Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir: ahıllarla pis rəftarın səviyyəsi artır

Dünyada təqribən hər 6 ahıl adamdan biri pis rəftarın bu və ya digər forması ilə üzləşir. Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verilir ki, bu göstərici daha əvvəl əhalinin qocalması nəzərə alınmaqla hesablanmış və proqnozlaşdırılmış rəqəmi üstələyir.

DST-nin dəstəyi ilə aparılmış və nəticələri “Lancet Global Health” jurnalında dərc edilmiş yeni tədqiqata görə, yaşı 60 və daha çox olan insanların, demək olar, 16 faizi yolverilməz rəftar formalarına – psixoloji təsirə (11,6 faiz), maliyyə fırıldaqlarına (6,8 faiz), soyuq münasibətə (4,2 faiz), fiziki təsirlərə (2,6 faiz) və ya seksual təhqirlərə (0,9 faiz) məruz qalırlar. Tədqiqat müxtəlif regionlarda yerləşən 28 ölkədə, o cümlədən gəlir səviyyəsi aşağı və orta olan 12 ölkədə aparılan 52 araşdırmanın məlumatlarına əsaslanır.

Pis rəftarın sağlamlıq üçün nəticələri müxtəlif travmalar, ağrı, habelə depressiya, stress və səksəkəli vəziyyətdir. Ahıllarla pis rəftar qocalar evlərində, xəstəxanalarda yerləşdirilmə, təcili tibbi yardım xidmətindən istifadə və ölüm riskinin artması deməkdir.

Dünyada yaşı 60 və daha çox olan insanların sayı 2050-ci ilə qədər iki dəfə artaraq, 2 milyard nəfərə çatacaq. Onların böyük əksəriyyəti gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə yaşayacaq. Pis rəftara məruz qalan ahılların sayı dəyişməz qalsa, əhalinin qocalması ilə əlaqədar belə adamların sayı artaraq 2050-ci il üçün 320 milyard nəfərə çatacaq.

AZƏRTAC