Elmdə himayədarlıq akademik mühiti korlayıb…

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Qərbdə və Şərqdə elmə münasibəti, elmin ölkələrin iqtisadiyyatında və xalqların həyatındakı əvəzedilməz rolu, problemlərdən doğan nəticəsizliklər, prioritetlər haqqında olduqca maraqlı təhlili yazını Moderator.az oxucularıyla bölüşüb:

 

Elmdə himayədarlıq
2012 il statiskasına görə, dünyanın 200 top universitetinin 184-ü inkişaf etmiş Qərb dövlətlərində,16 universitet isə yerdə qalan ölkələrdədir. Türkiyə istisna olmaqla heç bir müsəlman ölkəsində top Universitet yoxdur. İnkişaf etmiş I Dünya ölkələrində təhsil, elm dərk olunmuş həqiqətdir, II və III Dünya ölkələrində isə yox. Bu ölkələrdə elmin fəlsəfəsi düzgün dərk edilmir.
Fransız filosofu Rене Декартın dünyabaxışını əks etdirən fikirdə deyilir:  “Hansı xalqda nə qədər asan filosofluq etmək mümkündürsə, həmin xalqın təhsil səviyyəsi və vətəndaşlıq hissi bir o qədər yüksəkdir. Bu səbəbdən də dövlət üçün həqiqi filosoflara sahib olmaqdan daha böyük nemət ola bilməz”.
R.Dekart 400 il bundan qabaq təhsil və vətənpərvərliyin səbəbini dünyanın fəlsəfi dərkində görürdü. Millətin fəlsəfi düçüncəsi yüksək olarsa, dövlətin qəbul etdiyi qərarlar da düz olar.
Elmdə himayədarlıq akademik mühiti körlayıb. Sovet elmi bu xəstəliyə II Dünya müharibəsindən sonra tutuldu. Bu səbəbdən də həm sovet dönəmində, həm də indi MDB məkanında elm xəstəhal vəziyyətindədir.
Elmlə yanaşı psevda elm də var. Ruslar ona “ljenauka” deyirlər. Alim olduğu kimi kvazialim də var. Ona bəzən psevda alim də deyirlər. Psevda alimlər elmə istehlakçı gözü ilə, sadə dildə desək “çörək ağacı” kimi baxırlar. Onların sayı, anadan alim kimi doğulanların sayından qat-qat çoxdur. Rəhmətlik A.Mirzəcanzadəyə görə elmdə “20-80” qanunu işləyir. Bu o deməkdir ki, elmi nəticələrin 80% -ni alimlərin, 20% -i yerdə qalan 20% nəticəni isə alimlərin 80% əldə edirlər. Bu formula Qərbdə də belədir. Orda da özünü elmə həsr edənlərin sayı, elmi özünə həsr edənlərin sayından çox azdır. Ancaq Qərbdə imkan verilməz ki, belə alimlər elmi atmosferi çürütsünlər.
Elmdə himayədarlıq sovet fenomenidir. Çünki kvazialimlər elmə himayədarlarının köməyi ilə daxil olurlar. Himayədarlıq alimi kvazialimə, elmin ljenakuya çevrilməsinin əsas səbəbidir. Himayədarlarının köməkliyi ilə kvazialimlər idarəetməni əla alırlar və nəticədə elmin effektliyi heçə enir, alimlərin azadlıqlığı azalır.
ABŞ prezidenti B. Obama
Bir il öncə ABŞ prezidenti B. Obama elm haqqında belə bir fikir söylədi: “Böyük idealların reallaşması üçün hamının sonda dirəndiyi sirli 40-cı qapının açarı da məhz elmdir!”  Demək, elmin açarını əldə etmək üçün 40-cı qapını da açmaq lazımdır. Yəni elm mürəkkəb sahədir. Bunu hər kəs yox, tək-tək adamlar bacarar və tək-tək adamlar da qiymətləndirə bilər. Buna dair tarixdən misallar çoxdur.
Lavrenti Beriya və Xariton
II Dünya müharibəsi zamanı SSRİ rəhbərlərindən Lavrenti Beriya ölkənin “Atom layihəsi”-nin elmi rəhbəri akademik Y.Xaritonun davranışı ilə bağlı dəfələrlə İ.Stalinə şikayət edir. Söhbətlərin birində İ.Stalin Beriyaya  deyir:  “Lavrenti, səni çıxarsam yerinə onlarla namizəd taparam, bəs Xaritonu çıxarsam, onu kimlə əvəz edim?”  Buradan görünür ki, L.Beriyadan fərqli olaraq, Stalin alimin unikallığını, əvəzedilməz olduğunu dərk edirdi.
Y.Xariton kimi toxunulmazlığa, hörmət və sonsuz hüquqa malik alimlər o zaman barmaqla sayılırdı: akad.Y.Zeldovic, akad.A.Saxarov, akad.İ.Kurçatov, akad. A.Aleksandrov və digər bir neçə nəfər. Bu alimlərin hər biri üç dəfə Sosialist Əməyi Qəhramanı idi. Nikita Xuruşov, Lavrenti Beriya kimi dövlət və partiya adamları bu akademiklərin fəaliyyət azadlıqlarına həsədlə baxırdılar. Onların da ürəklərindən belə toxunulmazlıq, sonsuz hörmətə malik olmaq, akademik olmaq keçirdi. Onların düşüncəsinə görə, bu ilahi toxunulmazlıq hüququnun  kökündə akademiklik durur, alimlik yox. Bu səbəbdən onlar da fürsət düşəndə özlərini və ya övladlarını akademik vəzifəsində və ya Akademiya sistemində görmək istəyirdilər. (Deyilənlərə görə, hətta N.Xruşşov SSRİ-nin Nazirlər Sovetinin sədri olanda ürəyindən Akademiyaya üzv olmaq keçib və onun bu arzusunu gözündə qoyan Akademiyanın o zamankı prezidenti A.Nesmeyanovu Keldişlə əvəz edib). Elmdə himayədarlıq bu istəkdən, bu arzudan, bu səbəbdən yarandı. Sonralar bu niyyət böyüyüb ənənə halına düşdü.
1950 –ci illərdən sonra Siyasi Büro üzvlərinin və digər dövlət, hökümət adamlarının övladları himayədarlıq əsasında  milli qürur mənbəyi və müqəddəs məkan sayılan Akademiyaya işə göndərildi. Beləliklə, alimlər sırasına kvazialimlər təbəqəsi daxil oldu.  Elə o zamandan da elm hörmətdən düşməyə, ildən-ilə elmin faydalı nəticələri azalmağa başladı. Himayədarlığa qədərki dövrdə dörd ilə Atom layihəsi, 5-6 ilə kosmos layihəsi başa çatdı. Himayədarlıqdan sonrakı dövrdə elmdə uğurlar azaldı. Misal üçün son 20 ildir ki, nanotexnologiyanın gürultulu adından başqa sevindirici heç nə yoxdur. Himayədarlıq səbəbindən heç inanmıram da ola. İndi o haqda alimlərimiz yox,  ancaq “Mətanət” firması danışır.
Azərbaycan Elmlər Akademiyasının yaranması
Sovet respublikalarında da 60-cı illərdən sonra himayədarlıq elmdə də möhkəm məskan salıb. Himayədarlıqdan qabaq, yəni 1945 –ci ilin yanvarında təsis olunmuş Azərbaycan Elmlər Akademiyasının ilk üzvlərini (Üzeyr Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov, Y.Məmmədəliyev, Əlizadə Ələşrəf,  M.Qaşqay,  M.Mirqasımov, Ş.Əzizbəyov, M.Topçubaşov, A.Qrossheym,  S. Dadaşov, İ.Yesman,  H. Hüseynov və digərlərini) himayədarlıqdan sonrakı dövrdə seçilmiş AMEA üzvləri ilə müqayisə edin və özünüz nəticə çıxarın.
