“Dünyam mənim” mövzusunda sərgi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 12 noyabr 2014-cü il saat 12:00-da “Dünyam mənim” mövzusunda sərgi təşkil olunur.
“Dünyam mənim” sərgisində fiziki qüsurlu gənclərin əl işləri nümayiş olunur. Sərginin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslər haqqında uzun illərdən bəri formalaşmış streotipləri qırmaq və onları cəmiyyətə fərqli prizmadan təqdim etməkdən ibarətdir.
Sərgidə iştirak edən müxtəlif taleləri olan hər bir gəncin ortaq məqsədi yaşamaq və yaratmaq istəyidir. Bu sərgi fiziki əliliyi olan gənclərin cəmiyyətə inteqrasiyasını təşkil etmək üçün atılmış humanist bir addımdır.
3 dekabr “Beynəlxalq Əlillər Günü” nə həsr olunmuş sərginin əsas məqsəd ilk növbədə gənclərə dəstək olmaqdan ibarətdir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq imkanları məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzi 2013-cü ilin dekabr ayından fəaliyyət göstərməkdədir. Mərkəz respublikada sağlamlıq imkanları məhdud gənclərin sosial reablitasiyası və peşə hazırlığı sahəsində fəaliyyət göstərən yeganə müəssisədir. Mərkəzdə rəssamlıq, xalçaçılıq, ağac üzərində oyma, toxuculuq, dərzi, kişi və qadın bərbəri, kompyuter bilikləri üzrə 3-6 aylıq dərslər tədris olunur. Burada o cümlədən, peşə kursları ilə yanaşı dizayn, musiqi və bədii yaradıcılıq, gənlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman zalları da fəaliyyət göstərir.
Sərgidə 100-dən artıq müxtəlif janr və üslublarda rəsm əsərləri nümayiş olunur.
Sərgi 12 noyabr 2014-cü il saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.
Sərgi üç gün davam edəcək. Nümayiş olunan əsərlərin satış sərgisi nəzərdə tulmuşdur ki, bu da əlilliyi olan gənclərin əməklərinə olan diqqəti yönəltmək, çalışdıqları istiqamətlər üzrə onların marağı artırmaqdan ibarətdir.