RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Pakistanda səfərdə olub

56

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) ilə Pakistan İslam Respublikasının Silahlı Qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Pakistan tərəfinin dəvəti ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, general-leytenant Əfqan Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 8-dən 12-dək Pakistanın Kəraçi şəhərində keçirilən “AMAN-2019” çoxmillətli hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, fevralın 9-da Pakistan Hərbi Dəniz Qüvvələri, Pakistan Milli Dəniz İşləri İnstitutu, Dəniz Siyasəti üzrə Milli Araşdırma Mərkəzinin dəstəyi ilə 8-ci beynəlxalq dəniz konfransı öz işinə başlayıb.

Konfrans çərçivəsində Pakistan Hərbi Dəniz Qüvvələrinin bazasında yerləşən şəhidlər abidəsinin önünə əklilqoyma mərasimi keçirilib. Xarici ölkələri təmsil edən nümayəndə heyətləri adından general-leytenant Əfqan Nağıyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub.

Beynəlxalq dəniz konfransında Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, Pakistan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi, digər rəsmi şəxslər iştirak ediblər.

Səfər çərçivəsində Pakistan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, general-leytenant Əfqan Nağıyevin təkbətək görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin Pakistan İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalardan irəli gələn məsələlər müzakirə olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı