E-vətəndaş cəmiyyəti portalı “Milli Net 2015” mükafatçısı olub

“Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən Prezident yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılan Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Milli İnternet Mükafatı – “Milli Net 2015”- müsabiqəsində “İctimai-sosial saytlar” nominasiyası üzrə 3-cü yerə layiq görülüb.

Modern.az xəbər verir ki, www.e-vc.az-ın gələcək perspektivinə toxunan layihə rəhbəri Cəsarət Hüseynzadə qeyd edib ki, portalın QHT nümayəndələri üçün həm texniki imkanlarını artırmaq, həm də ki, onun fəaliyyət prosesinə vətəndaş cəmiyyətinin nümayəndələrini də cəlb etmək niyyətindədirlər.

“Məhz bizim QHT-lər üçün əsas ideyamız olan “Birbaşa xəbər yayımı”, “Saytını qur” kimi devizlərin gələcəkdə daha da effektli olacağına inanırıq. Bu ideya QHT-lər üçün yeni imkanlar açır. Sadəcə olaraq, bu ideya ətrafında vətəndaş cəmiyyəti nümayəndələri birlikdə fəaliyyət göstərməlidir. Bu təkcə bir xəbər portalı və yaxud elektron baza deyil. Bu QHT-lər üçün kompleks informasiya şəbəkəsidir ki, bu şəbəkəyə vaxtaşırı yeni funksiyalar əlavə edilə bilər. Məhz müsabiqədə iştirakda da əsas məqsədimiz və arzumuz ondan ibarət idi ki, bu prinsiplər münsiflər tərəfindən nəzərə alınsın”.

Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalının rəhbəri Cəsarət Hüseynzadə qeyd edib ki, buna baxmayaraq, cari ilin sentyabr ayından fəaliyyət göstərən bir sayt üçün bu nəticəni qənaətbəxş hesab etmək olar.

Qeyd dək ki, Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində 2015-ci ildə yaradılıb. E-vətəndaş cəmiyyəti portalı QHT-lərin e-bazası və xəbərlər bölümündən ibarətdir.