Dostoyevskiyə görə, “insanın dəyərini varlığı deyil, yoxluğu  göstərir”. 1945 –ci il akademiklərinin yoxluğu onların hər birinin elm üçün nə qədər dəyərli olduğunu  göstərir. Bu sözləri himayədarlıq əsasında seçilmiş akademiklər haqqında söyləmək çətindir. Aydındır ki, himayədarlıqla seçilmişlər elmə töhfə verə bilməz. Elmə qoyulan hər manat bir neçə ilə bir neçə qat artıq gəlir gətirməlidir. Belə alimlərin rəhbərliyi ilə elmə xərclənən pulun neçə faizi  geriyə qaytarmaq olar? 1960-cı, 70-ci və sonrakı onilliklərdə elmə xərclənən pulların gətirdiyi gəlirləri görmək olarmı? Bu gün dövlətimiz tərəfindən elmə xərclənən pulların nə vaxtsa geri qaytarılmasına ümüd varmı?  Ölkəmizdə elə “elmi qrup”-lara rast gəlmək mümkündür ki, son 30 ildə bir tədqiqat obyektindən bir neçə elmlər doktoru və daha çox fəlsəfə doktoru (namizədlik) müdafiə edilib, ancaq nəticələr bu illər ərzində nə ölkə daxilində, nə də ölkə xaricdə tətbiq tapmayıb. Sual olunur: belə elmi işləri davam etdirməyin ölkəyə xeyri varmı?
Himayədarlıq elmin inkişafında əngələ çevrilib. Heç kəs bu xəstəliklə mübarizə aparmaq istəmir, əksinə, hamı çalışır ki, bu şəraitdən istifadə etsin. Bunun nəticəsində elm “ljenauka”ya, alimlər isə psevda alimə çevrilirlər. Nəticədə elm gəlir gətirmir, ancaq pul yeyir.  Akademiya Əmək və Sosial Müdafiə Nazirliyinin flialı deyil ki, alim adlanan təbəqənin sosial müdafəsində dursun.
Himayədarlıqdan qabaq bizdə də alimlər böyük hörmət sahibləri idi. BDU-nun “Astrofizika” kafedrasının keçmiş müdirü, rəhmətlik prof. Rəhim Hüseynov söhbət edirdi ki, Şamaxı Astrofizika Rəsədxanası ilə bağlı BDU-nun rektoru Y. Məmmədəliyevin qəbulunda idim. Dövlət telefonu zəng çaldı. Zəng vuran Mərkəzi Komitənin katibi N.Hacıyev idi. O, rektorun yanına gəlmək üçün vaxt istəyirdi. Rektor dedi ki, bəlkə mən gəlim, ancaq hörmət əlaməti olaraq o, buna razı olmadı. Himayədarlıq dövründə  idarəetmənin ən xırda məmuru rektoru yanına çağırır və göstərişini verir.
Arzu edərdim ki, Azərbaycan elmi də neft sənayesi, quruculuq işləri, mədəniyyət və idman tədbirləri kimi ölkəmizi dünyada tanıda bilsin. Festival kimi tədbirlərlə elmi şöhrətləndirmək inandırıcı görülmür. Bunun əvəzinə psevdaalimlərin həqiqi alimləri elm sənhəsindən sıxışdırmasını almaq lazımdır. Psevda alimlərə yerlərini göstərmək üçün onların ideyalarını (çox vaxt çürük) yox, aldıqları tətbiqi nəticələri maliyyələşdirmək lazımdır. Belə olanda elmin hörməti bərpa olar, talantlı gənclər elmə gələr və elmə psevda alimlərdən öz-özünə tənzimlənər.
İSLAM DÜNYASINDA ELM 
17-ci əsrə qədər müsəlmanlar elmdə geri qalmayıblar. İsak Nyüton optikanı İbn əl- Xaysamın kitablarından oxuyub. Bu alim atmosferin təzyiqinin olmasıni ilk deyən təbiətşünas alimdir. Əbu Reyhan Burininin  son nəfəsinə kimi elmlə məşğul olması da məlumdur. Elm sahəsində İslam dünyasından cəmi üç nəfər (Abdus Salam, Məhəmməd Yunis və Ahməd Zevail) Nobel mükafatı aldığı halda, Qərbdə belə alimlərin sayı yüzlərlədir.
Dünyada sənaye əsasında istehsalı (sənayeləşmə erası) başlayanda, müsəlman dünyası elmdə geriləməyə başladı. Son iki yüz ildə bəşəriyyət iki bəşəri -sənaye inqilablarından keçir. Birinci bəşəri sənaye inqilabının möcüzəsi maşını, təyyarəni, gəmini hərəkətə gətirən daxili yanma mühərrikidir. İkinci bəşəri sənaye inqilabının möcüzəsi kompüterdir. Nə birinci, nə ikinci bəşəri sənaye inqilabının qərarlaşmasında Şərq iştirak etməyib. Müsəlmanlar həyati təlabatlarını ödəmək üçün iqtisadiyyatlarını ticarət üzərində qurublar. Qərblilər isə bu məqsədlə sənaye istehsalı yolunu seçiblər. Nəticədə Şərqdə varlanmanın mənbəyi əsasən ticarət, Qərbdə isə sənaye istehsalı (yəni maşın, mexanizm, cihaz, avadanlıq və s.) oldu. Tacirin alimə ehtiyacı yoxdur. Sənayeçinin uğurları isə ancaq alimdən asılıdır və bu səbəbdən də alimlərə, universitetlərə, talantlı gənclərə (tələbələrə) həmişə qayğı göstərər. Bu səbəbdən də Qərbdə alim ən zəngin insanların yanında hörmət sahibi, söz sahibi oldu. Şərqdə isə belə olmadı. Demək, elm Qərqdə həm dövlətdən, həm də sənayeçilərdən (firmalar tərəfindən) maliyyələşir. Böyük firmaların nəzdində müstəqil elmi tədqiqat mərkəzləri, konstruktor- layihə büroları var və onlar tərəfindən maliyyələşir. Şərqdə isə ancaq elm dövlətdən maliyyə umur.
Hesab edirəm ki, İslam dünyasında elmin geri qalmasını ictimai –siyası quruluşda axtarmaq lazımdır. Rus alimi P.V. Siminov hesab edir ki, təhrif olunmuş “azadlıq” mühitində  insan əgər təkrar satışla gəlir əldə edə bilərsə, özünü istehsala həsr etməz, çünki “enerjiyə qənaətə ehtiyac” gen səviyyəsində  qorunur. Son bir neçə ildə İslam ölkələrini bürümüş rəngli inqilablar göstərir ki, müsəlman ölkələrində  insanlar təhrif olunmuş “azadlıq” şəraitində yaşayırdılar. Belə şəraitdə istehsalla yox, ticarətlə məşğul olmaq daha sərfəlidir. Ticarətin isə elmin inkişafına köməyi dəyməz. Ticarətin yaratdığı psixologiya, sənaye istehsalının yaratdığı  psixologiyadan tam fərqlidir. Qərb ölkələrində ictimai-siyasi quruluş istehsal üzərində köklənib. Bu səbəbdən elmə dayaq olan nəhəng firmalara malikdirlər.
Müsəlmanların elmdə geri qalmasını başqa səbəbi də var. Bu səbəbə aydınlıq gətirmək üçün əvvəlcə bir lətifəni oxucuların diqqətinə çatdırım:
Müdafiə nazirinin qəbulu…
Bir  alim bir bağlama ilə müdafiə nazirinin qəbuluna düşür. Güclü silah ixtira etdiyini deyir və qəbula gətirdiyi bağlamanı açır. Onun içindən iki fırlanan dəstəyi olan bir çemodan çıxır. Alim deyir: bu dəstəyi fırladanda güc artır. Bu dəstəyi fırladanda isə yaxını-uzağı vurur. Nazir maraqlanır və deyir: tez aç görək çemodanın içində nə var? Kvazialim cavab verir: çemodanda heç nə yoxdur, olan “ideyadır”, onu da sizə söylədim.
Şərqdə nazir ideyanı dəyərli sayıb, kvazialimi mükafatlandıra bilər. Qərbdə isə nazir silahın təcrübi variantın tələb edər. Demək, elmdə əsas məsələ rəhbər kadrın intellektual səviyyəsidır, çünki burada aldanma ehtimalı böyükdür. Belə alimlərin kələyindən sığortalanmaq çətindir. Hətta İ.Stalin, B. Yeltsin də belə alimlərin toruna düşüblər.  Digər bir misal:
Akademik Boqomolets və İ.Stalin
Akademik Boqomolets uzunömürlülük nəzəriyyəsini irəli sürəndə Stalinin göstərişi ilə onun elmi yaradıcılığı üçün lazımı şərait yaradılır. Çünki nəzəriyyədə insanın 150 il ömür sürmək imkanı olduğu göstərilirdi. 1946-cı ildə akademik Boqomolets 65 yaşında qəflətən vəfat edir. Akademikin vəfatı haqqında Stalinə məlumat verəndə o başını bulayaraq “yaramaz hamımızı aldatdı”- deyir.
Gary Hamel
Şərq ölkələrində elmin idarə olunmasında da qüsur çoxdur. İdarəetmə məharəti böyük gücə malikdir. Amerkalı alim Gary Hamel idarəetməni son yüz ilin beş ən vacib kəşflərdən (social) biri sayır. Elmi yaxşı idarə edərsən xeyir verər, pis idarə edərsən ancaq pul yeyər. O yerdə ki, elmin uğuru yoxdur, demək orda idarəetmə düz qurulmayıb. Elmi rütbələrin verilməsində islahata ehtiyac var. Bu işdə qüsura məsuliyyət daşıyan yoxdur. Keçmiş sovet respublikalarınin çoxunda elmdə islahat getdi və gedir. Hazırda elmə ayrılan maliyyənin çoxu kvazialimlərin çürük ideyalaına xərclənər.
Elmin bazarı
Müsəlman Şərqində elm ona görə zəifdir ki, onun bazarı yoxdur. Şəhər bazarına fikir verin. Bazarda ehtiyacımızı ödəmək üçün hər şey satılır və alınır. Eyni bir əşyanın çeşidləri və qiymətləri də çox müxtəlifdir. Qiyməti (ucuz, orta və baha)  əsasən keyfiyyət müəyyən edir. Elmi nəticələr də intellektual əmtəədir. Onun da bazarı olmalıdır. Əla elmi nəticələr daha baha satılmalıdır. Onun satıcısı alim, bəs alıcısı kimdir?  Elmi nəticələrin alıcısı texnologiyadır. Texnologiyada tətbiq tapan nəticə daha qiymətlidir, tapmayan isə yox.  Qeyd etmək lazımdır ki, çap olunmuş nəticələrin bazarı virtualdır. Kim istəsə istifadə edə bilər. Bərabər dövləti göstəricilərə malik iki dövlət eyni güclüdür. Ancaq elmi güclü olan, daha güclüdür. Çünki elm güc mənbəyidir. Milli və siyasi düşüncələr səbəbindən bəzən emi nəticələrə qadağa qrifi qoyula bilər.
Əla elmi nəticələr o nəticələrdir ki, mötəbər, elmi ictimaiyyət tərəfindən tanınan, yüksək reytinqli beynəlxalq juallarda çap olunur. Orta keyfiyyətli elmi işlər regional, zəif nəticələrisə isə yerli juallarda çap edilir. Əgər elmi işlərə keyfiyyətinə görə qiymət və dəyər verilərsə, onda alimlər daha mötəbər juallarda çap olunmağa cəhd edərlər. Bu isə elmin səviyyəsini, Azərbaycan elminin hörmətini artırar. Bunun üçün Türkiyə, Qazaxıstan təcrübəsindən istifadə etmək olar. Elmdə də liberal qaydalar bərqərar olmalıdır. Alimin əməyi stimullaşdırılmalıdır. Hər çap olunmuş məqalə keyfiyyətinə görə dəyərləndirilib, mükafatlandırılmalıdır. Bunu Elm Fondu vasitəsi ilə etmək olar. Çox təəsüüf ki, Elm Fondunda  dövlətin elmə ayırdığı pul nəticəyə yox, ideyaya xərclənir. İdeya isə akademik Boqomolets timsalında görük ki, çox vaxt aldadıcı olur.
Sovet ənənəsinə üyğun  olaraq Azərbaycan elmi öz inkişafının özünəməxsus dövrünü yaşayır. Azərbaycan elminin bu günü ilə bağlı təklif etmək olar ki, əvvəlcə elmi istiqamətlərin prioritetləri müəyyənləşdirilsin. Bazarı olan elmi istiqamət prioritet seçilməlidir. AMEA-nın ilk üzvlərinin siyahısına baxsaq görərik ki, Akademiyanın ilk 15 üzvündən  üçü (M. Qaşqay, Ş. Əzizbəyov, Ə.Əlizadə) geoloq alimdirlər. Yəqin ki, o dövrdə Moskvanı daha çox Azərbaycanın yeraltı sərvətləri maraqlandırırdı. Bu səbəbdən də o zamankı Azərbaycan elmi üçün prioritet  istiqamət geologiya idi. Bəs bu gün üçün prioritet istiqamətlər hansılardır?
Elmin həyatda yeri…
Elmin həyatımızda yerini düzgün tapma üçün iqtisadiyyatın zamana görə inkişafına fikir verək.  İqtisadiyyat –  canlı orqanizmidir. Bu orqanizm necə yaşamasını və yaxşı funksiya etməsini təmin etmək ücün onun xüsusiyyət və qanunauyğunluqlarını  bilmək lazımdır.
Iqtisadiyyatın zamana görə yüksəlişi tərəqqini təmin edir. Tərəqqinin zamana görə inkişafını texnologiyanı yaradır. Texnologiyanın zamana görə inkişafı elmdən asılıdır. Elmin inkişaf etdirən subyekt isə alimdir. Demək müasir dövrdə iqtisadiyyatın inkişafının mərkəzində alim dayanır. Bu səbəbdən də XXI əsrin paradiqması elm sayılır.
Tərəqqi iqtisadiyyatı, texnologiya tərəqqini, elm texnologiyanı, alim isə elmi inkişaf etdirir.  Elm o zaman inkişaf edər ki, onun  nəticələri texnologiyada tətbiq tapsın. Yəni elmi nəticələrin istehlakçısı milli texnologiya olmalıdır. Milli texnologiya bu funksiyanı yerinə yetirməzsə, onda elmi nəticələr havadan asılı qalar. Dövlət o elmi istiqamətlərə maliyyə dəstəyi verməlidir ki, o istiqamətin nəticələri milli texnologiyada  tətbiq edilə bilər. Bu baxışdan elmdə prioritet istiqamətlərin seçimi gündəmə gəlir və siyasi əhəmiyyət kəsb edir. Aydındır ki, Azərbaycan bütün elmi istiqamətləri maliyyələşdirə bilməz. Mümkün elmi istiqamətlər içindən seçim etmək lazımdır. Seçim iqtisadiyyatımızın məntiqindən doğmalıdır. Dağı-dərəsi, 9 iqlim qurşağı, çayı- dənizi olan ölkə üçün bu prioritetləri elmi seçilməlidir.Çoxsaylı elmi istiqamətləri sayını optimal həddə yendirsək onda elmi lazımınca maliyyələşdirmək mümkündür. Belə ciddi məsələlərlə məşğul olanda Elm festivalı məsələsi gündəmə gəlməz. Biz yarada biləcəyimiz texnologiyaların zavodlarını xaricdən almamalıyıq, əks halda özümüzdə texnologiyamız heç zaman yaranmaz, elm isə əhəmiyyətini itirər. Çünki elm texnologiyaya, texnologiya texnikaya, texnika tərəqqiyə, tərəqqi iqtisadiyyata, iqtisadiyyat isə insanların həyat şəraitinin yaxşılaşmasına xidmət etməlidir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here