Dövlət Komitəsi “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsi elan edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə jurnalistlər arasında “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsi elan edib.

Dövlət Komitəsindən bildirilib ki, müsabiqədə qəzet, jurnal, agentlik və “online” saytlarda işləyən və ya mütəmadi əməkdaşlıq edən jurnalistlər iştirak edə bilərlər. Hər bir iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. İştirakçılar təqdim etdikləri məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır. Məqalənin sonunda müəllifin adı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqəyə təqdim olunduğu qeyd edilməlidir. Müsabiqənin şərtlərinə görə, məqalə “Microsoft Word” proqramında yığılmalı, 14 ölçülü “Times New Roman” şrifti ilə yazılmalıdır. Həcmi minimum A4 formatında 3 səhifə olmalıdır.

Qeyd edək ki, müsabiqə 14 iyun – 14 iyul tarixlərini əhatə edir. Yazıların son təqdim edilmə tarixi 14 iyul 2018-ci ildir. Müsabiqədə iştirak edən şəxslər məqalənin dərc olunmuş variantını, əgər qəzet və ya jurnalda dərc edilibsə onun skanerdən keçirilmiş variantını, elektron KİV-də yerləşdirilibsə linkini, əlaqə telefonlarını və e-maillərini, özləri haqqında qısa təqdimatını (CV), fotolarını [email protected] e-mail ünvanına göndərməli, məktubun mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.

Müsabiqə ilə bağlı əlavə suallar yaranarsa 498 80 93 nömrəsinə müraciət etmək olar.

Qaliblərin adları 2018-ci il iyulun 18-də Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə elan ediləcək. Qaliblərə müvafiq mükafatlar və diplomlar təqdim olunacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here