Erməni jurnalistə nazirin tərs sualı: «Nə qazandınız…»

Dünən, Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə keçirilən yüksək səviyyəli konfransda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni jurnalistlərin suallarını cavablandırarkən istehzayla soruşduğu qarşı sual diqqətçəkici idi: “Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazandı? »

Bu əks suala görə cənab Məmmədyarovu tənqid edənlərin olması bu yazını yazmağıma səbəb oldu. Hər hansı bir siyasətçi, diplomat, beynəlxalq əlaqələr mütəxəssisi və hətta diqqətli sıravi vətəndaş, bu sualın sadəcə oradakı jurnalistlərə verilmədiyini, bütövlükdə Ermənistan ictimaiyyətinə ünvanlandığını görə bilərdi. Bu sual həm də qarşı tərəfi illərdir ki, davam edən konflikt zəminində təkrar özünü sorğulamasına yönəltmək idi.

Biz də bu sualı bir qədər fərqli aspektdən özümüz üçün sorğulayaq, görəsən tərəflər arasında bu münaqişə baş verməsəydi, indi qonşuluq münasibətlərimiz necə olardı? O da sugötürməz həqiqətdir ki, əgər Qarabağ və ətraf rayonların işğalı olmasaydı, bu gün Ermənistanla münasibətlər daha fərqli müstəvidə olardı. Ən azından 1980-ci illərə qədər olduğu kimi, çoxşaxəli qonşuluq əlaqələrimiz bu gün də davam edə bilərdi.

Lakin ermənilərin haqsız torpaq iddialarıyla başlayan və bu fonda Ermənistan və Azərbaycanda lokal olaraq artan etnik qarşıdurmalar, regionda böyük bir müharibənin başlamasıyla nəticələndi və hər iki xalq arasında dərin və sağalmaz yaralar açdı.

Ermənilər keçmiş SSRİ, bügünkü Rusiyanın hərbi yardımıyla torpaqlarımızı işğal etdi , biz isə həm torpaqlarımızı itirdik, həm də vətəndaş müharibəsinin eşiyindən döndük. Hər iki ölkə minlərlə vətəndaşını itirdi və hər iki tərəfdən yüzminlərlə insan öz vətənindən didərgin düşdü.

Bu gün hər an müharibə qorxusuyla yaşayan erməni qaçqınlar işğal olunmuş ərazilərə geri qayıtmır, yerləşdirilənlərin böyük əksəriyyəti isə sırf humanitar yardım almaq üçün qeydiyyatını saxlayır, lakin orda yaşamır.

Həmçinin Ermənistanda olduğu kimi, Dağlıq Qarabağda da ciddi demoqrafik azalma var. Bəzi ermənilər sırf xaricdə sığınacaq almaq üçün öz qeydiyyatlarını bir müddətliyinə işğal olunmuş ərazilərə etdirirlər.

Ermənistan hər nə qədər desə də ki, işğal olunmuş ərazilərdə 140 minə yaxın insan yaşayır, bu, yalandır, beynəlxalq bir QHT-nin hesabatını oxumuşdum 1-2 il öncə, hesabatda Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda ümumilikdə 60 minə yaxın insanın yaşadığı bildirilirdi.

Biz, bu statistikanı Naxçıvan Muxtar Respublikasıyla (NMR) müqayisə etsək, demoqrafik çöküntünü daha aydın görmüş olarıq. İşğal olunmuş ərazilərin ümumi ölçüsünü ortalama 11 min kvadrat kilometr götürsək, (daha çox da ola bilər) 60 min rəqəminin nə qədər az olduğunu və bu ərazidən təxminən 2 dəfə balaca olan NMR-da 500 minə yaxın insanın qeydiyyatda olduğunu görərik.

Həmçinin işğaldakı ərazilər Ermənistanın büdcəsinə də ağır yükdür, iqtisadi, humanitar və hərbi yardımlarla birlikdə dövlət büdcəsinin 40 faizə yaxınını təşkil edir. Ermənistan və işğal olunmuş ərazilər beynəlxalq dotasiyalar ilə yaşamağa məhkumdur və iqtisadi çöküntü içindədir, bunu bütün beynəlxalq iqtisadi hesabatlarda görmək olar. Alıcılıq qüvvəsindən tutmuş, daxili bazar böyüklüyünə qədər Azərbaycanla müqayisə olunmayacaq qədər altda olan bir ölkədən bəhs edirik.

İndiki vəziyyətdə belə, Azərbaycana həsəd aparan ermənilər az deyil. Belə bir məqamda, məğlub tərəf kimi bizim görünməmiz təəssüf ki, çox acıdır.

Başda Rusiya olmaqla, xarici və büynəlxalq təzyiq faktoru olmasa, 2-ci Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyəti şübhəsizdir.

Yaxın 10 illikdə Ermənistan iqtisadi cəhətdən daha çox zəifləyə və əhalisi 1 milyon səviyyəsinə belə, enə bilər. Ona görə də son 15 ildir ki, Liviyadan, Suriyadan, Livandan və digər ölkələrdən erməni köçürmə proqramları var, lakin istənilən effekti vermir.

Əgər müharibə olmasaydı, Ermənistan Qafqazda çox güman ki, Azərbaycanın ən yaxın tərəfdaşı olacaqdı və ölkəmizinin iştirak etdiyi bütün beynəlxalq iqtisadi layihələrdə rol alacaqdı. Azərbaycanın Gürcüstanı iqtisadi olaraq yenidən “diriltdiyini” də unutmayaq.

Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəmərinin Ermənistandan keçməsi bütün tərəflər üçün daha sərfəliydi, hətta bu məsələ 90-cı illərdə danışıqlarda istifadə olunan predmetlərdən biriydi. Lakin işğalın davamında Ermənistam israr edincə, bu layihədən də kənarda qaldı, nəticədə Gürcüstan hər il bu kəmərdən bir neçə yüz milyon dollar qazanır.

Turistləri, SOCAR-ın və digər böyük və kiçik azərbaycanlı sahibkarların Gürcüstan iqtisadiyyatına qoyduğu investisiyaları da nəzərə alsaq, biz son 10 ildə Gürcüstana milyardlarla dollar qazandırmışıq… Bu, Ermənistanda da ola bilərdi.

Məsələn, Bakı-Ankara qatar xətti Gürcüstandan deyil, Ermənistandan keçsə, daha sürətli olardı, erməni sərnişinlərin də qatarı doldurmasıyla həftədə bir yox, ən azı gündə bir reys olardı. Həmçinin Türkiyə ilə sərhədlərin bağlı olması da məhz bu işğalla bağlıdır.

Azərbaycan və Türkiyə kimi iki əsas qonşuyla 25 ildən yuxarı sərhədlərinin bağlı qalması, Ermənistanın hansı həcmdə iqtisadi məhrumiyyətlərə məruz qaldığını gözlər önünə sərir. Qısacası, Ermənistan bütün regional və strateji layihələrdən kənarda qalıb və bu iki ölkənin tətbiq etdiyi embarqo Ermənistanı həm siyasi, həm də iqtisadi olaraq, asılı ölkəyə çevirib.

Misalları və detalları artırmaq olar. Çox güman ki, cənab nazir də əslində qısa olaraq bunu demək istəmişdi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here