RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.09.10 17:19

Elvin Talışınski: “Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb”

150

Hazırda İslam dünyasında Məhərrəmlikdir. Məhərrəm ayı adlanan bu dövrdə Aşura mərasimi keçirilir, Kərbəla faciəsində baş vermiş hadisələr xatırlanır. Dialoq.info saytı olaraq bu məsələlərlə bağlı fikirlərini öyrənmək üçün Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışınskiyə müraciət etdik

– Aşura mərasiminin anlamı, İslam dünyası üçün əhəmiyyəti nədən ibarətdir?

– Ümumilikdə Kərbəla hadisəsinin İslam tarixində xüsusi bir yeri vardır. Belə ki, bu hadisəni İslam dininin yenidən oyanışı kimi də qiymətləndirirlər. Çünki həmin dövrdə İslama kölgə salan və həqiqi İslamdan uzaqlaşan hallar mövcud idi. Bu baxımdan İmam Hüseyn (ə) və onun tərəfdarlarının haqq uğrunda mübarizəyə qalxması, göstərilən rəşadət və əzəmət inkarolunmaz bir həqiqətdir. Bildiyiniz kimi, Aşura günü – lüğətdə hərfi mənası “onuncu gün” deməkdir. Aşura hicri təqviminin ilk ayı olan məhhərəm ayının onuncu günüdür. Bu gün, İslam tarixinə İmam Hüseynin (ə) şəhadətə yetişdiyi gün kimi daxil olub. Bu günün əslində böyük bir mahiyyəti vardır. Aşura mərasimi İslam dininin qorunmasında öz tarixi əhəmiyyətini daşımaqla yanaşı, eyni zamanda, fədakarlıq və şücaət məktəbi kimi qiymətləndirilir. Təsadüfi deyildir ki, hazırda təkcə İslam dövlətlərində deyil, bütün dünyada Məhərrəm və Səfər aylarında, xüsusilə də Aşura günündə mərasim proqramları təşkil edilir.

– Azərbaycanda dini mərasimlərin, daha dəqiq desək Aşuranın keçrilməsi ilə bağlı hər hansi bir problem yaşanırmı?

– İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliğ edilməsi, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində xeyli işlər görülmüşdür. İslam dini milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxmışdır. Aşura mərasimlərinin keçirilməsi də respublikada mənəvi birlik rəmzi kimi dəyərləndirilə bilər. Çünki Aşura mərasimləri insanlara iman, vətən sevgisi, əqidə saflığı, sədaqət, şücaət, qəhrəmanlıq və torpağa bağlılıq kimi ali dəyərləri aşılayır. Hər il respublikamızda keçirilən Aşura mərasimlərində insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olur, xüsusən Tasua və Aşura mərasimləri ilə bağlı tədbirlərə əvvəlcədən hazırlıq görülür. Əhalinin böyük hissəsi respublikada fəaliyyət göstərən məscidlərə üz tutur, xütbələr dinlənilir, ibadət olunur, əzadarlıq edilir.

– Aşura mərasiminə ictimayyətin münasibəti sizi qane edirmi?

– Bir məsələni nəzərinizə çatdırım ki, Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmamış və ya bir narahatçılıq yaşanmamışdır. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər əsrlər boyu formalaşmış və bütün illərdə xalqımız tərəfindən həyata keçirilmişdir. Aşura mərasiminə və ya bütövlükdə dini mərasimlərə xalqımızın çox gözəl münasibəti var. İstər Bakı şəhərində, istərsə də regionlarda Azərbaycan xalqı bu mərasimlərdə fəal iştirak edir.

– Bu ayda qanvermə aksiyasının ön plana çəklməsi nə ilə bağlıdır?

– Aşura mərasiminin respublikamızda daha bir əhəmiyyəti ondan ibarətdir ki, həmin gün ölkədə qanvermə aksiyaları keçirilir. Artıq on ildən çox bir müddətdir ki, Qafqaz Müsəlmanları İdarəsi məhərrəmlik ayında özünə xəsarət yetirməklə bağlı xəbərdarlıq edərək, bu halı pisləyir və qan verərək darda olan insanlara bu yolla yardım göstərilməsini məsləhət bilir. Aşura günü, ölkəmizin müxtəlif yerlərində qanvermə aksiyaları keçirilir və bu kimi aksiyalar əhəmiyyətli olmaqla yanaşı, həm də inanclı insanlar üçün bir mərhəmət amilini daşıyır. Şeyx Hacı Allahşükür Paşazadənin də dediyi kimi məhz bu baxımdan, Aşuranın keçirilməsi öz müsbət tərəfləri ilə bütün bəşər övladı üçün bir məktəbdir. Hər kəs bu məktəbdən yaxşı əməllər etmək, savablar qazanmaq, qarşılıqlı yardımlaşmaq üçün öyrənməli və öyrətməlidir. Bu baxımdan qanvermə aksiyalarının keçirilməsi fikrimcə müsbət haldır və həmçinin dini baxımdan da təhlükəsizliyin, sabitliyin pozulmasının qarşısını alır.

– Aşura mərasiminə azyaşlıların qatılmasını necə qiymətləndirirsiniz?  

– Sırf Aşura mərasimlərində iştirakdan söhbət gedirsə, bildiyiniz kimi bundan öncəki illərdə də müvafiq qurumlar tərəfindən məktəbli və ya azyaşlı uşaqların bu mərasimlərdə iştirakı ilə bağlı xəbərdarlıqlar olmuşdu və bu məsələ nəzarət altında saxlanılır. Ancaq bir məsələni də qeyd edim ki, Azərbaycanda azyaşlıların dini mərasimlərdə iştirakı ilə bağlı problemli məsələlər qaldırılmayıb.  Mənim şəxsi fikrimə gəldikdə isə onu deyim ki, mən hər bir azərbaycanlı ailəsində İslam təməl blgilərinin olmasının tərəfdarıyam. Yəni hər bir azərbaycanlı öz dövlətinin tarixini və mənsub olduğu dinin tarixini mütləq şəkildə bilməlidir.

Dialoq.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı