RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.06 12:16

Dövlət Miqrasiya Xidmətinin rəsmisi Yeni Kanalın suallarını cavablandırıb

217

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini Elnur Kələntərov təmsil etdiyi qurumun gördüyü işlərlə bağlı Yeni Kanal internet televiziyasının və Dialoq.info saytının ünvanladığı sualları cavablandırıb. Cavab mətnini təqdim edirik:

– Miqrasiya Xidmətində rəhbərlik dəyişikliklərindən sonra hansı nəticələr var, nələr dəyişib?

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş məmnunluğunun, şəffaflığın, əlçatanlığın təmin olunması, operativliyin artırılması, miqrasiya qanunvericiliyinin sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb, yeniliklər, layihələr həyata keçirilib.

Ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər,  elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, MİGAZ tətbiqinin istifadəyə verilməsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, sahibkarların, iş adamlarının rahatlığının təmin edilməsinə, şəffaflığın artırılmasına xidmət edir.

Ötən dövr ərzində “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərmişdir.

Ölkə başçısının tövsiyəsi, o cümlədən  Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti 200-ə yaxın gəncin iştirak etdiyi “Miqrasiya könüllüsü”  layihəsinə start verilmiş, Miqrasiya Könüllüsü İctimai birliyi yaradılmışdır.

Eyni zamanda, Dövlət Miqrasiya Xidmətinin yeni “İnformasiya Texnologiyaları Məktəbi” və  miqrasiya sahəsində tədqiqatların aparılmasının təşviqi məqsədilə Azərbaycan Miqrasiya Araşdırmaları Təşəbbüsünə (AMAT) start verilmişdir.

Ötən il təşkil edilmiş Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə və müsabiqədən uğurla keçmiş şəxslər qulluğa qəbul edilmişdir. Xidmət rəisinin hər ay üçün şəxsən qəbulu ilə yanaşı, vətəndaşların video qəbulu təşkil edilmiş, müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası təmin edilmişdir.

Xidmət tərəfindən görülən işlərə dair hesabatla bağlı mətbuat konfransının  keçirilməsi artıq ənənə halı almışdır. 

Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələri, o cümlədən müqavilə hüquq bazası genişləndirilmiş, eləcə də ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli addımlar atılmışdır. Bu sahədə əldə edilən uğurlardan biri Dövlət Miqrasiya Xidməti yarandığı vaxtdan etibarən miqrasiya sahəsində əməkdaşlığa dair ilk hökumətlərarası müqavilə olan “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in 19 noyabr 2018-ci il tarixdə imzalanması olmuşdur.

Cari ilin mart ayında  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hazırda, Xidmətin bütün regional miqrasiya idarələrinin eyni tələblər çərçivəsində fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bununla belə, Xidmət rəisi “Facebook” vasitəsilə canlı yayımda vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşması, suallarına aydınlıq gətirməsi, onları qəbul edib təmkinlə dinləməsi və yerindəcə həlli istiqamətində tapşırıqlar verməsi vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının əyani göstəricisidir.

DMX-nin mərkəzi aparatı, 8 regional miqrasiya idarəsi, 2 qanunsuz miqrantların saxlanılması mərkəzi, eləcə də  ASAN Xidmət mərkəzlərində, “Samur”, “Astara”, “Şıxlı” quru dövlət sərhədlərinin buraxılış məntəqələrində fəaliyyət göstərən miqrasiya bölmələri əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir.

Eləcə də sosial şəbəklərin imkanlarından istifadə edilərək Xidmətin rəsmi “Facebook”, “Twitter”, “Youtube”, yeni istifadəyə verilmiş “İnstagram” səhifələri vasitəsilə vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin aktiv şəkildə xidmətindədir.

Həmçinin 919 çağrı mərkəzi 7 gün 24 saat daxil olan zəngləri cavablandırmaqdadır.

– Bu günlərdə Miqrasiya xidmətində sahibkarlara görüşdə rəis Vüsal Hüseynovun adından yayılan xəbərdə deyilirdi: “Sahibkarlar tərəfindən qaldırılan məsələ müzakirəyə çıxarılır və dərhal həll edilir”. Hansı məsələlərdən gedir söhbət?

Ölkədə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların respublikaya cəlb edilməsi ölkə Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət Miqrasiya Xidməti də öz səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlığı genişləndirməyə, əcnəbi iş adamları üçün ölkədə münbit şəraitin təmin edilməsinə xüsusi həssaslıqla yanaşır.

Qeyd olunanlar və sahibkarlığın dəstəklənməsinə yönəlmiş təkliflərin hazırlanması məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurası yaradılmışdır.

Bununla bağlı görülən işlərin nəticəsi kimi yalnız bir statistik rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, 2 il müddətində ümumilikdə 1300-dən çox sahibkarın iştirakı ilə 8 görüş keçirilib.

Bu rəqəm Dövlət Miqrasiya Xidməti tərəfindən sahibkarlara göstərilən diqqətin, onları qayğılandıran məsələlərə həssas münasibətin əyani təsdiqidir.

Bundan başqa, Xidmətin rəsmi saytında Dövlət Miqrasiya Xidmətinin rəisinə birbaşa müraciət etmək imkanı verən “İş icazəsi-Qaynar xətt” pəncərəsi yaradılıb. Sahibkarlar iş icazəsinin alınması, imtina və şikayətlərlə, eləcə də miqrasiya ilə bağlı qarşılaşdıqları məsələlərlə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.

– Dövlət Miqrasiya Xidmətində Reinteqrasiya üzrə İşçi Qrupunun altıncı iclası keçirilmişdi. Readmissiya sazişləri çərçivəsində geri qəbul edilən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədilə görülən işlər barədə məlumat almaq istərdik. Vəziyyət nə yerdədir?

Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının readmissiya sazişləri əsasında geriqəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, eləcə də sözügedən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli tapşırığına əsasən, Reinteqrasiya İşçi Qrupu yaradılmışdır. Xarici İşlər Nazirilyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin nümayəndələrindən ibarət işçi qrupu ölkəyə readmissiya edilən müvafiq ehtiyacaları olan şəxslərin cəmiyyətə dayanıqlı reinteqrasiyasının təmin edilməsi istiqamətində mütəmadi olaraq fəaliyyət göstərir. Ötən dövr ərzində ehtiyacları müəyyənləşdirilmiş 139 nəfər barədə məlumat müalicə olunmaları ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə məşğulluq, maddi yardımın göstərilməsi və mənzil təminatı ilə bağlı 91, Təhsil Nazirliyinin nümayəndəsinə təhsillə bağlı 16 nəfər barədə məlumat ünvanlanıb.

– Azərbaycana əcnəbi ölkələrdən gələn şəxslərlə, onların miqrasiya xidmətində qeydiyyatı və s. istiqamətində görülən işlər haqqında məlumat verməyiniz xahiş edirik.

Ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində bəzi dəyişiklik edilmişdir. Belə ki, ötən il edilmiş dəyişikliklərə görə artıq 10 gün deyil, 15 gündən  artıq Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bu il edilmiş dəyişikliyə görə isə əcnəbi olduğu yeri dəyişdikdə, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri, elektron hökumət portalı və elektron poçt ([email protected] ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Dialoq.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı